Kinomuzun Səkinə anası...
Versus.az Kulis.az-a istinadən "Böyük dayaq" filmindən hamının Səkinə ana kimi tanıdığı aktrisa Leyla Rzayeva haqqında maraqlı faktları təqdim edir.
Leyla Rzayeva 21 aprel, 1930-cu ildə Bakıda anadan olub. Uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edən Leyla Rzayeva orta məktəbi başa vurandan sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. Burada o, Xalq artisti, rejissor Mehdi Məmmədоvun sinfində təhsil alır.
Daha sonra o, Akademik Milli Dram Teatrına dəvət olunur. Və orada səhnə fəaliyyətinə başlayır. Aktrisa ömrünün sonuna kimi də teatrda fəaliyyət göstərir. O, "Хоşbəхtlər" tamaşasında Gülər, "Şöhrət və ya unudulan adam"da stenоqrafçı, "Ana ürəyi"ndə Nurəngiz, "Vaqif"də Tükəzban, "Əliqulu evlənir"də Yasəmən kimi rollar ifa edib.
***
Aktrisa 1959-cu ildə "Əsl dost", 1960-cı ildə "Aygün" və "Səhər" filmlərinə çəkilib. Ancaq ona ən böyük uğuru 1962-ci ildə çəkildiyi "Böyük dayaq" filmindəki Səkinə ana rolu gətirir.
***
Leyla Rzayeva "Böyük dayaq" filminə görkəmli aktyor, bu ekran əsərində Rüstəm kişi rolunda çəkilmiş Xalq artisti Ələsgər Ələkbərovun dəvəti ilə gəlib.
Aktrisa həmin filmdə çəkilərkən onun 32 yaşı olub. Amma gənc olmasına baxmayaraq, 32 yaşlı Leyla Rzayeva yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək, həm rejissorun etimadını doğruldub, həm də tamaşaçıların sevimlisinə çevrilib.
***
Leyla xanımın nəvəsi Sona Rzayeva müsahibələrinin birində nənəsi haqqında deyir:
"Təəssüf ki, mən həyatdan erkən köçmüş nənəm haqqında daha ətraflı danışa bilmirəm. Onun xarakteri barədə filmlərdə birgə çəkilmiş sənət yoldaşları daha yaxşı danışa bilərdilər, amma onlar da dünyalarını dəyişiblər. Leyla nənəmlə bağlı bunu əlavə edə bilərəm ki, o iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Məmmədtağı kişidən 3 övladı dünyaya gəlib - Məsumə, Xanlar və Qəmər. İkinci həyat yoldaşı Adildən isə Əziz adlı oğlu doğulub".
Nəvəsinin sözlərinə görə, Leyla Rzayevanın 4 övladından 2-si Məsumə və Xanlar Rzayevlər dünyadan köçüblər.
***
Yeri gəlmişkən, Leyla Rzayevanın böyük qızı Məsumə Rzayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox Musiqili Komediya Teatrının aktrisası olub. 1949-cu ildə dünyaya gəlmiş Məsumə Rzayeva 2002-ci ildə 53 yaşında xərçəng xəstəliyindən rəhmətə gedib.
***
Aktrisa Leyla Rzayevın böyük oğlu Xanların infarktdan öldüyü bildirilir.
Leyla Rzayevın digər qızı Qəmər xanım məşhur müğənni, Xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Bu evlilikdən onların Əhəd ağlı bir oğlanları olub. Amma atasının ölümündən xeyli sonra Əhəd də dünyadan köçüb.
***
Leyla Rzayevanın birinci ərindən olan qızı Qəmər xanım və ikinci evliliyindən dünyaya gəlmiş oğlu Əziz isə hazırda sağdırlar.
***
Nəvəsi Sona Rzayeva deyir ki, böyüklərdən eşitdiyinə görə, Leyla Rzayeva "Böyük dayaq" filmindəki kimi, həyatda da xaraktercə mehriban, xoşxasiyyət, ədəb-ərkanlı xanım olub.
***
Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci il tarixində beyninə qan sızmadan vəfat edib. Dünyasını dəyişərkən Leyla Rzayevanın cəmi 40 yaşı olub.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"