Yeganə poeziya teatrımızın fəaliyyəti nə yerdədir?
Tanrı demək istəyir ki, insanlar, bəsdirin, ətraf mühiti, yaşıllıqları və ümumiyyətlə, dünyanı qoruyun. İnsan dəyişməlidir, mütləq dəyişməlidir.
Rus və sovet teatr rejissoru, aktyoru və teatr prodüseri Vsevolod Emilyeviç Meyerhold deyir ki, yeni dövrün teatrı ədəbiyyatdan doğulur, ədəbiyyat isə teatra yüyürür. Əslində, düşünürəm ki, teatr elə həmişə ədəbiyyatdan ilhamlanıb, ondan doğulub. Amma bu gün teatrda da qəribə bir əhval var. Dünya dəyişir, hamı harasa tələsir, hər şey qloballaşır, bir çox dəyərlər marağını itirir, gözdən düşür, sanki artıq yeni bir era yaşanır ki, burada bir qədər ruha, estetikaya, klassikaya, mənəvi rahatlığa və s. bir o qədər də ehtiyac duyulmur. Hətta öyrəşdiyimiz teatr da sanki əvvəlki deyil.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazsını təqdim edirik.
Yeni teatr tamaşaçını cəlb etmək üçün daha maraqlı performansa, daha fərqli yanaşmaya üstünlük verir və düz də edir. Müasir tamaşaçı artıq 20-30 il əvvəlki tamaşaçı deyil və onun diqqətini teatra çəkmək üçün müxtəlif vasitələrə əl atılmalıdır da. Sözümün canı başqadır. Teatrın ədəbiyyatla, bura kimi daha çox proza, indi isə poeziya ilə də ortaq bir nöqtəsi var. Poeziyanın səhnəyə gəlməsindən poeziya teatrı yaranıb. Bir çox ölkələrdə belə teatrlar var və onlara maraq da böyükdür. Poeziyanın səhnələşdirilməsi, qiratəçinin onu bir aktyor kimi duyaraqdan oynaması, dinləyiciyə çatdırması çox gözəl bir ənənədir. Bununla, sanki oxucu və ya dinləyici ilə müəllif arasında olan divar dağılır. Və poeziya ilə teatrın bir-birinə yaxınlaşması dil, söz, ruh, hiss və simvolların vasitəsilə gerçəkləşir. Bunun özü də bir artterapiyadır. Bu, qaçaqaçda olan və sanki əvvəlkindən daha çox sürətlə fırlanan, harasa təngnəfəs tələsən dünyanın açıq nəfəsliyi, bir ruh rahatlığı, bir hüzur yeridir. Bəs Azərbaycanda teatrın bu fərqli növünə maraq varmı?
Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova poeziya teatrı ilə bağlı fikirlərini “Kaspi” ilə bölüşdü:
“Əvvəl Vaqif Səmədoğlu Mərkəzi yaradıldı. Mərkəz Xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi iləyanaşı,Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirlər, müxtəlif layihələr həyata keçirmək üçün nəzərdə tutulmuşdu. Burada musiqili və ədəbi poeziya gecələri keçirməyə başladıq. Və bizdə belə bir ideya yarandı, Mərkəzin nəzdində Vaqif Səmədoğlu adına Poeziya Teatrı yaratdıq. Burada təkcə Vaqif Səmədoğlunun deyil, həmçinin başqa şairlərin, o cümlədən dünya poeziyasından tərcümə olunmuş gözəl şeirlər də səslənidirilirdi. Şeirlər, qiraətçilər Kamran M Yunis və Xəzər Süleymanlının ifasında olurdu. Araya COVID-19 pandemiyası düşdü, karantin rejimi elan olundu. Tədbirlər səngisə də, onlayn şəkildə davam etdi. Bu yaxınlarda karantin qaydalarına riayət etməklə yenidən yığışdıq və poeziya gecələrimizə davam etdik. Planlarımız çoxdur, yavaş-yavaş onları da həyata keçirməyi düşünürük”.
Nüşabə xanım deyir ki, indiki dövrdə sanki ədəbiyyata, poeziyaya aclıq var:
“Poeziya Teatrına toplaşan insanlar da öz istəyi ilə, maraqları, sevgiləri var deyə gəlirlər, qulaq asırlar. Hazırda dünyanı saran mənəvi aclığı bununla doldurmaq istəyirlər. Bu aralar, insanlar da sanki ruhən kasıblaşıblar. Bəşəriyyətin indi ümdə vəzifəsi o olmalıdır ki, insanlar dəyişsin. Son dövrlərdə baş verənlərlə, bəlkə də, Tanrı demək istəyir ki, insanlar, bəsdirin, ətraf mühiti, yaşıllıqları və ümumiyyətlə, dünyanı qoruyun. İnsan dəyişməlidir, mütləq dəyişməlidir. Amma dəyişmə də birdən-birə mümkün deyil, əlbəttə ki. Şeirsə başqa bir aləmdir. İnsan həm öz hislərini çatdırır, həm də daxilindəki pozitivi, sevgini digərlərinə ötürür. Bundan gözəl nə ola bilər ki? Bu mənada, bizim Poeziya Teatrı da bu işdə lap balaca bir töhfəsini vermiş olsa, bu, böyük bir xoşbəxtlik olar, böyük bir nailiyyət olar. Bu da bizim balaca bir addımımız olar bu cür böyük işlərin içində...”
Qiraətçi Xəzər Süleymanlı deyir ki, dünyanın bir çox ölkələrində Poeziya Teatrları mövcuddur:
“Biz belə teatrları daha çox qonşu Rusiyada görmüşük. Hətta orada müxtəlif şairlərin, yazarların öz teatrı var. Zaman-zaman yazdıqları şeirləri və mətnləri səhnələşdirib çıxış edirlər. Azərbaycanda isə 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Vaqif Səmədoğlu adına Poeziya Teatrı yaradıldı. İdeya müəllifi isə Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova oldu. Həmkarım, sevilən bədii qiraət ustası, tanınmış aktyor Kamran M Yunislə Səməd Vurğunun Ev Muzeyində Azərbaycan poeziyasının ən populyar müəlliflərinin gecələrində çıxış edirdik. İdeya da məhz buradan yarandı. Ankarada TÜRKSOY-un xətti ilə Vaqif Səmədoğlunun 80 illiyi keçirilən zaman xalq yazıçısı Anar Rzayev poeziya teatrının yaradılması haqqında ictimaiyyətə məlumat verdi. Sonra bu teatrla Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində Vaqif Səmədoğluna həsr olunmuş gecələrdə çıxış etdik. Teatrın hələ ki, iki üzvü var: Kamran M Yunis və mən. Çıxışlarımız isə yenə də Səməd Vurğunun Ev Muzeyində olur”.
“Bu yaxınlarda isə şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ilə müəyyən müzakirələrimiz oldu” deyir Xəzər bəy: “Bu haqda hələ ki, çox açıqlama verə bilmirəm, ancaq hər şey yolunda getsə, Poeziya Teatrı efirlərə də çıxacaq. Ümumilikdə isə bu cür teatrların daha da inkişaf etməsi üçün digər teatrlarda olduğu kimi geniş səhnəyə, rejissora, redaktorlara, bir sözlə, böyük komandaya ehtiyac var. Təbii ki, bütün bu nüansların olması üçün dövlət səviyyəsində diqqət vacibdir. Ümid edək ki, yaxın zamanlarda poeziyasevərlər böyük səhnələrdə, mütəmadi olaraq Poeziya Teatrlarının fəaliyyətindən zövq ala biləcəklər”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"