Azərbaycan Respublikası dövlət, xalq kimi bu gün varisi olduğu Azərbaycan Demokratik Cümhuriyyətinin 105-ci ilini qeyd edir. Əsrdən çox tarixi keçmişə sahib olan Azərbaycan Cümhuriyyət irsinin araşdırılması, aparılan təhlillər həmin tarixin ciddi şəkildə öyrənilməsi zərurətini ortaya qoyur. Azərbaycan Demokratik Cümhuriyyəti 23 aylıq fəaliyyəti ilə əslində, bugünün reallığına işıq salır, bir daha dövləti, millət, xalqı qarşısında mühüm vəzifələr qoyur.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova tarixi faktlarla Azərbaycan Demokratik Cümhuriyyətinin yaranışını və əhəmiyyətini təhlil edib.

 

- 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Xalqın öz dövlətini qurması, milli-mənəvi dəyərlərini yaşatması, tanıtması baxımından bu sənəd ona hansı haqqı, imkanları tanıtmış oldu?

 

- 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan xalqı bir əsrdən artıq itirilmiş dövlətçiliyini yenidən bərpa etmiş oldu.  Faktiki olaraq ilk dəfə müsəlman Şərqində, türk aləmində respublika quruluşlu dövləti yaradan Azərbaycan xalqı oldu. “İstiqlal Bəyannaməsi”ndə həm də bu dövlətin idarə şəkli və idarəetmə prinsipləri müəyyənləşirdi. Azərbaycan hakimiyyəti  həmin sənəddə son dərəcə lakonik şəkildə beynəlxalq aləmlə münasibətlərini, o cümlədən qonşularla münasibətin dinc yanaşı yaşamaq prinsipini təsbit etdi. Eyni zamanda, öz ərazisində bütün vətəndaşlarına heç bir sosial, silki, dini, milli ayrı-seçkilik qoymadan bərabərhüquqluluğunu təmin etmiş oldu. Yəni bu bəyannamədə dövlətin prinsipləri müəyyənləşdi.  23 ay ərzində Azərbaycan Cümhuriyyəti hakimiyyəti həmin prinsiplərin əməli şəkildə işləməsi üçün bütün səylərini səfərbər etmiş oldu. Faktiki olaraq həmin “İstiqlal Bəyannaməsi” ilə  Azərbaycan xalqının  Cənubi Qafqazda, ona məxsus olan ərazilərdə dövlət idarəçiliyini, dövlətçilik quruluşunu dünyaya bəyan etdi. Söz azadlığı, vicdan azadlığı, bütün vətəndaşların sərbəst fəaliyyətinə imkanların yaradılmasına əsas verən həmin prinsiplər sonradan hakimiyyət tərəfindən qəbul olunmuş qərar, sərəncam, parlament tərəfindən qəbul olunmuş qanunlarla icraedici bir mexanizmin işləməsinə zəmin yaratmış oldu. Bu baxımdan “İstiqlal Bəyannaməsi” faktiki  olaraq Azərbaycan xalqına suveren haqq verirdi, beynəlxalq aləmdə müstəqil,  suveren yaşamaq üçün iqtidarlı olduğunu bəyan etmiş olurdu. Məhz bu haqdan da çıxış edərək, istər sonrakı Azərbaycan hökumətlərinin fəaliyyətində, istərsə də qanunverici qurum kimi parlamentin fəaliyyətində əsas prinsip Azərbaycan xalqının tərəqqisinə, onun maraqlarının, mənafeyinin qurulmasına yönəlmişdi.

 “İstiqlal Bəyannaməsi”nin qəbulundan az sonra, qısa müddət ərzində bir neçə dövlət quruculuğu üçün zəmin olan qərarlar qəbul edildi. Onlardan biri türk dilinin dövlət dili elan olunması idi. Digər tərəfdən, Çar Rusiyası dönəmində dəyişdirilən Azərbaycan torpaqlarının adları bərpa edilirdi. Məktəblərin milliləşməsi, müəllim və dərsliklərlə təmin olunması yönündə addımlar həyata keçirilirdi. Ümumiyyətlə, Bakı uğrunda savaşın getdiyi bir dönəmdə, Azərbaycan dövlətçiliyi üçün çox mühüm mərhələdə Azərbaycan Hökuməti məhz milli-mənəvi məzmunlu qərarlar qəbul etməklə milli dövlətçilik quruculuğu sahəsində addımlar atırdı.

 

– Azərbaycan Demokratik Cümhuriyyəti yarandığı gündən istər daxildəki əks-qüvvələr, istərsə də imperialist qüvvələr tərəfindən hansı məhdudiyyətlərlə, təsirlərlə üzləşdi və böyük dövlətlərin Azərbaycana münasibəti necə idi?

 

- Azərbaycan Cümhuriyyəti yaranmamışdan əvvəl, artıq 1917-ci il Fevral inqilabından sonra Azərbaycan Muxtariyyəti Hərəkatı başlayandan ölkə daxilindəki əks-qüvvələr birləşmişdilər. Bir tərəfdən, Vahid Bölünməz Rusiya tərəfdarı olan qüvvələr – menşevik eserlər, digər tərəfdən, Azərbaycan torpaqları da daxil olmaqla, çox geniş bir ərazidə “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan “daşnaksutyun” partiyası, erməni milli şuraları Azərbaycan muxtariyyətinə qarşı  düşmən mövqedən çıxış edirdi. Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra, bu ərazilərə Sovet Rusiyasının bir parçası kimi baxırdılar və bolşevik Şaumyana Cənubi Qafqazda sovet hakimiyyəti qurmaq tapşırılmışdı. O da qərargahını Tiflisdə yox, elə Bakıda yerləşdirmişdi.

1918-ci ilin yazında baş verən qırğınlar birbaşa Azərbaycan Muxtariyyətinin sosial bazasını,  milli hərəkatın qüvvələrini  məhv etməyə yönəlmiş, Azərbaycan xalqına qarşı soyqırımı kimi tarixə daxil olub. Bu baxımdan Şimali Azərbaycan daxilində Azərbaycan muxtariyyətinə qarşı olan qüvvələr məhz bolşeviklərin və daşnakların işbirliyi ilə 1918-ci ilin yazında müsəlmanlara qarşı qətliamlarla nəticələndi. Azərbaycan maraqlarına qarşı olan qüvvələrin işbirliyi nəticəsində Bakı bir qan-fitnə ocağı olmuşdu. Osmanlı dövlətinin regionda hərbi, siyasi, diplomatik baxımdan  üstün olduğu bir dövrdə istər Cənubi Qafqaz Federativ Demokratik Respublikasının  yaranması, sonra üç Cənubi Qafqaz respublikasının meydana çıxması  bölgədə yeni bir situasiya yaratdı. Faktiki olaraq regionda Birinci dünya müharibəsinin düşmən düşərgələrində olan iki blokun üzvləri hərbi, siyasi, diplomatik baxımdan  aktiv idilər. O cümlədən, Böyük Britaniya hərbi ekspedisiyası  bölgədə idi və hər vəchlə Bakı rayonuna daxil olub neft hövzəsini ələ keçirmək istəyirdi. Yəni Qafqaz regionu, Xəzər hövzəsi uğrunda beynəlxalq rəqabət gedirdi.  Digər tərəfdən, Böyük Britaniya Antanta blokunda müttəfiq olmuş, amma Cümhuriyyətin elan olunduğu dövrdə Çar Rusiyası hakimiyyəti də bu əraziləri yenə də Rusiyanın bir parçası olaraq görürdü.  Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları soveti də mübarizəsini bu zəmində aparırıdı. Ona görə də Bakı uğrunda savaşda da Azərbaycan və Osmanlı hərbi hissələrindən təşkil olunmuş Qafqaz İslam Ordusuna qarşı Bakı bolşeviklərinin ordusu mübarizə aparırdı. Faktiki olaraq Osmanlı qüvvələrinə qarşı mübarizədə daşnaqlar, menşevik-eserlər eyni cəbhədə idilər.  Digər tərəfdən, Osmanlı dövlətinin müttəfiqi olan  müharibənin aparıcı dövlətlərindən biri olan Almaniya da hərbi ekspedisiyası, diplomatik siyasi baxımdan bölgədə aktiv idi. Nəticə etibarilə regionda özünün varlığını saxlamaq baxımından Gürcüstanın müstəqilliyinin elan edilməsində təşviqedici bir rol oynadı. Bütün böyük dövlətlər Avropanı Avrasiya ilə birləşdirən strateji yollara sahib Azərbaycan, Bakı nefti uğrunda mübarizə aparırdı. Təsadüfi deyildi ki,  Brest-Litovski sazişində Sovet Rusiyası ilə Almaniya arasında bağlanan sövdələşmədə Rusiya Bakı neftinin dörddə birini Almaniya bu şərtlə verirdi ki, Almaniya Osmanlı qüvvələrinin irəliləməsinin qarşısını alsın. O cümlədən İran Azərbaycan adında muxtariyyət tanımırdı. Həmçinin Cümhuriyyət elan olunandan sonra da İran tərəfi belə bir adda dövləti tanımadığını bildirmişdi. İran Azərbaycan torpaqlarına qarşı böyük ərazi iddiaları ilə çıxış edirdi. Bu əraziləri də özünün bir parçası olaraq görürdü. Bütün bunlara - təsirlərə, təzyiqlərə baxmayaraq, Azərbaycan öz qonşuları ilə dinc yanaşı yaşamaq prinsipinə əməldə riayət edib. Azərbaycan Gürcüstanla Denikin təhlükəsinə qarşı bir hərbi pakt imzalamışdı, eləcə də Şimali Qafqaz Dağlıq xalqları ilə  çox isti münasibəti var idi. Şimali Qafqaz Dağlıq Respublikasının mövcudluğu üçün maliyyə dəstəyi vermişdi. Digər tərəfdən, İranla 1920-ci il martın 20-də  artıq sülh və dostluq müqaviləsinin imzalanmasına nail olundu. Azərbaycanın əzəli torpaqlarında  - İrəvan Quberniyasının iki qəzası əsasında yaradılmış Ararat respublikası təcavüzkar siyasəti aparırdı. Bu respublika Azərbaycan Cümhuriyyəti ərazisində müsəlman azərbaycanlılara qarşı qanlı qırğınlar törədən, amma özünü Ararat respublikasına tabe olmayan kimi elan edən qaniçən dəstə başları Andranik, Nijdelərin törətdiyi qətliamlar regionda sülhün sabitliyin yaranmasına imkan verməyən aparıcı amillərdən idi.

 Bu baxımdan  Ermənistanın təcavüzkar siyasəti 1918-1920-ci illərdə Cümhuriyyət hakimiyyətinə, Azərbaycan torpaqlarına qarşı yönəlmişdi. Bütün  bu təzyiq və təsirlərin qarşısında Azərbaycan Cümhuriyyətinin nəinki yaşaması, eyni zamanda, daha mütərəqqi qərar və qanunların qəbul etməsi,  müsəlman, türk dünyasında çox demokratik təsisatların yaratması, son dərəcədə demokratik  idarəetmə mexanizminin işləməsi ciddi nailiyyət idi. Beləliklə, 23  ay ərzində Cümhuriyyət qurucuları əsrlərə söykənən böyük demokratiya yolu qəth etmiş oldular.

 

- Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanda hansı irsi bünövrənin əsasını qoymuş oldu? Bugünkü varisinə hansı mirası təqdim edib?

 

- “İstiqlal Bəyannaməsi”nin elan edilməsindən dərhal sonra həyata keçirilən bütün tədbirlər, qəbul edilən qərarlar faktiki olaraq Azərbaycanın gələcək respublika formasında Azərbaycan adında dövlətçiliyinin yaşaması üçün təməl addımlar  atmışdı. Bu, istər Azərbaycan əraziləri üzərində vahid Azərbaycan hakimiyyətinin bərqərar olunması,  eyni zamanda,  milli hakimiyyətin bərqərar olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycanlılar tarixən Cənubi Qafqazın 150 min kvadrat-kilometrində  yaşamışdılar. Amma qonşuların əraziləri mübahisəli hesab etmələri baxımından  96 min kv.km ərazi mübahisəsiz, 114 min kv.km ərazi isə mübahisəli hesab olunurdu.

Bütövlüklə bu günə bizə çatan miras həm respublika quruluşudur, həm Azərbaycan adı, hakimiyyəti altında mövcud olmuş ərazilərdir. Söz, mətbuat, vicdan azadlığı, mətbuat üzərindən senzuranın götürülməsi, vətəndaşlıq haqqında qanunun qəbul olunması kimi məsələlər 23 ay ərzində mövcud hakimiyyətin təməl prinsipləri idi. Cümhuriyyət işğal olunandan sonra, Sovet Rusiyasının  modelini yaratmağa çalışan bolşevik hakimiyyəti  o prinsiplərin əksəriyyətini məhv etsə də, elə məsələlər var idi ki, onları məhv edə bilmədi. Məsələn, Cümhuriyyət dövründə yaradılan Bakı Dövlət Universiteti 105 illik tarixini yaşayır.  Bu müddət ərzində Bakı Dövlət Universiteti elmə, mədəniyyətə, təhsilə çox böyük töhfələr verdi. Xaricə təhsil almağa göndərilən 100 tələbənin sonrakı fəaliyyəti, Azərbaycan adına, Azərbaycan xalqına etdiyi xidmətlərin hamısı bir miras, sərvətdir.  Eləcə də türk-müsəlman aləmində Avropa tipində qurulan ilk parlament nümunəsi, eləcə də istiqlalçılıq, müstəqil suveren yaşamaq haqqının olması bizə ötürülən mənəvi mirasdır. Yəni 23 aylıq Cümhuriyyət, sonradan Şimali Azərbaycandakı dövlətin 1920-1922-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikası statusunda olması və Sovetlər birliyi yaranan zaman SSRİ-nin tərkibində müttəfiq respublika statusunda qalmasını şərtləndirilən zəmin idi.

Azərbaycan xalqı 1991-ci ildə məhz o haqdan çıxış edərək  özünü Azərbaycan Cümhuriyyətinin varisi  olduğunu Konstitusiya aktında  təsbit etmiş oldu. Təbii ki, bu varis 1991-ci ildən bu vaxta qədər tarixi, siyasi, mənəvi baxımdan o mirasa sahib çıxır. Cümhuriyyət qurucularının irsi öyrənilir, Cümhuriyyət  tarixini əks etdirən kollektiv nəşrlər,  ayrı-ayrı monoqrafiyalar çap olunur, ictimai həyatda  rəsmi, qeyri-rəsmi şəkildə Cümhuriyyət günü - müstəqillik günü elan olunaraq  qeyd edilir. Eyni zamanda müasir Azərbaycanın dövlət mexanizminin sahələri özlərinin yaratdığı tarixi təməli baxımından mövcudluqlarını Cümhuriyyət dönəmindən götürürlər. Bir də prinsiplər var. 23 ay ərzində demokratik məzmunda elan edilən prinsiplərlə fəaliyyət göstərən Cümhuriyyət  var idisə, bu gün də dünyaya açılan müstəqil siyasətini yeritməyə çalışan, öz mövqeyini  həm region, həm də beynəlxalq səviyyədə  Azərbaycan xalqının maraqları baxımdan ifadə etməyə çalışan  varisi var. O zamanın şərtləri ilə XX  əsrin sonu, XXI əsrin şərtləri eyni deyil. O dövrdəki texnologiyalar, o dövrdəki mürəkkəb şərait Azərbaycan Cümhuriyyətinin var olması, yaşaması baxımından nə qədər mürəkkəb idisə,  1991-ci ilin varisi, artıq ərazisi BMT səviyyəsində tanınan  qəbul edilən dövlətdir. Bütün bunların əsası 1918-ci il mayın 28-də qoyulmuşdu.

 

ADR-in yaranış zərurəti nə idi və niyə qısa ömür yaşadı?

 

- Azərbaycan Cümhuriyyəti mövcud regional və beynəlxalq situasiyanın şərtləri daxilində meydana gəlmişdi. İstiqlal, milli məfkurə bir neçə onilliklər qət etmiş bir dəyər idi. Ona görə də milli mətbuat, milli teatr, milli məktəb məhz Azərbaycan milli məfkurəsinin formalaşmasına xidmət edirdi. Azərbaycana xidmət etmək əqidəsi llə birləşən həmin ziyalılar nəslinin qarşısında taleyüklü məsələlər dayanırdı.  Onlar artıq Cümhuriyyətə qədər bu məfkurənin ictimai-siyasi elita səviyəsində formalaşdırmışdılar və bunu cəmiyyətin alt qatlarına keçirmək üçün fəaliyyətlərini proqram şəkildə mətbuat üzərinən ifadə edə bilirdilər.

 1917-ci ildə Cənubi Qafqazın  Türk Ədəbi Mərkəziyyət və Müsavat partiyalarının birləşməsi nəticəsində Azərbaycanın milli yöndə maraqlarını təmin edən bir partiya yaranmışdı. Bu baxımdan Cümhuriyyətin elan olunması ərəfəsində həmin  insanlar Azərbaycan xalqının iradəsi ilə ümum-Rusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr, hansı ki, sonralar Zaqafqaziya Seyminin müsəlman fraksiyasında fəaliyyət göstərirdilər, onlar bütün məsuliyyəti öz üzərlərinə götürərək, Azərbaycan Cümhuriyyətinin yaranmasını İstiqlal aktını qəbul etdirməklə  dünyaya bəyan etdilər. Bu, bir zərurət idi. Həmin dönəmdə, artıq böyük dövlətlərin maraqları yönündən himayə olunan, təşviq edilən qonşular bu addımları atırdılar.

Cümhuriyyətin qısa olmasını şərtləndirən amillər qeyd etdiyim kimi, xarici maraqlarla bağlı idi. Nəticə etibarilə 1920-ci ilin əvvəlində Şumali Qafqazı tutaraq Cənuba doğru irəliləyən bolşevik hakimiyyəti, Sovet Rusiyası Azərbaycan Cümhuriyyətinin devrilməsində birbaşa rol oynadı. Bakı neftinə sahib olmaq Rusiya iqtisadiyyatı, təsərrüfatı üçün son dərəcə önəmli məsələ idi. Təsadüfi deyil ki, XI ordunun ilk direktivlərində məhz Bakı rayonunu ələ keçirmək tapşırılmışdısa, bu akt həyata keçiriləndən sonra Azərbaycanın İrana qədər olan sərhədlərinə sahib olmaq barədə əmr verilmişdi...

 Şimali Qafqazı tutan bolşevik ordusu 5 günlük “ildırımsürətli” hərbi müdaxilə ilə Azərbaycan Cümhuriyyətinə son qoydu. Azərbaycan Cümhuriyyətinin bolşevik hərbi müdaxiləsinə qarşı dura biləcək gücü yox idi. Üstəlik, erməni daşnaqları da həmin dövrdə həm Azərbaycan Cümhuriyyətinə qarşı təcavüzkar siyasət aparır, bolşevik Rusiyası ilə sövdələşərək,  Cümhuriyyətin devrilməsi baxımından öz separatçı, təcavüzkar əməllərini həyata keçirdilər. Azərbaycanın yardım üçün müraciət edəcəyi bir beynəlxalq qüvvə yox idi. Cənubi Qafqazı sovetləşdirməyi qarşısına məqsəd qoyan  və bu məqsədlə də XI ordu ilə müdaxiləsini həyata keçirən Sovet Rusiyası Azərbaycan torpaqları üzərindən siyasi möhtəkirlik edirdi. Birinci əraziləri sovetləşdirdi, mübahisə predmetinə çevrilən ərazilərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olundu. Ermənistanda sovet hakimiyyəti elan ediləndə bir sıra Azərbaycan torpaqları Ermənistana bəxşiş edildi və Azərbaycanın iki qəzasında yaradılan Ermənisan yeni ərazilərin hesabına artırıldı. Bu, artıq mərkəzi hakimiyyətin apardığı siyasətin nəticəsi idi.

 

- SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib. Sələfimiz müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti öz xələfinə hansı təcrübəni ötürdü? 

 

- İlk öncə bu miras Azərbaycan adlı Dövlətdir, Respublika quruluşudur. Cümhuriyyət irsinə sahib olmaq müstəqil, suveren hüquqları qorumaq deməkdir. Azərbaycanın  ərazi bütövlüyünü təmin etmək deməkdir.  Sahiblik bütün sahələrdə özünü göstərməlidir.

XX yüzilin əvvəlindəki Şərqin modern mənzərəsi  adlandırılan Azərbaycan Cümhuriyyətinin idarəetmə tərzinə görə son dərəcədə qanunvericilik, parlament mədəniyyəti, siyasi davranış etikası  var idi. Cümhuriyyət qurucularını birləşdirən bir dəyər var idi, o dəyər Azərbaycan dövlətçiliyini şəxsiyyətlərin, partiyaların fövqündə tuturdu. Bu dəyər Azərbaycanın Cümhuriyyət qurucularını eyni mübarizə yolunda birləşdirirdi. Biz bu mirasdan iqtisadi, siyasi cəhətdən də istifadə etməyi bacarmalıyıq. Orada məktəb yaşlarından başlayaraq hər kəs o sərvətdən fayda götürə bilər. /"Həftə içi", hafta.az/

 

Tahirə Qafarlı