– İranın Azərbaycana qarşı yanlış siyasəti bu gün başlamayıb. İran Azərbaycanda özünün təsirlərini qorumaq üçün illərdir ölkəmizdə dərin casus şəbəkəsi yaradıb və İslam dini, şiəlik adı altında özünün təsiretmə imkanlarını genişləndirir. Avropa dövlətləri sırasında isə əsasən, Fransa Azərbaycana qarşı özünün qərəzli çıxışları ilə öncüllük təşkil edir. Təbii ki, Azərbaycan bu qüvvələrə qarşı düşünülmüş və ardıcıl siyasət aparmalı və həmin güclərin daxilimizə sızaraq, din, yaxud demokratiya adı ilə insanlarımızın şüuruna təsirini azaltmalıdır. Bunun üçün çox ciddi işlər görülməlidir. Azərbaycanın özünə uyğun dini modeli olmalıdır. İran din anlayışını özünə uyğunlaşdıraraq təqdim etməyi bacarıb. Bunun üzərində ciddi işlər aparır. Təəssüflər olsun, insanlar elə hesab edirlər ki, bu gün İranın etdikləri həqiqi din anlayışıdır. Ona görə də İranın bu yalan siyasətindən yaxa qurtarmaq üçün insanlarla maarifləndirici iş aparılmalıdır. Bu məsələnin özü çox ciddi və uzun təhlillər tələb edən məsələdir. Bu, insanların təkbaşına görə biləcəyi iş deyil. Uzunmüddətli prosesdir. Mən bu barədə bir sıra qurumlara təklif də etmişəm. Məsələn, regionların inkişaf planı kimi dini məsələdə də siyasi iradə olmalıdır. Xüsusi tapşırıqlar verilməlidir, dövlət dəstəyi olmalıdır. Azərbaycan dini modelinin yaradılması üçün cəsarətli addımlar olmalıdır. İran islam anlayışını götürüb necə özününküləşdirdisə, Azərbaycan da bu məqamı önə çəkib insanları düzgün maarifləndirməli, islahatlar aparmalı, mükəmməl formada radkalizmə qarşı çıxış etməlidir.
– Azərbaycan dini sektoruna İranın təsirləri nə dərəcədədir və bundan hansı yolla təmizlənmə ola bilər? Bu yaxınlarda deputat Fazil Mustafanın sui-qəsdə məruz qalması İranın Azərbaycandakı dini şəbəkəsinin üzvlərinin əli olduğu meydana çıxdı.
- Fazil bəy həqiqətən də bu sahədə öz fikirlərini açıq deyən, mübarizə aparan bir siyasətçidir. Dinlə bağlı öz düşüncələrini, fikirlərini cəsarətlə paylaşır, bölüşür. Belə bir insanın toxunulmazlığı nə qədər olsa da, hesab edirdim, onun son dövrlərdə mühafizəsi təşkil edilməli idi. Bu hadisə olandan sonra Fazil bəyin özü ilə də əlaqə saxladım. O, bir anın içərisində insanın ölümünü necə hiss edə bilməsi, hətta bir anın içində hər şeyin mənasızlaşdığını görə bilməsi ilə bağlı fikirlərini bölüşdü. Fazil Mustafa kimi insanlara dəstək olmalıdır. Təəssüflər olsun, Fazil bəyin, mənim də adım bir çox siyahılarda bərabər çəkilirdi. Son statuslarımın birində həmin radikal qrupların “Fazil Mustafa ilə Elşad Mirini bir nəfər çıxıb murdar etsə...”, – deyə təhdiddolu sözlərini paylaşdım. Ona görə də düşünürəm, belə sui-qəsdlər günümüzdə hər zaman aktualdır. Bunun qarşısının alınması üçün hərtərəfli işlər görülməli, insanlar maarifləndirilməli, Fazil Mustafa kimi insanları qorumalıyıq. İran həmişə bu addımları ilə bir qorxu, hədə mesajı vermək istəyir və bunu da göstərir. Dövlət təhlükəsizlik orqanları, digər güc strukturları bununla bağlı, yəqin ki, addımlar atırlar. Təbii ki, mən bu məsələlərin öz həllini tapmasını istəyirəm. Amma indi ağrılı dövrdür və bunu da öz lehimizə çevirərək vəziyyətdən çıxmaq lazımdır.
– Belə qeydlər də var: İranın dini radikal qrupları daha çox ona görə ayaq açırlar ki, daha sərbəstdirlər və özlərini dinin müdafəçiləri kimi xüsusi postlarda görürlər.
– Bu adamlar illərdir “Azərbaycan şiə ölkəsidir”, “Azərbaycan İmam Hüseyn ölkəsidir” mesajları ilə bunu insanların beyinlərinə yeridirlər. İran da bundan öz lehinə istifadə edir. Digər tərəfdən, əgər insanlara yanlış şəkildə öyrədirlərsə ki, sən namazının, orucunun qəbul olunmasını istəyirsənsə, mütləq kimisə təqlid etməlisən, yaxud təqlid etdiyin ya İranın dini lideri Xamneyi, ya da İraqda əyləşən “Sistani ağa” olmalıdır. Deməli bu cür neqativlərin ayaq açması üçün boşluqlar var. İnsanlara başa salınmalıdır ki, onlar oruc, yaxud namaz qılarkən kimlərisə təqlid etməli deyillər. Bu, doğru deyil, bu, din deyil. Bu təqlidçilik İslamın istədiyi deyil. Bu təbliğat, maarifləndirmə işi aparılmayana qədər insanlar bunu din kimi qəbul edəcəklər və sabah da onlardan gələn hökm, fətfanı bir lütf kimi qəbul edəcəklər. Cavanlardan sui-istifadə edib onu həyata keçirməyə çalışacaqlar.
– Azərbaycanda İranın casus şəbəkəsinin üzvləri ardıcıl şəkildə həbs olunur. Necə hesab edirsiniz, bu əməliyyatlar İranın ruhi, psixoloji təsirini nə dərəcədə azalda bilib? Yaxud bu təsir elementləri hansı bəndlərdə saxlanılır?
– Bu gün İran casus şəbəkəsinin aşkarlanması, baş verən həbslər yeni deyil. Bütün bunlar hamısı izlənilən, müşahidə aparılaraq məsuliyyətə alınan insanlardır. Yəni casus şəbəkəsi aşkar olunandan dərhal sonra edilən həbslər deyil. Bu insanlardan gələ biləcək zərərlər və digər formatlar nəzərə alınır və zamanı gələndə qəti addımlar atılır. Yaxud ola bilsin, insanlar tutulandan sonra bəzi əlaqələri üzə çıxır. Bilmədiyimiz məsələlər o insanlar dindirilərkən ortaya çıxır. Bu proses davam etməlidir. Sadəcə, bu zaman casusların din adından istifadə etmələrinə imkan tanınmamalıdır. Bu sahədə qeyd etdiyim kimi, ciddi islahatlara ehtiyac var.
– İranda davam edən aksiyalar fonunda vəziyyətin stabil olmadığına baxmayaraq, bu rejim Azərbaycana meydan oxumağa cəhd edir. Necə hesab edirsiniz, İranın Azərbaycanla bağlı aqressiyasını Qarabağ, Zəngəzur yolu ilə necə əlaqələndirmək olar? İranda keçirilən etirazlar rejimə təsir edə bilmir?
– Əvvəla, bu aksiyalar bir qığılcımdır. Bu qığılcımlar nə zamansa reallığa çevriləcək. İran da təbii ki, balaca dövlət deyil. Orada dini, teokratik yanaşma ilə, sekulyar yanaşmalar arasında müəyyən qarşıdurmanın olduğunu illərdir eşidirik. Bütün bunların fonunda bu gün gördük ki, İranda həmin o iğtişaşları canlandırmaq, əlaqələndirmək, həyata keçirmək mümkündür. Yəni bunun nəticəsində də 1979-cu ildən bəri mövcud olan həmin o rejim anlayışını dəyişmək ehtimalı var. Ona görə də İranın Azərbaycana aqressiyası təkcə Qarabağ, Zəngəzurla bağlı deyil.
Bu gün İran ərazisində faktiki olaraq milyonlarla azərbaycanlının yaşadığı bəllidir. Bildirilir ki, sabah azərbaycanlılar da öz haqları uğrunda ayağa qalxa bilərlər. Digər tərəfdən, İran hər zaman “böyük şeytan” adlandırdığı Amerikanın, İsrailin regionda hegemonluğunun gündəmə gəlməsini istəmir. Azərbaycanın İsraillə olan münasibətlərini, səfirliyinin açılmasını həzm eliyə bilmir. Ona görə də sui-qəsd və sair mesajverici məsələlərin gündəmə gəldiyini görürük. Təbii ki, yuxarı instansiyaların bundan xəbəri var və bu da düzgün dəyərləndirilməlidir.
– Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”. Nə baş verir?
– Bu, İranın Azərbaycana qarşı yeni təxribatları deyil. Bu gün Azərbaycanın özündə də, məsələn, özünü şiə adlandıran həmin o müsəlmanların yığışdığı yerləri də “Hüseyniyyə” adlandırırlar. Bu “hüseyniyyələr”in də bir-biri ilə müxtəlif formalarda əlaqələrinin olduğu danılmazdır. Vaxtilə həmin İranın dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat burada artıq “toxumlarını səpmişdi”. Onlar bunu illərdir edirlər, bu, yeni bir məsələ deyil. Sadəcə olaraq, dövlət bu məsələdə həqiqətən ciddi addımlar atmalıdır. Sadəcə, həbsedilmələrlə deyil, eyni zamanda, maarifləndirmə mexanizmini həyata keçirməlidir. Bununla bağlı müzakirələr, alternativ yollar üzərində iş aparılmalıdır. İş sadəcə nəsə yazmaq, kimlərəsə nəsə demək xatirinə olacaqsa, heç nəyə nail ola bilmərik. Dövlət, artıq bu yöndə onillərlə davam edəcək bir prosesə start verməlidir. Yoxsa biz hər zaman bu çətinliklərlə yaşayacağıq.(hafta.az)
Tahirə Qafarlı
Versus.az