Mənəviyyatdan texnologiyaya, texnologiyadan mənəviyyata

18:01 31-05-2022 | icon 374 | Siyasət
Mənəviyyatdan texnologiyaya, texnologiyadan mənəviyyata
 

“TEKNOFEST Azərbaycan” dost ola bilməyənlərə kədər yaşatdı

 

QƏNİRƏ PAŞAYEVA/
MM-in Mədəniyyət Komitəsinin sədri/

 
 
 

26-29 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı uğurla başa çatdı. Festivalın keçirilməsi ideyası, bu ilki festivalın məhz Azərbaycanda düzənlənməsi və bütövlükdə, hər məqamı, hər günü yüksək sözlərə layiqdir. 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentləri festivalda iştirak etdi, nitq söylədi. Ötən il müvafiq qanuna edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən yeni adla bayram edilən 28 May, “TEKNOFEST”lə süsləndi. “TEKNOFEST Azərbaycan” dostlara qürur, dost ola bilməyənlərə kədər yaşatdı.

 
 
Bu ilki bayram və bayramda verilən ismarıclar bir daha təsdiq və təsbit etdi ki, Azərbaycan Respublikasının dövlət siyasətinin özünəxas mütləq prioritetləri var və bu, Azərbaycanın milli maraqlarının müdafiəsini, Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsini ehtiva edir.
 
 

“TEKNOFEST”də tarixə ekskurs

 
 
Azərbaycan Prezidentinin nitqində vurğulandığı kimi, 104 il öncə müsəlman aləmində ilk Xalq Cümhuriyyəti olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız XX yüzilliyin 91-ci ilində Azərbaycanın dövlət müstəqilliyi elan edildi və Azərbaycan xalqı 30 ildir azad yaşayır. Lakin yalnız son iki il içində 28 Mayı da, digər bayramları da əsl bayram kimi keçirə bilirik. 44 günlük müharibədəki tarixi Zəfərimiz bayramların dadını, adını özünə qaytarıb. Və 30 il öncə olduğu kimi, bu gün də, üç onilliyin hər dönəmində Türkiyə Azərbaycanın yanında olub, dəstək durub, kömək edib.
Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi, qardaşlığı bütün qonşu, dost və qardaşlara əvəzsiz örnəkdir: ölkələrimiz yaxşı gündə də, çətin gündə də bir-birinin yanında olub, yanındadır və yanında olacaqdır. Bu isə yalnız Türkiyə və Azərbaycan üçün faydalı olmayıb, bütövlükdə bölgəmizə əmin-amanlıq bəxş edir, beynəlxalq sülhün möhkəmlənməsinə kömək edir.
 
 
Bunlar gözəldir, keçilən yol şərəflidir lakin son illər, özəlliklə Azərbaycan Vətən Müharibəsində Türkiyənin Azərbaycana dəstəyi əvəzsizdir və müstəsna yüksək yerə malikdir. Türkiyənin Azərbaycana siyasi, diplomatik, informasiya – bir sözlə, mənəvi dəstəyi həlledici təsiri ilə qardaşlıq tarixinin qızıl səhifəsinə düşüb.
Bəli, Türkiyə dövləti və xalqının, şəxsən, Prezident Ərdoğanın mənəvi dəstəyi Azərbaycan üçün əlavə mühüm güc qaynağı oldu: “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”!
 
 
“TEKNOFEST Azərbaycan” da bütün dünyaya verilən aydın ismarıcdır. Bu ismarıc ötən illərə qədirşünaslıqla qiymət verib, bu günü gərəyincə dəyərləndirib, gələcəyin də yol xəritəsini cızdı: “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”!
 
 

Sevincdə də, kədərdə də ortaq...

 
 
“Şuşa İli”nin 28 Mayı həm də, tarixi “Şuşa Bəyannaməsi”ni imzalayaraq, münasibətlərini starteji müttəfiqlik səviyyəsinə yüksəltmiş qardaşların ortaq bayram kimi keçirdiyi özəl gün oldu! Türkiyə və Azərbaycanın işbirliyi bundan sonra ancaq yüksələn xətlə davam edəcək. Bəli, doğrudan-doğruya “Biz bir millət, iki dövlətik”! Biz, bir-birimizin sevincini sevincimiz, kədərini kədərimiz bilirik! Ulu öndərlərimizi heç zaman unutmur, ən əziz günlərimizdə rəhmətlə, şükranlıqla anırıq.
 
 
Strateji müttəfiqliyimiz özünü siyasətdə, iqtisadi əlaqələrdə, çox önəmli yerli, regional və beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində, bir sözlə, hər yerdə, hər yerdə göstərir: “Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.
 
 
“Şuşa Bəyannaməsi” qardaşlıq bağlarımızı, işbirliyimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdı:
“Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı.
 
 
...“Şuşa Bəyannaməsi”ndə müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub”. – Bu isə qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqindəndir. Qardaş ölkə lideri 2022-ci ildə Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyinin də qeyd edildiyini xatırladaraq, 1915-ci ildə Çanaqqaladakı, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrindəki ortaq mübarizəmizi ürək və bilək birliyi olaraq xarakterizə etdi. O xarakteristikada ən birləşdirici sözlərin başında səmimi qardaşlıq gəlirdi: “Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”!
 
 
Hər iki liderin nitqində, əsaslı olaraq, sarsılmaz birlik vurğusu vardı. Ölkələrimizin birliyinin təzyiqlərə, təhdidlərə meydan vermədiyi ifadə olundu. Heç şübhəsiz ki, hər iki ölkə xalqı tarixi, mədəniyyəti, mədəni irsi, yaşayan dəyərləri ilə sayılıb-seçilən böyük bir mənəviyyat çinarının övladlarıdır: “Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik” (R.T.Ərdoğan).
 
 

4 günün 44 gün vurğusu

 
 
Beləliklə, 4 günlük “TEKNOFEST Azərbaycan”, iki həftə öncəki “Rizə-Artvin” Hava yolunun açılışnda olduğu kimi, 44 günlük müharibədəki tarixi Zəfərə bir daha vurğu etməyə, yaddaşları təzələməyə imkan yaratdı, həmin Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının hələlik ən son örnəyi olaraq dəyərləndirdi: “44 günlük Vətən Müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir” (R.T.Ərdoğan).
 
 
Və müharibədə olduğu kimi, postmüharibə dönəmində də qardaş Türkiyə Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərərməkdədir. Belə olmazsa, dayanıqlı sülh yaranmaz, qarşılıqlı güvənin və mehriban qonşuluq bağlarının qurulması, tərəqqinin sürətlənməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi alınmayacaqdır. Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi kiməsə qarşı yönəlməyib; yalnız özünü bizə, bizi özünə düşmən sayan, birgəyaşayışdan, mehriban qonşuluqdan nəsibini almamış, terrorçuluğu, separatizmi dövlət siyasəti bilən zehniyyət sahibləri bizim birliyimizdən əndişə duyar. Duysunlar...
 
 
DÖVLƏTLƏRİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR