Dekabrın 15-də ikinci Qarabağ mitinqi keçiriləcək
Pənah Hüseyn sosial şəbəkə vasitəsilə müraciət etdi
“Əziz dostlar, Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində Bakı şəhərində, Məhsul stadionunda, saat 15-17 radələrində “Qarabağa azadlıq”, “İşğala son” şüarları, 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib. Mitinqə hazırlıq başlanıb”.
Versus.Az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Azərbaycan cəmiyyətinə, xalqa müraciətində Pənah Hüseyn bildirib.
P.Hüseyn bildirib ki, mitinqdə nə qədər adamın iştirak edəcəyi həlledici olmasa da, çox mühüm məsələdir:
“Biz əlbəttə dayaq dəstələrimiz, dəstək qruplarımız, təəssübkeşlərimiz vasitəsilə mitinqin təbliğatını aparırıq və aparacağıq. Lakin açığı ictimai dəstək, ictimai təbliğat, ictimai təşviqat olmazsa çoxminli mitinq təşkil etmək çətindir. Nəzərə almaq lazımdır ki, bu mitinq vətəndaş, millət, xalq olaraq şərəfimiz olan Qarabağ naminə, işğal olunmuş Vətən torpalarımız naminə keçirilən mitinqdir - ikinci Qarabağ Mitinqidir. Bizə dostlar da düşmənlər də baxır. 15 dekabrda 29 sentyabrdan daha çox olmağa nail olaq”.
“Bakıda mitinq keçirməklə Qarabağı azad etmək olarmı” kimi səsləndirilən suallara cavab olaraq “əlbəttə, yalnız Bakıda Məhsul stadionunda mitinqlə Qarabağ azad olunmaz” deyən P.Hüseyn qeyd edib ki, xalqın səsi eşidilməsə, xalq səsini ucaltmasa, xalq tələb etməsə, xalqın iradəsi ortada olmazsa Qarabağ azad olmayacaq:
“Düşmən və onun havadarları torpaqlarımızın işğalını legitimləşdirmək xəyallarından, planlarından əl çəkməyəcək. Biz 29 sentyabrda Qarabağ məsələsinin uzun illərdən sonra yenidən Azərbaycan cəmiyyətinin 1 nömrəli məsələsi kimi ictimai gündəmə gətirilməsinə nail olduq, bacardıq. İndi iqtidar da, müxalifət də, siyasətə bitərəf insanlarımız da, daxildə də, xaricdə də ən çox Qarabağdan danışır, internet məkanında bizimkilərin ən çox müzakirə etdiyi Qarabağ məsələsidir. Bu qələbədir! Böyük qələbəni gətirəcək kiçik qələbəmizdir. Bunu 29 sentyabrda siz etdiniz! Ona görə “Məhsul stadionuna mitinqə getdik nə faydası oldu” deyə düşünməyin, “Bakıda mitinqə etməklə Qarabağı azad etmək olarmı” sualını verməyin. Bu gün Vətən uğrunda mübarizə xətti həm də burdan keçir. Sən burda cəbhəyə gedirsən, əsgərimizin yanında olursan, səngərdə dayanırsan. Sən mitinqdə “Biz ölərik, Qarabağı vermərik” deyə hayqırarkən inan ki, səsini Xankəndində də, Yerevanda da, Moskvada da, Vaşinqtonda da, Parisdə də eşidirlər! Nə qədər ki, bu səs var, biz yaşayırıq, mübarizə aparırıq. 15 dekabrda Sən də mitinqə gəl, səsini uçalt, Sən də səsini səsimizə qat! Bir olaq! Güclü olaq! Bizim sənə ehtiyacımız var, Vətənin sənə ehtiyacı var, Qarabağın sənə ehtiyacı var, dostum, qardaşım, bacım, həmvətən!”
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”