Bu gün Tovuz döyüşlərindən bir il ötür. 2020-ci il iyulun 12-17-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Azərbaycan Ordusunun hərbi qulluqçularının anım günü qeyd edilir.
“Report”un əməkdaşı Tovuz döyüşlərində şəhid olmuş gizir Yaşar Babayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədovun ailə üzvlərini ziyarət edib, onlarla həmsöhbət olub.
Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən şəhid olub.
O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən iki gün sonra - iyulun 16-da qızı dünyaya gəlib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Y.Babayevin anası Firəngiz Babayeva deyib ki, bir ildir oğlunun yolunu gözləyir:
“Bu gün oğlumla bağlı danışmaq mənim üçün çox ağırdır. Günüm qəbiristanlıqda keçir. Yaşar hər gün 04:15-də evdən çıxıb işə gedirdi. Mən də bir il ərzində hər gün eyni saatda qalxıram. Hələ də yeganə oğlumun şəhid olmasına inanmıram, onun yolunu gözləyirəm. Elə bilirəm ki, hər axşam işdən evə gələcək, qapını açıb içəri girəcək. Ağlamaqdan gözlərim artıq kor olub, yaxşı görmürəm”.
Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov oğlu ilə bağlı xatirələrindən, ötənilki erməni təxribatlarından, düşmənin Tovuzun Ağdam kəndini artilleriya atəşinə tutmasından danışıb:
“Bizim evdən Qaraqaya yüksəkliyi görünür. Hadisə anını gözlərimlə gördüm. Ermənilərin atdığı mərmilərdən ikisi posta, biri isə kəndin ərazisinə düşdü. Elşad şəhid olanda əvvəl mənə demədilər. Bildirdilər ki, əlindən yaralanıb. Sonra gecə saatlarında əmim dedi ki, Elşad şəhid olub. Elşadın hazırda iki övladı var. Böyük nəvəm oğlum şəhid olanda 6 aylıq idi. İkinci nəvəm isə oğlumun ölümündən sonra dünyaya gəlib. Ona Elşad adı verdik”.
Qeyd edək ki, E.Məmmədov 1996-cı ildə Tovuzun Ağdam kəndində anadan olub. 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.
O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, E.Məmmədovun xalası oğlu, Azərbaycan ordusunun hərbi qulluqçusu Elbrus Yusifov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.