Müxalifətin ən böyük səhvi - MÜSAHİBƏ

10:36 12-02-2019 | icon 563 | Siyasət
Müxalifətin ən böyük səhvi - MÜSAHİBƏ

 

Mütəllim Rəhimli: “Müxalifət cəmiyyətin narazılığını siyasi müstəviyə yönəldə bilmir”

 

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin Versus.Az-a müsahibəsi

 

- Mütəllim bəy, bu gün ölkədə və onun beynəlxalq münasibətlər rakusunda cərəyan edən proseslərə nəzər salsaq, Azərbaycan müxalifəti hansı siyasətində boşluqlara yol verir və bu, mövcud vəziyyətə nəzərən cəmiyyəti hansı dilemma qaşısında qoyub?

 

- Müasir dünyada qloballaşma elə bir səviyyəyə çatıb ki, Azərbaycan kimi kiçik ölkələrin müstəqil xarici və daxili siyasət aparmaları şübhə doğurur. Belə ölkələrin siyasətləri razılaşdırılmış xarakter daşıyır. Bu isə bizdə bir çox hallarda "müstəqillik" təəssüratı yaradır. Düşünürəm ki, hamı bununla razılaşar, əgər xarici siyasətdə kimlərdənsə asılısansa, daxildə heç vaxt müstəqil ola bilməzsən. Bu mənada Azərbaycanın taleyi məsələsi bizim qədər iri geosiyasi oyunçuların da diqqətindədir. Onlar isə ölkəmizin iqtisadi, siyasi, hərbi, sosial və sair inkişafından daha çox bizim resurslarımız hesabına öz tərəqqilərini güdürlər. Ona görə də son vaxtlar daha tez-tez müzakirə olunan və geniş etiraz dalğası yaradan sosial-iqtisadi problermlərlə bağlı qütbləşmə çoxalmaqdadır. Xalq hesab edir ki, iqtidar milli sərvətlərimizin xarici ölkələrə daşınmasının nəinki qarşısını almır, hətta bunu təmin etməklə hakimiyyətin ömrünü uzadır. Bu isə əksər hallarda cəmiyyətdə emossiyaları qızışdırır və onu kütlə səviyyəsinə endirir. Çox təəssüf ki, hazırda müxalifət cəmiyyətin narazılığını siyasi müstəviyə yönəldə biləcək gücdə deyil. Ona görə də biz tez-tez söyüş və təhqirləri müşahidə edirik. Bu isə gələcəkdə çox təhlükəli tendensiyalara aparıb çıxara bilər. Müxalifətin ən böyük səhvi cəmiyyətdən gələn tələbə - birləşməyə doğru addım atmamasıdır. Bu məsələ illərdir ki, həllini tapa bilmir. Ona görə də müxalifət istədiyi ictimai, sosial dəstəyi almır.

 

“Azərbaycan vətəndaşı heç onun vecinə də deyil”

 

- Son illər ictimai-siyasi fəallığı ilə seçilən, hətta vaxtilə siyasi liderlər olmuş müxalifətin bir kəsimi bir-birini açıq şəkildə ittihamlamağa, təhqir etməyə davam edir. Sərdar Cəlaloğlu bunu “nailiyyətsizlik sindromu” adlandırır. Sizcə baş verənlər nə ilə bağlıdır?

 

- Müxalifət düşərgəsi əvvəldən qarşılıqlı ittihamlarla çalxalanır. Bunun əsas səbəblərindən biri meydan və demokratikləşmə hərəkatında fəal iştirak edən liderlərin və aktiv şəxslərin Qərbə həddən artıq inamı olmuşdu. Onlar səmimi şəkildə elə hesab edirdilər ki, ABŞ və Qərb Azərbaycana demokratiya gətirəcək, ədaləti bərpa edəcək. Uzun illər davam edən belə oyunlar bu qüvvələrə Qərbin həqiqi simasını tanıtdı. Onlar gördülər ki, Qərb özünün iqtisadi maraqlarını daha üstün tutur. Həm də evini-eşiyini itirmiş, yoxsulluqdan beli bükülmüş Azərbaycan vətəndaşı heç onun vecinə də deyil. Qərbin taktikası təxminən bundan ibarətdir: “Kim mənə daha çox şeylər verərsə onu müdafiə etməyə hazıram”. Bax elə bu fikir Qərbin hakimiyyətlə birgə müxalifətin axırına çıxmasına səbəb oldu. Müxalifətdaxili pərakəndəlik təkcə uğursuzluğun yaratdığı nəticə deyil, həm də əvvəlcədən birgə planlaşdırılmış əməkdaşlığın nəticəsidir. İndi isə situasiya dəyişib. "Balanslaşdırılmış" adlandırılan ikili oyunları Qərb artıq qəbul etmir, üstəlik neft gəlirləri də azalıb. Deməli, Qərbə ötürülən pay da minimuma enməkdədir. Buna görə də ölkədə yeni siyasi ab-havanın formalaşdırılması mümkündür. İnamı daşa dəyən, uğursuzluğa, təqiblərə, əzab-əziyyətə düçar olan müxalifətin ayaq üstə dura bilməsi, həqiqətən ciddi nailiyyət kimi qiymətləndirilməlidir.

 

- Mitinqlərin keçirilməsi və bunun insanların azadlıq, demokratiya istəyinə stimul verəcəyi, bunula sanki insanları “yuxudan oyadacağı" ilə bağlı fikirlər yenilikçi addım kimi təqdim olunmağa başlayıb. İnamı itirilən, bir-birini qamçılayan bu müxalifətdən xirtdəyə qədər doyan insanları belə təsəllilərlə "sağaltmaq" olar? Əslində ona nə verilməlidir?

 

- Mitinqlər xalqın müxalifəti dəstəkləməsi kimi qəbul edilməməlidir. Bu ən azı indi belə qəbul olunmalıdır. Bu aksiyaya xalqın özü-özünü müdafiə etməsinin bir yolu kimi baxılmalıdır. Sonuncu mitinqə insanlar ona görə gəlməmişdi ki, kimisə hakimiyyətə gətirsin. Ona görə toplaşmışdılar ki, boğazacan batdıqları vəziyyətdən çıxmaqdan ötrü başqa yol tapmamışdılar. Məmurlar onları nəinki kabinetlərinə, heç yaxınlarına buraxmır, dərdlərini dinləmir. Əhalinin vəziyyəti getdikcə pisləşir. Belə bir durumda isə cəmiyyət laqeyd qala bilməz, o mütləq çıxış yolu axtarmalıdır. Təbii ki, belə böyük bir ictimai narazılığın başında siyasi bir gücün olması daha təsirli olardı. Biz fərdlərdə müşahidə etdiyimiz narazılıqları vahid gücün narazılığı kimi görmək istəyiriksə mütləq siyasi qüvvələr yenilənməlidir. Bu, birləşmə, bloklaşma, təşkilatlanma və sair formasında da ola bilər. Amma bütün hallarda düşünürəm ki, vahid liderin üzərində anlaşılmasına ehtiyac var.

 

- Mütəllim bəy, çox da uzağa getməyək, Qarabağ Komitəsinə olan intriqalı münasibətlər, eləcə də Azərbaycan Xalq Hərəkatı ətrafında gedən müzakirələr və müxalifətin onlara olan yanaşmaları əslində hazırkı dönəmdə müxalifət arasında hansı davanın getdiyini göstərir. İddialara nəzər salsaq, köhnələrin yaratdığı bu qurumlar özünü ənənəvi ana müxalifət hesab edənlər üçün nə dərəcəsə qorxuludur?

 

““Mitinqlər intensivləşərsə müxalifət birləşəcək” fikri yanlışdır”

 

- Müxalifət düşərgəsində kənar dirijorların çubuqları ilə baş verən hərəkətlər çox təhlükəlidir. Bunu adını "müxalifət" qoyanlar yaxşı dərk etməlidirlər. Onlar hakimiyyətdən qopardıqları maddiyyata təkcə öz talelərini yox, xalqın mübarizə əzmini də satmış olurlar. Sındırılmış bir cəmiyyətlə isə biz heç vaxt Qarabağı işğaldan azad edə bilmərik.

 

- Məlumdur ki, Qarabağ Komitəsi ayın 16-na mitinq təyin edib. Əvvəlki mitinqin təcrübəsinə, yəni öndə gedənlərin son anda bu mitinqə qatılmaqdan boyun qaçırmasına əsasən, növbəti gözləntilərin və bu mitinqə yanaşmaların nə olmasından asılı olmayaraq, əsas şərt kimi hansı ümumi münasibət ortaya qoyulmalıdır?

 

- Düşünürəm ki, təmsil olunduğu düşərgə, işlədiyi qüvvədən asılı olmayaraq hər kəs Qarabağla bağlı mitinqlərdə iştirak etməlidir. Bu bizim ümumi problemimizdir. Ona görə də bu çağırışa kimsə biganə qalmamalıdır.

 

- Necə hesab edirsiniz, mitinq və yeni yaranan qurumlar insanları hərəkətə gərirməklə müxalifət daxilində dialoq mühitini yarada biləcəkmi, yoxsa başqa bir vasitəçi olmalıdır?

 

- Müxalifət daxilində birliyi təbii-ictimai inkişaf təmin edəcək. Qəbul etməliyik ki, son vaxtlar cəmiyyətin narazılığının bu səviyyəyə çatmasında ölkə daxilində fəaliyyət göstərən müxalifət deyil, məhz xarici ölkələrə qaçmağa müvəffəq olmuş demokratik fikirli insanlar səbəb olub. Ona görə də “mitinqlər intensivləşərsə müxalifət birləşəcək” fikri yanlışdır. insanların indiki kimi yaşamaq istəməməsi, yaxın ətrafımızda baş verən geridönməz proseslər müxalifəti birləşməyə məcbur edəcək.

Biz eyforiyadan uzaq, soyuq başla hadisələrə qiymət verməyə çalışmalıyıq. Xüsusilə də bu qədər problemlərimiz olduğu bir vaxtda səhv qərarlar qəbul edə bilmərik. Kimin nə deməsindən asılı olmayaraq, ölkəmizdə yeni bir prosesin getdiyi görünməkdədir. Amma bu, bəzilərinin iddia etdiyi kimi kulminasiya səviyyəsində deyil, başlanğıc nöqtəsindən yenicə çıxıb. Ona görə də indi kiminsə mərkəzdə olmasından və yaxud kimlərinsə kənarda qalmasından danışmaq tezdir.

 

- İndi sanki "kim daha çox demokratdır" sualı çözülür. Sanki hamı yarışır və önə çıxmaq üçün qarşısına keşəni əzir. Bu minivalla kimi vahid lider olaraq seçə bilərlər?

 

- Düşünürəm ki, liderdən daha çox bizim yerində cəsarət nümayiş etdirən və bütün tərəfləri razı sala biləcək personaya ehtiyacımız var.

 

- Kimdir o persona?

 

- Hadisələr bu templə davam etsə, biz onu yaxın vaxtlarda görə biləcəyik.

 

- Ədalət Partiyası niyə susqundur?

 

- Mən bununla o qədər razı deyiləm. Biz baş verən proseslərin içərisindəyik və onu izləyirik. Qarabağla bağlı keçirilən mitinqlərdən də kənarda qalmırıq. Hətta bu mitinqlərin təşkilat komitəsinə daxil olmasaq belə aksiyalarda iştirak edirik.

 

- Belə deyilir ki, xalq öz içindən müxalifət yaradarsa, vəziyyət o halda dəyişə bilər, yəni köhnələr hamısı süpürülüb atılmalıdır. Amma o "süpürgəni" xalqın əlinə kim verəcək, yaxud o “süpürgəni” götürməsi üçün xalqa qarşı hansı maneələr yaradılr?

 

Əslində biz düşüncələrimizdə də inqilabdan kənar nüanslara daha çox yer verməliyik. Kiminsə süpürülüb atılmasına ehtiyac yoxdur. Bu ölkə və bu millət yaxşısı və pisi ilə birgə bizimdir. İnqilablar isə pislərlə bərabər yaxşıları da məhv edir. Üstəlik, cəmiyyətin və dövlətin inkişafını on illərlə geriyə atır. Yeni mərhələyə çıxmağımız üçün yeni liderlərə, yeni şəxslərə ehtiyacımız var. Əks halda, həqiqətən,məhv ola bilərik. Yeni sistemi cəza və kabus kimi deyil, inkişafa təkan kimi qələmə verməliyik. Onun başında duranlar da belə davranmalıdırlar.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR