Rektordan azərbaycanlı gənclərə İSMARIŞ

14:49 08-09-2021 | icon 842 | Təhsil
Rektordan azərbaycanlı gənclərə İSMARIŞ

Ahmet Karadağ: “Oxumaq istəməyənlər Türkiyəyə gəlməsinlər”

 

Versus.Az Türkiyənin Bozok Universitetinin rektoru, Prof. Dr. Ahmet Karadağın Yenisabah.az-a müsahibəsini təqdim edir:



- Ahmet bəy, bu gün Azərbaycan və Türkiyənin təhsil sahəsindəki əməkdaşlığı nə dərəcədə qaneedicidir?


- Biz iki dövlət, tək millətik. Təhsil sahəsində də digər sahələrdə olduğu kimi Azərbaycanla Türkiyənin əməkdaşlığı davam edir. Ancaq tələblərin təhsili istiqamətindəki əlaqələr çox üst səviyyədədirmi? Məncə, tam deyil. Ancaq onu da bildirməliyəm ki, irəliləyişlər qeydə alınır. Son vaxtlar azərbaycanlı gənclərin təhsil üçün Türkiyəyə marağı artıb. Xüsusilə bəzi universitetlərə ciddi tələb var. Təbii ki, biz Yozqat Bozok Universitetinə də azərbaycanlı gənclərin gəlməyini istəyərik. Çünki Azərbaycanla təhsil sahəsində əlaqələrimizin üst səviyyədə olmasını hədəfləyirik. Biz bakalavr, magistratura və doktorantura üzrə azərbaycanlı gəncləri yetişdirmək istəyirik. Həm azərbaycanlı tələbələrin Türkiyədə, həm türkiyəli gənclərin Azərbaycanda keyfiyyətli təhsil almasını arzulayırıq.


- Türkiyədə təhsil alan xarici tələbələr arasında azərbaycanlıların sayı yetərincə çoxdur. Onların ümumi hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?


- Yozqat Bozok Universiteti azərbaycanlı tələbələrlə yeni tanış olur. Gördüyüm şey odur ki, gənclərimiz Türkiyədə təhsil alacaqları üçün bir qədər həyəcanlı və istəklidirlər. Onlar bu istiqamətdə özlərini hazırlayırlar. Yəni artıq tələbə olaraq hansı sahə üzrə ixtisaslaşacaqlarını yaxşı bilirlər. Mən ötən gün onlarla müzakirə apardım, bir neçə sual verdim, dərhal gələcək peşələrindən bəhs etməyə başladılar. Bu da onu göstərir ki, tələbələrimiz Türkiyəyə niyə gəlmək istədiklərini bilirlər. Hazırlıqla bağlı təbii olaraq əskiklər də təsbit edilə bilər, lakin Azərbaycandan gələn tələbələrin problemləri və gözləntiləri çərçivəsində araşdırma aparılıb həlli mümkün məsələlərdə dərhal tədbir görülə bilər. Yozgat Bozok Universiteti ilk dəfə azərbaycanlı tələbələr qəbul edəcək və biz mütəmadi olaraq tələbələrimizlə müzakirələrə açıq olacağıq. Beynəlxalq Tələbə Birliyimiz başda olmaqla, əlaqəli rektor köməkçisinin vasitəsilə onların problem, gözlənti və ehtiyaclarını müəyyənləşdirib önümüzdəki illərdə daha məmnunedici bir pozisiya yaradacağıq.


- Sizcə, Türkiyədə təhsil almaq xarici tələbələrə hansı üstünlüklər qazandırır?


- Xarici tələbələr üçün Türkiyədə oxumağın nə kimi üstünlüklərinin olduğunu deyəcəm. Ancaq ilk növbədə məhz azərbaycanlı tələbələr üçün olan üstünlükdən danışacam. Daha əvvəl də dediyim kimi, biz iki fərqli dövlət olsaq da, tək millətik. Yəni Türkiyədə bir türk gəncinin dəyəri nədirsə, azərbaycanlı gəncimizin də qiyməti odur. Ona görə də yaxşı təlim keçmiş azərbaycanlı gənc ölkəsinə qayıtdıqda buraya mütləq ki, dəyər qatacaq. Bizim baxış bucağımız budur. Həmçinin bizim hər millətdən tələbə qəbul etmək kimi bir hədəfimiz də var, lakin əsas hədəfimiz keyfiyyəti qorumaqdır. Yəni, həqiqətən də, oxumaq, yaxşı təhsil almaq istəyən gənclərimiz bizim aramıza qatılsınlar və biz onlara yaxşı təhsil verərək mütəxəssis yetişdirək, ölkələrinə göndərək və onlar ölkələrinə dəyər qatsınlar. Yozqat Anadolunun orta yerində bir çox böyük şəhərə nəqliyyat baxımından əlçatımlı olan bir şəhərdir. Türkiyədə ümumi 127 dövlət universiteti var və biz akademik fəaliyyətimizə görə 21-ci yerdəyik. Dünya sıralamasında isə 2066-cı sırada qərarlaşırıq. Bu, bütün dünya dövlətlərinə baxdıqda önəmli bir göstəricidir.


-  Bildiyiniz kimi, azərbaycanlı abituriyentlərə həm də attestatla Türkiyənin bəzi universitetlərinə qəbul olunmaq imkanı yaradılır. Bu rahat qəbulun arxasında hansı məqsədlər dayanır?


- İlk növbədə onu qeyd edim ki, biz Yozqat Bozok Universiteti olaraq qətiyyən buna yol verməyəcəyik. Çünki, həqiqətən, oxumaq istəyən tələbələri aramızda görmək istəyirik. Təhsildə keyfiyyəti diqqətə alırıq. O baxımdan da biz öz imtahanımız olan YOBÜYÖS-ü hazrladıq. O imtahanı burada təşkil etdik. Bəli, qardaş ölkənin gənclərinin təhsil üçün bizi seçmələri çöx önəmlidir, ancaq Azərbaycanda universitet qazanmaq potensialı olmayan bir gəncin bizdə imtahansız təhsil almasına da şərait yaratmarıq, yaratmayacağıq. Bəzi universitetlər buna niyə şərait yaradır bilmirəm, bu onların problemidir, ancaq düşünürəm ki, orta təhsil sertifikatı ilə tələbə qəbul etmək doğru deyil. Türkiyəyə təhsil məqsədi ilə gəlməyən gənclərimiz onsuz da yetərli səviyyədə olmadıqları üçün oxuya bilmirlər. Türkiyəyə gəlirlər, yaşama icazəsi alırlar, tədris prosesini uğurla başa vura bilmədikləri üçün fərqli xoş olmayan hallarla qarşılaşırlar.  Məsələn, tələbə olaraq gəlir, oxumur, bəzən ailəsinin onu əlavə bir neçə il Türkiyədə saxlamaq imkanı olmur, ehtiyac üzündən xoşagəlməz hallar yaşanır. Bu isə özlüyündə digər azərbaycanlı tələbələrə qarşı da müəyyən dərəcədə pis bir alqı yaradır. Nə azərbaycanlı qardaşlarımız bizi səhv anlasınlar, nə də biz onları. Çünki bu iki dövlət bir-birinə dayaq olmalıdır. Ona görə də oxuya bilməyəcək gənclər Türkiyəyə gəlməsinlər. Hər kəs universitet oxuyacaq deyə bir şey yoxdur. Bizim təsərrüfat sahiblərinə də ehtiyacımız var. Ona görə də Yozqat Bozok Universiteti o səviyyədəki gənclərə qapı açmır. Çünki azərbaycanlı  tələbələr həm də sizin mədəniyyət elçilərinizdir, sizləri təmsil edirlər, bizdən Azərbaycana gələnlər də bizi təmsil edirlər. Onlarda tələbə profili yoxdursa, çox səhv anlaşılmalara səbəb olacaqlar. Buna görə də qəbulla bağlı başda YOBÜYÖS imtahanımız olmaqla keçərli digər universitetlərin imtahan nəticələrini və attestat qiymətlərini əsas götürən dəyərləndirmə sistemimiz var.


- İki ölkənin təhsil sisteminin müqayisəsi aparıla bilərmi? Bu iki təhsil sistemi arasında mümkün təcrübə mübadiləsində hansı cəhətləri önə çəkmək olar?


- Universitet rektoru olaraq onu deyə bilərəm ki, bəlkə də, Sovet Rusiyasının Azərbaycana ən müsbət təsiri təhsildə bir səviyyə qatmış olmağıdır. Mən bunu Azərbaycana səfərlərimdə görə bilirəm. Ziyarət etdiyim Kimya İnstitutunun baş mütəxəssisi ilə də görüşdük və gördüm ki, əsas elmlərə çox böyük diqqət ayrılır. Önəmli patentlər alınıb, neftlə bağlı gördükləri işlər, xüsusilə yanıqlara ciddi təsir edən dərmanın, İsrail mənşəli gübrələrdən 3-4 dəfə çox məhsul verə bilən gübrələrin hazırlanması mühüm əhəməmiyyətə malikdir. Azərbaycan universitetlərində gördüyüm şey odur ki, müəyyən sahələrdə araşdırma aparmaqda çox üst səviyyədədirlər, Türkiyədəki universitetlərimiz buradan təməl elmlər, mühəndislik elmi baxımdan təcrübə qazanmalıdır deyə düşünürəm. Məsələn, Yozqat Bozok Universiteti öz sahəmizə xitab edən buradakı hansısa universitetin bir fakültəsi ilə elmi araşdırma metodologiyası ilə əlaqəli ortaq bir çalışma apara bilər.

Türkiyədəki universitetlərdə isə son 8 ildə YÖK-ün yeni üzü ilə birlikdə ciddi irəliləyişlər qeydə alınıb. Məsələn, regional inkişafa yönəldilmiş ixtisas, araşdırma, tematik universitetlər yaradıldı və ümumilikdə, universitetlərin hər birinin üzərinə çeşidli missiyalar qoyuldu. Türkiyədə xüsusilə keyfiyyət, akreditasiya prosesləri, məlumatların dəyərləndirilməsi yaxşı sorğu-sual edilə bilir, mövcud durumun analizi aparılır. Artıq Türkiyənin ən ucqar nöqtəsindəki universitet də çox ciddi işlər görməyə başlayıb. Məsələn, biz də tibb sahəsində çox iddialıyıq. Azərbaycan da bu istiqamətdə bizdən təcrübə əldə edə bilər. Sağlamlıq sahəsində Türkiyədəki universitetlərin, araşdırma xəstəxanalarının təhsil səviyyəsi çox yüksəkdir. Bizim universitetimizdə də tibb fakültəsi var, müəllimlərimiz peşəkarlığına, təcrübəsinə baxdıqda bilirik ki, həqiqətən də, tibb təhsilində mövcud olan standartlar tətbiq edilərək üst səviyyəli təhsillə gələcəyin peşəkar həkimləri yetişdirilir. Xüsusilə ixtisaslaşma istiqamətində TUS imtahanı var. Dünyanın ən çətin üç imtahanından biridir. Biz həmçinin diş həkimi, baytar, o cümlədən tibb bacısı yetişdirmə sahəsində də çox güclüyük. Azərbaycanlı gənclərimiz bu istiqamətlərdə təhsil almaq üçün könül rahatlığı ilə başda Yozqat Bozok Universiteti olmaqla Türkiyənin istənilən universitetini seçə bilərlər. Bu istiqamətdə Azərbaycandakı universitetlərimizin də bizdən nələrsə ala biləcəyini düşünürəm. Əməkdaşlığımız hər sahədə aparıla bilər. Çünki qarşılıqlı əldə edəcəyimiz bir çox şey var.


- Türkiyənin bir sıra universitetlərinin Azərbaycanda filiallarının açılması məsələsində problemlərin olduğuna dair məlumatlarla qarşılaşırıq. Azərbaycanın Təhsil Nazirliyinə yönəlik bu kimi iradlar əsaslıdırmı?


- Məncə, bu dövlətlər səviyyəsində həll edilməli olan bir məsələdir. Onsuz da Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında çox səviyyəli bir münasibət var. Əgər təməldə belə bir siyasət varsa, Türkiyədəki universitetlərin burada və ya Azərbaycandakı universitetlərin Türkiyədə şöbə açması istiqamətində hər hansı bir problem olmamalıdır. Bu dövlətlər arasında ortaya qoyulacaq protokollar əsasında həll edilməlidir. Düzü, ortaya heç bir kriteriya qoymadan hər kəsin gəlib burada şöbə açmasına ehtiyac yoxdur. Bir kriteriya olmalı, ortaya tələblər qoyulmalıdır. Onlara cavab verən universitetlərin şöbələri ehtiyac olarsa, Azərbaycanda və ya Türkiyədə açıla bilər.


- Pandemiya səbəbilə uzun müddətdir ki, tədris prosesi distant formada həyata keçirilir. Sizcə, bu, tələbələrin inkişafına mənfi təsir göstərirmi?


- Distant təhsilin burada hansı səviyyədə olduğunu bilmirəm, ancaq bizdə hələ koronavirus yeni ortaya çıxdığı vaxtda hər universitetin bir UZEM-i (Uzaktan Eğitim Merkezi) vardı, ancaq işlək deyildi. Sadəcə bir-iki universitet onlayn təhsil həyata keçirirdi. Çünki onların təməl bazaları hazır idi, digər universitetlərin isə təməl bazaları yox idi. Ona görə də distant təhsilin çətinlikləri oldu, hazırlıqsız olmaq müəyyən itkilərə şərait yaratdı. Bütün dünya bu yöndə çətinlik çəkdi və bir şey aydın oldu ki, dünyanın istənilən yerində distant təhsil mümkün olsa da, o, əyani təhsili heç vaxt əvəzləyə bilməyəcək, səviyyə eyni olmayacaq, çünki əlaqə qurmaq önəmlidir. Dünya çətin bir sınaqdan keçdi, uğrulu olanlar və olmayanlar vardı, biz isə çox böyük uğurlar əldə etdik, profesionalaşdıq. İmtahan problemlərini aşdıq. Pandemiyadan sonra Türkiyədəki bütün universitetlər UZEM-in bazasını çox inkişaf elətdirdi. Yozqat Bozok Universitetinin də mərkəzi olsa da, bazası yox idi, ancaq biz çox sürətlə Anadolu Universitetindən dekan bir mütəxəssisi rektor köməkçisi olaraq aramıza qatdıq, distant təhsildə öz idarəetmə sistemimiz olan BÖYSİS-i (Bozok Öğrenme Yönetim Sistemi) qurduq. Eyni zamanda onun mobil tətbiqini yaratdı. Tələbələr həmin tətbiqdən istifadə edərək dərsə qulaq asa, imtahan verə bilirlər, kompüterə bağlı qalmırlar. Bundan sonra artıq dünyanın hər yerində hibrit təhsil aparıcı olacaq. Biz də bu il tədrisi hibrit formada başladacağıq. Belə ki, nəzəri yönümlü dərslərin onlayn, digərlərinin isə əyani formada keçiləcəyi tədris ilini həyata keçirəcəyik. Türkiyədə distant təhsil lazımi səviyyədədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb