“Moskva Bəyannaməsi” - VS YANAŞMA

10:30 25-02-2022 | icon 563 | Siyasət
“Moskva Bəyannaməsi” - VS YANAŞMA

"...Bu müqavilə də SSRİ konstitusiyasını xatırladır"

 

Azərbaycan və Rusiya arasında imzalanan “Müttəfiqlik Bəyənnaməsi” birmənalı qarşılanmır. İctimai-siyası sferada bu sənədin Azərbaycanın müstəqilliyi üçün təhdid hesab edənlər də az deyil.

 

Müttəfiqlik Bəyannaməsi niyə ölkə ictimaiyyətində qıcıq doğurur və əslində nə vəd edir?

 

 

"Bəyannamənin bütün bəndləri Azərbaycan üçün faydalıdır”

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev sosial şəbəkədə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən  imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər iki ölkənin xalqlarının həyatında mühüm əhəmiyyət kəsb edən  tarixi sənəddir.

 

Onun fikrincə, müstəqil suveren Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan Moskva Bəyannaməsi uzun illər davam edən tarixi əlaqələri yeni bir müstəviyə, strateji əməkdaşlıq səviyyəsinə daşıyan siyasi-hüquqi platforma olacaqdır:

 

“Bu Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasət sahəsində ardıcıl fəaliyyətinin növbəti uğuru və cənab Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Azərbaycan xarici siyasətdə milli maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərə həmişə üstünlük verir və bu münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şərtlər çərçivəsində qurulmasına tərəfdardır. 44 günlük Vətən müharibəsi də göstərdi ki, qələbə üçün  diplomatik cəbhə də döyüş meydanı qədər əhəmiyyətlidir və düzgün qurulmuş strategiya hər şeyi həll edir”.

 

M.Quliyev qeyd edib ki, Rusiya Azərbaycanın yaxın qonşusu və müxtəlif sahələrdə uzun illər əməkdaşlıq etdiyimiz güclü dövlətdir. Deputat eyni zamanda vurğulayıb ki, Rusiya ilə münasibətlərimiz uzun illərdir ki, artan xətlə inkişaf edir və dövlətlərimiz arasında 245  müxtəlif xarakterli sənədlər imzalanmışdır, ölkələrimiz bir çox  müxtəlif platformalı beynəlxalq qurumlarda birgə təmsil olunur, əməkdaşlıq edirlər:

 

“Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması bu ölkədə yaşayan azərbaycanlıların siyasi, hüquqi, iqtisadi və sosial statusuna öz müsbət təsirini göstərəcəkdir. Rusiya Azərbaycanın ən yüksək səviyyədə əməkdaşlıq etdiyi iqtisadi partnyorudur”.

 

M.Quliyev hersab edir ki, bu müqavilə iqtisadi və ticarət münasibətlərimizin daha optimal faydalı şərtlərlə inkişaf etməsinə siyasi-hüquqi baza yaradacaq:

 

“Bu müqavilə Ermənistanla münasibətlərin normallaşmasına, ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin qarşılıqlı tanınmasına, nəqliyyat- kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasına təsir imkanlarımızı daha da artıracaqdır. Keçmiş münaqişə bölgəsində həlli başa çatmayan məsələlərin, o cümlədən, Qarabağdakı cinayət əməllərində iştirak etməməş ermənilərin Azərbaycanın qanun-qaydaları ilə yaşamaq zərurətini revanşist güclərə başa salmaq üçün bu müqavilənin müddəaları tutarlı sənəd kimi əhəmiyyətlidir.

43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bütün bəndləri Azərbaycan üçün faydalıdır.

 

Əslində Bəyannamənin 1- ci bəndində qeyd olunan "hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar" müddəası bu sənədin məğzini və mahiyyətini tam izah edir.

 

Bu Bəyannamənin imzalanması Azərbaycanın bölgədə nüfuzunu daha da gücləndirəcək, Ermənistan üzərindəki siyasi- diplomatik üstünlüyümüzü daha da artıracaq, oradakı revanşist qüvvələrin son ümidini də dəfn edəcək, Rusiya ilə münasibətlərimizi daha etibarlı, strateji əməkdaşlıq səviyyəsinə qaldıracaqdır.

 

Milli maraqlarımızı həmişə və hər şeydən üstün tutan, qoruyan, inkişaf etdirən cənab Prezident İlham Əliyevin imzası  hər zaman xalqımız üçün faydalı olmuşdur və Moskva Bəyannaməsi də dünyanın bu qarışıq zamanında ölkəmiz üçün etibarlı təminatlar yaradacaqdır.

 

2021- ci ilin 15 iyununda imzalanmış  tarixi  "Şuşa  Bəyannaməsi" və 22 fevral 2022- ci il tarixli Moskva Bəyannaməsi qardaş Türkiyə və dost-qonşu Rusiya ilə - bölgənin hər iki nəhəng gücləri ilə gücümüzü birləşdirmək, əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaqla bizi dünya güclərinin hesablaşacağı bir qüvvəyə çevirəcəkdir! Bu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti  diplomatik uğurudur və millətimizə böyük fayda, tərəqqi və xöşbəxtlik gətirəcək yeni tarixi mərhələnin başlanğıcıdır”.

                                                

VS

 

 

“Rusiya üçün müqavilə, hüquq, başqa dövlətin ərazisi  kimi anlayışlar mövcud deyil

 

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkədə bildirib ki, Rusiya ilə Azərbaycan arasında bağlanılan saziş siyasi-ictimai dairələr tərəfindən hələ çox dartışılacaq, ona müxtəlif aspektlərdən qiymət veriləcək.

 

Partiya sədri hesab edir ki, müqavilənin 22 fevral 2022-ci ildə bağlanılması bir daha sübut edir ki, Putin Ukraynaya yönəlik siyasətinə arxayın deyil, yanlış olduğuna əmindir və bu yanlışlığı pərdələmək və güc müstəvisində keçmiş sovet respublikalarına təsir imkanlarını nümayiş etdirmək üçün məhz bu günü seçib:

 

“Rusiya güclü olduqca, demokratik dünya onu durdura bilməyincə və ya durdurmaq istəmədikcə, Rusiya üçün müqavilə, hüquq, başqa dövlətin ərazisi  kimi anlayışlar mövcud deyil. Maraqları tələb edirsə və ən başlıcası, gücü yetirsə, onu kimsə durdura bilmirsə, Rusiya işğalçıya, separatçıya, "sülhməramlıya", "dosta" çevrilərək, ona lazım olan əraziyə girir.

Bu barədə mübahisəyə ehtiyac duymuram. Suriya, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan, hətta Qazaxstan belə onun maraqlarının və gücü yetmənin nümunəsidir. Birinə özü zorla girib, digərini məcbur edib ki, məni dəvət et, onsuz da girəcəm.

Ona görə də müqavilənin bəndlərinin geniş mənada heç bir əhəmiyyəti yoxdur. Hətta bəzilərinin iddiasına görə hakimiyyəti xalq etirazlarından qorumaq üçün iqtidar Rusiya qoşununu dəvət edib, kömək istəyə bilər.

Mümkündür, lakin bunun üçün müqavilə olmadan da yollar var.

Əsas məsələ Rusiyanın zəiflədilməsi və demokratikləşmənin qarşısında sədd olmamasıdır. Dünya hələlik bunu bacarmır və ya istəmir.

Demokratik cəmiyyət quruculuğu istəməyən iqtidarlar da dünyanın bu yanaşmasından rahatca bəhrələnirlər.

Hazırlaşmalıyıq, həm də demokratiya istəyən bütün xalqlarla birgə. Ya Rusiyanı regiondan (post sovet respublikalarından) çıxarmalıyıq, ya da rus xalqıyla birgə yeni demokratikləşmə prosesinə başlamalıyıq ki, Rusiyanın özündə də demokratik idarəetmə bərqərar olsun.

Güclü və imperialist Rusiya qorxuludur, başında ya Lenin dayansın, ya Stalin ya Putin.

SSRİ konstitusiyası onun rəhbərinin qaniçən olmasına da mane olmadı, dağılmasını da durdura bilmədi. Fərq yalnız xalqın yanaşmasında və istəklərdə idi həm də...”

 

İ.Ağazadə hesab edir ki, bu müqavilə də SSRİ konstitusiyasını xatırladır. Onun fikrincə, müstəqil və azad olmaq istəyən xalq elə ona istinad edib suverenlik aktı qəbul etdiyi kimi, Rusiyanın müdaxiləsini istəməyən xalq elə bu sazişə əsaslanıb, Rusiyanın heç bir işimizə burun soxmağına izin verməz:

 

“Zəif olmağa haqqımız yox, olacağıqsa, günah bizdə olacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı