Azərbaycan Ordusu düz 2 il əvvəl – 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinə qarşı tarixi əks hücum əməliyyatına başlamaqla, yeni tarix yazdı. Düz 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, öz yurdunda insanlarımızı soyqırımlara, qətliamlara məruz qoyan, tarixi-mədəni irsimizi məhv edən, torpaqlarımızı yandıran, maddi-mədəniyyət abidələrini dağıdıb, talayan erməni vandallarının cinayətkar əməllərinə öz Dəmir Yumruğu ilə cavab verdi. Azərbaycan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsini 44 günlük savaşda öz gücü ilə icra etdi və düşmənin cəzasını verdi. Azərbaycan dövlətinin, xalqının 30 ildə keçdiyi bu ağrı-acılı, təhdid, təzyiq dolu yolun bu gün Zəfərlə başa çatması bu gün də təhlil olunmaqdadır, öyrənilməkdədir. 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hərbi təhlilçi Alp Arslan İmamqulu maraqlı məqamlara diqqət çəkib.

 

- Alp Arslan bəy, 2020-ci il  II Qarabağ - 44 günlük müharibədən 2 il keçir. Bu ildə Azərbaycanın hərbi sistemi, silahlı qüvvələri Qarabağda, ölkə ərazisində və sərhəddə düşmən təxribatlarına qarşı hansı mühüm “postları” qorudu və onun strateji üstünlüyü nədədir;  II Qarabağ Zəfərimizi yaradan 44 günlük savaşla bağlı təhlillər aparsaq, hansı əsas nüansların üzərində dayanmalıyıq?

 

- Vətən müharibəsi xalqımızın,  dövlətin və ordunun həmrəyliyinin ortaya qoyduğu bir tarxi zəfər idi. Bu Tarixi Zəfərdə əsas üç amili bir-birindən ayırmaq qeyri-mümkündür.

Biz bu müharibədə iştirak edən, silahlı qüvvələrin tərkib hissəsi olaraq əli silah tutan bütün qurumları və onların fəaliyyətini birinci növbədə qeyd etməliyik. Təbii ki, bu qüvvənin başında duran Ali Baş Komandanımız və döyüş sahəsində nəticə əldə etmək üçün xalqın verdiyi mənəvi dəstək çox önəmli idi. İlk dəfə əldə olunmuş bu zəfər məhz ona görə qüdrətli idi ki, 200 ildə üzümüzə yaxılmış qaranı qismən silə bildik. Nəticədə yenidən doğmuş bir millət ola bilmək şansı bizə nəsib oldu.

 

- Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa qalasını Ermənistan işğalçı qüvvələrindən azad etməklə hansı mesajını verdi?

 

- 44 günlük Vətən Müharibəsinin döyüş sahəsinə baxıldıqda, təbii ki, bir çox amillər diqqəti çəkir. Silahlı Qüvvələrimizin maddi-texniki baza olaraq üstünlüyü, mənəvi-psixoloji vəziyyətdə onun göstərdiyi şücaət, cəsarət və iman ön sırada dayanır. Digər bir amil də ondan ibarət idi ki, biz döyüş sahəsində sadəcə əlimizdə olan yüksək texnoloji vasitələr  və ondan istifadə etmək qabiliyyəti ilə yanaşı, eyni şəkildə “Şuşa döyüşü” kimi ciddi, texnoloji vasitələrdən istifadə edilmədən, sadəcə, fərdi silahlarla yaxın döyüşlərdə də əldə edilmiş  nailiyyətlə dünyaya dərs ola biləcək hərb tarixini yazdıq. Bu zəfərin nəticəsində bundan sonrakı nəsillərə və bizim cəmi dünyada yaşayan soydaşlarımıza, türk xalqlarına bir növ  cəsarət verə biləcək şəkildə bir uğur hekayəsi formalaşmış oldu.  Bu Zəfər günündə biz daim, Azərbaycan var olduqca, gəlmiş və keçmiş bütün Şəhidlərimiz  daxil olmaqla Vətən uğrunda canından keçənlərə, canından keçməyə hazır olan və bu gün də yaşayan Qazilərimizə və bu igidləri ərsəyə gətirən ailələrə  -analara, atalara borcluyuq. Allah bizə nəsib edəcək, bundan sonra daha da yeni qələbələrə imza atmış olacağıq. Biz böyük Azərbaycanın çox kiçik parçasıyıq və bu gün dünyada sözünü  deyən yeni bir Turan Ordusunun, Turan gücünün formalaşa bilməsi üçün  bu parçalanmış Azərbaycan mütləq yenidən bərpa edilməli və öz sözünü yenidən deməlidir.

 

- Bu günlər həm də 9-10 noyabr üçtərəfli sazişinin 2 ili tamam olur. Azərbaycan öz torpaqlarını  44 gün ərzində azad etsə də, bu gün sülhə doğru gedən bu proses diplomatik müstəvidə davam edir. Ölkəmizə qarşı təzyiq və təhdidlərin olduğu və Ermənistanın öz öhtəliklərini yerinə yetirmədiyi, erməni separatçılarının hələ də Qarabağda sərsəm iddiaları ilə çıxış etdiyi faktlarla üz-üzə dayandığımız bir zamanda qarşımızda duran əsas vəzifələr nədir?

 

- Bəli, Azərbaycan Vətən müharibəsində möhtəşəm zəfər qazandı. Amma əldə olunmuş qalibiyyətin təsdiqlənməsi üçün hibrid müharibə hələ də davam etməkdədir. Özümüzü aldatmayaq. Rusiya tarix boyunca düşmənimiz olub və danışıqlarda ondan hər hansı dəstək gözləmək yersizdir. Azərbaycan xalqına qarşı törədilmiş soyqrım və cinayətlərdə birbaşa iştirakı olan dövlətin atacağı hər hansı xoş məramlı addımın arxasında mütləq növbəti bir təxribat vardır.

Eləcə də Ermənistanın öz milli iradəsi və qərarı yoxdur. Hal-hazırda regionda gedən iqtisadi və siyasi proseslərə təsir göstərə bilmək adına Qərbin, Rusiyanın və İranın nifaq masasında parçalanmaq üzrədir. Bu səbəblə Ermənistanın imzaladığı hər hansı sənədin əhəmiyyəti yoxdur və  mövcud vəziyyətdən zərərli çıxmamağımız üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Düşmənlər içəridən və xaricdən öz əməllərinə davam etməkdədirlər. Ona görə də bir tərəfdə xarici düşmənlərlə diplomatiya, informasiya və iqtisadi müstəvilərdə mücadilə edərkən daxildə baş verən prosesləri də unutmamalıyıq. Hüququn, elmin, səhiyyənin, silahlı qüvvələrin və iqtisadiyyatımızın inkişafı adına ciddi islahatlara ehtiyac vardır. Unutmayaq ki, dövlətin əsl gücü  onun vətəndaşlarının refahı və haqqının qorunması ilə təcəlli edər. Bu gün dünyada yaşayan 350 milyon türk soydaşımıza nümunə ola biləcək bir ölkə modeli qurmaq zamanıdır. Bunun üçün isə parçalanmış Azərbaycanın yenidən bərpa olunmasına inanmış və qətiyyətlə çalışmağa hazır mübariz yeni bir cəmiyyət formalaşmalıdır. Bu yola çıxa bilmək üçün ən başda içimizdəki fərqində olaraq və ya olmayaraq düşmələrimizə xidmət edən rüşvətxor, yaltaq, vicdansız və əqidəsiz məmur sürülərindən qurtulmalıyıq. Tarix yenidən yazılır və bu sürəcdə gələcək nəsillərə Müstəqil Böyük Azərbaycanı miras buraxmaq borcumuzdur! ("Həftə içi")

 

T.Qafarlı
Versus.az