Gürcüstan azərbaycanlılarının təhsil problemi

11:04 23-02-2022 | icon 629 | Təhsil
Gürcüstan azərbaycanlılarının təhsil problemi

Ekspert “belə getsə, məktəblər öz-özünə bağlanacaq” deyir

 

Tiflisdə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirib. Nazirlər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və gücləndirilməsi məsələlərini müzakirə ediblər. İki ölkə arasında təhsil sahəsi üzrə imzalanan əməkdaşlıq sazişinin əhəmiyyəti barədə danışan əslən Borçalıdan olan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, bu saziş əslində gecikib: “Əsas problem Azərbaycanda olan gürcü məktəbləri və Gürcüstanda olan Azərbaycan məktəbləridir. Çünki orada faktiki olaraq Azərbaycanın dili, ədəbiyyatı, tarixi tədris olunmur. Bu, həddindən artıq gecikdirilmiş razılaşmadır. Çünki 5-10 il əvvəl biz deyirdik ki, Gürcüstandakı Azərbaycan məktəblərində müəllimlərin orta yaş həddi 65-dir. İndi yəqin ki, 70-ə çatıb. Bu insanlar uşaqlara hansı təhsili verə bilərlər?! Yaxşı olar ki, komissiyalar, bu işdən başı çıxan insanlar sözügedən məsələləri müzakirə etsinlər”. Nazirin səfəri Gürcüstan azərbaycanlılarının təhsil problemini həll edəcəkmi?  Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

 

Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev mövzu ilə bağlı bunları şərh edib:

 

“Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tam hüquqlu vətəndaşlarıdır. Amma tam hüquqlu vətəndaş olmaq üçün hələ çox işlər görülməlidir. Hələ çox maneələr aşmalıyıq. Gürcüstanın azərbaycanlı icmasının bir sıra problemləri var. İlk növbədə inteqrasiya ilə, ən başlıca təhsillə bağlıdır. Mən özüm də uzun müddət müəllim işləmişəm. Həmişə deyirlər ki, Gürcüstanda azərbaycandilli məktəblərin sayı kəskin surətdə azalıb. Amma ədalət naminə deyim ki, bu, yalnız  Gürcüstandakı Azərbaycan məktəblərinə aid deyil. Gürcü, erməni məktəblərinin də sayı azalıb. Bu, sırf obyektiv  amillərlə, miqrasiya  ilə bağlıdır. Rusiya, Türkiyə, hətta Avropa ölkələrinə axın var. Bundan başqa, Gürcüstanda məktəblərin optimallaşması ilə bağlı xeyli işlər görüldü. Kiçik məktəblər birləşdirildi və sairə. Ədalət naminə demək lazımdır ki, bu gün heç bir azərbaycanlı balası təhsildən kənarda qalmayıb. Ən ucqar kənddə yaşayanlara dövlət avtobus verir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər görülür. Müəllimlərin əmək haqqı artırıldı. Amma problemlər də qalır, bunların ən başlıcası müəllim kadrlarının hazırlığı ilə bağlıdır.

 

Millət vəkili Mahir Dərziyev vətəndaşlara müraciət edir - YouTube

Mahir Dərziyev 

 

Bizim məktəblərdə Gürcüstanın ali məktəblərini qurtarıb dərs deyən cavan müəllimlər də var. Amma bu müəllimlərin böyük əksəriyyəti pensiya yaşı ərəfəsində olan insanlardır. Cavan müəllimlər çox azdır. Gürcüstanın ali məktəblərində oxuyan azərbaycanlı gənclərin SOCAR-ın təqaüdü hesabına təhsil haqları ödənilir. Bütün bunlar danılmazdır. Amma zaman-zaman Azərbaycan hökuməti rəsmilərinin qarşısında bu məsələni qaldırdıq ki, bu templə davam etsə, məktəblərimiz müəllimsiz qalacaq. Heç kim bizim məktəbləri bağlamayacaq, məktəblər öz-özünə bağlanacaq. Bununla bağlı təxirəsalınmaz işlər görmək lazımdır. Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimi hazırlanmır. Vaxtilə Gürcüstanda Puşkin adına Pedaqoji İnstitut olub. Orada Azərbaycan dili və ədəbiyyat fakültəsi olub. Amma 90-cı ilin əvvəlində müəyyən obyektiv, subyektiv səbəblər üzündən o fakültə bağlandı, orada dərs deyən müəllimlər oranı tərk etdilər. Bu gün Gürcüstanda Azərbaycan dili və ədəbiyyat fənnini tədris edəcək müəllim yoxdur. 5 ilə heç kim fənni tədris etməyəcək. Burada  Azərbaycanın bir ali təhsil müəssisəsinin açılması da məqsədəuyğun olardı. Burada sözsüz, təhsil gürcü dilində aparılmalıdır. Amma Azərbaycan dili də tədris olunardı, Azərbaycan mədəniyyətini təbliğ edəcək, eləcə də Azərbaycan həqiqətlərini çatdıracaq fənn olardı. Vaxtilə keçmiş təhsil naziri bura gəlmişdi. İndi də Emin Əmrullayev gəlib, ümid edirəm ki, bu problemin həlli olacaq. Sadəcə, qətiyyətli olmaq lazımdır”.

 

Məktəblərdə dərsə davamiyyət aşağı düşüb” – Kamran Əsədov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Kamran Əsədov

 

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: 

 

“Gürcüstanda orta təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəbdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıb. Gürcüstanda 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq dövlət kompüter (netbuk) verir. Xüsusi treninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir. Əlbəttə, bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcüdən də gözəl bilən gənclərimiz var, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır. Azərbaycan məktəblərinin saxlanılması, ana dilində təhsil hava-su qədər vacibdir. Fədakar ziyalımız Həsən bəy Zərdabi demişdir: ”Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir". Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olubsa, hazırda bu məktəblərin sayı 80-dir. Hazırda Gürcüstan universitetlərində azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur".

 

K.Əsədov onu da qeyd edib ki, borçalılılar Azərbaycan təhsil müəssisələrinə qəbul ola bilmirlər: 

 

“Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin buradan gedən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə azərbaycandilli məktəblərin yox olmasına gətirib çıxaracaq.  Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır.

Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar. Apardığımız araşdırmalar göstərdi ki, Gürcüstandakı Azərbaycan məktəblərində müəllimlər və zəruri dərsliklər çatışmır. Azərbaycan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil. Azərbaycanda 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir. Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Eyni zamanda dərsliklərin keyfiyyətində də ciddi nöqsanlar var. Gürcüstanda çap olunan hər bir dərslikdə informasiya ağırlığı mövcuddur. Azərbaycan isə eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır. Problemin kökündə o durur ki, Gürcüstan universitetlərində azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsaydı, bu gün orada yaşayan azərbaycanlı ziyalılar daha yararlı dərsliklər hazırlayardı. Qeyd edim ki, azərbaycanlılar 2019-cu ildə Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4" proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədir. Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub. Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir. Amma bu rəqəmlər olduqca azdır. Nəzərə alsaq ki, Gürcüstanda 500 minə qədər azərbaycanlı yaşayır, bu rəqəmlər azərbaycandilli kadr probleminin həlli üçün yetərli deyil. Apardığımız araşdırmalar göstərir ki yerli məktəblərdə  üç əsas çatışmazlıq var. Gürcüdili tədrisin aşağı səviyyədə olması, ümumi təhsilin aşağı səviyyədə olması, gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır. Məsələn,  Kvemo-Kartlidə ümumilikdə 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alır. Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirirlər. Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi”.

 

Əsədov ikinci səbəbin dərslik problemi ilə əlaqəli olduğunu deyib:

 

“Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Araşdırmalarımız göstərir ki, uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar. Amma hətta bu iki səbəb də ən əsas problem deyil. Ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır. Belə olan halda təbii ki, Azərbaycan dilində ayrıca universitetə ehtiyac var. Təəssüflər olsun ki, getdikcə daha çox azərbaycanlı valideyn uşaqlarını gürcü məktəblərinə qoyur ki, gələcəkdə övladı ali təhsil almaq, yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək şansı qazansın. Bu, isə doğma dilimizin itib-batmasına gətirib çıxarır. Bütün bu problemlərin həlli üçün Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır. Bu azərbaycandilli kadrların yetişməsinə, Azərbaycan məktəblərinin kadra olan ehtiyacının aradan qalxmasına gətirib çıxaracaq. Bu il Gürcüstanın ali təhsil müəssisələrinə 41 600 nəfər tələbə qəbul olub. Azərbaycanın ali təhsil müəssisələrinə 43480 nəfər qəbul olub. Gürcüstanda 147 min 700 nəfər tələbə təhsil alır. Bu o deməkdir ki, Gürcüstanın təxminən 4 faizi tələbədir. Azərbaycanda 163779 nəfər təhsil alır. Bu o deməkdir ki, Azərbaycanın təxminən 1.64 faizi tələbədir”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

Cinayət Məcəlləsində YENİ MADDƏ