“Terapevt sidik analizində zülal çoxluğu görərsə…”
Nərminə Abbasova: “Sidikdə zülala ciddi yanaşın, bu, gələcək təhlükələrdən xəbər verir”
Sidikdə normadan artıq zülalın eritrosit və leykositlərlə birgə anormal artması tibdə Proteinuriya adlanır. Zülal orqanizmin tikinti materialı, sementidir. Onlar sümük, əzələ, dırnaq və saçları formalaşdırır. Bəs zülal hansı orqanizmimizi sıradan çıxarır?
Adından da bəlli olduğu kimi növbəti mövzumuz zülallarla bağlıdır. İnsanlarımızın əziyyət çəkdiyi böyrək ağrılarına səbəb olan zülal haqqında nələri bilirik? Bu barədə Versus.Az-a MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA danışacaq.
Nərminə Abbasova öncə onu bildirdi ki, qan plazmasında da zülalın öz vacib funksiyası var. Belə ki qanda infeksiyaları neytrallaşdırır, laxtalanmaya qarşıdır, qanda maye miqdarını saxlayır, bütün bədənə qan daşınmasında, dövriyyəsində iştirak edir:
“Əgər bir şəxsdə böyrəklər hər hansı səbəbdən düz işləmirsə, zədələnibsə, sidikdə zülal miqdarı normanı keçir və çoxalır. Sidikdə zülalın artmasının səbəblərindən danışarkən qeyd etmək lazımdır ki, şəkərli diabet, ciddi damar patologiyaları, ürək xəstəlikləri, böyrək problemləri – pielonefritdə sidikdə zülal çoxalır. Standart sidik analizində miqdar 0, 033 q/l aşarsa, əlavə dəqiq müayinələr aparılır. Terapevt sidik analizində zülal çoxluğu görərsə, xəstəni uroloq, kardioloq, nefroloqa göndərir”.
Həkim terapevt qeyd etdi ki, qan sağlam böyrəklədən keçib süzüləndə, artıq maddələr filtrasiya olunur. Bu zaman qlükoza və plazma zülalı saxlanılır:
“Zülallar ölçüsünə görə iridir, ona görə böyrəklərdən sidiyə keçə bilmir. Sidikdə çıxan əsas zülal növü albumin olur. Çünki o, ən aşağı molekulyar çəkiyə malikdir və süzgəcdən keçə bilir. Amma qanda olan əsas iri plazma zülalları o halda sidiyə düşür ki, böyrəklərin filtr yumağı zədələnib. Bu yumaqların iltihabı qlomerulonefrit və sadəcə nefrit xəstəliyi adlanır”.
Həkim deyir ki, Nefrit xəstəliyini diabet, yüksək təztiq, ürək xəstəlikləri, böyrəklərin iltihabı və sair yaradır. Onun sözlərinə görə, sidikdə zülalın nə qədər çox olması gələcəkdə böyrək çatışmazlığı riskinin dərəcəsini də göstərir:
“Proteinuriya ürəklə də bağlıdır. Ürək damarlarının zədələnməsi, tıxanması ürək çatışmazlığı, insult, infarkta səbəb olur. Ona görə sidikdə zülala ciddi yanaşın, bu gələcək təhlükələrdən xəbər verir. İldə 3 dəfə sidikdə zülalın miqdarını xəstənin özü tərəfindən həkim göstərişi olmadan da verilməsini məqsədəuyğun bilirik. Eləcə də təzyiqi, diabeti, ürək və böyrək xəstəliyi olanlarda daha tez-tez bu analiz yoxlanılıb, ciddi ağırlaşmaların qarşısı vaxtında alınmalıdır”.
Nərminə xanım bildirdi ki, böyrək çatışmazlığına gedən yolun ən yaxşı təyini elə sidikdə zülaldan başlayır:
“Məlumdur ki, diabet böyrək çatışmazlığına səbəb olan xəstəliklərdən biridir. Bu xəstələrdə sidikdə albumin artır. Buna fikir vermədikdə, böyrəklərin funksiyası pisləşir və albuminuriya asanlıqla tam proteinuriyaya çevrilir. Əgər yüksək təzyiqi olan xəstədə sidikdə zülal çox çıxırsa, deməli onun böyrəkləri sıradan çıxır. Eləcə də çəkisi 90 kiloqramdan yuxarı olanlar, irsi olaraq ürək, böyrək xəstəliyi olanlar bu analizi ildə 2-3 dəfə verməlidir”.
Həkim terapevt sidikdə zülal çoxalmasının əlamətlərindən də bəhs etdi. Bildirdi ki, sidik ifrazı zamanı zülal sidiyin üzərində köpük və qabarcıqlar kimi görünür:
“Zülallar qan vasitəsilə itkiyə getdiyindən bu xəstələrdə damarlarda maye toplanır, əl, ayaq, qarın, üz şişir. Bəzən isə bu xəstəlik simptomsuz olur, gizli gedir. Eləcə də qanda kreaitin və azot da yoxlanılır, uroloq xəstəni nəzarətə götürür”.
Nərminə xanım bu xəstəlikdə düzgün qidalanmaya diqqəti yönəldib. Bildirib ki, böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini xoşlamır:
“Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur. Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunub ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur”.
Həkim onu da vurğuladı ki, mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicəsi olduqca vacibdir. Onun sözlərinə görə, bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər:
“Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur. Eyni zamanda, sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir.
Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər”.
Həkim terapevtin sözlərinə görə, böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də xoşlayır. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına - sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur:
“Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova böyrək xəstəliklərindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"