Norveçin Azərbaycanla bağlı yanlışları - MÜZAKİRƏ

10:06 05-12-2018 | icon 659 | Siyasət
Norveçin Azərbaycanla bağlı yanlışları - MÜZAKİRƏ

 

Qabil Hüseynli: “Norveçin gətirdiyi arqumentlər inandırıcı deyil”

 

 

Nəzakət Məmmədova: “Azərbaycan dünya birliyinin haqsız hücumlarına məruz qalacaq qədər zəif ölkə deyil”

 

 

Son günlər regionun gündəmini zəbt edən məsələlər sırasında Norveç elçiliyinin Tiflisə daşınması və atılan adekvat addımlarla bağlı oldu.  Versus.az “Dəyirmi masa”da yaranmış vəziyyəti politoloqlar Nəzakət Məmmədova və Qabil Hüseynlinin prizmasında təhlil edib.

 

- Qabilmüəllim, Nəzakət xanım, sualım hər ikinizədir, Norveç nəyə görə öz səfirliyini Azərbaycandan çıxarıb Tiflisə köçməyə qərar verdi?

 

Qabil Hüseynli:

- Səfirliyin qeyri-rəsmi açıqlamalarında müxtəlif bəhanələr irəli sürüldü. Azərbaycanda demokratik vəziyyətin ağırlığından danışılaraq, bu prosesin  reallaşdırılmasında Tiflisin daha yaxşı rol oynaya biləcəyi kimi səbəblər gətirildi. Amma qeyd etmək lazımdır ki, Norveç-Azərbaycan münasibətləri iqtisadi sahədə həmişə normal inkişaf edib. Statoyl kampaniyasının əsrin müqaviləsinə cəlb edilməsində, xüsusən ona böyük miqdarda payın ayrılmasında mərhum Heydər Əliyev çox böyük rol oynadı və bu kampaniya bu gün də Azərbaycan neftin istismarında yaxından iştirak etməklə, həm Norveçin, həm də özünün büdcəsinə böyük gəlirlər gətirir. Bu iqtisadi münasibətlər çərçivəsində siyasi münasibətlərin də normal olması qənaətindəyəm. Bu iki dövlət arasında siyasi müasibətləri pozacaq heç bir addım atılmayıb.

Azərbaycanla Nörveç münasibətləri normal xarakter daşıyır və bu münasibətlər inkişaf etməkdədir. Amma Norveç tərəfi demokratik, ümumbəşəri dəyərləri ön plana çəkmək istəyirsə və bu səbəbə görə səfirliyi bağlayıb yalnız konsulluq xidmətini ölkədə saxlamaq istəyirsə, Azərbaycan da buna adekvat addımlar atacaq və bundan da heç bir ziyan çəkməyəcək. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə Norveçin xeyli işçisi var, bir qismi Bakı Dərin Özülləri Zavodunda işləyir, dənizdə üzən neft katamaranlarının hazırlanmasında  iştirak edirlər və böyük pullar alırlar.

 

Nəzakət Məmmədova:

- Bu gün Norveçlə Azərbaycan arasındakı münasibətlər, xüsusən enerji və digər sahələr üzrə inkişaf edib. Norveçlə diplomatik münasibətlər 1992-ci ilin iyununda qurulub, 1998-ci ildə isə ölkəmizdə səfirliyi açılıb. 20 ildir ki, burda səfirlik fəaliyyət göstərib. Norveçin xarici işlər nazirliyi, dövlət rəsmiləri Norveç səfirliyi prezidentə əsrin müqaviləsinin yenilənməsi ilə bağlı təbriklərini də göndəriblər. Yəni münasibətlər normaldır. Norveç yalnız  insan hüquqları ilə bağlı versiyanın üzərində dayanır. Steynar Gilin səfirliyi dövründə müəyyən anlaşılmazlıqlar,  Azərbaycanın daxili işlərinə qarışmaq kimi məsələlər var idi. Həmin gərginlik dövründə səfirlik bağlanmadısa, münasibətlərin daha rəvan, normal inkişaf elədiyi bir dövürdə niyə bağlanmalı idi.

 

- Qabil müəllim, sizcə Norveçin irəli sürdüyü  arqumentlərə toxunmasaq, səfirliyin köçürülməsinin alt yapısında nə dayanır. Əsl səbəb nədir?

 

- Gətirilən səbəblərin bir qismini sadaladıq. Nəzakət xanım da insan hüquqlarının, demokratik dəyərlərin ön plana çəkildiyini söylədi. Amma biz ölkəmizin ərazisində StatOyl kimi bir şirkəti qoruyub saxlayırıqsa, neft kantraktlarından onlara böyük pay veririksə, iki dövlət arasında heç bir problem yoxdursa, nümayişkəranə şəkildə - Gürcüstanın demokratik dəyərlərin, insan hüquqlarının inkişafında, təbliği  daha müstəsna rol oynaya bilər” kimi qıcıqlandırıcı fikirlərin Azərbaycan siyasi elitasına çatdırılması o qədər də siyasi etiketlərə uyğun bir addım deyil. Azərbaycanda demokratiya, insan hüquqları sahəsində müəyyən çatışmağlıqlar ola bilər. Amma mən Gürcüstanın demokratik dəyərlər, insan hüquqları baxımından Azərbaycandan daha yüksəkdə dayandığını düşünmürəm. Hətta elə məsələlər var ki, Gürcüstan Azərbaycanın dəstəyi olmasa çox pis vəziyyətə düşər. Məsələn, keçmiş prezident Saakaşvili bir neçə dəfə açıq surətdə bildirib ki, Gürcüstan bugünkü müstəqilliyi üçün Azərbaycana borcludur. Mən bir statistk faktı gətirə bilərəm. Bu gün Gürcüstan büdcəsinin 65 faizi Azərbaycandan gələn gəlirlərin hesabına formalaşır. Bakı-Tbilisi-Ceyhan neft kəməri neftə olan təlabatlarının 90 faizini pulsuz ödəyir. Cənub-Qaz dəhlizi işləyəndən sonra isə tranzit xətləri Gürcüstana xeyli gəlir gətirəcək. Demək olar ki, Gürcüstanın qaz təminatı da az qala pulsuz həll olunacaq. Bu gün Gürcüstan, 1000 kubmetr qaza 120 dollar ödəməklə ən ucuz qazı Azərbaycandan alır. Halbuki Rusiya bir zamanlar qazı ona 350-400 dollar arasında satırdı. Bu nöqteyi nəzərdən ola bilsin ki, Norveçin qəlbində başqa mətləblər gizlənir və onun gətirdiyi arqumentlər inandırıcı deyil.

 

“Belə bir bəyanat diplomatik etikanın pozulmasıdır”

 

- Nəzakət xanım, Norveç bu addımı ilə hansı qaydaları pozmuş oldu?

 

- 1961-ci ildə qəbul olunmuş Vyana konvensiyasına görə istənilən dövlət istədiyi yerdə səfirlik aça, istədiyi vaxt öz səfirliyini başqa yerə daşıya, geri çağıra, yaxud bağlaya bilər. Yəni bu onun hüququdur. Amma diplomatiyada “beynəlxalq nəzakət” deyilən bir qayda da var. Norveç Səfirliyi bağlayarkən, heç bir iddia irəli sürmədən səsizcə gedə bilərdi. Amma bəyanatla Cənubi Qafqaz ölkələrini üz-üzə qoyub, birinin digərindən daha üstün olduğunu nəzərə çarpdırmaq diplomatik etika qaydalarına zidd olan məqamdır. Çünki Gürcüstanla Azərbaycan eyni sovet dövrünü yaşayıb və eyni dövrdə müstəqil dövlətini qurub. Bunlardan birinin qeyri-adi dərəcədə demokratikləşməsi, digərinin isə geri qalması kimi yanaşmada uyğunsuzluq var. Belə bir bəyanatın verilməsi diplomatik etikanın pozulmasıdır. Cavab addımı da olaraq Azərbaycan öz hüququndan istifadə elədi və səfirliklərini geri çağırdı.

 

- Hansı halda dövlətlər öz səfirliklərini geri çağırır?

 

N.Məmmədova:

- Səfirliklərin yerləşdikləri ölkələrdən geri çağrılmasının ən başlıca səbəbi müharibələrdir. Biz xatırlayırıq ki, 2-ci dünya müharibəsində səfirliklərin evakuasiyası, bağlanması halları olub. Yaxud da bu, təbii fəlakətlər və ikitərəfli münasibətlərdə gərginliklər, inqilablar, qarşıdumalar səbəbindən mümkündür.

 

Q.Hüseynli:

- Məsələn, bu yaxınlarda Türkiyə ilə İsrail arasında diplomatik böhran yarandı. Bu sadəcə Türkiyə səfirliyinə qarşı edilmiş hörmətsizliklə bağlı idi və o zaman Türkiyə səfirini geri çağırdı və daha sonra müəyyən səbəblər gətirməklə hər iki ölkə səfirliklərini qapatdı. Türkiyə ilə İsrail arasında çox ciddi böhran yaşandı. Sonradan problemlər aradan qalxdı və səfirliklər bərpa olundu. Və yaxud Amerika Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu sanksiyaların tətbiqi prosesində bəzən səfirliyi qapatmır, məsləhətləşmək üçün səfiri ölkəyə geri çağırırlar. Yəni səfirliyin bağlanması üçün ciddi arqumentlər olmalıdır. Bu arqumentlər Nəzakət xanım da söylədi, münasibətlərin pozulması, müharibə şəraiti, millətlərdən birinin digərinə qarşı hörmətsiz yanaşıb heysiyyatı tapdalayan addımlar atması şəraitində baş verir. İndiki şəraitdə Azərbaycanla Norveç arasında diplomatik münasibətlərin dayandırılmasına səbəb ola biləcək əsaslı bir səbəb yoxdur.

 

N.Məmmədova:

- Norveç burda demokratik dəyərlərin olmaması səbəbini irəli sürdü. Bu yaxınlarda Səudiyyə Ərəbistanında diplomatı doğradılar, amma Norveç buna görə öz səfirliyini geri çağırmadı və insan haqlarının kobud pozulduğunu iddia etmədi.

 

- Norveç Azərbaycanda insan hüquqları və demokratik dəyərlərin pozulmasını səbəb gətirərək öz səfirliyini ölkədən köçürdü. Maraqlıdır ki, Azərbaycanın Qarabağ ərazisində dövlət sərhədlərimiz pozulduğu halda, milyonlarla insanımız öz yurdundan didərgin salınmaqla yaşamaq hüququ əlindən alındığı halda, münaqişənin həlli missiyasını həyta keçirən ATƏT-in Minsk qrupu, BMT qətnamələri icrasız qaldığı halda Norveç səfirliyi  demokratiya, insan haqlarının carçısı kimi buna öz səsini çıxardımı, işğalçıya qarşı beynəlxalq təşkilatları ədalətli olmağa səslədimi? İstərdim bunun ətrafında da öz fikirlərinizi bildirəsiniz.

 

Q.Hüseynli:

- Bu özü ikili standartların əyani təzahürüdür. 1 miyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına, torpaqların işğalına heç kim münasibət bildirmir. Azərbaycan təcavüzə məruz qalmış bir ölkədir. Ermənistan kimi xırda bir dövlət başqa bir qəyyum dövlətin köməyi ilə ərazilərimizi işğal edib. Bu işğal nəticəsində Azərbaycan 350 milyard dollardan artıq itkiyə məruz qalıb. Vurulan ekoloji ziyanın qiyməti böyükdür. Qiymətli ağac növlərimiz kəsilib, Tərtərin əhalisi su sarıdan korluq çəkir. Avropa Şurası “Sərsəng” su anbarından Qarabağin düzəninə su verilməməsini su genosidi kimi qiymətləndirmişdi. Və təxirə salınmaz olaraq su anbarından Qarabağa su verilməsi barədə qərar çıxarmışdı. Ermənilər buna da əhəmiyyət göstərmədilər. İnsan haqları, insan hüquqları öz yerində, amma məsələ burasındadır ki, bizim bu məsələlərə görə daha çox əziyyət çəkən hissəmiz qaçqınlardır.

 

- Deyilənlərə əsaslansaq, bu məsələdə Azərbaycana qarşı təzyiqlərdən söz gedə bilərmi?

 

- Azərbaycana qarşı təzyiqlərin olması amili həmişə olub və bu məqamda da özünü göstərir. Şəxsi qənaətim budur ki, bu gün Gürcüstanın NATO-ya üzvlük məsələsinin daha çox gündəmdə olması bu dövlətə qarşı maraqları artırıb. Artıq NATO üzvlərinin bir çoxu bunu dəstəkləyib. İstisna etmirlər ki, Gürcüstan və Ukrayna birlikdə NATO-ya üzv qəbul edilsin və Qara dəniz ekvatoriyasına keçirilsin.

 

Q.Hüseynli:

- Mən inansaydım ki, Norveç doğrudan da Azərbaycan xalqının qayğısına qalmaq istəyir və Azərbaycan xalqının daha yaxşı, firavan yaşamasını istəyir, o zaman onların bu addımına “hə” deyərdim. Amma əgər Azərbaycan üçün ən vacib olan məsələlərə diqqət yetirmirlərsə, işğal faktını demirlərsə, işğaldan danışıb, işğalçının kim olduğunu demirlərsə, BMT-nin qətnamələrini qulaqardına vururlarsa, onların səmimiliyinə inanmıram. İnanmıram ki, demokratik dəyərlər, insan haqları, bəşəriyyətin dəbə saldığı məsələlərdə Norveç hegemonluq eləsin, bu məsələləri Norveçin vasitəsi ilə populyarlaşdırmağa çalışsınlar. Çünki Norveç öz başının çarəsinə qala bilmir.

 

- Bu, region problemləri məsələsində hansı ssenarinin davamıdır? Ola bilərmi ki, belə bir qərarın verilməsi Norveçdən istənilsin?

 

Q.Hüseynli:

- Tamamilə haqlısız. Bu, müəyyən bir ssenarinin davamıdır. Amma çox uğursuzdur. Heç olmasa insan hüquqları və demokratik dəyərlərlə yanaşı, qaçqınların hüquqları və işğal olunmuş torpaqların azad olunmasının təmin edilməsi məsələsi paralel aparılsaydı, Azərbaycan insanını bu məsələnin səmimi duyğularla aparıldığına inandrmaq olardı. Azərbaycan üçün ən ağrılı problemi kənara qoyub, mübahisəli olan məsələsinə toxumağın heç də kömək və yardım məqsədi daşımır. Mənə elə gəlir ki, dünya dövlətləri birinci növbədə Azərbaycanda ərazilərin bütövlüyünə şərait yaradan addımlar atmalıdır. Bəli, demokratiya, insan haqları, normal sosial, qanunlara, rifaha söykənən bir cəmiyyətin yaradılması istiqamətində addımlar atılmasını tələb etsələr biz bundan nigaran olmarıq.

 

- Necə hesab edirsiz, Norveç bu addımı ilə regionda marağı olan və Azərbaycandan öz istiqamətini konkretləşdirməyi tələb edən Qərbdən, yaxud  Rusiyadan sifariş ala bilərmi?

 

N.Məmmədova:

- Norveç NATO-nun şimal bölgəsində yerləşən mühüm ölkələrindən biridir və Rusiyanın şimal sərhədlərinə yaxındır. Ola bilər ki, Norveç Cənubi Qafqazda NATO-nun maraqlarının həyata keçirilməsinə təhkim olunsun. Məlumdur ki, Cənubi Qafqazda NATO-ya potensial üzv kimi Gürcüstan götürülür. Çünkü Azərbaycan balanslaşdırılmış siyasət yeridir, amma Gürcüstan NATO-ya üzv olmaq istəyini ifadə edir. Prezident Taramp buna qarşı olsa da, NATO-nun bəzi üzvləri Gürcüstanın üzvlüyünü dəstəkləyirlər. Belə bir məqamda bu ölkəni üzvlüyə hazırlamaq, onunla daha fəal iş aparmaq üçün onu Norveçin kurasiyasına veriblər. Görünür, Norveç NATO-nun mühüm bir ölkəsi kimi Gürcüstanda yerləşib bu istiqamətdə fəaliyyətini sürətləndirməlidir. Hazırda Gürcüstanda keçirilən seçkilərlə bağlı Amerika, Rusiya və Fransa qarşıdurması gedir. Rusiya Fransa tərəfdaşları İvanaşviliyə bağlıdır və ola bilər ki, burda Rusiya ilə Fransanın razılaşması olub ki, xanım Salomenin seçilməsi dəstəklənsin. Amerika isə Saakaşvili partiyasının hakimiyyətə gəlməyini istəyirdi. Belə bir mühüm məqamda Gürcüstan siyasi güclərin savaş paliqonuna çevrilə bilər. Bu baxımdan bu proses Norveçin Gürcüstanda olub prosesləri daha yaxından izləməsi üçün baş verib. Hörmətli Qabil müəllimin bu yaxınlarda bir açıqlamasını oxudum və onunla tam razıyam ki, burda maliyyə məsələsi də rol oynaya bilər. Qafqaz ölkəsində səfirlik saxlamaq maliyyə tələb edir. Burda xərclərə qənaət məqsədi də güdülə bilər. Bu, bir versiya kimi də ağlabatandır.

 

Q.Hüseynli:

- Bunu bir versiya kimi irəli sürmək olar. Amma Norveç o qədər də kasıb ölkə deyil.

 

N.Məmmədova:

- O zaman burada qənaət məsələsi deyil, siyasi motivlər əsas yerdə dayanacaq.

 

- Norveçin Bakıda Fəxri Kosulluğun yaranmasından söz edilir. Bu, sanki “çirkinim sən dur burda, gedirəm gözəl axtarmağa misalını da xatırladır. Bu, həm də Azərbaycana qarşı qeyri-ciddi münasibətin əks-təzahürü sayıla bilərmi?

 

Q.Hüseynli:

- Fəxri konsul maliyyəsiz, könüllü işləyən insandan seçilir. Azərbaycandan milyardlarla dollar varlı olan ölkəyə Azərbaycanda ictimai əsaslarla işləyən konsul təyin etmək heç də üzağardan bir şey deyil. Hətta mən deyədim bizim üçün də, elə onların özü üçün də təhqiramiz ola bilər. Fəxri konsulluğun ofisi, işçiləri olmalıdır. Bunların səlahiyyətləri nə həddə olacaq, viza verə biləcəklərmi? Yəni bir çox məsələlər var ki, hələ də buna aydınlıq gətirilməyib. Ona görə də bu məsələlərə aydınlıq gətirilməlidir. Məsələn, Azərbaycan Norveçdə özünün konsulluğunu saxlayır. Səfirliyin olduğu dövrdə necə işləyirdisə, konsullq da eyni səlahiyyətə malik olacaq. Norveç Azərbaycanda fəxri konsulluq səviyyəsinə keçəcəksə, bu mənim bəyənmədiyim və alqışlaya bilməyəcəyim addımdır.

 

- Azərbaycan tərəfinin atdığı alternativ addımları necə təhlil edərdiniz?

 

N.Məmmədova:

- Azərbaycan prezidenti ilk növbədə Azərbaycanın Norveç, İsveç, Danimarkadakı səfirliklərinin geri çağırılması haqqında sərəncam imzaladı. Bu, Norveçin qərarına verilmiş normal adekvat bir cavab idi. Məncə çox doğru və yerində verilmiş bir qərardır. Çünki bu gün Azərbaycan 90-cı illərdəki müharibə şəraitində olan, daim tənqidə məruz qalan, dünya birliyinin haqsız hücumlarına məruz qalacaq qədər zəif ölkə deyil. Azərbaycan dünya siyasətində söz sahibidir, onunla hesablaşırlar.

Azərbaycan saysız uğurları olan dövlətdir. Belə bir dövləti ittiham etmək onu aşağılamaq heç kimin həddində deyil və Azərbaycan adekvat cavabını verdi.

 

- Bu minvala münasibətlərimiz hansı yöndə dəyişə bilər?

 

Q.Hüseynli:

- Mən düşünmürəm ki, Norveçin bu münasibəti bütövlükdə Qərb dünyasının mövqeyidir. Bu formal olaraq atılmış addımdır. Bu, Azərbaycanı gözdən salmaq kampaniyasının bir hissəsi də ola bilər. Amma Qərb Azərbaycanda doğurdan da demokratik, insan hüquqlarına hörmət edən dövlət görmək istəyirsə, belə addımlarla istədiyi məqsədinə nail ola bilməz. Belə yanaşmalar əksinə, Azərbaycanda əks effektini verəcək və xalqın öz hakimiyyəti ətrafında daha sıx birləşdirəcək.  Əgər belə məsələlər güdürlərsə hədəfə çata bilməyəcəklər. Ən yaxşısı şəffaf olmaqdır. Azərbaycan xalqının heysiyyatına toxunmaq olmaz.

 

 

- Partiya və ictimai təşkilatların buna reaksiyasını necə təhlil etmək olar?

 

Q.Hüseynli:

- Siyasi partiyalar özlərinin nizamnaməsinə uyğun hərəkət edib, demokratik dəyərlər və insan hüquqları məsələsini ön plana qoyurlar. Təbii ki, partiyalar firqə maraqlarına uyğun olaraq bu məsələlərə reaksiya verəcəklər. Onları qınamağa haqqım yoxdur. Amma bu daha çox ümummilli məsələdir. Çünki burda erməninin, yaxud Azərbaycanı istəməyən dairələrin barmağının olmaması mümkünsüzdür. Ona görə də mən bir vətəndaş və həm də siyasətlə məşğul olan bir adam kimi hesab edirəm ki, siyasi partiyalar da bu məsələni təhlil edib qiymət verməyə çalışarkən gözünə ümummilli maraqları da qatmalıdırlar. Və başa düşməlidirlər ki, Azərbaycanı zəiflətmək, imicinə xələl gətirmək istəyən addımlar, bütövlükdə Azərbaycanın dövlətçiliyinə çevrilmiş addımlardır və bu elementlərin yaxşı niyyətlərə xidmət edəcəyi qənaətində deyiləm.

 

N.Məmmədova:

- Mən də o fikirdəyəm. Hesab edirəm ki, əgər Norveç iddia etdiyi kimi bu ölkədə demokratik hüquqlar pozulubsa, əslində ölkədə qalıb bu istiqamətdə fəaliyyəti daha da gücləndirməli idi. Demokratikləşmə istiqamətində məsləhətləşmələr aparmalı, lazım gələrsə maliyyə dəstəyi verilməklə bir çox ictimai təşkilatları ümumi işin xeyrinə cəlb etməliydilər.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR