Azərbaycanın öz içində Rusiyanın “5-ci kolonu” ciddi işlər görür”

13:35 07-09-2022 | icon 341 | Siyasət
Azərbaycanın öz içində Rusiyanın “5-ci kolonu” ciddi işlər görür”

Sərdar Cəlaloğlu: “Onlar rus dili təhsili” məsələsini Rusiyanın Azərbaycanı işğal etməsinə zəmin kimi inkişaf elətdirir”

 

Müharibədən sonra hərbçilərimizin, mülki insanlarımızın Qarabağda, Şərqi Zəngəzurda minaya düşməsi, separatçılığın azğınlaşması  və bu gün də Laçında, sərhəddə baş verən erməni təxribatları nəticəsində baş verən gərginlik Ermənistanın öz mənfur siyasətini davam etdirdiyini nümayiş etdirməkdədir. Regiona nəzarət Azərbaycan silahlı qüvvələrinin əlinə keçsə də, gərginlik azalmır. Laçında alternativ yol fəaliyyətə başlayandan sonra sülhməramlıların bu yola nəzarətini necə quracağı da mübahisəli nüanslardandır.

  

Bu və ya digər istiqamətdə Versus.az-a müsahibə verən ADP sədri Sərdar Cəlaloğlu mühüm nüanslara diqqət çəkib.

 

 - Sərdar müəllim, məlumdur ki, 10 noyabr üçtərəfli sazişinə əsasən ermənilər ərazilərimizi bir güllə atmadan boşaltdılar, amma sonralar məhz sülhməramlıların nəzarətində olan həmin ərazilərdə hərbçilərimiz, mülki şəxslərdən minaya düşərək həlak olanlar oldu. Araşdırmalar sübut etdi ki, həmin minalar Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərə sonradan basdırılıb. Yeni Laçın Yolunda belə halların təkrarlanması ehtimalı varmı? 

 

- Hamıya məlumdur ki, əvvəllər İran, Rusiya Laçın dəhlizi vasitəsi ilə Qarabağa hərbi xarakterli yüklər daşıyırdı. Azərbaycan bu faktları dəfələrlə sübut elədi. Amma bu gün yeni yolun çəkilişi ilə bağlı, vəziyyət dəyişib. Əvvəla onu deyim ki, əvvəl Laçın dəhlizi istiqamətində kifayət qədər böyük ərazimiz sülhməramlıların nəzarətində qalmışdı. Həmin dəhliz coğrafi yerləşiminə görə elə yerlərdən keçirdi ki, Azərbaycan nə Laçına, nə də Şuşaya qədər olan əraziyə ciddi nəzarət edə bilmirdi. Həmin dəhlizdə ruslar durmuşdu və ermənilər də istədikləri kimi gəlib -gedirdilər. İndi çəkilən alternativ yol elə yerdən çəkilib ki, oradan ermənilərin Qarabağa gediş- gəlişinin müşahidəsini aparmaq asandır. Əvvəllər dəhliz dağ-dərədən keçdiyi üçün müşahidə oluna bilmirdi. İndi yeni yolda Azərbaycan hökuməti radar nəzarət sistemi qurraşdırıb. Digər tərəfdən o yolun başlanğıcında Azərbaycan gömrük və sərhəd xidməti olacaqsa, köhnə Laçın dəhlizində baş verən təxribat hadisələri orda olmayacaq.  Artıq növbəti vəzifəmiz Qarabağda separatizmi aradan qaldırmaq olmalıdır. Xankəndiyə nəzarəti ələ almalıyıq.

 

- Laçında alternativ yola daşınan rus sülhməramlıları doğrudanmı 3 ildən sonra 44 günlük müharibədə olduğu kimi Azərbaycanı rahat buraxacaq?

 

- Əvvəla bu gün Ukrayna-Rusiya arasındakı  müharibə Rusiyanın xarici siyasətində bütün prioritetləri dəyişdirib. Əvvəlcə Orta Asiyanı, Qafqazı, Ukraynanı Rusiyanın tərkibinə qaytarıb SSRİ-ni bərpa eləmək ideyası var idisə, bu gün artıq Rusiya rəhbərliyi ölkəni parçalanmaqdan qorumaq və Ukrayna krizindən çıxmaq üçün yollar axtarır. O yollar da hələ ki, yoxdur. Və Rusiya Ukrayna cəbhəsində özünün çox böyük hərbi potensialından, beynəlxalq nüfuzundan məhrum olub. Rusiya iqtisadiyyatı indiki Rusiyanı belə ayaq üstündə saxlamağa imkan vermir, nəinki SSRİ yaradıb, bura da əlavə bir 100 milyon adam daxil eləsən. Yəni Rusiya xoşluqla bizim suverenliyimizlə razılaşmır. Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyəti həm Qafqazda, həm də Orta Asiyada o iddiaları puç eliyib.  Heç  təsadüfi deyil ki, Bayden bu yaxınlarda bəyanat verdi ki, biz imkan verməyəcəyik Rusiya öz sərhədlərindəki dövlətlərin suverenliyinə qarşı bir təhdid yaratsın. Bu o deməkdir ki, hələ Rusiyanın başı uzun müddət özünə qarışacaqdır. Ukrayna Krımı azad edib rus işğalçılarından qovandan sonra dünyada  yeni bir nizam yaranacaqdır, o nizamda isə artıq Rusiya nəhəng bir imperiya kimi yox,  bir milli dövlət kimi təmsil olunacaq.

 

- Müharibənin nəticələrini necə proqnozlaşdırırsız?

 

- Müharibənin nəticəsi birmənalı olaraq Ukraynanın xeyrinə olacaq. Bu gün Ukraynada gedən müharibə Ukrayna-Rusiya müharibəsi yox, Rusiya -dünya müharibəsidir.

Baxın, bu gün dünya dövlətləri özləri üçün bir qütb yaratmağa cəhd edirlər. Hamı istəyir o qütbün biri olsun.

Putin hakimiyyətə gələndən sonra Rusiya Qərbin dəstəyi ilə bir inkişaf prosesi keçdi. Rusiya iqtisadi vəziyyətdən çıxandan sonra iddia elədi ki, o da bir qütb olcaq. Təyyub Ərdoğan da dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Deməli, bir qütb də Türkiyədir. Türkiyə o qədər hərbi güc, iqtisadi güc, beynəlxalq  nüfuz əldə edib ki, artıq razılığı olmadan nə Yaxın Şərq, nə Qafqaz, nə Orta Asiya, nə də Afrikada işlər həll olunmur. Pakistan kimi böyük müttəfiqi var, neçə-neçə ərəb ölkəsi Türkiyənin arxasındadr. Bütün türk respublikaları artıq Türk Dövlətlər Birliyini yaradır. Bunlar hamısı Türkiyənin dünyada bir siyasi qütb olmasını şərtlərndirən amillərdir. Yeni dünya düzənində Rusiya bir tərəf ola bilər, Hindistan, Çin bir tərəf ola bilər, Türkiyə, ABŞ, ola bilsin ki, Avropa Birliyi tərəflərdən biri olsun.

 

- Rusiyanın Ukrayna müharibəsində əldə etdiyi nəticələr regiona nə vəd edir?

 

- Rusiya Ukraynada məğlub olarsa, müstəqilliyimiz möhkəmlənəcək, Rusiyadan gələn bütün təhdidlər aradan qalxacaq, Türk Dövlətlər Birliyi yaranacaq, Azərbaycan türkləri öz qardaşları ilə qovuşacaq və tariximizə 1813-cü ildə qaldığımız nöqtədən başlayıb yenidən özümüzün milli inkişafımızı davam etdirəcəyik.  Qalib olarsa, yenə də öz sərhəddində olan müstəqil dövlətlərə təhdidlər sovuracaq, Ukraynanın başına açdığı oyunu Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın başına gətirəcək. Baxın, bu gün Rusiya həm Gürcüstanın,  Ukraynanın, Moldovaniyanın ərazilərini işğal edib, həm də işğalçı qüvvələrini sülhməramlı kimi göndərib Qarabağa, Qazaxısatanla Özbəkistanı işğalla hədələyir. Bu baxımdan Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti yeni ədalətli dünya düzəninin meydana çıxmasında əsas şərtlərindən biridir.

 

- Məlumdur ki, rus sülhməramlıları Qarabağa gələndən sonra bizim ərazilərdə Azərbaaycanın icazəsi olmadan rus mərkəzləri yaratdılar, rus ədiblərinə, erməni faşistlərinə  abidələr qoydular, rus pasportlarının paylanılması ilə bağlı fikirlər dolaşdı, kilsə tikdilər, adam gətirdilər, icma yaratdılar və sair.... Bu proses nəyə yönəlik idi və keçmiş olduğunu deyə bilərikmi?

 

- Bunu Ukrayna müharibəsindən qabaq edirdilər. Amma Ukraynada müharibə başlayandan sonra artıq sülhməramlı qüvvələr əvvəlki kimi “xox” eləmirlər.

 

- Rusya iddia edir ki, Ukrayna ilə müharibə öz soydaşlarının müdafiəsi naminə başladı. Rusiya sülhməramlılarının Qarabağda apardığı “ruslaşma” siyasəti gələcəkdə Rusiyanın özünün Qarabağa müdaxiləsi üçün hazırlıq ola bilərdimi?

 

- Qarabağı qoyaq bir qırağa... Son vaxtlar Azərbaycanın içərisində də rus dili təhsili ilə bağlı aparılan işlər göstərir ki, Azərbaycanın öz içində Rusiyanın “5-ci kolonu” ciddi işlər görür. Məsələn, adamları Təhsil Nazirlyinin qabağına yığıb deyirlər ki, “biz uşaqlarımızı rus dilində oxutmaq istəyirik, rus dilində məktəb yoxdur”. O adamların hamısı haqqında cinayət işi qaldırılmalıdır. Çünki bunlar hamısı Azərbaycan Konstitusiyasına zidd bir mövqe tutublar.  Onlar uşaqlarını Azərbaycan məktəblərinə qoymaldırlar ki, dərsə ana dilində başlasınlar, sonra istəsələr xüsusi şəkildə özəl məktəblərdə oxuda bilərlər. Hakimiyyətdə Rusiyanın o qədər agentləri var ki, onlar “rus dili təhsili” məsələsini Rusiyanın Azərbaycanı işğal etməsinə zəmin kimi inkişaf elətdirirlər. Çox təəssüf ki, Azərbaycan rəhbərliyi bu məsləyə lazım olan siyasi qiyməti vermir.

Baxın, Rus Duması qərar qəbul edib ki, “rusdillilərlə, ruslar arasında heç bir fərq yoxdur”. Yəni azərbaycanlı rus dilində təhsil alrsa, o Rusiya vətəndaşı kimi qəbul edilir və rus dili bilənlərə rus vətəndaşlığının asanlaşdırılmış şəkildə verilməsi ilə bağlı qərarı var. Məqsəd də burda rus pasportu paylayıb, dalınca da rus əsgərini göndərməkdir. Dövlətin müstəqilliyi və suverenliyində maraqlı olan tərəflər bunun kökünü kəsməlidir. Təhsil Nazirliyinin qarşısına çıxıb “rus dilində təhsil uğrunda” mübarizə aparanlar vətəndaşıqdan məhrum edilməlidir. Onları Azərbaycandan deportasiya etmək lazımdır.

Əslində o adamlar ya Rusiyanın pullu agentləridir. Ya da arxalarında hakimiyyətdə olan adamları durur. İlham İsmayıl da deyirdi ki, Azərbaycanda 80 minə yaxın Rusiya kəşfiyyat agentliyindən pul alan  agent var. Bununla yanaşı bu, iş adamlarının, Rusiyanın dəstəyi ilə hakimiyyətdə olan adamların, onların yaxınlarının həyata keçirdiyi siyasi oyunbazlıqlardır.

 

Belə bir ərəfdə Azərbaycanda dini qrupların aktivləşməsi ilə bağlı müəyyən məlumatlar da yayıldı. Bunun arxasında nə dayanır?

 

- Rusiya ilə İran Azərbaycanla bağlı eyni siyasət aparır. Rusiya Qafqazda aktivləşəndə İran da aktivləşir. Ukrayna müharibəsinin gedişatında biz gördük ki, İran necə Zəngəzur dəhlizinin əleyhinə bir mövqe orta qoydu, sonra ondan imtina elədi. Rusiya ilə İran Cənubi Qafqazda Azərbaycanı sıxışdırmaq, Türkiyəni burdan sıxışdırıb çıxarmaqda eyni cəbhədən çıxış edirlər. Heç təsadüfi deyil ki, Ayətullah Tehrani deyir ki, cəhənnəmə gedənlərin hamısı türklər olcaq, cəhənnəmdə danışıq dili türk dili olcaq. Kim cənnətə gedəcəksə dönüb ərəb-fars olacaq, ərəblərdən farslardan kim cəhənnəmə gedəcəksə dönüb türk olacaq. Yəni bu dərəcədə antitürk siyasəti aparılır. Və Azərbaycanın da bir türk dövləti  kimi güclənməsində, Türkiyənin də Qafqazda ciddi bir təsir dairəsi yaratmasında İran maraqlı deyil. Çünki Türkiyə bir supergücə çevriləcəyi təqdirdə İran artıq klassik araqarışdırma rolunu oynaya bilməyəcək. İslam dünyasını parçalamaq rolunu oynaya bilməyəcək, bu bölgədə başqa xalqların, dövlətlərin əlində alət ola bilməyəcək.

 

- Maraqlıdır, İran bizə “türk” deyir, erməni “türk” deyir. Biz niyə özümüzə “türk” deyə bilmirik?

 

- Bu Azərbaycan dövlətinin ən böyük yanlışlarından biridir. 1936-cı ilə qədər Azərbaycan Sovet Sosialist Respublikasının adı Azərbaycan Sovet Sosialist Türk Rüspublikası olub. Eləcə də 1918-20-ci illərdə Naxçıvanda yaradılmış Araz respublikasının adı “Naxçıvan Türk Araz Respublikası” olub. 1936-cı ilə qədər Azərbaycan vətəndaşlarının milliyyəti “Türk” kimi göstərilib, 1936-cı ilə qədər Azərbaycan ədəbiyyatında yalnız türk anlayışı işlənib.

1936-cı ildə Stalinin göstərişi ilə respublikamızın adından da “türk” sözünü çıxartdılar, eləcə də millət kimi adımızı ləğv elədilər və bizə “azərbaycanlı” adını qoydulr. Məqsəd də bizi burdan sıxışdırıb çıxartmaq, türk kimliyimizi unutdurmaq, Türkiyə və Orta Asiya türkləri ilə ciddi əlaqələr yaradıb bir gücə çevrilməyimizin qarşısını almaq, rus imperiyasına qarşı ciddi bir cəbhənin yaranmasının qarşısını almaq idi. Bu bölgədə erməniləri və gürcülərin mövqelərini gücləndirmək idi.

 

- İndiki müstəqilik?

 

- İndi müstəqil olsaq da, Azərbaycan iqtidarında Rusiyanın təyin etdiyi məmurlar var. Bu gün bizim baş nazirimiz gedib Avroasiya İttifaqında iştirak edir. Biz bilirik ki, Rusiyada təhsil alıb, Rusiyaya sıx bağlı bir adamdır. Düzdür, onun heç bir rolu, funksiyası yoxdur, amma öz dilində zorla danışır. Və Rus Dumasının qəbul etdiyi qərar, həm də bizim baş nazirə aiddir. Rusdilli olduğuna görə, ruslar onu rus kimi qəbul edir. Sənin baş nazirin “rusdursa”, nə gözləyirsiz.

 

Aydın məsələdir ki, “Azərbaycanlı” vətəndaşlığın adıdır. Milli adımız “türkdür”.  Talış da azərbaycanlıdır, kürd də azərbaycanlıdır, tat da azərbaycanlıdır. Amma talış talışdır, ləzgi ləzgidir, türk də türkdür...

Bir vətəndaşlıq var, bir də milli adımız var. Milli adımız – Azərbaycan türklərinin adı qadağan olunub. Bu açıq görünür. 

Azərbaycanda istiqlalçı qüvvələr hakimiyyətdə çoxluq təşkil etməyənə qədər, real müstəqillik və suverenlik yoluna düşməyənə qədər bu problemlər  qalacaq. Bizim suverenlik və müstəqulliyimiz hələ də məhduddur.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR