Dörd il gözlənilən toy və.... şəhid xəbəri....

12:26 16-01-2023 | icon 1698 | Şəhidlər və şahidlər
Dörd il gözlənilən toy və.... şəhid xəbəri....

"İstədim ki, oğlumu, onun gülən üzünü son yola saldığım gün kimi xatırlayım"

 

Yolumun üstündə olduğundan o küçədən tez-tez keçirəm. Hər dəfə də dörd bir yanı gül-çiçəklə sarılan, şəhidimizin divara həkk olunan böyük barelyefi qarşısında dayanıb, dua edirəm.... Vətənin əsgəri hərbi geyimdə elə qürurla, dimdik, məğrur dayanıb ki, bir anlıq elə bilirsən foto deyil, özüdür.... Payız, qış, yay, yaz, ilin dörd fəslində bu kiçik yerdə güllər açır....

 

Soyuq, şaxtalı bir qış günündə qapılarını döyürəm.... Bu evə gələnləri girişdə 23 yaşlı qəhrəman şəhidimiz Əlinin maketi qarşılayır.... Divarlar, hər  yer başdan-başa Əlinin fotolarıdır.... Uşaqlığından yeniyetməliyinə, 23 yaşına qədər olan fotoları.... Bu fotolar həm də yarımçıq qalan bir həyat hekayəsidir....

 

Tağıyevlər ailəsinin üç övladından biri, həm də əkizlərdən biri idi Əli.... Bir oğul payından sonra gənc ailəyə əkizlər qismət olur.... Məhəmməd və Əli.... Əslində, ata əkizlərinə başqa ad seçmişdi.... Amma ana hamiləliyin son günlərində yuxuda qucağındakı əkiz körpələrə Məhəmməd və Əli adı verildiyini görür. Belə demək mümkünsə, əkizlərdən öncə onların adları gəlmişdi....

 

1997-ci ilin 7 avqustunda İmişlidə Məhəmməd və Əli bu dünyaya göz açırlar.... Bir-birinin eyni olan iki körpə.... Sonra gənc ailə Bakıya köçür. 2003-cü ildə əkizlər 162 nömrəli məktəbin birinci sinfinə gedirlər. Onları məktəbdə, küçədə, bəzən ailədə də ayıra bilmirdilər.... Ərköyün böyüsələr də, ağıllı, mehriban, tərbiyəli, xeyirxah idilər, əkiz qardaşlar....

 

Atası Aydın bəyin sözlərinə görə, Əli daha çox peşə öyrənməyə maraqlı idi. Hətta atasının maşınının xarab olan hissələrini təmir etməyi bacarırdı. Nəyi isə bilməyəndə ata avtomobilin üzərində onu başa salırdı, öyrənmək qabiliyyəti yüksək idi. Əli 2011-ci ildə 9-cu sinfi bitirib, bir il sonra Bakı Peşə Liseyinə daxil olur, veb-dizayner ixtisasına yiyələnir. 2016-cı ildə hərbi xidmətə yollanır. Aprel döyüşlərində iştirak edib, düşmənə ağır zərbələr endirir. Cəsarətinə, qəhrəmanlığına, vətənpərvərliyinə görə Əli fəxri fərmanla təltif olunub. Nümunəvi xidmətinə görə isə ailəsinə bir neçə dəfə təşəkkür məktubları göndərilib.

 

Atası Aydın bəyin sözlərinə görə, uşaqlıqdan heç nədən qorxmurdu:

 

“Əli qorxu nədir, bilmirdi. Həmişə ədalətin, ədalətlinin tərəfində durardı. Dürüst bir uşaq idi, ömründə yalan danışmazdı. İdmanı çox sevirdi və məşğul olurdu. Heç vaxt heç kimi incitməzdi, bacardığı qədər hamıya kömək edərdi....”.

 

Anası Təranə xanım isə Əlinin vətənpərvər olduğundan danşır:

 

“Əli balamı uşaqlıqdan ən çox üzən Xocalı soyqırımı idi. Böyüdükcə bunun daha çox fərqinə varırdı. Həmişə “ana, dostun da, düşmənin də gərək bir kişi duruşu olsun. Dünyadakı ən adi, duruşsuz, barbar düşmən ermənilərdir. Xocalı soyqırımında onlar bizim xalqın sinəsinə dağ çəkiblər. Bilmirəm nə vaxt, amma bir gün Xocalının qisası mütləq alınacaq” deyirdi. Balam bu sözləri deyəndə məktəbli idi. Haradan ağlıma gələrdi ki, düşməndən qisasımızı alanlar içərisində mənim ağıllı oğlum, Əlim də olacaq....”.

 

2017-ci ildə təhsilini davam etdirmək və təkmilləşdirmək üçün Dizayn və Vizualogiya Məktəbinə daxil olur.

Tağıyevlər ailəsinin əkizlərindən biri olan Əli sevib-seçdiyi qızla nişanlanmışdı. Bakıdan Gəncəyə elçi gedib, nişan aparmışdılar. Qız ali məktəbdə oxuduğu üçün universiteti bitirdikdən sonra toy etməyi qərara alıblar. Üzüklər taxıldığı gün hər ikisinin gözlərinin içi gülürdü....

 

Nənəsi Şamama xanım göz yaşları içərisində o gündən danışır:

 

“Nəvələrimin içərisində ən istəklisi, “ürəyim” dediyim balam idi Əli.... Gəlinim işlədiyi üçün uşaqlıqdan onlara mən baxmışdım. Paltarlarını da yuyub, ütüləyirdim, məktəbə aparırdım, yeməklərini bişirirdim, bayramlarda müəllimlərinin payını da mən seçirdim. Deyirdim, heç kimdən geri qalmasınlar. Əli o qədər ağıllı, istiqanlı, hər şeyin yerini bilən uşaq id ki.... Çox vətənpərvər idi. Məktəbdə oxuyanda gəlib mənə dedi ki, “ay nənə 20 yanvar şəhidlərimizin ildönümüdür, zəhmət olmayacaqsa, halva çal, aparım məktəbdə paylayım”. Halvanı çaldım, padnosa qoyub, verdim əlinə, məktəbə getdi....

...Balama Bakıdan Gəncəyə elə bərli-bəzəkli nişan apardıq, maşınlar ard-arda düzülmüşdü....”

 

İki ay sonra toyu olacaqdı.... AnasıTəranə xanım, atası Aydın bəy ailədəki ilk düyünə hazırlıq görürdülər.... Hələ nənəsi Şamama xanımın sevinci yerə-göyə sığmırdı, ən sevimli nəvəsi evlənəcəkdi..... Düz dörd il idi ki, hər kəs bu toyu gözləyirdi....

Tağıyevlər ailəsini qohumlar, tanışlar, qonşular, onları tanıyan hər kəs sevir, hörmət edirdi. Zəhmətkeş, sakit, mehriban, səhərdən axşama kimi işləyib, öz halal çörəklərini qazanan, ev-eşik qurub, üç ağıllı övlad böyüdən Aydın bəyin, Təranə xanımın ailəsindəki ilk toyu çoxları səbirsizliklə gözləyirdilər….

Amma.... 2020-ci il sentyabrın 27-si başqa bir sabaha açılmışdı.... Vətən müharibəsinin başladığı gün....

 

Əli elə həmin gün gedib, könüllü olmuşdu. Ayın 29-u isə cəbhəyə yola düşür.... Atası, anası, qardaşları, nənəsi ilə görüşüb, sağollaşır.... Təranə xanıma məktəbli ikən söylədiyi kimi, "narahat olma ana, düşməndən qisasımızı misli ilə alacağıq. Xalqımız illərdi ki, bu günü gözləyir. Həm torpaqlarımızı azad edəcəyik, həm də Xocalının, qız, gəlinlərimizin qisasını alacağıq. Mən müharibəyə şərəfimiz, namusumuz, həm də vicdanım üçün gedirəm" deyib yola düşür.... Evlərindəki bayrağı da götürüb, ata, qardaşlar, qonşular Əlini toya-bayrama gedər kimi yola salırlar.

 

Aprel döyüşlərinin iştirakçısı olan Əli, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. Hadrut uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olur, 23 yaşlı Əli....

 

HAŞİYƏ: İlahi, şəhid atası ilə həmsöhbət olmaq nə qədər ağırdır.... Az qala bu evə gəldiyimdən utanıb, durub getmək istəyirəm.... Atanın sözləri boğazında düyünlənir, bəzən söhbəti yarımçıq qoyub, bir anlıq gözləri yol çəkir, sonra özündə güc tapıb, davam edir.... Bütün bunları hiss etdirmək istəməsə də, onun üçün nə qədər çətin olduğunu görürəm.... Özü birinci Qarabağ müharibəsinin iştirakçısı, qəhrəman oğlunu isə ikinçi Qarabağ müharibəsində şəhid verən ata....

 

Ata deyir ki, oğlum gedərkən telefonunu özü ilə götürməyə qoymamağım ürəyimdə həmişə bir nisgil olaraq qalacaq:

 

“Heç özü də təkid etmədi. Bilirdim ki, müharibədə telefon işlətmək olmaz, bu onların həyatı üçün də təhlükəlidir. Amma şəhid olduqdan sonra öz-özümə “kaş ki, telefonu yanında olaydı” dedim. Bəlkə də telefonu olsaydı, şəkil, video çəkərdi, bu da oğlumun son günlərindən yadigar qalardı.... Ola bilər, döyüş yoldaşlarının hansındasa Əlinin də olduğu foto, ya video var, amma bizim bu barədə məlumatımız yoxdur.....”

 

Ailə sonradan biləcəkdi ki, Əli Hadrut uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Hətta odun, alovun, mərmilərin içərisinə atılıb, heç nədən qorxmayıb, bir neçə yaralı əskərin həyatını xilas edib, onları döyüş zonasından çıxarıb. Son nəfəsinə qədər döyüşən Əli, torpaqlarımızın, Hadrutun azadlığı uğruna can verib....

 

Əli çalışırdı ki, imkan olduğu an ailəsinə zəng etsin. Bilirdi ki, atası, anası, nənəsi, qardaşları onun üçün narahatdılar.... Təranə xanım deyir ki, odun, alovun içərisində olan balam, bizə ürək-dirək verirdi:

 

“Hər dəfə zəng edəndə özümüzdən muğayat olmağı tapşırırdı. “Ana, narahat olma, aprel döyüşlərində düşmənin çavabını necə verdiksə, indi ondan da qat-qat artıq veririk. Torpaqlarımızı azad edirik, düşmən də qorxusundan geri çəkilir. Tezliklə müharibə bitəcək, darıxma, qayıdacağam” deyirdi. Qayıtdı balam, amma tabutda, şəhid kimi qayıtdı....”

 

Atasına Əlinin yaralandığını, onu evə gətirdikləri xəbərini verirlər:

 

“Qardaşım zəng edib, mənə deyəndə ki, Əli müharibədə yaralanıb, onu evinizə gətirirlər, həmin an bildim ki, oğlum şəhid olub. Əgər yaralansaydı, onu hospitala aparardılar.... Sonra Əlini gətirdilər....”

 

Eyni sözləri işdə Təranə xanıma da deyəndə, ana inanmır:

 

“Bildim ki, balam yaralı deyil, başında nəsə var. Məni maşına mindirdilər, evə çatanda gördüm Əlimi gətirirlər, balam son dəfə evinə gəlirdi.... Toyuna hazırlaşdığım oğlum, uğrunda can verdiyi bayrağa bükülüb gəlirdi....”

 

Şamama nənə isə iki gün öncə məhəllədə döyüşçü anaları ilə söhbətini xatırladır:

 

“Bilirdilər ki, nəvəm də müharibədədir. Məndən onunla əlaqə saxladığımızı, danışıb, danışmadığımızı soruşdular. İki gün öncə danışdığımı bildirdim. Sonra da dedim ki, ALLAHA dua edək, başqa əlimizdən nə gəlir ki.... Elə söhbət edərkən elə bil ürəyimi bir güllə dəlib keçdi, sonrasından xəbərim olmayıb, yıxılmışam yerə.... Nəvəmin şəhid xəbərini alanda dedim ki, Əlimə tuşlanan güllə mənə ayan olub.... Getdi, bərli-bəzəkli, nişanlı, gözəl balam....”

 

Oğlunun, ciyərparasının üzünü açmağa qıymır ata:

 

“Nə qədər istəsəm də, Əlini üzünü aça bilmədim.... Heç kimi də qoymadım açmağa.... Açsaydım, oğlumun üzü ömrümün sonuna qədər yadımdan çıxmayacaqdı.... İstədim ki, balamı, onun gülən üzünü son yola saldığım gün kimi xatırlayım.... Amma.... son dəfə üzünü açmadan oğlumun başına, boynuna sığal çəkdim, uşaqlıqda olduğu kimi....”

 

Əli son dəfə atası, anası, qardaşları, onu sevənlərə vida edib, əbədiyyətə doğru yol alır....

 

Oktyabrın 13-ü Əli Badamdar Şəhidlər Xiyabanında uğrunda can verdiyi torpağa tapşırılır. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə dörd medalla təltif olundu.

 

Cəmi 23 il yaşadı Əli.... Amma 23 illik ömrünə iki müharibə sığışdırdı, əsrlərə belə sığmayacaq bir yol qət etdi, Zəfər  tarixi yazdı....

 

İki əkiz qardaşın biri idi Əli.... Uşaqlıqdan heç nədən qorxmurdu, mehriban, istiqanlı, əliaçıq, xeyirxah və gülərüz.... Hər kəsin yadında belə qaldı..... Torpaqlarımızın azadlığı uğruna ölümü yaşamaq eşqindən qat-qat uca tutan, ölümə də şərəf gətirən Əli....

 

 

Ağanisə Əliqaraqızı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR