Ətin bahalaşmaması üçün hökumətdən ÖNLƏYİCİ TƏDBİRLƏR

12:00 18-01-2022 | icon 344 | İqtisadiyyat
Ətin bahalaşmaması üçün hökumətdən ÖNLƏYİCİ TƏDBİRLƏR

Çörək və undan sonra Azərbaycanda ətin də qiymətinin kəskin bahalaşdığına dair məlumatlar yayılıb. Ancaq müşahidələrimiz göstərir ki, ətin qiyməti əksər satış məntəqələrində dəyişməz olaraq qalır. Bəzi yerlərdə, xüsusən marketlərdə 0,5-1 manat aralığında artım da müşahidə olunub. Eyni zamanda ətin qiymətində endirim edən qəssablar da var. Məsələn, Sabunçu rayonundakı satış məntəqələrindən birində 11 manata satılan ət son günlərdə 10 manat 80 qəpiyə təklif olunur.

 

Lakin onların bildirdiklərinə görə, yaxın həftələr ərzində ətin qiymətində yenidən bahalanma olacağı ehtimalı da var.

 

Qeyd edək ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, ötən ilin son ayında qlobal ət qiyməti indeksi noyabrla müqayisədə cüzi artmaqla 111,3 bənd təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən artım 16,5 bənd olub. Dekabrda quş əti, donuz əti və  qoyun əti ucuzlaşıb. Mal əti isə bir qədər bahalaşıb. FAO bildirir ki, 2021-ci il ərzində dünya bazarında ətin qiyməti 2020-ci ilə nisbətən 12,7 faiz artıb. Bu zaman mal, qoyun və quş əti bahalaşıb, donuz əti isə ucuzlaşıb.

 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkədə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz yüksəlib. 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12 faiz artıb.

 

Ötən il ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Belə ki, dekabrda ərzaq məhsulları 2,7 faiz, əvvəlki ilin dekabrı ilə müqayisədə 16,2 faiz, 2021-ci ilin yekununda isə 8,2 faiz bahalaşıb. Dekabrda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub.

 

Göründüyü kimi, dünyada, eləcə də Azərbaycanda 2021-ci il ərzində ətin qiymətində bahalaşma digər ərzaq məhsulları ilə müqayisədə daha az olub. Lakin mütəxəssislərin fikrincə,  heyvandarlıqda əsas qida komponenti olan arpa və buğdadan istehsal olunan yemlərin bahalaşması 2022-ci ilin birinci rübü ərzində ətin qiymətində də eyni prosesin getməsini şərtləndirəcək.

 

Rövşən Ağayev müəllimlərə səsləndi - "Özünüzə hörmət eləmirsiniz..." •  Faktinfo.az

Rövşən Ağayev: “Heyvan yemlərinin idxalı vergidən azad edilə bilər”

 

İqtisadçı-ekspert Rövşən Ağayev bahalanan qiymətə ət aldığını deyir:

“Ətin bahalanması, xüsusilə də bütün istehlak mallarının və xidmətlərin, qeyri-qida məhsullarını bahalandığı bir dövrdə istehlakçı olaraq heç birimizin mənafeyinə və cibinə uyğun deyil. Amma bu məsələdə qeyd ediləsi, üzərindən heç keçilməyəsi çox vacib bir məqam var - hansı ki, fermerlərin mənafeyini qoruyan normal assosiasiya və birliklər olsa idi, onlar bunu yazıb əsaslandırmalı idi. Amma heyif ki, yoxdur. Ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığı və məsuliyyətini daşıyan fermerlərin qədir-qiyməti dövlət tərəfindən bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə yox. Söhbət süd-ət-yem paritetinin müntəzəm olaraq hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasıdır.

Beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur. Yəni fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir. Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kolorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Fermerlərdən və satış şəbəkələrindən topladığım məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kq-ı minimum 60 qəpik, xüsusi tərkibli kolorili yemlərin qiyməti 0.8 manatdır - orta hesabla, 0.7 manat. Yəni fermer satdığı südün qiymətilə 1.5 kq əvəzinə 0,6 kq yem ala bilir. Eyni paritet ətə münasibədə də mövcuddur - 1 kq ətin qiyməti 20 kq kolorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hətta son  günlər baş verən bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabərdir. Yəni optimal hesab olunan həddən xeyli aşağı".

 

Ekspert qeyd edir ki, ölkədə yem kifayət qədər bahadır: 

“Ətin qiymətini ucuzlaşdırmaqla bərabər yemin də qiymətini necə ucuz etməyin yolları barədə ciddi düşünmək lazımdır. Əks halda, insanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə, indi alternativ yoxdur - fermerçilik icbari əməyi xatırladır. Yeri gəlmişkən, gələn məlumatlar göstərir ki, hazırda soyanın kəskin bahalanması xüsusilə də quş istehsalçıları üçün ciddi problemlər yaradır”.

 

Bəs hökumət ətin bahalaşmasının qarşısını almaq üçün hansısa addımlar ata, bazara hansısa formada müdaxilə edə bilərmi? R.Ağayevin fikrincə, hökumət fermerləri dəstəkləyən addımlarla bazara birbaşa deyil, dolayı mexanizmlə təsir edə bilər: “Ətin qiyməti sərbəst bazarda formalaşır, hökumətin çörəkdə olduğu kimi, ətin qiymətində də aşkar müdaxiləsi absurd yanaşma olardı. Hökumətin atacağı addımlardan biri ölkəyə idxal olunan heyvan yemlərinin idxalının vergidən azad edilməsi ola bilər. Digər mühüm addım kimi potensial olaraq ot bitkilərinin əkilə biləcəyi ərazilərin məcburi şəkildə texniki bitki əkinlərinə cəlb edilməsi siyasətindən çəkinməsi vacibdir. Əksinə, indi yağlı yem və ot bitkilərinin daha çox stimullaşdırılmasına ehtiyac var, nəinki 3-5 inhisarçının maraqlarına xidmət edən texniki bitkilərin. Bir də dövlət torpaqlarından istifadə bütün fermerlər üçün eyni dərəcədə əlçatan olmalıdır. Azərbaycanda torpaq resurslarından istifadə imtiyaza çevrilib. Az sayda iqtisadi qruplar bu imtiyazdan gen-bol bəhrələnə bilir”.

 

Firdovsi Fikrətzadə: Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın  əsas yolu emal sənayesi vasitəsilə mümkündür - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 

Firdovsi Fikrətzadə: “Azad olunan torpaqların bərpası hesabına özümüzü ət və süd məhsulları ilə tam təmin edə biləcəyik”

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə isə bildirir ki, azad olunan torpaqların bərpası hesabına Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edə biləcək. Belə ki, hazırda ölkənin özünü süd məhsulları ilə təmin etmə səviyyəsi 83-85 faiz, ətlə təmin etməsi isə ümumi olaraq 84 faiz təşkil edir: “Amma burada belə bir məqam var - qoyun əti ilə təminat 100 faizdir, mal əti ilə 90 faizdən yuxarıdır, quş əti ilə təminat isə 80 faiz civarındadır. Bizim qiymətləndirmələr onu göstərir ki, azad olunan torpaqlarımızın, o cümlədən taxılçılığın bərpası hesabına orada heyvandarlığın da inkişafı təmin olunacaq. Yəni həmin ərazilərdə taxılçılıq sayəsində heyvandarlığın yem bazası təmin ediləcək. Ondan sonra, bizim hesablamalara görə, ət və südlə təminatımız təqribən 98-99 faiz, yəni demək olar ki, tam özünü təmin etməyə imkan verəcək”.

 

Məlumat üçün bildirək ki, rəsmi statistika Azərbaycanda ət istehsalının davamlı artdığını göstərir. Belə ki, 2021-ci ilin 11 ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton təşkil edib. İstehlakda yerli istehsalın payının artmasını ət və diri mal-qara idxalındakı azalmadan da görmək olur. Belə ki, 2021-ci ilin 11 ayında Azərbaycan xaricdən 62 milyon 293 min dollar dəyərində 36 min 303.9 ton ət alıb. 2020-ci ilin eyni dövründə ət idxalımız 72 milyon 66 min dollar dəyərlə 39 min 458 ton təşkil edib. Ət idxalımızın əsas hissəsini quş əti təşkil edir. Belə ki, 2021-ci ilin 11 ayında quş əti idxalımız 27322,35 ton olmaqla ümumi ət idxalımızın 75,3 faizinə bərabər olub. İribuynuzlu heyvan əti idxalımız cəmi 4879 ton təşkil edib.

 

2020-ci ilin 11 ayında xaricdən 61920 baş diri iribuynuzlu heyvan, 154608 baş qoyun gətirilibsə, 2021-ci ilin eyni dövründə diri heyvan idxalımız müvafiq olaraq 43753 baş və 108784 baş təşkil edib. 2021-ci ildə iribuynuzlu heyvanların 35861 başını Gürcüstandan, 5145 başını Ukraynadan, qalanını Qazaxıstan, Rusiya və Belarusdan idxal etmişik. Diri qoyunların 39240 başını Rusiyadan, 62261 başını Gürcüstandan, 5495 başını Qazaxıstandan, 1788 başını isə Türkiyədən gətirmişik.

 

Heyvandarlıqda əsas yem xammalı olan arpa istehsalı son illərdə xeyli artaraq 2021-ci ildə 1 milyon tonu keçib. Mal-qara və quş yemi kimi arpa istehlakının həcmi də artaraq 872 min 794 tona çatıb. Ümumilikdə, rəsmi statistika arpa ilə özünütəminat səviyyəsinin 96,4 faiz təşkil etdiyindən xəbər verir. İllik 250-270 min ton təşkil edən idxalla hər ilin sonunda qalan qalıq təxminən bərabərdir. Arpa ilə özünütəminat səviyyəsinin yüksək olmasına baxmayaraq, ondan istehsal olunan heyvan yeminin 50 faizdən yuxarı bahalaşması təəccüb doğurur.

 

Rəsmi statistikaya əsasən, ölkədə 2022-ci ilin məhsulu üçün 859,1 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Bunun 509,1 min hektarını buğda, 349,8 min hektarını arpa və 0,2 min hektarı çovdar təşkil edir. Bu isə o deməkdir ki, bu il arpa əkinlərinin sahəsində ötən ilə nisbətən 4,7 faizlik azalma var... /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı