"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

11:54 26-09-2022 | icon 362 | Siyasət
"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

 

Fuad Əliyev: "Sərhəd müəyyənləşməsini uzun illərə saxlaya bilmərik"

 

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Biz sərhədlərin hardan keçməsini müəyyən etməsək, bu sərhəd münaqişəsi illər boyu davam edəcək. Ona görə bu, qarşılıqlı ərazi bütövlüyünün tanınması deməkdir".

 

Versus.Az xəbər verir ki, bunu Ermənistanın sərhəddə törətdiyi təxribatlar və bundan dolayı hər iki ölkə arasında sülhün nə qədər mümkünlüyü barədə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, Ermənistanda da artıq anlayıblar ki, vəziyyətin sabitləşməsi üçün sülh qaçılmazdır:

 

"Azərbaycan və Ermənistan arasında sülh müqavilənin imzalanması vacibdir. Ən azından sərhədlərin ilkin konturlarını müəyyən etmək lazımdır, sərhəd qurğuları çəkmək lazımdır. Delimitasiya və demarkasiya məsələsini həll etmək üçün çox vaxt lazımdır. Ona görə sərhəd müəyyənləşməsini uzun illərə saxlaya bilmərik. Yeri gəlmişkən, Gürcüstanla da sərhədlərimizdə vaxtaşırı anlaşılmazlıq olur".

 

Fuad Əliyev qeyd edib ki, 30 il ərzində Ermənistanla olan sərhədlərimiz işğal nəticəsində demək olar ki, yox idi:

 

"İşğal dövründə bizim ərazilərimizdə yaşayan ermənilər çox arxayin olmuşdular ki, belə vəziyyət daimi olacaq. Sərhəd keçən zona da “silindi”. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra əsgərlərimiz Ermənistanla olan sərhədi nəzarətə götürdülər. İndi bizdə xəritələr var. Bu xəritələr digər dövlətlərdə də var. Bu məsələdə “Amerikanı kəşf” etmək lazım deyil. “SSSR” dövründə, işğaldan qabaq olan xəritələr var. Məncə bu xəritələrdə hər şey aydın göstərilib".

 

ALDP sədri bildirdi ki, sərhədlər müəyyənləşməsə, hələ uzun müddət gərginlik davam edəcək:

 

"Ermənistanın ərazi iddiaları, daxili məsələləri və digər problemlər var. Ona görə, indiki şəraitdə proqnoz vermək çətindir. Amma bizdən nə asılıdır biz bunu etməliyik. 9 noyabr 2020-ci ildə üçtərəfli Bəyannamə imzalanıb. Rusiya öz imzası ilə Bəyannamədə qeyd olunan məsələlərin həyata keçməsində qarant olub. Qarant ölkə kimi öz imzasına hörmət etməlidir. Ermənistan isə öz istəyilə sülh müqaviləsini imzalamasa, onda bizim istəyimizlə olacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər