Sədaqətli dost, sevimli həyat yoldaşı, arxa-dayaq idi

10:21 23-08-2022 | icon 955 | Şəhidlər və şahidlər
Sədaqətli dost, sevimli həyat yoldaşı, arxa-dayaq idi

Vətən müharibəsi şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin həyat yoldaşı Samirə xanımla müsahibəni təqdim edirik.

 

Bir yurdun şəhidləri, vətən fədailəri nə qədər bitməz-tükənməz olursa, bu hal onun tarixinin də dünya tarixinin nə qədər dərinliklərinə kök atdığını sübut etmiş olur. Şəhidlər vətənin fəxrli tarixidir. Onlar vətənin qəhrəmanlıq tarixinə, qəhrəmanlıq dastanına, qəhrəmanlıq salnaməsinə dönüblər.

 

Onu da qeyd edək ki, şəhidlər öz müqəddəs qanları ilə bu vətəni Vətən ediblər. Bu anda bu kəlam çox yerinə düşür: “Torpaq su ilə yoğrulanda palçıq, şəhid qanı ilə yoğrulanda isə Vətən olur”. Ona görə də həqiqətən, biz bu vətənin vətəndaşları olmağa layiqiksə, bu da şəhidlərimizin sayəsindədir. Çünki onlar olmasaydı, onlar bu torpaqları müqəddəs qanları ilə sulamasaydılar, onda nə Vətən olardı, nə də biz vətəndaşlar. Müasir dövrümüzdə Azərbaycan xalqı öz şəhidlərinə olan borcunu layiqincə yerinə yetirməyə çalışır. Mən də dərya qədər olan borcumu ödəməyə çalışıram və bu vəsilə ilə 2908 şəhidimizdən daha birinin həyat hekayəsini böyük qürurla təqdim etmək istəyirəm. Bu dəfəki mövzumuzun qəhrəmanı qısa, lakin olduqca mənalı, ömrü boyu Cəbrayıl həsrəti ilə yaşayan, sonda Cəbrayıl üçün, Qarabağ üçün canını qurban verən və özündən geriyə şərəfli, Tomris qeyrətli bir ailə qoyub gedən hərbi polisimiz, Vətən müharibəsi şəhidi, əsgər Vaqif Vüqar oğlu İsmayılzadədir. Qeyd edim ki, şəhidimiz haqqında vikipediya səhifəsi hazırlamış və “Şəhidlik ölüm deyil” adlı şeir yazıb “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımda çap etdirərək ailəsinə çatdırmışam. Vaqif İsmayılzadə 6 noyabr 1996-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan idi. O, 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı. Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin işğalda olan ərazilərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vaqif İsmayılzadə oktyabrın 20-də Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur və Beyləqan rayonunda dəfn edilmişdir. Şəhadətindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İndi isə gəlin onun ixtisarla verilmiş bioqrafiyasını, həyat yolunu geniş olaraq öz ömür-gün yoldaşı Samirə xanımdan dinləyək:

 

- Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz.

 

- Mən, Samirə İsmayılzadə, şəhid Vaqif İsmayılzadənin həyat yoldaşıyam.

 

- Şəhidimizlə ilk tanışlığınızı və ailə həyatı qurmaq qərarına gəlməyinizi necə xatırlayırsınız, bu barədə nə deyə bilərsiniz?

 

- Xatırlamaq yox, mən bu təəssüratları zərrəsinə qədər beynimə, yaddaşıma, qəlbimə həkk etmişəm...

Vaqiflə 2013-cü il oktyabr ayının 20-i yaxın tanışımızın toyunda tanış olmuşduq. Sonradan səmimi münasibətimiz yarandı. Sonra Vaqif 2016-ci ildə hərbi xidmətə getdi. O, əsgərliyə getdikdən sonra da demək olar ki, hər gün əlaqə saxlayırdıq. Hərbi xidmətini başa vurub qayıtmasını səbirsizliklə gözləyirdim. Nəhayət, hərbi xidmətini başa vurub sağ-salamat geri döndü. 2017-ci il sentyabr ayının 9-da onunla ailə həyatı qurduq.

 

- Onun hərbiçi olmaq istəyini biləndə bunu necə qarşıladınız?

 

- Çox gözəl qarşıladım. Özü də hər zaman hərbiçi olmağı arzulayırdı. Mən də onun arzusunun həyata keçməsini elə onun özü qədər istəyirdim.

 

- Şəhidimiz hərbi təlimlərə tez-tez qatılırdımı? Əgər belə idisə, onda onu evdən hərbi təlimlərə hansı abu-hava ilə yola salırdınız?

 

- Bəli, Vaqif bütün hərbi təlimlərdə böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edirdi. Mən də daim onu daha da ruhlandırırdım, ancaq hər dəfə ona deyirdim ki, ehtiyatlı ol, özünü qoru.

 

Şəhidimizin bir insan, həyat yoldaşı kimi evdə, işdə, cəmiyyətdə necə xasiyyəti var idi? Onu həyat yoldaşı kimi necə təsvir edərdiniz?

 

- Onun çox gözəl xasiyyəti var idi. Zarafatlar edirdi, deyib gülməyi sevən biri idi. Mənim nəvazişimi sevə-sevə, səbirlə çəkən biri idi. Gözəl xasiyyətinə görə cəmiyyət, iş yoldaşları, tanış-biliş arasında yüksək hörmətə sahib idi. O, mənə həm sədaqətli dost, həm sevimli həyat yoldaşı, həm də arxa dayaq idi. Əgər yenidən dünyaya gəlsəydim, heç bir tərəddüd etmədən yenə də böyük məmnuniyyətlə Vaqifi seçərdim.

 

- Şəhidimizin hərbi xidməti ilə bağlı təsəvvürləriniz necə idi? İş yoldaşları, işlədiyi kollektivin üzvləri ilə onun münasibəti necə idi?

 

- Hərbi xidməti başa vurduqdan sonra o, hərbi polis kimi işə düzəlmişdi. Öz xidmətindən çox razı idi, peşəsini sevdiyi üçün işindən ağız dolusu danışardı. İş yoldaşlarına qarşı böyük hörməti var idi. Bunun nəticəsidir ki, onun işlədiyi kollektivin üzvləri, iş yoldaşları, dostları bugünkü gün də bizi unutmur, hər bayramda, ad günlərində bizi ziyarət edirlər. Düşünürəm ki, sağ olarkən necə gözəl münasibətləri olubsa, bu gün də onlar bizi unutmurlar, həmin mehriban münasibəti onun xatirinə bizimlə davam etdirirlər. Hər biri çox sağ olsun ki, Vaqiflə olan münasibətlərini unutmurlar.

 

- Qəhrəmanımızı Vətən müharibəsinə necə və hansı hisslərlə yola saldınız?

 

- Vaqif Vətən müharibəsinin başlanmasını mənə deməmişdi. 2020-ci ilin sentyabr ayının 23-də uşaqlarla məni Bakıya apardı. Dedi ki, yaxın günlərdə gəlib sizi gətirəcəyəm, bir az işlərim var. Hər gün mənə deyirdi ki, gələcəyəm, sizi gətirəcəyəm. Sentyabr ayının 26-ı gecə saat 2-də mənə vatsap vasitəsi ilə ürək sözlərini yazıb göndərdi. Yazdı ki, uşaqları sənə, səni də Allaha əmanət edirəm.

 

- Şəhidimiz Vətən müharibəsində olanda onunla necə əlaqə saxlaya bilirdiniz?

 

- Vəziyyətlə əlaqədar olaraq çox vaxt zəng edə bilmirdi, mesaj yazırdı. Hər gün danışırdıq, mesajlaşırdıq. Sonuncu dəfə mənə səhər saatlarında sms yazmışdı. Yuxudan ayıldım, bunu bildikdən sonra ona zəng etdim, lakin telefonu götürmədi. Ona görə də ürəyimdə sıxıntı yarandı. Çünki vəziyyətlə əlaqədar olaraq danışa bilməsə belə ən azı sms yazardı hər dəfə. Amma həmin gün sms yazmadı və telefonuna zəng çatsa da telefonu açmadı.

 

- Bəs onun şəhadətindən necə xəbər tutdunuz?

 

- Biz müvəqqəti olaraq Bakı şəhərində olurduq. Vaqif müharibə ərəfəsindən bizi Beyləqan rayonunda qalmağa qoymurdu. Elə bil ürəyinə nə isə dammışdı. Deyirdi, biz Birinci Qarabağ müharibəsində pis günlər yaşamışıq, çətinliklər görmüşük. Heç olmasa uşaqlarımız o pis günləri görməsin, yaşamasın. Onlar bu çətinliklərdən uzaq olsunlar. Oktyabr ayının 21-də mənə səhər sms yazmışdı. Mətni belə idi; “Allaha əmanət olun, uşaqları sənə tapşırıram”. Zəng etdik, götürmədi. Heç bir yerdən xəbər ala bilmədik. Ona görə də Beyləqan rayonuna qayıtdıq. Ondan xəbər tutmaq istədikdə bizə hər dəfə yayındırıcı yalan söz dedilər: “Sağdır, yaşayır, xəstaxanadadır, müalicə alır”. 2020-ci ilin oktyabr ayının 25-i axşamüstü telefonumuza zəng gəldi. Belə dedilər; “Vaqif qəhrəmancasına şəhid olub, başınız sağ olsun”. Vaqif bu şəhadəti ilə heç vaxt unudulmayacaq bir tarix yazdı.

 

- Gələcəklə bağlı şəhidimizin nə kimi planları var idi?

 

- O, istəyirdi ki, övladlarını oxutsun, vətənə layiq bir övlad kimi böyütsün. Onun adını uca tutmaq, övladlarını onun adına və arzularına uyğun yetişdirmək üçün var gücümlə çalışıram. İnşəAllah, gücüm çatdığı qədər onun arzularını həyata keçirmək üçün çalışacağam.

 

- Yenidən şəhidimizi görmək imkanınız olsaydı, ona nə deyərdiniz? Və ya ona nə sual verərdiniz?

 

- Kaş Allah qismət eləyəydi, onu bir anlıq görə biləydim. Ona o qədər sözlərim var ki... “Məni niyə tək qoyub getdin?”- deyərdim. “Hər zaman yanınızdayam”- deyirdin, indi hardasan bəs? Deyərdi ki, mən qocalmayacağam, cavan qalacağam, cavan qalacağı elə bil ürəyinə damıbmış.

 

- Buradan mətbuat vasitəsi ilə bütün şəhid ailələrinə nə demək istərdiniz?

 

- Bütün şəhid ailələrinə deyərdim ki, Allah bizlərə səbir versin, biz birlikdə güclüyük, bizi bizlər anlayar. Həmişə başımızı qürurla dik tutmalıyıq, onların yadigarlarını adlarına layiq böyütməliyik, yoxsa əzizlərimizin ruhu bizdən inciyər.

 

- Ondan sonrakı həyatınızla bağlı danışın. Müharibədə qazandığımız qələbə sizdə necə abu-hava yaratmışdı?

 

- Ondan sonrakı həyatım maraqsız, həvəssizdir, elə bil qəlbimdə böyük bir boşluq yaranıb. Hər kəsdən, hər şeydən çox ona ehtiyacım var. Dərdimi, sevincimi onunla bölüşürdüm. Məni ən çox o anlayırdı. Qürurverici bir hissdir ki, hər kəsdən onunla bağlı gözəl sözlər eşidirəm. Onunla bir daha qürur duyuram. Deyirəm, fəxr edirəm səninlə, şəhidim!

 

- Müsahibə üçün təşəkkür edirəm. Sonda nə demək istərdiniz?

 

- Çox sağ olun, bizləri unutmursunuz, Allah hər birinizdən razı olsun! Amin! Şəhidlərimizi yad edirsiniz, bizlərə dəstək olursunuz. Buna görə sizə təşəkür edirəm. Bu dəfə də bir şəhidimizin həyat hekayəsi ilə onun can yoldaşının dilindən tanış olduq. Onun keşməkeşli, şərəfli həyat kitabını vərəqlədik. İnanıram ki, bütün şəhidlərimiz yaşadıqları bu şərəfli həyatı yenə də cənnətdə yaşayırlar. Ancaq indi onlar öz həyatlarına fərqli məkanda davam edirlər: qəlblərimizdə və cənnətdə! Və həmişə də orada öz izlərini buraxaraq yaşayacaqlar! Şəhidlərimizin xatirəsini hörmətlə yad edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

 

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR