Qazi əlilliyini, orden və medallarını niyə ala bilmir? - ŞİKAYƏT

22:52 09-07-2021 | icon 972 | Şəhidlər və şahidlər
Qazi əlilliyini, orden və medallarını niyə ala bilmir? - ŞİKAYƏT

"Çox istərdim ki, bu çətin günümdə atam azadlığa buraxılsın, mənə dəstək olsun”

 

Artıq müharibədən 7 ay vaxt keçib. Dövlət istər dağıdılmış ərazilərin, torpaqlarımızın bərpası, eləcə də bu torpaq uğrunda özünü fəda edən, sağlamlığını itirmiş əsgərinə, vətəndaşına səmərəli yardım etmək üçün yollar axtarır. Bu mənada ölkə prezidentinin 25 iyun tarixində imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı da xüsusilə mühüm əhəmiyyətə malikdir və aidiyyatı orqanlara, məmurlara yönəlik ciddi bir mesajdır. Əbəs yerə deyilmir ki, 44 günlük Vətən Müharibəsində canını verən qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğı elə müharibənin özü qədər strateji əhəmiyyətə malik həyata keçirilən dövlət proqramının uğurlu davamıdır. Lakin təəssüflər olsun ki, hələ də məmurlar, aidiyyatı dövlət orqanları öz işlərini layiqincə görə bilmirlər. 

 

Versus.Az xəbər verir ki, bu cür münasibətdən şikayıtçi olan qazilərimizdən biri də, ikinci Qarabağ müharibəsi iştirakçısı, snayperçi kiçik çavuş, I qrup əlil Əhməd Abbasovdur. Onun dediklərindən siz də görəcəksiniz ki, nələr baş verir.

 

 

Qazi Əhməd Abbasov hafta.az-a şikayətində deyir ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub boya-başa çatıb.  2012-ci ildə hərbçi kimi iş fəaliyyətinə başlayıb və elə o vaxtdan Mingəçevir şəhərinin Qres qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. 3 övladı var.

 

Əhməd Abbasovun yaraları ağırdır. Hərəkət imkanı məhdud olduğundan məişət və digər problemləri ilə bağlı lazım olan “qapıları” döyə bilməyib.

 

Snayperçi qazimiz öz dəqiq atəşləri ilə çox düşmənin gözünü töküb. Düşmənin ümumilikdə 60-dan çox canlı qüvvəsini, 5 hərbi texnikasını məhv edib və bu, hərbi sənədlərdə göstərilib. O, Suqovuşanda gedən döyüşlərdə yaralanıb. Düşmənin snayperi onu başının sol nahiyyəsindən yaralayıb. Güllə başını öndən deşib, arxadan çıxıb... Qazimiz açıq kəllə-beyin travması alıb və hazırda sol tərəfi iflicdir. 100 faizlik iş qüvvəsini itirib. Hazırda kiminsə köməyi ilə hərəkət edir.

 

“Əvvəl belə ağır vəziyyətdə ikinci qrup vermişdilər, müraciətlərdən sonra məni yoxladılar və birinci qrup əlilliyimin olduğu təsdiqləndi. Amma əlilliyim də hələ rəsmiləşməyib. Hələ ki, deyirlər, amma ortada heç nə yoxdur”.

 

 

Dediyinə görə, müharibədən əvvəl Tərtər, Bərdə, Naftalan, Goran, Ağdam istiqamətlərində snayperçi kimi səngərlərin hamısında olub və düşmən onun hədəfindən yayına bilməyib. Əhməd Abbasovun dəqiq nişançı kimi şücaətləri komandiri tərəfindən yüksək qiymətləndirilib. Hərbi komandiri Abbasovun döyüşdə göstərdiyi şücaətə görə onun adını 1 Qarabağ ordeninə, 3 dənə də medala yazıb. Bunlardan ancaq cəmi Suqovuşan İstiqamətində döyüşə və İgidliyə görə medalı ilə təltif edilib. Amma hələlik heç biri verilməyib. Qiymətləndirmə kağız üzərində qalıb.

 

Qazimiz YAŞAT Fondu ilə bağlı da problemlərin olduğunu deyib. Bildirib ki, müalicəsi ilə bağlı Fonda müraciət etsə də, bu günlərdə zəng edib köməkdən etiraz ediblər.

 

“Mənim  sol tərəfim iflic vəziyyətdə qalıb. Türkiyəyə müalicə üçün göndərilən qazilərin siyahısına baxsınlar, bir dəfə 17 min, sonra 11 min təkrar hesablarına pul göndəriblər. Ancaq mənə bircə dəfə cəmi 13 min pul göndəriblər. Deyirəm ki, müalicəmin pulunu artırın, deyirlər ki, artıra bilmərik”.

 

Qazi deyir ki, əgər müalicə olunarsa, heç olmasa özünü idarə edə bilər.

 

“Əgər YAŞAT fondu bizim üçün nəzərdə tutulursa, nəyə görə belə edirlər?! Mən YAŞAT Fondunun müalicəmlə bağlı etdiyi etirazla bağlı 1-ci vitse-prezident Mehriban xanıma Məktubla müraciət edəcəm. Bunu YAŞAT fondunun əməkdaşlarına da dedim. Hələ ki, buna da bir cavab verməyiblər. Vəziyyətin çətin olduğundan hər bir məsələ ilə bağlı evdən çıxa bilmirəm. Elə sizin mətbuatınız vasitəsilə də Mehriban xanım Əliyevaya müraciət edirəm: Kömək edin!  YAŞAT Fondu mənim müalicəmin davam etməsi üçün pul ayırmır. 3 medal, bir ordenlə təltif olunmuşam, cəmi iki medalda adım çıxıb onları da almamışam. Ailəliyəm, 3 övladım var. 2012-ci ildən hərbidə çalışıram, elə o vaxtdan işlə bağlı Mingəçevirdə kirayədə yaşayıram. Əlilliyim verilmir”.

 

 

Qazi deyir ki, indiyə qədər onun kimi xəstələri Türkiyəyə göndərib müalicə etdirirdilər.

 

 Mənə indiyə qədər gedib Türkiyədə müalicə olunmaq təklif olunmayıb. Sol tərəfim tamam iflicdir. Onlara da dedim, Türkiyədə 5 ulduzlu oteldə yatıb sizi o qədər xərcə salmaq istəmirəm. Həkimim MedEyradadır, orda müalicə olunuram. Mənim müalicəmi davam etdirin, burda 2-3 ay müalicə alım normallaşım. Məni kalyaskadan qaldıran həkimim inanıram ki, yaxşı müalicə edə bilər. Amma bunlar imtina edir, bilmirəm niyə...”

 

Qazi Əhməd Abbasov bu gün yalnız ona verilən Prezident təqaüdü ilə dolanır.

 

“Sənədlərimi göndəriblər, amma hələ ki, düzəlməyib. Bu məsələ ilə bağlı çətin də olsa, Müdafiə Nazirliyinə gedib pensiyamla maraqlandım. Dedilər ki, filan sənədləri gətir hazırlayaq. Axı mənə 1-ci qrup yazılıb, sənədlərim niyə hazırlanmır. Uzun illərdir hərbidə işləmişəm, döyüşmüşəm, niyə o sənədləri özüm hazırlayıb yerməliyəm”.

 

Sonra kiçik gizir, 1 qrup əlilliyi olan amma buna görə təqaüd almayan Əhməd Abbasov bir xahişinin cənab Ali Baş Komandana çatdırılmasını da xahiş etdi:

 

“Mənim atam həbsdədir. Çox istərdim ki, belə bir çətin günümdə atam azadlığa buraxılsın, yanıma qayıtsın, mənə dəstək olsun”. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ