ermənilərin pis niyyətləri öz başlarında çatlayacaq

11:52 16-03-2023 | icon 570 | Cəmiyyət
ermənilərin pis niyyətləri öz başlarında çatlayacaq

Cəlal Allahverdiyev: “Azərbaycanlılara qarşı soyqırım siyasətləri böyük zərbələr vurmuşdu”

 

Zaman-zaman imperialist qüvvələrin təcavüzkar, soyqırım siyasəti ilə üz-üzə qalan, öz yurd-yuvalarından, qovulan azərbaycanlıların, Qərbi Azərbaycan türklərinin madi-mədəni, mənəvi, ruhi varlığı onun öz tarixi yurduna qayıdışını zəruri reallığa çevirib. Bu gün Qərbi Azərbaycanın ədəbi, mədəni, təhsil mühitində, o torpaqlarda Azərbaycan ideologiyasının silinməz imzalarına, vurduğu möhrlərə diqqət çəkəcəyik.

 

Versus.Az Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müsahibəsini təqdim edir.

 

- Cəlal müəllim, “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların, bütövlükdə Azərbaycan ictimaiyyətinin qarşısında hansı yeni bir səhifə açıb?

 

- Qeyd etməliyəm ki, 2022-ci il dekabrın 24-də cənab Prezidentin Qərbi Azərbaycan icmasının inzibati binasının açılışında iştirakı, orada proqram xarakterli çıxışı xalqımızın qarşısında yeni bir tarixi mərhələnin açıldığını ortaya qoydu. Əlbəttə, o çıxış xalqımızın tarixində, taleyində yeni bir şərəfli mərhələnin həyata keçirilməsi üçün çox əhəmiyyətli, təqdirəlayıqdir. O çıxışdan irəli gələn məsələlər bu gün istər Qərbi Azərbaycan icması, istərsə də bu sahədə çalışan ziyalılarımız tərəfindən uğurla həyata keçirilir. Bu Konsepsiya istər ziyalılarımızın, istərsə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən hər bir vətəndaşımızın  qarşısında konkret vəzifələr qoyub. Əgər biz dünən “hər birimiz Qarabağlıyıq” -deyib, o torpaqların erməni işğalından azad olunması uğrunda birləşib, mübarizə aparırdıqsa, bu gün  “hər birimiz Qərbi Azərbaycanlıyıq”-deyərək, birləşərək tarixi həqiqətlərimizi, haqlarımızı bərpa etmək, qorumaq üçün fəaliyyətimizi əzmlə, fədəkarlıqla davam etdirməliyik.

Bu Konsepsiyanın elan edilməsi, bizim Qərbi Azərbaycanımıza dönüşümüz, o torpaqlarda tapdanılan haqarımızın bərpası ilə bağlı mübarizə aparmağımız üçün sistemli, ardıcıl başlanğıcdır. Bu gün artıq görülən işlərin uğurlu görüntüləri göz qabağındadır.

Beynəlxalq təşkilatlara ünvanlanan məktublar, əlaqələrin yaradılması, Qərbi Azərbaycandan zorla köçürülən qaçqınların hüquqlarının tanınması, hüquqlarının bərpası yönündə aparılan işlər mütləq öz töhfəsini verəcək. Artıq bu gün beynəlxalq aləm dövlətimizin soydaşlarımızın öz tarixi torpalarına- Qərbi Azərbaycana qayıdışı ilə  bağlı apardığı siyasətə reaksiya verir. Bu gün artıq beynəlxalq təşkilatlar Qərbi Azərbaycanın Azərbaycanın qədim əraziləri olduğunu bir daha öyrənir. Bəli, indiki Ermənistan əraziləri Azərbaycan torqaqlarıdır, ermənilər o yerlərə gəlmədir. Onlar imperialist dövlətrərin dəstəyi ilə bizim torpaqlarda özlərinə dövlət yaradıblar. Bu gün isə o yerlərdə bir dənə də azərbaycanlının yaşamaması beynəlxalq insan hüquqularının pozulmasıdır. Biz o yerlərə qayıdacağıq. Ermənilər nə qədər hiyləgər addımlara əl atsalar da, tarix, tarixi faktlar, sənədlər öz yerində qalır. Bu istiqamətdə geniş addımlar atılmalıdır. Bu gün dünya ictimaiyyətini əmin etməli, sübut etməliyik ki, ermənilər havadarlarının köməyi ilə bu yerlərdə soyqırımlar həyata keçirdərək, Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaradıblar. Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Ermənilər hansı hiyləgər vasitələrə əl atsalar da, tarix tarixliyində qalır. Bütün tarixi mənbələrə hansı istiqamətdən baxsaq indiki Ermənistan ərazilərində türkün izi var və onu silmək mümkün deyil. Qərbi Azərbaycanda ermənilərə məxsus bir dənə də olsun toponim,  yer-yurd adları yoxur. Çünki tarixən o yerlərdə Azərbaycan türkləri yaşayıblar.

 

- Bu gün İrəvanın ədəbi mühitində azərbaycançılıq ideologiyası hansı amilləri ilə diqqət çəkir və o tarixdə kimlərin möhürü var?

 

 - XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri idi. Azərbaycan elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və mədəniyyət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqa şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. Görkəmli alim, pedaqoq Firudin bəy Köçərli XIX əsrin axırlarında İrəvan gimnaziyasında dərs deyərkən "Azərbaycan ədəbiyyatı" adlı əsəri üçün materiallar toplamış, ədəbi-bədii sözün görkəmli xadimləri arasında İrəvanda yaşayıb - yaratmış Məşədi İsmayıl Hacı Kazımzadə "Bəzmi" -1846-1888, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov "Mütəlle" -1832-1892, Hacı Seyid Rza Əmirzadə" -1906, Mirzə Əlixan Şəmsül-Hükəma "Ləli"-1845-1907 kimi sənətkarların yardaıcılığına toxunmuşdu. Bu şairlərin əsərlərindən verdiyi nümunələr əsasında Firudin Köçərli sübut edir ki, İrəvan şairləri əruz vəznində türkcə gözəl şeirlər yazmışlar. Vaxtilə Mirzə Hüseyn Ağa, Mirzə Cabbar Əsgərzadə, Axund Məhəmmədbağır Qazızadə, Əli Məhzun, Abbas Ağa Fərəcov, Yaqub Mustafa oğlu, Mirzə Abbas kimi ədəbiyyat xadimləri və ziyalılar İrəvanın ədəbi həyatında fəal iştirak etmişlər. Azərbaycanın bir çox görkəmli şair və yazıçıları Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Əziz Şərif, Heydər Hüseynov və başqaları İrəvan ədəbi mühitinin aparıcı simaları ilə sıx dostluq və yaradıcılıq əlaqələrində olmuşlar.Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə və başqaları inqilabdan əvvəl İrəvanda işləmiş, öz ədəbi fəaliyyətlərini burada da davam etdirmişlər.

Onu da qeyd etməliyəm ki, İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə duyulmaqdadır.

 

- Qərbi Azərbaycanın ədəbi mühitində erməni soyqırımına məruz qalmış hansı faktlara diqqət çəkə bilərsiz?

 

   - 1918-1920-ci illərdə ermənilərin Qərbi Azərbaycanda, (indiki Ermənistan) apardıqları soyqırım siyasəti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nümayəndələri soyqırıma və deportasiyaya məruz qalmışlar. Ədəbi mühitin görkəmli nümayəndələri məcburiyyət qarşısında qalaraq İrəvanı tərk etmiş, Türkiyə, İran, Şərqi Azərbaycan, Orta Asiya və başqa ölkələrə üz tutmuşlar. İrəvanda yaşlı nəslə mənsub ziyalı qalmamış, nəsillər arasında sələf-xələf münasibətləri pozulmuşdur. Şübhəsiz ki, bu, İrəvan ədəbi məktəbinin yaradıcı potensialına təsir etməyə bilməzdi. Məlumdur ki, XX əsrin sonu - XX əsrin əvvəllərində bütün Azərbaycan poeziyasında olduğu kimi, İrəvan ədəbi mühitinin yetirmələrinin yaratdıqları bədii nümunələr daha çox klassik şeir janrlarına - qəsidəyə, qəzələ, müxəmməsə və s. uyğun olaraq yaradılırdı. İnqilabdan sonra, yəni keçən əsrin 1920-ci illərindən başlayaraq, İrəvanda yaşayan azərbaycanlı sənətkarlar forma sahəsində yeni poetik janrlara, məzmun sahəsində isə zəmanənin sərt tələb kimi ortaya qoyduğu ideologoyanın təcəssümünə üstünlük verirdilər. Amma bununla yanaşı İrəvanda yaşayan şərqşünas alim Mirzə Hüseyn Ağa və "Vahid" təxəllüslü Məşhədi Heydər İsmayılov klassik janrlara müraciət edirdilər.

      

1920-ci illərdən sonra İrəvandakı siyasi durum bir xətli, eyni xarakterli olmadığı üçün bədii ədəbiyyatın, o cümlədən poeziyanın inkişaf xətti də ziqzaqlı olmuşdur. Yaradılan "Azsaylı xalqlar şöbəsi" və onun mübariz rəhbəri Bala Əfəndiyevin səyi nəticəsində artıq 1924-cü ildə nəşrə başlayan "Zəngi" qəzeti səhifələrində artıq Azərbaycan dilində şeir nümunələri görünməyə başladı.

Ağır repressiya şəraitində, şübhəsiz ki, nəinki ədəbi prosesin inkişafından, heç bədii nümunələrin meydana gəlməsindən və işıq üzü görməsindən söhbət belə gedə bilməz. Məhz buna görə də 1924-cü ilə kimi Ermənistanda, xüsusilə İrəvanda şeir və nəsr nümunələrinə təsadüf olunmur. 1924-ci il iyun ayının 28-də SİK(b) P Mərkəzi Komitəsinin "Partiyanın ədəbiyyat sahəsindəki siyasətinə dair" adlı qətnaməsi sovet ədəbiyyatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qətnamədə gənc proletar ədiblərindən yaşlı nəsilə mənsub olanlara ehtiyatla yanaşmaq, onları sosialist ədəbiyyatının yaranmasında səfərbər etmək tələb edilirdi. Eyni zamanda qətnamədə, yeni yetişən gənc nəsli daha cəsarətlə müdafiə etmək dövrün tələbi kimi qoyulurdu. Keçmişi gecəyə, sovet hakimiyyəti illərini günəşli gündüzə bənzətmək o dövrkü şeirdə ən geniş yayılmış metafora idi. Başqa görkəmli sovet sənətkarları ilə yanaşı, İrəvan şairlərinin çoxu da həmin mövzuda yazmağa meyl edirdilər. Məhz bu mövzu həm də yaxın keçmişdə bolşevik daşnaklarının Azərbaycan türklərinə qarşı etdiyi cinayəti örtbasdır etməyə, kommunist ideologiyasını safa çıxartmağa, ermənilərlə türklər arasında mövcud gərgin münasibətlərə qardaşlıq və beynəlmiləlçilik libası taxmağa imkan verirdi. İrəvanda türkdilli  poeziyanın inkişafına 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış Türk bölməsinin yaranması da kömək etdi. Türk bölməsi İrəvanda yazıb-yaradan azərbaycanlı gənc ədəbiyyat həvəskarları arasında yaxından iş apararaq, onların yaradıcılığına istiqamət verir, köməklik gostərirdi. 1927-ci ildən başlayaraq Nəriman Fəxri, Abbas Tahir, Abbas Azəri, Əbülfət Rəhimov, Əşrəf Bayramov, Adil Axundov, Telman Nəzərli, Teymur Əhmədli, Yusif Rizayi, Əkbər Həsənov, Bəhlul Mamedov, Əbülfət İbrahim, Cəlal Sərdar, Əli Şahin, Əli Əliyev, İslam Süleymanov, Sona Bağırova, Foqiyə Kəngərli və başqaları İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri idilər. İrəvan ədəbi mühitinin nümayəndələri faktik olaraq ikiqat əsarət - total sovet və lokal erməni təzyiqi altında yazıb yaratmağa məcbur idilər.

1927-ci ildə Ermənistan Şura Yazıçıları Cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı yazarlar bölməsinin fəaliyyəti 1945-ci ildə EK (b) P MK tərəfindən dayandırılmışdır. Azərbaycanlı ziyalıların mərkəzə etdikləri kəskin müraciətlərdən sonra 1946-cı ildə yenidən bərpa edilmişdir.

Erməni şovinizminin arasıkəsilməz təzyiqlərinə baxmayaraq, İrəvanda Azərbaycan ədəbi - mədəni həyatı öz məcrasında inkişaf edərək, ədəbiyyatımız rəngarəng yüksək bədii səviyyəyə malik əsərlərlə zənginləşirdi.

  

- Qərbi Azərbaycanda erməni şovnizmi əhatəsində milli teatr məktəbi necə yarandı və erməni vandallarının Azərbaycan mədəniyyətinə vurduğu zərbələr, onu nə dərəcədə məhv edə bildi?

 

- Bu il teatr sənətimizin inkişafında mühüm yer tutan, teatr tariximizə parlaq səhifələr yazan İrəvan Azərbaycan teatrının yaranmasının 140 ili tamam olur.

Məlumdur ki, ermənilərin müxtəlif dövrlərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, total qırğınlar İrəvanda Azərbaycan mədəni həyatına da ağır zərbə vurmuşdur. Soydaşlarımızın yaşadığı faciələr, müsibətlər bu sənət ocağının taleyindən də yan keçməmişdir. Bütün bunlara baxmayaraq, tariximizin müxtəlif dönəmlərində erməni vandalizminin və şovinizminin qurbanına çevrilən, köçkünlük, didərginlik həyatı yaşayan bu sənət məbədi hər dəfə müəyyən müddətdən sonra öz doğma İrəvan şəhərinə qayıdıb fəaliyyətini yenidən bərpa edib. 

Erməni şovinizminin tarixin səhnəsindən silməyə və sıxışdırıb çıxarmağa çalışdığı bu sənət ocağı 1967-ci ilin yanvar ayında yenidən bərpa  edilərək öz üçüncü həyatını yaşamağa başlayır. 1968-ci ilin iyun ayında 23 yaşlı gənc Hidayət bu sənət ocağına direktor təyin edilir.

Əslində teatr sənətinə dərindən bələd olmayan gənc bir adamın bu sənət ocağına direktor təyin edilməsinin pərdəsi arxasında bir erməni məkri gizlənirdi. Çünki onlar sosial-siyasi həyatın bütün sahələrində azərbaycanlılara qarşı öz çirkin məqsədlərini “bolşevizim ideyalarının” tələbləri baxımından açıq şəkildə həyata keçirə bilmədiklərindən, özlərinin anti-türk siyasətini bolşevik maskası altında daha incə metodlarla həyata keçirirdilər. Burada Ermənistanın şovinist hakim dairələrinin əsas məkrli məqsədlərindən biri gələcəkdə teatrın rəhbərliyinin “səriştəsiz”liyini bəhanə gətirərək, sonra isə teatrın bağlanmasına  zəmin yaratmaqdan  ibarət idi. Amma Hidayətin fəaliyyəti, istedadı, milli və siyasi iradəsi erməni şovinist dairələrinin bu məkrli planlarını gerçəkləşdirməyə imkan vermədi. Düşmənin çirkin niyyətinin və mənfur siyasətinin ifşasının istər bədii, istərsə də siyasi ifadəsini Hidayətin bu sənət məbədinin tarixindəki şərəfli xidmətləri də təsdiq edir.  O bütün var qüvvəsi və fədəkar fəaliyyəti ilə erməni şovnizmi əhatəsində milli teatr məktəbini yaratdı.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistanın hakim şovinist dairələri 1968-ci ildə yenicə bərpa olunmuş İrəvanda Azərbaycan  Dram Teatrını mərkəzdən, İrəvan şəhərindən uzaqlaşdırmaq üçün Zəngibasar rayonunun mədəniyyət evinə köçürmək isyəyirdilər. Teatrı  əlverişli şəraiti olmayan kiçik bir mədəniyyət evinə köçürməkdə ermənilərin əsas məqsədlərindən biri onu əvvəlcə 1948-ci ildəki kimi rayon teatrına çevirmək, sonra isə bu sənət ocağının bağlanmasına zəmin yaratmaqdan ibarət idi. Erməni millətçiliyi ideologiyasından çıxış edən Ermənistan rəhbərliyi həmişə açıq  yaxud da gizli şəkildə İrəvan Azərbaycan Dram Teatrının təşəkkülünə daim mane olmağa çalışmışdır. Amma Hidayətin milli və siyasi iradəsi, qətiyyəti sayəsində teatr  İrəvanda öz fəaliyyətini uğurla davam etdirdi.

Yenidən bərpa edilən İrəvan Azərbaycan Dram Teatrı öz varlığının üçüncü dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, Hidayətin yorulmaz zəhməti sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xəttilə seçilən bir teatra çevrildi.

Bütün bu çətinliklərə, problemlərə baxmayaraq, teatr ağır bir şəraitdə, qısa zaman ərzində öz yaradıcılıq imkanlarını daha da genişləndirərək peşəkar kollektiv səviyyəsinə yüksələ bilmişdi.

1970-ci illərdə teatr Qərbi Azərbyacanda azərbyacanlılar yaşayan bütün bölgələrə - Zəngibasar, Amasiya, Vedibasar, Basarkeçər, Allahverdi, Dilican və s. rayonlara, o cümlədən, azərbaycanlı məktəblərinə qastrollara gedərək, tamaşalar göstərərdilər. Hidayətin rəhbərlik etdiyi bu mütəşəkkil və peşəkar kollektiv yeri gəldikcə çox zəngin və rəngarəng repertuarları ilə qastrol səfərlərinin coğrafiyasını daha da genişləndirərək Bakıya, Naxçıvana, Tiflisə, Borçalıya və azərbaycanlılar yaşayan digər bölgələrə də gedirdi. İrəvan Azərbaycan Teatrının tarixində ilk dəfə idi ki, bu sənət ocağı Ermənistanın hüdudlarından kənara qastrol səfərlərinə çıxırdı. Bu baxımdan 1978-ci ilin noyabr ayında İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı qastrolu bu sənət ocağının tarixinə ən uğurlu və dərin mənalı bir səhifə yazmışdır.

Teatrın Cənubi Qafqazda azərbyacanlılar yaşayan bölgələrə qastrol səfərləri bir tərəfdən incəsənət əlaqələrinin genişlənməsinə xidmət edirdisə, siyasi və milli məfkurə baxımından isə soydaşlarımızı bir-birinə yaxınlaşdırmaq, birinin ədəbi-mədəni nailiyyətləri ilə digərini tanış etmək, milli ədəbi-mədəni əlaqələri möhkəmləndirmək, milli mənəvi düşüncənin formalaşması kimi də xarakterizə etmək olar.

Əlbəttə ki, teatrın canlanması Azərbaycanın təcrübəli, peşəkar teatrları və görkəmli incəsənət xadimləri ilə sıx yaradıcılıq əlaqəsi qurması “Ermənistan”ın daşnak rəhbərliyini qıcıqlandırmaya bilməzdi. Çünki erməni şovinistləri teatrın nüfuzunun artmasını, nümunəvi və peşəkar teatr səviyyəsinə yüksəlməsini istəmirdilər. Bu sənət ocağı nəinki Cənubi Qafqazda, keçmiş İttifaq miqyasında fəaliyyət göstərən teatrlar içərisində öz  şöhrətini və yerini qazana bilmişdi.

1988-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı həyatında dördüncü dəfə didərginlik taleyini yaşamağa məcbur oldu. Öz doğma şəhəri İrəvandan didərgin düşmüş teatrı Bakıda doğma övladı kimi qarşılayıb ilk qucaq açan, vaxtilə bu sənət ocağının direktoru işləmiş Hidayət oldu. Bu il şərəfli tarixi yol keçmiş İrəvan Azərbaycan teatrının böyük qürur və fərəh doğuran 140 illik yubileyindən Hidayətin də ömrünə pay düşür.

 

- İrəvanda ali təhsil, milli pedaqoji kadr hazırlıgı necə aparılırdı?

         

- SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli məlum qərarı ilə 100 min azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilməli  idi. Amma   Ermənistanın şovinist hakimiyyəti bu əlverişli "tarixi" şəraitdən istifadə edərək, deportasiyaya məruz qalan azərbaycanlıların sayını 150 minə çatdıra bilmişdi.1948-1953-cü illərdə azərbaycanlı əhali ilə yanaşı onlara məxsus olan bir sıra mədəni-maarif ocaqları da deportasiyaya məruz qalmışdı. İrəvan fəaliyyət göstərən azərbaycanlı qadınlar klubunun, azərbaycanlı qızlar məktəbinin , Azərbaycan teatrının, Ermənistan Şura Yazıçıları Cəmiyyətinin nəzdində yaradılmış Türk yazarlar bölməsi və bir sıra ümumtəhsil məktəblərinin də fəaliyyəti dayandırıldı. O cümlədən İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də deportasiyaya məruz qaldı. ll Dünya müharibəsindən sonra azərbaycanlıların öz dogma torpaqlarından

kütləvi deportasiyası ermənilərin xalqımıza qarşı həyata keçirdiyi siyasətin ən müdhiş nəticəsi idi.

Ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardıgı soyqırım siyasəti, deportasiya aksiyası təkcə İrəvanda Azərbaycan ictimai-siyasi mühitinə deyil, eyni zamanda ədəbi-mədəni mühitinə də böyük zərbə vurmuşdur. İrəvan Türk Pedaqoji Texnikumunun və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycana köçürülməmişdən bir ay əvvəl Ermənistanın Maarif Naziri 07 oktyabr 1948-ci il tarixli 719 nömrəli əmr imzalayır. Həmin əmrdə göstərilir ki, "İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələrinin Azərbaycan SSRİ-yə köçməsi ilə əlaqədar olaraq, həmin təhsil müəssisələrində işləyən  müəllim kontingenti 7 oktyabr 1948-ci ildən etibarən işdən azad edilsinlər". Beləliklə, İrəvanda Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni mühitinin aparıcı nünayəndələri olan Mehdi Kazımov, Həbib Məhəmmədzadə, Adil Axundov, Mirəli Seyidov, Fərhad Fərhadov, Bülbül Kazımova, Əşrəf Bayramov, İsmayıl Şükürzadə, Bəhlul Yusifov, Əsgər Cəfərov, Zaman Vəliyev və onlarla başqaları 1948-ci il deportasiyasına məruz qaldılar. Mehdi Kazımov, Əşrəf Bayramov, Əyyub Babayev, Səkinə İsmayılova pedaqoji fəaliyyətlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdilər. Ümumiyyətlə, adlarını qeyd etdiyimiz və etmədiyimiz deportasiyaya məruz  qalmış bir çox ziyalıların Azərbaycan elm, mədəniyyət, ictimai-pedaqoji fikrin inkişafında misilsiz xidmətləri olmuşdur.

6 illik fasilədən sonra 1954-cü ilin aprel ayında Ermənistanın müvafiq qurumları tərəfindən X.Abovyan adına İrəvan Dövlət İnstitutunun Azərbaycan bölməsinin yenidən bərpa olunması haqqında qərar qəbul edilir. Pedaqoji institutun bərpa olunan Azərbaycan şöbəsi ilk ildə fizika-riyaziyyat, Azəbaycan dili və ədəbiyyat fakültələri ilə fəaliyyətə başlamışdı. Sonrakı illərdə isə tarix, təbiət və cografiya, pedaqogika və ibtidai məktəb metodikası ixtisasları üzrə müəllim kadrları hazırlayan yeni fakültələr təşkil edimişdi. İnstitutda Azərbaycan dili və ədəbiyyatı ixtisasından başqa, bütün ixtisaslar müvafiq erməni kafedralarında təmsil olunmuşdu. Kafedraya əvvəllər görkəmli yazıçı, ədəbiyyatşünas alim Əkbər İrəvanlı rəhbərlik etmişdir. İrəvan Dövlət İnsitutunun 1954-cü ildə yenidən bərpa edilən Azərbaycan şöbəsində dərs demək üçün ilk dəvət edilən müəllimlərdən biri görkəmli tədqiqatçı-alim, pedaqoq, Əməkdar müəllim Lətif Talıb oglu Hüseynzadə olmuşdur.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycanlı şöbəsinin fəaliyyət göstərdiyi 28 il ərzində yüzlərlə məzunu təhsil sahəsində fədakarcasına çalışmış, elmin, mədəniyyətin inkişafına öz onəmli töhfələrini vermişlər. Pedaqoji institutun Azərbaycanlı şöbəsinin adlı-sanlı məzunları arasında AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın, filologiya elmləri doktorları Bagır Bagırovun, İsrafil Abbasovun, İbrahim Bayramovun, Rüfət Hüseynzadənin, tarix elmləri doktoru, professor Hüseyn Əmirovun, filologiya elmləri namizədləri dosent Mehdi Həsənov, dosent Aidə Salahova,dosent Zəhra Əliyeva, uzun müddət İrəvanda azərbaycanlı qızlar məktəbinin direktoru işləmiş,keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş, maarif xadimi Rəziyə Abdullayeva, şair Əli Vəkil,Xalq artistləri Mübariz Tagıyev, Elmira İsmayılova, jurnalis-şair Nəsib Qaramanlı, tanınmış yazar Kamil Məmmədov və başqalarının adları vardır. Uzun müddət Ermənistanda Maarif Nazirliyində azərbaycanlı məktəblər üzrə inspektor vəzifəsində çalışmış Əməkdar müəllim Nurəddin İbrahimov da İrəvan Pedaqoji İnstitutunun Azərbaycanlı şöbəsinin yetirmələindəndir.

Qərbi Azərbaycanda azərbaycanlı məktəblərinin ali təhsilli pedaqoji kadrlarla təmin edilməsində mühüm rol oynamış və orada yaşayan azərbaycanlıların ali təhsil aldıgı-İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycanlı şöbəsi 1988-ci ildə Ermənistandan azərbaycalıların kütləvi şəkildə köçürülməsi zamanı məcburi olaraq öz fəaliyyətini dayandırdı.

 

- İrəvanda Azərbaycan maarifçilik mühitinin milli təhsilimizin inkişafında rolu barədə nələri söyləmək olar?

 

- XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və incəsənət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Aşub İrəvani, Mirzə Əli İrəvani, Dəlil İrəvani, Ləli İrəvani (Mirzə Əlixan Hükəma Ləli), Hacı Şeyx Əli Əsgər İrəvani və onlarla başqa bu kimi görkəmli şəxsiyyətlərin yaradıcılğı bunu bir daha təsdiq edir. Ümumiyyətlə, İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə duyulmaqdadır.

Məlumdur ki, Azərbaycanda olduğu kimi, İrəvanda da məktəblər açılana qədər təlim müəssisəsi kimi yalnız məscidlərin nəzdində mollaxanalar və mədrəsələr fəaliyyət göstərmişdir. Mollaxana və mədrəsələr təkcə İrəvan şəhərində deyil, Uluxanlıda, Qafanda, Ağbabada, Basarkeçərdə, Vedibasarda, Sisiyanda və başqa bölgələrdə də fəaliyyət göstərmişdir. Bütün bunlara baxmayaraq, əsrlər boyu fəaliyyət göstərən mollaxana və mədrəsələr xalqımızın mədəni yüksəlişini təmin edə bilməmiş, onun inkişaf prosesini ləngitmişdir. XlX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzzülə uğrayır və yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu. Cənubi Qafqaz, o cümlədən Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri Rusiya tərəfindən idarə olunmağa başladı. 1829-cu ilin avqust ayının 2-də Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qərar qəbul etdi. Bu qərarda qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdır. Həmin qərarın icrası ilə əlaqədar 1830-cu ilin mart ayında Tiflis qəza məktəbi, dekabr ayının 30-da isə Şuşa qəza məktəbi açılmışdı. Həmin ildə İrəvanda-100, Naxçıvanda-50, Ordubadda-50, Kulpda-50 şagirdlik qəza məktəblərinin açılması da nəzərdə tutulmuşdu. Amma həmin il üçün nəzərdə tutulan qəza məktəblərinin açılması mümkün olmamışdı. Tiflisdən, Şuşadan sonra 1831-ci ilin oktyabr ayında İrəvanda ikisinifli ilk qəza məktəbi təsis edildi.  Bu Cənubi Qafqazda təsis edilən sayca 3-cü qəza məktəbi idi. İrəvanda ilk qəza məktəbinin açılşı 1832-ilin yanvar ayının 14-də olmuşdur. İrəvan qəza məktəbində ilk dəfə Azərbaycan dilini əslən Dərəçiçəkdən olan  Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdir.1839 - cu ildən ikisinifli İrəvan qəza məktəbi 3 sinifli qəza məktəbi , 1 sentyabr 1868-ci ildən progimnaziya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrilir. Gimnaziyanın direktoru isə Vladimir Brajnikov təyin edilir.

Azərbaycan elminə öz töhfələrini vermiş dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov, tanınmış ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli tarixçi alim professor Mehdixan İrəvanski, görkəmli dilçi alim Miryusif Mirbağırov, Teymur Makinski, Əkbər ağa Şeyxülislamov və onlarla bu kimi böyük şəxsiyyətlər, görkəmli elm, mədəniyyət, dövlət xadimləri İrəvan gimnaziyasının məzunları olmuşlar.

 

- Cəlal müəllim,  Qərbi Azərbaycanın hansı diyarındansız, o yerləri necə xatırlayırsız?

 

- Mən 1972-ci ildə qədim İrəvan şəhərinin yaxınlığındakı Zəngibasar rayonunda anadan olmuşam. Uşaqlıq, orta məktəb illərim doğma Nizami kəndində keçib.

Biz 1988-ci ilə hadisələri ilə əlaqədar olaraq məcburən yurdumuzu tərk edib Bakı şəhərində məskunlaşıq. İllər keçib, amma orada keçirdiyim illər mənim həyatımın ən yadda qalan silinməz səhifələri kimi yaddaşıma həkk olunub. Məktəb illərimdə mənə dərs deyən müəllimlərimin hamısı bu gün də xatirimdədir. Məktəbimizə doğru gedən o yolları, cığırları hər gün  yadıma salıram.

Uşaq olsam da, mənim də həyatıma qaçqınlıq, öz evindən didərgin düşmək kimi bir ağrılı tarix yazıldı. Nənələrimiz, babalarımız, bizdən yaşlı nəsl, həmişə ermənilərin azərbaycanlılara qarı çox  amansız olmasından danışırdı. Böyüklərimiz bizə bundan əvvəllər baş vermiş dəhşətli qaçaqaçlardan, Araz çayından keçərkən insanlarımızın o sulara necə qərq olmasndan, ermənilərin azərbaycanlılara qarşı hansı vəhşiliklər törətməsindən, günahsız uşaqları, qadınları necə qətlə yetirdiklərini, kəndlərimizi necə yandırdıqlarını ağrı-açı ilə danışardılar. Deyirdilər ki, türklər erməniyə həmişə murdar kimi baxıb.

Hətta İrəvanda yağış yağanda ermənilər qorxusundan küçə çıxmırmış ki, birdən ayağının altından çıxan su türkün üstünə sıçrayıb onu murdarlayar. Biz ermənilərin azərbaycanlılara qarşı olan qəddar davranışını unuda bilmərik.

Mən orta məktəbdə oxuyurdum. Gəncədə oxuyan qardaşım kəndə gəlmişdi. O deyirdi ki, Çaykənddə, Ağdamda erməni-müsəlman toqquşmaları olub. Çaykəndə ermənilər iki azərbaycanlını qətlə yetirmişdi. Onlardan biri vaxtilə kəndimizdən  Gəncəyə köçən Bəxtiyar idi. Ermənilər Bəxtiyarı 150 -lik mismarla o vaxt şam ağacından olan elektrik dirəyinə mıxlamışdılar.

Ermənilərin cinayət törədib, sonra onu azərbaycanlıların boynuna atması köhnə adətləridir. O vaxt Sumqayıtda törətdikləri cinayətləri də bizizm üzərimizə atmağa çalışdılar. Bu gün də erməni məkirinin  qurbanına çevrilmiş azərbaycanlıların taleyini oxuduqca, onların həyatının müsibətləri ilə yaxından tanış olduqca adamı dəhşətli bir his bürüyür. Ermənilər hara ayaq basıbsa, orda qan-qada olub, haqq-ədalət olmayıb. Ermənilər Cənubi Qafqaza köçürüləndən sonra Azərbaycan xalqımın əminəmanlığı pozulub. Bu gün də həmin niyyətlərindən əl çəkməyiblər. Amma bu niyyətləri öz başlarında çatlayacaq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ