“İRS” Qarabağa aid kitabını təqdim etdi
Bakıda “Qarabağın qara kitabı” adlı nəşrin təqdimatı olub.
Versus.Az xəbər verir ki, təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Kitab “İRS” Nəşriyyat Evinin layihəsi olaraq Mədəniyyət nazirliyi, Azərbaycan Hava Yolları və “Paşa Sığorta” şirkətlərinin dəstəyi ilə işıq üzü görüb.
Nəşrdə çap olunan materiallar əcnəbi vətəndaşların işğaldan azad olunmuş torpaqlara səyahətləri nəticəsində ərsəyə gəlib. Onların burada gördükləri dəhşətli mənzərələr və Qarabağın dünəni ilə bu gününü müqayisə edən ümumi maarifləndirici məlumatlar, gözəl diyarın mədəni-tarixi abidələri kitabda öz əksini tapıb. Həmçinin kitabda azərbaycanlıların Qarabağdan qovulması, torpaqların işğalı tarixi və Vətən müharibəsi haqqında məlumatlar toplanıb.
Kitab Azərbaycan, rus, ingilis dillərində çap olunub və geniş auditoriya üçün nəzərdə tutulub.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı kitabın əhəmiyyəti barədə danışaraq bunun informasiya müharibəsində önəmli səhifə olduğunu bildirib:
“Ermənilər hazırda informasiya təpkilərini gücləndirirlər, dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya biz indi onların torpaqlarını işğal etmişik. Biz bunun qarşısını almalıyıq, öz sözümüzü çatdırmağı bacarmalıyıq. İRS nəşriyyat evi olaraq bu kimi məlumatlandırıcı nəşrləri silsilə şəklində davam etdirəcəyik”.
Çıxış edən mədəniyyət naziri Anar Kərimov, işğaldan azad olunmuş ərazilərdə mədəni-tarixi irsimizin bərpa olunması və qorunması üçün atılan addımlar haqqında bəhs edib.
Kitabın təqdimat gecəsi milli musiqili konsertlə başa çatıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"