BİZ TACİK DEYİLİK...

00:39 30-12-2018 | icon 978 | Köşə
BİZ TACİK DEYİLİK...

 

... və yaxud, Şaxta baba da, Keçəl də, Kosa da bizimdir!

 

 

 

BƏYBALA MİRZƏYEV

 



Deməli, bu taciklər yatıb-yatıb indi ayılıblar ki, ayə, sən demə, onların əsas bayramları Novruz bayramı imiş və Yeni il də miladi təqvimlə yanvarın 1-də yox, Günəş təqvimi ilə martın 21-də girirmiş. Odur ki, Tacikistanda bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni "yolka"sız, Şaxta babasız və Qar qızsız qeyd eləsinlər. Və bu xəbərin səsi-sorağı uzaq Tacikistandan gəlib bizim Azərbaycana da çatıb, bəzi əziz azərbaycanlılarımız da son günlər sosial şəbəkələrdə iki əks düşərgəyə bölünərək möhtərəm taciklərin bu əndrəbadi qərarına öz dəstəklərini və ya mənfi münasibətlərini bildirməyə başlayıblar.



Dəstəkləyənlər deyir ki, taciklər düz deyir, biz müsəlmanıq, xristianların araq içib ley-pey olduqları bu kafir bayramının bizə aidiyyatı yoxdur və sair... Mənfi münasibət bildirənlər isə həm taciklərin bu qərarına gülür, həm də Novruz bayramını, bu bayramın əsas personajları sayılan Keçəli və Kosanı ələ salan məzəli-istehzalı statuslar paylaşırlar.



Üçüncü bir qrup da var ki, birinci və ikinci düşərgəyə aid olan azərbaycanlıları ortaq məxrəcə gətirmək və onlarda Yeni il bayramına, xüsusən də Şaxta babaya və Qar qıza qarşı xoş münasibət yaratmaq üçün deyirlər ki, “Şaxta baba da bizimdir, şam ağacı da bizimdir”. Hətta Şaxta babanın, Santa Klausun, Noel babanın əslində xristian yox, qədim türk xeyirxahlıq şamanı olduğunu və nağıllarda, miflərdə Ayaz Ata, Ayaz baba kimi tanındığını deyənlər də var (məlumat üçün deyək ki, qədim türklərdə Soyuq Xanı olaraq bilinən Ayaz Atanın əfsanəyə görə, qışda soyuq havalarda ortaya çıxaraq, ac, yoxsul, kimsəsiz, qərib insanlara kömək etdiyi bildirilir. "Ayaz" sözü bütün türk coğrafiyasında kəskin soyuq, şaxta anlamındadır. Odur ki, Ay tanrısının soyuq havaya qarşı türkləri qoruması üçün Ayaz Atanı göndərdiyinə inanılır. Bu mənada, Ayaz Ata türklərin gerçək Noel babası kimi qəbul edilə bilər).



Gördüyünüz kimi, taciklərin bir quyuya daş atmaqları biz azərbaycanlıların fikir və təsəvvürlərində Yeni illə bağlı nə boyda haçalanma yaratdı. Ancaq əsl həqiqətdə isə bu haçalanmaya və Yeni illə bağlı bu qədər bir-birinə zidd kəskin fikirlər səsləndirməyə və Şaxta babanı da "düşmən" elan etməyə heç ehtiyac yoxdur. Əksinə, biz özümüzü bu məsələlərdə biraz müdrik aparsaq yaxşıdır. Gəlin realist olaq və əziklik kompleksindən də qurtulmağa çalışaq.



Bəli, nə Yeni il, nə də ki, Novruz bayramı, Ramazan bayramı əslində bizim milli bayramlarımız deyil. Bu bayramlar biz azərbaycanlılara, Azərbaycan türklərinə xristianlardan, zərdüştilərdən və müsəlmanlardan miras qalıb və biz bu bayramları demək olar ki, artıq milliləşdirmişik. Bu bayramlar bizim canımıza, qanımıza hopub. Əgər bu bayramları ləğv etsək, onların yerini doldurmaq lazım gələcək. Onların yerini doldurmağa isə bu saat hazır heç nəyimiz yoxdur. Həm də ki, bu bayramları təkcə biz yox, dünyanın bir çox başqa xalqları da qeyd edirlər. Yəni ki, bu bayramların ilk müəlliflərinin xristianlar və ya müsəlmanlar olması artıq heç bir əhəmiyyət kəsb etmir. Çünki bu bayramlar artıq ümumbəşəriləşib, hər kəsin ortaq dəyərinə çevrilib. Bu gün Yeni il bayramına heç xristianların özləri də dini bayramı kimi yox, sırf Yeni ilin gəlişi kimi, təqvim dəyişməsi kimi baxırlar. Bizim bu bayramı "müsəlmanlara aidiyyatı yoxdur" deyib rədd etməyimiz, yaxud da, Şaxta babanı Ayaz Ata kimi təqdim edib "milliləşdirməyə" çalışmağımız mənasız işdir. Bütün bunlar hamısı əziklikdən, toplum natamamlığından irəli gəlir və tamamilə absurd fikirlərdir.



Əgər “Şaxta baba əleyhdarları” Yeni ili həqiqətən də xristian bayramı hesab edərək əleyhinə çıxırlarsa, bu qədər prinsipial və dürüstdürlərsə, o zaman xristianların icad etdikləri avtomobillərdən də, mobil telefonlardan da, təyyarə xidmətlərindən də, elə bu internetdən də birmənalı şəkildə imtina etsinlər. Çünki bu sadaladıqlarımın heç biri müsəlman intellektinin, müsəlman beyninin məhsulu deyil. Eləcə də, Kosanı və Keçəli də ələ salıb, Şaxta babanı, Santa Klausu onlardan üstün hesab edənlərdə də həm əziklik, həm də bilgisizlik var. Çünki məlumatlı adamlar yaxşı bilirlər ki, Keçəl və Kosa indi təqdim edildiyi və başa düşüldüyü kimi heç də ondan-bundan pay umub dilənçiliklə məşğul olan obrazlar deyil. Əksinə, bu bir toplumun fərdlərinin öz içlərindən çıxan yazıq, kimsəsiz, köməksiz, aciz şəxslərə (Keçələ və Kosaya) ürəklərinin yanması kimi, onlara əl tutmaq, sahib çıxmaq istəkləri kimi başa düşülməlidir, qəbul edilməlidir. Yəni başqa sözlə desək, Yeni il bayramında xeyirxah, şəfqətli insan obrazında çıxış edən, insanları öz hədiyyələri ilə sevindirən əsas şəxs Şaxta babadırsa, Novruz bayramında isə bu missiyanı bütövlükdə toplum, cəmiyyət öz üzərinə götürür və öz kosa, keçəl, kimsəsiz fərdlərini sevindirməyə, xoşbəxt etməyə çalışır. Bunda başqa məna axtarmaq lazım deyil. Heç kim "bir millətin hətta Keçəl, Kosa kimi folklor qəhrəmanları da dilənçiliklə məşğul olursa, bizə belə obrazlar lazım deyil" deyib natamamlıq kompleksinə girməsin.



Heç kim "biz Şaxta babanı istəyirik" deyib də, Şaxta babanı Keçələ, Kosaya qarşı (və yaxud, əksinə) qoymağa çalışmasın. Keçəl də, Kosa da bizimdir, Şaxta baba da bizimdir. Çünki biz istəsək də, istəməsək də bunlar artıq bizim milli dəyərlərimizə çevrilib. İndi taciklər bir qələtdi də ediblər,onlardan bizə nə? Biz ki, tacik deyilik. Gəlin taciklərdən fərqli olaraq biz bu bayramlara ayrı-seçkilik gözüylə baxmayaq. Axı bu bayramlar hər ikisi də sevgini, xoşgörünü, həmrəyliyi, barışı təbliğ və tərənnüm edir. İnsanımızın üzünü güldürən, körpələrimizi xoşbəxt edən bu bayramların üstündən hər hansı birinin üstündən "xaç" və ya xətt çəkmək istəyi nə dərəcədə müdriklik əlamətidir? Hə, söhbət əgər spirtli içkilərdən, israfçılıqdan, ifrat təmtəraqlardan gedirsə, bütün bu mənfiliklər artıq o bayramların yox, o bayramların fəlsəfəsini, qayəsini düzgün anlamayan kütbeyin, cahil adamların günahıdır. Buna görə bayramları yox, insanları qınaya bilərsiniz.



P.S.
Yeri gəlmişkən, vaxtilə mən özüm də Yeni ilin əleyhinə çıxırdım. Ancaq zamanla anladım ki, toplumları toplu bayramlardan, kütləvi xoşbəxtlik hissindən, müsbət emosiyalardan məhrum etmək olmaz. Bir topluma bir bayramı qadağan edirsənsə, o toplumu öldürmüş kimi olursan. Yadaki, bir topluma bir bayramı yasaq edirsənsə, gərək o bayramın əvəzinə alternativlər təklif edəsən. Taciklər isə özləri bilərlər. Bəşəriyyətə Əbdürrəhman Cami`dən başqa indiyə qədər heç bir başqa düha təqdim edə bilməyən mağmın taciklər bizə örnək ola bilməzlər.



Nə isə. Tacikləri boş verin.

Yeni iliniz də, 31 dekabr Həmrəylik Gününüz də qutlu olsun, mübarək olsun, xoş gəlsin, sevinc gətirsin! 2019-cu il millətimiz və dövlətimiz üçün ən uğurlu il olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı