Qazi YAŞAT Fondunu, İcra Hakimiyyətini evinə dəvət etdi – GƏLİN BAXIN, GÖRÜN...
“Razi Nurullayevə müraciət etməmişəm, amma onun daim qazilərə, şəhid ailələrinə kömək etdiyini bilirəm”
44 günlük II Qarabağ - Vətən Müharibəsi Azərbaycan xalqı üçün bir ərlik nümunəsi, qızıl hərflərlə yazılan bir tarix oldu. Bu tarixi yazan vətənin igid oğulları, qaziləri, şəhidləri, müharibədə igidlik göstərən Şanlı Ordumuzdur. O ordunun sırasında dayanan hər bir Vətən oğlu, hər bir qəhrəmanımız və hər cür ehtirama layıq insanlardır. Düzdür, müharibə həmişə özündən sonra çoxlu sayda dağıntılar, problemlər doğurur. Lakin O problemlər o vaxt cücərib dəhşət saçır ki, məmurlar, aidiyyatı orqanlar öz işlərinə biganə yanaşır, öhtəlikərini yerinə yetirmirlər... Elə müharibə iştirakçılarımız, qazilərimiz var ki, müharibənin geridə qoyduğu 7 ay müddətində bir dəfə də olsun yada salınmayıb, ona lazımı tibbi, sosial-məişət problemlərinin həlli ilə bağlı diqqət ayrılmayıb. Yenə də məmurların biganəliyi, diqqətsizliyi, məsuliyyətsizliyi üzündən əziyyət çəkirlər...
Belə qazilərimizdən biri müharibədə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunan İmişli rayon sakini qazi Əfzələddin Ağabəylidir. O, hazırda Bakıda Qospitalda müalicə olunur. Müalicəsi maddi çətinlik üzündən çox ağır keçir. Səbəblər nədir, biləcəyik.
1987-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olan Əfzələddin Ağabəyli ilk hərbi xidmətini 2006-cı ildən 2008-ci ilə qədər Qazaxdakı “N” saylı hərbi hissələrdən birində davam etdirib. Hərbi xidmətdən sonra ayrı-ayrı şirkətlərdə çalışıb. Son iş yeri Azərsun Holdinq olub və elə müharibəyə də oradan gedib. Əfzələddin könüllü olaraq döyüşlərə qatılıb. Deyir ki, ilk vaxtlar döyüşə gedəcəyini ailəsindən gizlədib. Ailəsi müharibəyə getdiyini son anda bilib. Sentyabrın 30-dan ordu sıralarına qatılan Əfzələddin 5 oktyabrdan başlayaraq Cəbrayıl, daha sonra Zəngilan, Qubadlı döyüşlərində iştirak edib. Hazırda döyüşdə göstərdiyi igidliyə görə 4 medalla təltif olunub. “Cəsur döyüşçü”, “İgidliyə”, Cəbrayılın, Qubadlının azad olunmasına görə. Deyir ki, oktyabrın 29-da Qubadlı Laçın istiqamətində rəhmətlik Şükür Həmidovun şəhid olduğu yerdə yaralanıb. Beləcə, Əfzələddin Ağabəyli öz döyüş yolundan, döyüşlər zamanı bir qəhrəman əsgərin köməyi ilə necə mühasirədən çıxmalarından, necə yaralanmasından, son tikəsini ona verən şəhid komandiri Xəyal Məmmədovdan danışdı. Və bir də...
“O son dəfə öz yeməyini mənə verib getdi, şəhid oldu. Onu heç vaxt unutmaram. Qospitaldan çıxandan sonra mütləq onun qəbrini ziyarət edəcəm. Düzdür, çoxlu şəhidimiz, yaralılarımız olurdu. Amma yenə də yüksək rütbəli zabitlərin yanımızda olması bizi ruhlandırırdı, heç nədən qorxmurduq, ürəklənirdik ki, zabitlərimiz bizimlədir. Biz də can-başla döyüşlərimizi davam etdirirdik. İtkilərimiz olsa da, döyüşdə yalnız irəliyə doğru can atırdıq.
Oktyabrın 28-də humanitar atəşkəs elan olunmuşdu. Biz Qubadlıya silah yığmağa getmişdik. Gorus rayonunun sərhədində, Qubadlı deyilən mehmanxananın binasında qalırdıq. Həmin vaxt düşmən yerimizi bilib ora iki qırcı atmışdı. Havadan müdafiəcilərimiz qırıcıları vurmuşdu. Düşmən qaldığımız binanı vura bilmədi. Axşama doğru ermənilər Gorus istiqamətindən qayanın arxasından bizi topla, tankla atəşə tutdular. Mərmilərdən biri bizimkilərin orda yaratdığı tibb məntəqəsinin düz məkrkəzinə düşmüşdü. Ora düşən mərminin zərbəsindən yaralandım. Daxili orqanlarım hamısı öz yerini dəyişmişdi, qəlpə yaraları almışdım. Yadımdadır ki, 29-u günü məni Qospitala qaldırıblar”...
YAŞAT fondu Qazini niyə yaşatmır?
Elə Əfzələddin Ağabəylinin problemləri də qospitalda müalicə olunan zaman həkimin səhlənkarlığı və qaziyə verdiyi yanlış epiqrezlə başlayıb. YAŞAT fonduna müraciət etsə də, fond o sənədə istinad edərək qaziyə köməkdən imtina edib. Halbuki qazimiz müharibədə aldığı çoxsaylı qəlpə yaralarından bu günə qədər də müalicə olunur. Sağlıq durumu ağır vəziyətdədir, lakin heç bir dəstək yoxdur.
Ə.Ağabəyli döyüşdə igidlik göstərib 4 medala layiq görüldüyü halda həkimin yararsız sənəd üzündən dövlətin müharibə iştirakçılarına ayırdığı heç bir güzəşt və yardımdan istifadə edə bilmir. Ona görə də, deyir ki, qospitaldan çıxan kimi ona verilən saxta sənədlərin araşdırılması üçün Hərbi Prokurorluğa şikayət edib, işin yenidən araşdırılmasını tələb edəcək. Bir də, dövlətdən xahişi budur ki, müalicəsinə dəstək olsunlar.
“Həkim hərbi tibbi leytinant Camal Abbasov mənim epiqrizimdə qəlpə yaralarımı qeyd eləməyib. Sənədlərimi elə məhv edib ki, heç bir şey mümkün deyil. Götürüb “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı yazıb”. Hərbi biletimə “Komsavat” yazıb. Bunların mənimlə nə qəsdi-qərəzliyi olub bilmirəm. Yetim, kasıb bir insanam. Yəqin deyibər ki, atasızdır, kasıbdır başından basaq. İndi də mənə qarşı etdiyi haqsızlığı, yalanın üstünü basdırmaq istəyir. İddia edir ki, guya mən müharibə bitəndən sonra, 18 noyabrda yara almışam, guya aldığım xəsarətlərdən həkimin xəbəri olmayıb. Halbuki müharibə qurtarandan sonra, noyabrın 13-də həkimin verdiyi sənədlə evə buraxılmalıymışam. Amma məni saxlayaraq noyabrın 18-də “kamsavat” edib. Ondan sonra hər şeydən nifrət elədim”.
Əfzələddin deyir ki, bu barədə bir sıra onlayn televiziyalarda çıxış edib. Aparıcılar efir vasitəsilə həkimlə əlaqə saxlayıb məsələni dəqiqləşdirmək istəyəndə, Camal Abbasov onun adını eşidən kimi telefonu qapayıb və qazini, hətta aparıcını məhkəməyə verməklə hədələyib.
“Ona dedim ki, mənim sənədimə elə bir şey yazmısan ki, YAŞAT fondu, heç bir yer yiyə durmur. İndi müalicəmin xərclərinin bəzi hissəini özüm ödəyirəm. Bəzisi də dövlət xəstəxanasında ödənir, o da C vitamini, şpris, iynələrdir. Qalan dərmanları özüm alıram”.
Əfzələddin bildirdi ki, müharibəyə “Azərsun”un işçısı kimi getdiyi üçün hazırda şirkət ona maaşının yarısını verir. İşdə adı getdiyinə görə 182 manat alır. Qazi həmin pulla həm müalicə olunmalı, həm də öhdəliyində olan anasına, iki qardaşı uşaqlarına, gəlinlərinə baxmalıdır.
“Qardaşımın biri 10 ildir həbsxanadadır. Onun 2 övladı, yoldaşı, bir də anam, mənim himayəmdədir. İşdə adım gedir. İndi gəl, aldığım o pulla müalicəni qarşılaya bildiyən qədər qarşıla, ailəni dolandır. Əlbəttə ki, çox çətindir. İstərdim ki, haqqı nahaqqa verməsinlər. Başqa heç nə isəmirəm. Həkimlər mənə deyir sənin vəziyyətin ağırdır, amma heç kəs müalicə etmək istəmir”.
Heç bir maddi, sosial güzəştləri, dəstəyi almayan Əfzələddin Ağabəyli ən çox barəsində verilən saxta sənədə görə üzülür. Amma deyir ki:
“Biz döyüşə qisas üçün getmişdik. Bu gün mühribədən sağ-salamat qayıtmağım özü mənə Allahın verdiyi hədiyyədir. Biz ona görə döyüşə getməmişdik ki, əvəzində ev, maşın və yaxud başqa nələrsə istəyək. Müharibə başlayanda insanlarımız necə bir yumruq kimi, heç bir maddi əvəz düşünmədən, ölüb, qalacağını belə fikirləşmədən düşmənin üzərinə getdi. Bu gün də müharibənin doğurduğu yaraları, nöqsanları, vurduğu yaraları sağaltmaq üçün eyni qaydada əmək qoymalıdır. Mənim borcum vətən uğrunda döyüşmək idi. Və bilirdim ki, döyüşə gedəndə iki yolum var: ya qazi olub sağ qayıdacam, ya da şəhid olacam. Şəhidlik elə bir zirvədir ki, hər kəs o ada layiq ola bilmir. Onların yeri, məqamı çox böyükdür. O müharibədə elə oğullar şəhid oldu ki, onları unutmaq olmaz. Müharibədən sonra hər an o şəhid qardaşlarımızı düşünürəm. İlk vaxtlar çox əsəb gərginliyi yaşadım. Bəzən elə olurdu ki, verilən salamı belə çox aqressiya ilə qarşılayırdım. İstəyirdim ki, heç kəs məni danışdırmasın. Psixoloji gətginlik həddən artıq idi. Bir neçə dəfə özümü öldürmək də istəmişəm. Amma bir də ayılanda öz-özümə demişəm ki, sən nə edirsən. O qədər şəhidlərimiz var. O qədər cavan oğullarımız getdi vətən uğrunda. Onların heç birindən artıq deyilik. Onlar bizdən üstündür. Onlar canlarını qurban elədi”... Şəhidlərin ili çıxana qədər üzünü təraş etməyəcəyini deyir qazi.
Qazimiz deyir ki, bu gün Qarabağ döyüşçüləri həm də aldıqları psixoloji travma ilə mübarizə aparır. Çox qazilər, elə özü də elə olub ki, intihara cəhd ediblər.
“Amma bu gün üzləşdiyimiz ruhi-psixoloji gərginliyi də dəf etməyi bacarmalıyıq. Bəzən görürsən ki, qazilər qospitalda öz vəziyyətlərindən narazııq edirlər. Deyirəm ki, ən azından durub siqaretini özün yandıra bilirsənsə, pəncərənin ağzına gedib hava ala bilirsənsə, bu özü sənə böyük hədiyyədir. Elə qazilərimiz var ki, yataqdan qalxa bilmir. Şükür edirəm ki, bu gün ayaq üstə dura bilirəm, yeriyə bilirəm. Lazım olsa yenə Qarabağa qədər gedə bilərəm”.
Əfzələddin Ağabəyli bu gün çox məmurların biganəliyinin baş aldığı bir vaxtda millət vəkili Razi Nurullayevin adını çəkmək istədiyini bildirdi.
“Mən ona müraciət etməmişəm. Amma onun yaralılarımıza, qazilərimizə çox böyük dəstək olduğunu bilirəm. Çox dövlət məmurları özlərini elə aparırlar ki, elə bir insan tanımırlar. Amma Razi bəy daim qazilərin, şəhid ailələrinin yanındadır, onların problemləri, dərdlri ilə maraqlanır, kömək edir. Bizdə bir qazi var idi, yataqdan dura bilmirdi. Razi bəy hər 10 gündən bir Bakıdan İmişliyə onun evinə gedib, ziyarət edir. Mən Razi Nurullayevin seçicisi deyiləm, Çingiz Qənizadəni seçicisiyəm. Amma onun adını eşidib özünü görmədim. İndi də düzü bilmirəm bizim deputat kimdir”.
Qeyd etdiyimiz kimi, qazimiz bu gün özünün sağlıq durumu, ailəsinin yaşayışı və digər məsələlərlə bağlı nə YAŞAT Fondundan, nə icra hakimiyyətindən, nə da başqa qurumlardan heç bir dəstək almır. Halbuki buna çox ehtiyacı var. Müharibə bitəndən bu günə qədər hələ bir dəfə də olsun ona hər hansı dəstək olmayıb. YAŞAT fondu müalicəsi ilə bağlı etdiyi müraciətlərə etiraz edib.
O, bu barədə şikayətlənmək istəmədi, amma aidiyyatı orqanların məmurlarını evinə dəvət edib hər kəsdən gəlib öz gözləri ilə görmələrini istədi.
“İmişliyə gedib yaşayış yerimi, evimi çəkərsiz və öhtəliyimdə olan ailə üzvlərimlə görüşərsiz. Hökumətin, məmurların mənə etmədikləri köməyə görə nə dərəcədə haqlı, ədalətli olub-olmadığını siz özünüz dəyərləndirərsiz. Hər kəsə ünvanımı bir daha deyirəm: Mən İmişli rayonunun Cəfərli kəndində yaşayıram. Sizin vasitənizlə İmişli Rayon İcra Hakimiyyətini, YAŞAT Fondunu yaşadığım evə dəvət edirəm. Qoy gəlib görsünlər, araşdırsınlar görək çoxlu sayda qəlpə yaraları alan, uzun müddətdir daxili orqanlarının sıradan çıxması səbəbindən qospitalda müalicə alan qazi necə yaşayır. Niyə döyüşçüyə “kamsavad” sənədi verilib. Niyə ona saxta epiqrez verilib. Onun ailəsində öhdəliyində olan ailə üzvləri - iki qardaşı oğlu, anasının, yaşayış vəziyyəti, özünün müalicəsi necə gedir. YAŞAT fondu, İcra hakimiyyəti düşünsünlər ki, bu qazi müharibədən sonra işləyə bilmirsə, öz müalicəsini hansı pulla idarə edir, yaxud ailəsi necə dolanır? Qərar versinlər görək, 182 manat bülleten pulu ilə ailəni dolandırmaq, üstəlik xəstəxana xərclərini ödəmək nə dərəcədə mümkündür. Qoy görsünlər ki, 4 medal sahibi olan Qarabağ qazisi nə vəziyyətdədir, hansı çətinliklərlə üzləşib və hansı çətinliklə yaşayır. Bir həkimin səf yazdığı epiqrezi əsas götürüb heç bir reallığa baxmadan yaralı əsgəri köməksiz buraxmaq nə deməkdir?!.”
Əfzələdin Ağabəyli üzləşdiyi məsələlərlə bağlı Prezidentə, 1-ci vitse-prezidentdə müraciət etdi. O, müharibədə necə iştirak etməsinin, yaralanmasının bir daha araşdırılmasını və müalicəsində ona dəstək verilməsini xahiş etdi. Qazi ona qarşı edilən haqsızlıqla bağlı Müdafiə Nazirliyinə də müraciət edəcəyini deyir. /“həftə içi”/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”