Vaqif Mustafazadənin doğum günüdür
Bu gün Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür.
Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR Əməkdar artisti Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçəri Şəhərdə doğulub.
Atasının ölümündən sonra anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, məktəbdə musiqi müəllimi idi.
Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edirdi. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi. Vaqif Mustafazadənin məşhurlaşması da elə həmin zamandan başlayır.
O, 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum şəxs içindən Vaqif Mustafazadənin adı çəkilir. O, Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Bəstəkar fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 1982-ci ildə, ölümündən sonra isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Dahi bəstəkar, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Qeyd edək ki, Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadındır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"