Türkün məğrur qalası – Türkməneli

23:04 25-01-2019 | icon 977 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 Yorğun və qürürlu şəhərim - Kərkük...

 

  

AĞANİSƏ SULTANOVA

Bakı-Kərkük-Bağdad-Kərbəla-Nəcəf-Erbil

 

I yazı

 

İraqa səfərimin birinci yazısını təbii ki, Türkməneli, Kərküklə başlamağım heç təsadüfi deyil. Bu torpağa – Türkün qürurlu, eyni zamanda yorğun şəhərinə gəlişimi illər uzunu xəyal etmişdim, gözləmişdim. Səddam Hüseyn dövründən bu günə İraqa dördüncü səfərim idi. Əvvəlki üç səfərdə İraqın bütün şəhərlərinə gedişimiz sərbəst olsa da, Kərkükə, Türkmənelinə qadağan idi, hər dəfə qarşımıza belə demək mümkünsə, sədd çəkilirdi. Bu da Səddam hakimiyyətinin siyasəti idi - türklər, xüsusilə də, media nümayəndələri Kərkükə buraxılmırdı. Zaman-zaman öz tarixi torpaqlarında böyük məhrumiyyətlər, qadağalarla qarşılaşan, soyqırımlara, faciələrə məruz qalan turkmən qardaşlarımıza ən böyük zülm Səddamın hakimiyyəti dönəmində oldu. Onları dinlədikcə dəhşətə gəlirəm. Həm də heyrət edirəm ki, bu şərtlər, müsibətlər içində öz dillərini, varlıqlarını, mədəniyyətlərini, tarixlərini, ədəbiyyatlarını, hətta adlarını belə necə qoruyub saxlayıblar. Qulaq asmaq belə dəhşətlidir.

 

Həsrətini çəkdiyim torpaq, sənə gəldim

 

Kərkükə, Türkmənelinə ayaq basanda, addım atanda sözlə belə ifadə edilməyəcək hisslər keçirirsən. Yadımdadır, 6-7 yaşım olardı, 50 il məktəb direktoru, müəllim işləyən, ikinci dünya müharibəsində Berlinə qədər gedən, ensiklopedik biliyə malik rəhmətlik Əliaga babam deyirdi ki, İraq bizə məsafəcə uzaq ola bilər, amma orada könülcə çox yaxın, bizlərdən olan İraq türkmənləri, qardaşlarımız yaşayır. Məhəmməd Füzulini anladanda da onlardan danışırdı. Biz ailədə bu həsrətlə böyüdük. İllər sonra həsrətimin ünvanındayam. O qədər dogma, əzizdir ki, sanki birinci dəfə deyil, nə vaxtsa bu torpaqlarda, bu insanların arasında olmuşam. Hamı səni öz bacısı, qardaşı kimi qarşılayır, evinə dəvət edir, Azərbaycan, Qarabağ barədə soruşurlar. Azərbaycanı çox sevən Yılmaz qardaşımın avtomobilində belə Azərbaycan xalq musiqisi, muğamlarımız səslənir. Deyir ki, bu məxsusi sənə görə deyil, cocuqluğumuzdan bu musiqilərlə böyüdük, sevdik...

 

Türkmənelinin hər qarışı əzizdir, bu doğma torpaqlarda bütün küçələrdə Şəhidlərimizin rəsmləri, bayraqlar asılıb. Onların qanlarıyla var olan torpaqlarda Səddam dövründə bu fotolara rast gəlmək olmazdı, hamısı qadağan edilmişdi. Bu gün isə nə qədər çətinliklər olsa da, şükür, ünvanlar, məktəblərin, müəssisələrin adı türkcə yazılıb. İlk baxışda bu bizə adi görünə bilər. Amma Türkmən insanı bunun üçün illər boyu mücadilə verib, edam olunub, torpaqları, evləri, adları əllərindən alınıb, amma davalarından əl çəkməyib.

 

Övladlarına türk adları qoyduqları üçün edam olunan qardaşlarımız

 

Səddam dövrünün ən böyük amansızlıqlarından biri də övladlarına türk adı qoyan insanların edam olunması idi. Qeyd edim ki, Türkmənlər İraqda üçüncü ən böyük millətdirlər, bu ölkənin bərabərhüquqlu vətəndaşları sayılırlar. Sayılırlar sözünü ona görə, xüsusi yazıram ki, Səddamın hakimiyyəti illərində türkmən qardaşlarımızın varlıqları belə yox sayılırdı. (Bu barədə geniş yazacağam. Türkmanların böyük dava adamı, Türkməneli Partiyasının başkanı, Səddam dövründə öz torpağından illərlə didərgin salınan, amma bir an belə olsun öz əqidəsindən, davasından geri addım atmağı ağlına belə gətirməyən dəyərli Riyaz Sarıkahya ilə müsahibəni təqdim edəcəyəm- red.).

 

Hansı ki, Səddamın dövründə tarixi Türkməneli torpaqları ərəbləşdirildi, kürdləşdirildi, türkmənlər öz evlərindən didərgin salındılar. Torpaqları, evləri əllərindən alındı, iki türkmənin belə küçədə tükrməncə danışması yasaq edilmişdi. Türkmənlər İraqdan bir addım belə kənara çıxa bilməzdilər, çıxanlara isə vətən xaini damğası vurulurdu. Onların bütün yaxınları, qohumları hakimiyyət tərəfindən təqibə alınırdı. Əgər aralarında hansısa gizli əlaqənin olduğu aşkar edilərdisə, İraqda qalan yaxınlarını həbs, sora isə edam gözləyirdi. Beləliklə də ata, ana, qardaş Türkiyəyə gedən oğlundan, qardaşından imtina etməli idi, əks halda taleyi dar ağacında həll olunurdu.

 

Sözügedən dövrdə türkmənlərin hətta əmlak, avtomobil belə alma hüquqları yox idi. Dinlədiklərim dəhşətlidir, eyni zamanda da, Türkmən qardaşlarımın iradəsi, varolma mücadiləsi qarşısında baş əyirəm, heyrət edirəm. Səddamın amansız repressiyası, zülmləri qarşısında daha da güçlənirdilər. 10-larla ailə məhv edilirdi, digər ailənin bir, iki, dörd, beş üzvü edam olunurdu. Amma yenə də digər türkmənlər pıçıltı ilə olsa belə, öz aralarında, evlərində türkmən dilində danışırdılar, unutdurmurdular. Bu gün üçün o günlərə, Şəhidlərə, dava adamlarına borcludurlar türkmənlər.

 

Səddamın qəzəbinə tuş gələn tarixi Türkmən qalası

 

Tarixi Türkmən qalası. Nə yazıq ki, Səddamın qəzəbinə tuş gələn ünvanlardan biri də bu qaladır...

Kərkük qalası çox da hündür olmayan təpələrin üstündə tikilib, ətəyini isə Hasa çayınının yatağı yuyur. Şəhərin ən qədim bölgəsi buradır. 1863-cü ildə Osmanlı dövləti qalanın ətraf divarlarında və içindəki tikililərdə bir sıra bərpa-təmir işləri aparıb. Tarixi eramızdan əvvəl 3-cü minilliyin ortalarına qədər uzanan qala dörd məhəllədən ibarətdir: Ağalıq, Hamam, Meydan və Zindan. Bura giriş-çıxış 4 qapı vasitəsilə edilir ki, bunlar da Topqapı, Daşqapı, Yeddi qız və Halvaçılar qapılarıdır. Bundan əlavə, qalaya aparan bir keçid isə Seyid Nəcib təkkəsindən keçən pilləkənli yoldur.

 

1990-1995-ci illərdə Səddam Hüseynin göstərişi ilə Kərkük qalasını təmir etmək adı ilə orada yaşayan əhalini bilərəkdən köçürüblər və qalanı söküb, dağıdıblar. 1997-ci ildən 2003-cü ilə qədər yüzlərlə ənənəvi türk tarixi evləri və əsərləri uçurularaq məhv edilib. Hesab edilir ki, bu illərdə qaladakı dörd məhəllədə mövcud olan, hamısında türkmənlərin yaşadığı 740 ev, hətta məzar daşları belə dağıdılıb. Bu isə Kərkükdə turkmən tarixini silərək, bölgənin guya ərəb və kürdlərə aid olduğunu isbatlamağa xidmət edirdi.

 

Bu gün qalada qorunub saxlanılan çox az abidələr qalıb. Bunlar arasında dörd peyğəmbərin - Daniel, Üzeyir, Mikayıl və Hunain peyğəmbərlərin məzarları olan qədim yəhudi məbədi, sonradan məscidə çevrilmiş Daniel peyğəmbər məscidi, Göy günbəz abidəsi var.

 

Genişliyi 820 kvadratmetr, hündürlüyü 17 metr olan Göy günbəz 1361-ci ildə, Cəlayirlər dövründə tikilib. Bu, qalada günümüzədək qalan əsas qədim türk əsəridir. Üstündəki kitabədə yazılıb ki, abidə 14-cü əsrdə Səlcuq sülalərindən olan Buğday Xatunun şərəfinə tikilib. Buğday Xatun Həccə gedib və qayıdarkən yolda xəstələnib, vəfat edib. Qala indi də mühafizə olunur, şənbə günləri şəhər camaatı üçün açıq olur.

 

Türkməneli partiyasının başkanı və Türkmenelinin qəhrəman övladı

 

Bu böyük dava adamını illərdir tanıyırdım. Türkmenelinin ən böyük nəsillərindən biri olan, ailəsi, özü zaman-zaman Səddam rejiminin zərbələri ilə qarşılaşan dəyərli Riyaz Sarıkahya ilə görüşümüz, canlı söhbətlərimiz isə bu günə qismət oldu. Onunla danışdıqca düşünürəm ki, belə Oğullar, dava adamları olduqca Türkməneli həmişə ayaqda olacaq. İraq parlamentinin Dil komissiyasında Türkmən dilinin tarixdə ilk dəfə türkmənlərin rəsmi dili kimi işlənməsinə nail olan böyük dava adamı, böyük olduğu qədər də mütavazi. Türkmənelinə gəldiyim ilk gün görüşsəm də, müsahibəni ancaq son gün ala bildim. Çünki Türk Birliyi, Azərbaycan sevdalısı olan bu insan Türkmənelinin varlığı üçün gecə-gündüz demədən çalışır.

 

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR