"Türkiyə ilə bütün sahələrdə münasibətlər önəmlidir"
Milli Məclisin sədr müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, B.Muradova Türkiyə ilə bütün sahələrdə münasibətlərin Azərbaycan üçün böyük önəm kəsb etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamını xatırladan B.Muradova Türkiyə və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün dünyaya nümunə göstərildiyini vurğulayıb.
B.Muradova Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu təşkilatın çox müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib. Təşkilatın qarşısına qoyduğu hədəflərin ortaq siyasi-mədəni tədbirlərin təşkili, qadınların fəaliyyətinin sərhədlərinin genişləndirilməsi, türk dünyası qadınları arasında dialoq və tarixi qardaşlıq bağlarının gücləndirilməsi olduğunu qeyd edib.
TURKAP nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mihrimah Belma Satır Azərbaycanda özlərini doğma evlərində olduğu kimi hiss etdiklərini diqqətə çatdırıb. Bu ilin sentyabrında İstanbulda təsis olunan təşkilatın gələcək fəaliyyətindən, qarşıya qoyulan hədəflərə doğru irəliləmək yolunda atılan addımlardan danışıb. O bildirib ki, bu ilin dekabrında İstanbulda təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun beynəlxalq forumu keçiriləcək.
Görüşdə iştirak edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Jalə Əliyeva, TBMM deputatı Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova, TURKAP təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları təşkilatın fəaliyyətinin türk dünyası üçün çox əhəmiyyətli olacağını bildirib, nəzərdə tutulan layihələrin qadınlarımızın və tərəqqipərvər cəmiyyətimizin inkişafına xidmət edəcəyini qeyd ediblər.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”