Hamının əzizi
BAYRAN MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/
Kiminsə ad-soyadını bilmək onu tanımaq deyil. Kimisə tanımağın şərti onun xarakterinə, dünyaduyumuna, milli-mənəvi dəyərlərə sədaqətinə bələd olmaqdır. Mən Maya İbad qızı Bağırovanı yaxşı tanıyıram, ömür yoluna yaxşı bələdəm...
1958-ci il mayın 2-də Zəngilanın Keçikli kəndində anadan olub.
Duyğuları Keçikli kəndinin əsrarəngiz təbiətinin mehriylə, Əsgülüm dağının həzin mehiylə durulaşıb.
Zəngilan şəhər orta məktəbində təhsil alırdı. Sonralar ilk məktəbini, ilk müəllimini, ilk sinif yoldaşlarını kövrəkliklə xatırlayacaqdı, “Ömrün o çağları nə qədər kövrək imiş, o kövrəklik sonrakı illərin başlanğıcı olacaqmış...”, - deyəcəkdi...
O illərdə Zəngilanda Nüsrət Paşayevin müəllimlik məharəti dillərdə gəzirmiş, bu ad-soyad rayonun şagirdlərinin də, şagirdlərin valideynlərinin də, camaatın da marağındaydı. Bu maraq hamını, hamını özünə çəkirdi – doğmalıq üçün, sabahlar üçün. Çoxları kimi İbad Bağırov da qızı Mayanı ustad riyaziyyat müəllimi, tanınmış pedaqoq Nüsrət Paşayevin işlədiyi səkkizillik məktəbə keçirdi...
Maya oxuya-oxuya öyrənirdi, öyrənə-öyrənə oxuyurdu.
Kimya fənnini çox sevirdi. Bu fənnə marağı onun digər fənləri oxumağına mane olmurdu; bu maraq digər fənlərə də sirayət etmişdi. Bu sevgi məktəbli qızın arzularının yolgöstərəninə dönməkdəydi...
Maya yaxşı və əla qiymətlərlə oxuyurdu. Orta məktəbi 1974-cü ildə bitirdi. Həkim olmaq istəyirdi. “Həkimlik insanlara xidmətdir”, - deyirdi. Onu da deyirdi ki, insanlara, deməli, insanlığa xidmət xeyirxahlıqdı. Xeyirxahlıqla yaşaya-yaşaya aylarını il eləmişdi. Orta məktəbi gözəl niyyətlərlə bitirmişdi. Sənədlərini Azərbaycan Tibb Universitetinə vermişdi. Kimya fənnindən imtahanda genişürəkliyi özünün imtahandan kənarlaşdırılmasına səbəb olmuşdu – həmyerlisinə kömək eləyəndə imtahan götürən müəllimlərinin qəzəbinə tuş gəlmişdi...
Olmamalıydı, olmuşdu...
İnstituta qəbul oluna bilməmişdi. “Suallara cavab verə bilməyib kəsilsəm, mənə belə təsir eləməzdi. İmtahandan eloğluma kömək elədiyimə görə çıxarıldım. Ona kömək etdiyimə peşiman deyiləm...”, - yeganə təsəllisi beləydi...
Halal bir ailənin öyüd-nəsihətləriylə, ulu kəlamlarıyla yaşanılan illərdə ata-ana nəsihətləriylə boya-başa çatmış gənc qız işləməyi qərara alıbmış. Atası əvvəl-əvvəl etiraz etsə də inadından dönməmişdi. Kalinin adına sovxozun fəhləsi kimi 1974-cü ilin sentyabrından işləməyə başlamışdı...
Bir il sonra – 1975-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil oldu. Onu bu instituta bir ömür torpağın cəfasını çəkmək niyyəti gətirmişdi. “İnsanlara sevgi torpağa sevgidən başlayır...”, - Maya Bağırovanın gənc yaşlarında dediyi fəlsəfi mahiyyətli fikirdi. Tələbə yoldaşları bu fikri çox bəyənmişdi...
Qiyabi təhsil alırdı...
İkinci kursda oxuyanda – 1977-ci ildə Maya Bağırovanı briqadir təyin etdilər. Bu təyinat həm gənc fəhlə-tələbəyə, gənc kənd təsərrüfatı mütəxəssisinə etimad idi, həm də briqadanı, deməli, sovxozu gerilikdən xilas etmək niyyəti.
Sovet ideologiyası öz yerində, həmişə, hər yerdə insan amili əhəmiyyətli olub. El kəlamları var: “daşı daş üstə qoymaq”, “çəkici bir yerə vurmaq”. Briqada gənc briqadirin yeniliklərə söykənən təşəbbüsləri, söhbətlərinin nəticəsi əsasında formalaşdı. Mayanın xatırlatdığı bir məqam əhəmiyyətli oldu: Mənim, sənin işin yoxdu, bizim işimiz var. Bunun nəticəsiydi ki, planlar yerinə yetirildi. Mövcud ideologiya belə iş üslubu yaradanlara “əmək qabaqcılı” deyirdi. Maya Bağırova əmək qabaqcılı idi, bu səbəbdən onu 1977-ci ildə rayon komsomol komitəsinin (RKK-nin) büro üzvü seçdilər. O dövr üçün belə seçilmələr böyük etimad idi...
80-ci illərdə Sovet təsərrüfat sistemi planlı təsərrüfat olaraq bütün mövcud qüvvələrin hərəkətə gətirilməsini, istehsala cəlb olunmasını tələb edirdi. İstehsal təkcə planlar əsasında tənzimlənmirdi. Maya Bağırova öhdəliklərin yerinə yetirilməsi istiqamətində gərəkli bir yenilik tətbiq etməyə qərarlıymış: İctimai təsərrüfatda, müəyyən mənada, fərdilik marağı yaratmaq. Fərdilik ifadəsi ideologiyaya zidd olsa da onun başqa formatda fərdilik olduğunu kimlərəsə izah etməli olmuşdu. Hər fəhləyə üzüm plantasiyası təhkim olundu. Fəhlələr təhkim olunduğu plantasiyada daha məsuliyyətlə işlədilər. Nəticədə məhsuldarlıq əvvəlki illərlə müqayisədə xeyli yüksək oldu. Həmin il briqada öhdəlikləri də yerinə yetirdi. Bu gözəl yeniliyi növbəti illərdə də tətbiq etdi. Yenə yüksək məhsuldarlığa nail oldular.
Növbəti təsərrüfat ilində sovxozla fəhlələr arasında müqavilə forması hazırladı. Müqavilə formasını son üç ilin göstəricilərinin təhlili ilə birlikdə sovxozun direktoru İsmayıl Novruzova təqdim etdi. Yarana biləcək anlaşılmazlıqları əhatəli, məntiqli izahatıyla qabaqladı. Müqavilə yeni iş üsulu kimi qəbul edildi – sovxozun direktoru müqavilə bağlanmasına razılıq verdi...
Maya Bağırovanın istədiyi və israrla həyata keçirdiyi bu təsərrüfat yeniliyi səmərəliyiylə tarixləşdi...
İnstitutu 1980-ci ildə bitirdi.
RKK-də kadr dəyişikliyi aparılırdı – komsomol sıralarında qalma müddəti keçən kadrlar partiya-sovet orqanlarına, idarə və müəssisələrə rəhbər vəzifələrə göndərilirdi, komsomol orqanlarının tərkibi gənc kadrlarla əvəzlənirdi. Rayon partiya komitəsi (RPK) təşkilat-partiya işi şöbəsinin təlimatçısı Vəli Quliyev RKK-nin birinci katibi seçildi. Bu, rayonda kadr siyasətini xeyli sürətləndirdi. Rayonda komsomol fəallarına böyük etimad göstərildi. Sərməs Əhmədov, Bayram Məmmədov, Adil Cəfərov komsomol işinə irəli çəkildi. Vəli Quliyev rayonun iqtisadiyyatına da yaxşı bələdmiş, bu iqtisadiyyatın cəfakeşlərinə də. 1981-ci il aprelin 22-də Azərbaycan LKGİ Zəngilan rayon komitəsinin növbəti plenumunda Maya Bağırova komitənin katibi vəzifəsinə təsdiq edildi. Orta məktəbi bitirdikdən 7 il sonra! Həkim olmaq istəyirdi, kənd təsərrüfatı mütəxəssisi olmuşdu. Komsomol orqanlarında gənc həkimlərlə, gənc kənd təsərrüfatı işçiləriylə işləyəcəkdi, onların fəaliyyətinin xeyirxahlarından olacaqdı...
Maya Bağırova ideoloji iş şöbəsinə rəhbərlik edirdi. Mövcud iş üsullarını bilirdi. Şöbənin işində yeniliklər yaratmaqla ideoloji işin səviyyəsini daha da yüksəltməyin mümkünlüyünü duyurdu. Bu duyum fəaliyyətdə yeni yanaşmalar yaratdı. İstər əmək, istərsə də təhsil-tədris qabaqcıllarının təkliflərini, iş təcrübələrini öyrəndi, təhlillər apardı, ümumiləşdirdi. Xatırlayıram ki, həmin illərdə rayonda komsomol siyasi təhsil sistemində təhsilin səviyyəsi yüksəldildi, gənclərin hərbi xidmətə hazırlanması işi milli-mənəvi dəyərlər əsasında yeni mahiyyət aldı. O illərdə ittifaq deyilən SSRİ-də zərbəçi komsomol tikintiləri də vüsət almışdı. Belə tikintilərdə iştirak respublikaların tanıdılması baxımından da gərəkli idi. Zəngilan RKK bu istiqamətdə də düşündürücü, tarixi, azərbaycançılığa səmərəli tədbirlər həyata keçirdi – onlarla gənc komsomol tikintilərinə işə, rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan qabaqcıl gənclər müxtəlif ali təhsil müəssisələrin hazırlıq kurslarına göndərilirdi. Həmin illərdə rayonda idmanın inkişafına da böyük qayğı göstərilirdi, idmanın kütləviliyi təmin edilmişdi. Hərbi-vətənpərvərlik yönümlü kütləvi tədbirlər yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını yüksəldirdi. Bunların hazırlanmasında, həyata keçirilməsində RKK-nin katibi Maya Bağırovanın da böyük əməyi vardı...
Maya Bağırova 1988-ci il noyabrın 4-də Zəngilan rayon partiya komitəsinin (RPK-nin) təlimatçısı vəzifəsinə irəli şəkildi. Ən böyük, ən etibarlı zəmanəti RKK-nin katibi olduğu müddətdə gördüyü işlər idi. Belə zəmanətlər həmişə işıq misallı olur – gələcək ömür yolunu işıqlandırır...
Rayon partiya komitəsi gənc partiya işçisinin ali siyasi təhsil almasını məqsədəuyğun bilmişdi. 1989-cu ildə Maya Bağırova Bakı Ali Partiya Məktəbində təhsil almağa göndərildi. İstehsalatdan, istehsalatda çalışanlarla işdən ayrılmaq asan deyildi – alışmışdı, belə işi sevmişdi, sevdiklərinin işiylə maraqlana-maraqlana, onların uğurlarının xeyirxahı ola-ola ayları il eləmişdi. İndi yeni bir mühitə alışa biləcəkdimi? Etiraz etmədi, edə bilmədi. “Məsləhət görürlərsə, etiraz etmək yersizdir, bəlkə də günahdır...”, - düşünmüşdü. Rayon partiya komitəsi onun düşüncələrini bəyənmişdi; Maya Bağırova Pakı Ali Partiya Məktəbində təhsil almağa getdi...
1992-ci ildə rayon rəhbərliyinin məsləhəti, tövsiyəsi ilə təhsilini qiyabi davam etdirməli idi – rayon İcra Hakimiyyəti Aparatının kənd təsərrüfatı şöbəsinə mütəxəssis təyin edilmişdi. İş yeri yeni deyildi, görüləcək işlər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsinə yeni rəhbərlik üslubu tələb edəcəkdi. Fəhlə kimi işə başladığı ilk iş gününü xatırlamışdı və kimsənin eşidə bilməyəcəyi səslə, “Rayonumuzda əmək işçilərə könül xoşluğu gətirəcək...”, - demişdi. Nəyi necə edəcəyini düşünməyə vaxtı vardı...
1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirərək politoloq, ali məktəblərdə və orta ixtisas təhsili müəssisələrində sosial-siyasi fənlər müəllimi ixtisası aldı...
1993-cü il aprelin 1-də Zəngilan rayon İcra Hakimiyyətinin hüquq və müdafiə məsələləri şöbəsinə təlimatçı təyin edildi. Ağır vaxtlarda o da rayonun müdafiəsinin təşkilinin cəfakeşlərindən idi. Döyüşənlərin döyüş ruhunun saxlanılmasına, əhalinin döyüşənlərlə təmaslarının bilavasitə rayonun müdafiəsi ilə bağlılığına yönəldilməsinə çalışanlardan biri də Maya Bağırova idi. O vaxtlarda mən alay komandirinin müavini idim və döyüşlərlə, döyüşənlərə mənəvi dəstək göstərilməsinin mexanizmi ilə yaxından maraqlanırdım. Müxtəlif döyüş mövqelərində olanda adı-soyadı çəkilənlərdən biri də Maya Bağırova olardı...
Zəngilan işğal edildi...
Bütün zəngilanlılar kimi Maya İbad qızı da bu ağrı-acıları yaşaya-yaşaya zəngilanlılara ümid verirdi, “Zəngilan işğaldan azad ediləcək. Biz, siz, hamımız Zəngilana qayıdacağıq. Mütləq qayıdacağıq...”, - deyirdi...
1998-ci il sentyabrın 15-də rayon icra başçısı aparatında ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. 2012-ci ilə kimi bu vəzifədə işlədi. Zəngilanın intizarını yaşada-yaşada işlədi. İşi bəyənilirdi...
2012-ci il avqustun 1-dən ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Rayon İcra Hakimiyyətində Şura üzvüdür...
Maya Bağırova fəal ictimaiyyətçi olub. 1993-cü ildən indiyədək (30 il!) “Sevil” Qadınlar Məclisinin Zəngilan rayon təşkilatının sədridir, rayonun ictimai-siyasi həyatında qadınların fəallığının artırlımasında məqsədyönlü iş aparır...
Zəngilan işğalda olan müddətdə Zəngilanın tarixinə can yandıranlardan biri də Maya Bağırova oldu. Onun təşəbbüsü ilə Zəngilan tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti bərpa edildi, muzeyin ən qiymətli eksponatı olan Vejnəli qızılının daş suxuru onun təşəbbüsü ilə tapılaraq muzeyə gətirildi. Bakının Nəsimi rayonunda qaçqın və köçkünlərlə iş aparmaq üçün ictimai əsaslarla səlahiyyətli nümayəndə olduğu müddətdə məcburi köşkünlərin pərakəndəlikdən sistemləşmiş formaya keçməsi üçün uçot vərəqələrinin hazırlanması ideyası Maya xanıma məxsusdur...
Maya Bağırova respublika miqyaslı müxtəlif qurultayların (komsomolun 30-cu, qadınların 1-4-cü qurultaylarının) nümayəndəsi olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb...
Maya xanım bu illər ərzində xalqın adamı olub, xalq adamı olub. Belə ömür yaşayanlar əlbəttə ki, hamının əzizi olur...
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”