"Rusiya Şuşa Bəyannaməsinə qarşı çıxır"

19:15 24-06-2021 | icon 512 | Siyasət
"Rusiya Şuşa Bəyannaməsinə qarşı çıxır"

Rauf Məmmədov: "Şuşa Bəyannaməsinin Qars müqaviləsi ilə eyniləşdirilməsi üçün ən azı..."

 

Şuşa Bəyannaməsi regionda öz gücünü saxlamaq və dünyaya ağalıq etmək istəyən güclərin qarşısında yeni bir düzən yaradıb. Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyanın Qərbin əlinə oynayaraq Rusiyanı Cənubi Qafqazdan tam uzaqlaşdırmaq ehtimalı ortaya qoyulsa da, “Ermənistanla sınanmış təcrübəyə malikik”, – deyən Rusiya rəsmiləri çox soyuqqanlı davranırlar. Şuşa Bəyannaməsi nədir və regionda marağı olan güclərin qarşısında hansı maneələri yaradır?

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı AMEA-nın dosenti, politoloq Rauf Məmmədov maraqlı müsahibə verib.

 

- Rauf müəllim, Şuşa Bəyannaməsi hansı siyasi və tarixi əhəmiyyətə malikdir?

 

- Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında imzalanan ikitərəfli sənəd kimi, hər iki ölkənin bütün sahələrdə inteqrasiyasına şərait yaradır, xüsusilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq məsələsi bu sənədlə yeni bir səviyəyə qalxır. Bu sənədin müddəaları üzərində sonralar digər rəsmi sənədlər də meydana çıxa bilər. Məsələn, Türkiyə hərbi bazalarının Azərbaycanda rəsmi şəkildə yerləşdirilməsi ideyasının reallaşdırılması.  Rusiya Ermənistanı açıq şəkildə müdafiə edən tərəf kimi orada hərbi bazalarını saxlayırsa və onları Azərbaycan və Türkiyəyə qarşı istifadə edirsə, bizim belə bir müdafiəyə ehtiyacımız var. Əgər Azərbaycan və Türkiyə arasında belə rəsmi müqavilə imzalansa, bu artıq bölgədə yeni  hərbi blokun yaranması deməkdir. Bunu NATO blokunun yeni bir qolu kimi də dəyərləndirmək olar. Onun formalaşmasında əsas rol oynayan Türkiyə NATO ölkəsidir. Bu bloka dərhal Pakistan, daha sonra Orta Asiya türk respublikaları da qoşulacaqlar. Şuşa Bəyannaməsi belə bir hərbi blokun təməlini qoyan sənəddir. Rusiyanın zəifləməsində maraqlı olan Böyük Britaniya da bu blokun fəaliyyətini dəstəkləyə bilər. Buna görə də, Rusiya Şuşa bəyannaməsinin perspektivindən ehtiyat edərək ona qarşı çıxır.

 

-   Türkiyə bu bəyannaməyə imza atmaqla Rusiya və Qərbin güc dairələrinin qarşısında hansı mövqeni sərgiləmiş oldu? Onlar niyə narahatdırlar? 

 

- Şuşa Bəyannaməsi Brüsseldə təşkil edilən 2 günlük NATO Liderlər Zirvə Toplantısından dərhal sonra imzalandı. Türkiyə Prezidenti Ərdoğanın Brüsseldən birbaşa Azərbaycana, Şuşaya gəlməsi və Şuşa Bəyannaməsinin imzalanması dünyaya bir mesaj idi.

Ərdoğanın Şuşaya səfəri daha əvvəlki tarixə nəzərdə tutulmuşdu. Bunu, Türkiyə prezidenti NATO Liderlər Zirvə Toplantısından sonrakı tarixə saldı. O, bununla dünyaya nə mesaj vermək istədi?

NATO liderlərin Zirvə Toplantısında ABŞ Prezidenti Co Bayden digər ölkələrin liderlərinə özünü dünyanın hegemon dövlətinin lideri kimi təqdim etməyə çalışdı. O, əsas hədəf olaraq Çini seçdi və toplantıya dəvət olunan ölkələrin rəhbərlərini Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı çıxmağa çağırdı. ABŞ lideri “Bir kəmər, bir yol” layihəsinə alternativ olaraq qeyri-müəyyən “Yaşıl yol” layihəsini irəli sürdü. C. Bayden Çinin “Bir kəmər, bir yol” layihəsi vasitəsilə bir çox inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələri özündən asılı duruma saldığını və bu yolla iqtisadi-siyasi ekspansiyasını genişləndirdiyini ortaya qoydu. Yəni ABŞ Çinin  iqtisadi-siyasi ekspansiyası ilə barışmadığını və dünya ölkələrini buna qarşı çıxmağı istədi. Çinin inkişafı ABŞ-ın maraqlarına ziddir. ABŞ Avrasiyanı və Afrikanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin fövqündə qaldıqdan sonra, dünya üzərində, xüsusilə Avropa üzərində öz hegemonluğunu itirir. Buna görə də ABŞ bu layihəyə qarşı olduğunu və sammitə dəvət olunan ölkələri bu layihədən imtina edərək özünə tabe olmasını tələb etdi. ABŞ-ın bu tələbi Avropanın aparıcı dövlətləri olan Fransanın, Almaniyanın və Böyük Britaniyanın maraqlarına cavab vermir. Bu dövlətlər  “Bir kəmər, bir yol” layihəsi istiqamətində illərlə müəyyən iqtisadi və siyasi fəaliyyət həyata keçirirlər.

Türkiyəyə gəldikdə isə bu onun maraqlarına heç uyğun gəlmir. Türkiyə artıq bir neçə ildir ki, “Bir kəmər, bir yol” layihəsi istiqamətində milyardlarla dollar həcmində sərmayə qoymuş, “Kanal İstanbul”, “TANAP-TAP” və digər layihələr həyata keçirmişdir. Türkiyə bu layihə istiqamətində Azərbaycanla birgə bir çox əməli işlər həyata keçirmişdir. Bu istiqamətdə Azərbaycan-Türkiyə-Çin arasında, artıq bir əməkdaşlıq sistemi formalaşmışdır. ABŞ Prezidenti birdən ortaya çıxır və hər şeyə “stop” deyir. Təbii ki, “stop” deməklə, trilyonlarla dollarlıq layihələrə son verilməz. Bu layihəni gerçəkləşdirən güclərin mövcud durumda fəaliyyət planları da mövcuddur. Türkiyə ABŞ-ın bu təklifinə özünün “yox” cavabını verdi. Türkiyə Prezidenti Brüsseldən birbaşa Azərbaycana, Şuşaya gəlməsi və Şuşa Bəyannaməsini imzalaması Türkiyə və Azərbaycanın ABŞ-a verdiyi “yox” cavabı idi.  

Rusiyaya gəldikdə onu deyə bilərik ki, Rusiya əvvəldən “Bir kəmər, bir yol” layihəsinin əleyhinə olmuşdur. Bu layihənin genişlənməsi Avrasiyada Rusiyanın nüfuzunu zəiflədir və Çinin nüfuzunu artırır. Çin ilə münasibətləri korlamamaq üçün bu məsələyə ehtiyatla yanaşır. Bu məsələdə Rusiya ilə ABŞ-ın maraqları üst-üstə düşür. ABŞ Avrasiya bölgəsində Çini zəiflətmək və Rusiyanı gücləndirmək vasitəsilə öz məqsədinə çatmaq barədə düşünə bilər. Belə bir təcrübə SSRİ dövründə olmuşdur. ABŞ və SSRİ ikiqütblü dünya sistemi, ABŞ-ın dünya üzərində, xüsusilə Avropa üzərində hegemonluğuna şərait yaratmışdır. ABŞ təkbaşına dünya hegemonluğuna nail ola bilməyəcəyini anlayır və ona müttəfiq lazımdır. Çinə qarşı mübarizədə ona iki bölgəsəl güc yardım edə bilər: Rusiya və ya Türkiyə. Buna görə də NATO liderlərin Zirvə Toplantısında ABŞ Prezidenti Bayden, Putin və Ərdoğan ilə ehtiyatlı davrandı və gələcək münasibətləri inkişaf etdirmək üçün “yer qoydu.”    

 

- Rauf müəllim, Şuşa Bəyannaməsi Qars müqaviləsini genişləndirən bir sənəd kimi dəyərləndirilir. Bir çoxları Ərdoğanın Şuşa səfərindən sonra  Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması qərarını verəcəyini gözləyirdi. Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi nə dərəcədə oxşar əhəmiyyətə malikdir?

 

- Qars müqaviləsi 1921-ci ildə RSFSR ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya RSFSR ilə Türkiyə arasında imzalanan və bitmə müddəti müəyyənləşdirilməyən sülh müqaviləsi idi. Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmamışdı. O dövrdə erməni mətbuatı yazırdı ki, şanlı qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər. O zaman daşnakçılar bu müqaviləyə görə Rusiyanı onları satmaqda ittiham edir, Naxçıvanı və qonşu əraziləri ələ keçirə bilmədiklərindən narazılıq edirdilər. O dövrdə ermənilər özlərinə Avropa və ABŞ-dan dəstək istəyirdilər. II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi. İngiltərənin baş naziri U.Çerçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi. 

Qars sülh müqaviləsində tərəflərdən biri Türkiyə, digəri isə, Zaqafqaziya RSFSR idi. O, RSFSR ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Moskva sülh müqaviləsinin təməli üzərində meydana çıxdı. Şuşa bəyannaməsi isə, Azərbaycan və Türkiyə arasında imzalanan ikitərəfli bəyannamədir. Bu sülh müqaviləsi deyildir. Onun Qars müqaviləsi ilə eyniləşdirilməsi üçün ən azı Ermənistanın da bu müqavilədə iştirak etməsi lazımdır. Ermənistan rəsmi şəkildə Azərbaycan ilə sərhədlərini müəyyənləşdirməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli olduğunu bəyan edən (həmçinin, Azərbaycan və Türkiyənin Ermənistanın sərhədlərini tanıyan) hüquqi sənədə imza atdıqdan sonra Azərbaycan-Ermənitan-Türkiyə arasında rəsmi sülh müqaviləsi imzalanmış olar. Bu müqavilə, beynəlxalq aləmdə rəsmi sülh müqaviləsi kimi qəbul edilə bilər.

Rusiya belə bir müqavilənin imzalanmasında maraqlı deyildir. Bu müqavilə Rusiyanın Cənubi Qafqazda varlığına son qoymuş olar.

 

- Ermənistanda son seçkilərdən qalib gələn Paşinyan hökumətindən nə asılıdır?

 

- İndi seşkilərdə qələbə qazanmış Paşinyan hökumətindən çox şey asılıdır. O, müstəqil siyasət apararaq bölgədə iqtisadi-siyasi əməkdaşlıq yolunu seçsə və Ermənistanın milli maraqlarından çıxış edərək Azərbaycan-Türkiyə əməkdaşlığına önəm versə, bölgədən rus qoşunlarının çıxması reallaşa bilər. Paşinyan ABŞ maraqlarını bölgədə təmsil etməyə davam etsə, bölgədə gərginlik yenə də davam edəcəkdir. ABŞ Cənubi Qafqazda onun vasitəsilə “Bir kəmər, bir yol” layihəsinin qarşısını almağa və Türkiyənin bölgədən uzaqlaşdırılmasına çalışacaqdır. Əgər ABŞ və Rusiya gizli şəkildə anlaşsalar, o zaman, onlar birlikdə Paşinyan hökumətinə dəstək verəcək və Ermənistanı bölgədə gücləndirməyə çalışacaqlar.  ABŞ bu siyasəti təkbaşına həyata keçirə bilməz. Əgər Türkiyə ona bu işdə dəstək olmasa, onun gizli müttəfiqi Rusiya olacaqdır. Buna görə də Ermənistanı bütün təzyiq vasitələrindən istifadə edib sülh müqaviləsini imzalanmağa vadar etmək lazımdır.

 

- Türkiyənin “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsinin əhəmiyyəti nədir?

 

-Türkiyənin Cənubi Qafqaz, Afrika, Yaxın Şərq, Aralıq Dənizi bölgələrində oynadığı rol, qlobal gücləri onunla hesablaşmağa vadar edir. Türkiyənin “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsi, onun öz maraqlarından irəli gəlir. Çünki bu yolun əsas marşrutları türk cumhuriyyətlərinin ərazisindən keçir. Azərbaycan və Türkiyə bu layihədə önəmli mövqeyə malikdirlər. Layihə Azərbaycan və Türkiyənin, Pakistan və Orta Asiya dövlətlərinin iqtisadi-siyasi birliyi və hərbi ittifaqını gücləndirəcəkdir. Əlaqələr müstəvisində Avropa Birliyi modelinə bənzər bir türk dövlətləri birliyini yaratmaq mümkündür. Bu birlik Rusiyanın və Çinin Avrasiyada hegemonluğunun qarşısını alacaq və Avropanın asılı duruma düşməsinə şərait yaradacaqdır.

Təbii ki, bu da ABŞ-ın sonu deməkdir. Əslində, bu proseslərin alternativi yoxdur. Tarixin öz məntiqi vardır. Tarix bir sosial fenomen kimi Turanın zərurətini ortaya qoyur. Tarixi zərurətin ən böyük missiyası Azərbaycan və Türkiyənin üzərinə düşür. /"həftə içi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR