11 milyon iştirakçı arasında 1-ci olan azərbaycanlı

17:19 30-05-2023 | icon 306 | İdman
11 milyon iştirakçı arasında 1-ci olan azərbaycanlı

“Çempionatın əvvəlində qalib gəlmək əlçatmaz görünürdü”

 

“Çempionatın əvvəlində qalib gəlmək əlçatmaz hədəf kimi görünürdü. Azərbaycan adını 11 milyonluq platformada səsləndirmək mənim üçün qürurverici hissdir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında İngiltərə çempionatı həvəskarları arasında keçirilən “Fantasy Premier League” yarışının qalibi olan Əli Cahangirov deyib. 2776 xalla 11 milyondan çox iştirakçı arasında birinci yeri tutan həmyerlimiz çoxlu təbrik mesajları aldığını bildirib:

 

“Həmvətənlərim tərəfindən təbrik mesajları oxumaq çox xoşdur. Ölkəmizdə futbola böyük maraq var və get-gedə “fentezi” oynayanların da sayı artır. Arzu edirəm ki, hər bir azərbaycanlı fəaliyyət sahəsindən asılı olmayaraq, ən yüksək nəticələrlə bizi hər zaman sevindirsin”.

 

Həmsöhbətimiz hər tur yaxşı nəticə əldə etmək əvəzinə ümumi mövsümü düşündüyünü və bu strategiyanın ona qalibiyyəti gətirdiyini qeyd edib:

 

“38 tur marafon kimidir. Hər tur nəticə əldə etmək əvəzinə, bütün çempionat boyu stabil nəticə daha effektiv strategiya kimi mənim xeyrimə oldu. Yəni seçimlərimdə uzunmüddətli perspektivi düşünürdüm. Bu il “Brayton”, “Aston Villa”, “Nyukasl” kimi komandaların yaxşı nəticələri oldu. Təbii ki, onların oyunçularından faydalandım”.

 

Ə.Cahangirov bəzi oyunçu seçimlərində yanıldığını etiraf etsə də, ona xüsusi uğur qazandıranların da olduğunu deyib:

 

“Yanıldığım oyunçular çox olub. Amma ümumi olaraq yüksək nəticə göstərməyimə mane olmayıblar. “Arsenal”ın oyunçularının və “Nyukasl”ın heyətində Kallum Uilsonun mövsümboyu və xüsusən son turlardakı nəticələri mənə çox kömək etdi”.

 

“Fentezi” qalibi “Sizi İngiltərə Premyer Liqasının ən yaxşı bilicisi hesab etmək olarmı?” sualını belə cavablandırıb:

 

“Çətin sualdır. Çünki bilikdən başqa, bəxt amili də oyunda böyük rol oynayır. Gələn il yenidən qalib olsam, o zaman belə demək olar (gülür). Amma bu, demək olar ki, mümkünsüzdür”.

 

“Arsenal” azarkeşi olan Cahangirov ondan fərqli olaraq komandasının çempionluğu əldən verməsinə də münasibət bildirib:

 

“20 ildən çoxdur, “Arsenal” azarkeşiyəm. Bu il çempionluğa çox yaxın olduq. Amma haqlı olaraq “Mançester Siti” qalib gəldi. Çünki daha güclüdür. “Arsenal”ın heyəti isə gənc oyunçulardan ibarətdir. Ümid edirəm, növbəti mövsüm, çempionluq sevincini yaşamaq nəsib olacaq”.

 

Əli Cahangirovu “Fantasy Premier League”in qalibi olması münasibətilə İngiltərəyə səfər və çempionat oyunlarını izləmək hədiyyəsi gözləyir. O bildirib ki, səfər zamanı məhz “Arsenal”ın oyunlarını izləyəcək. Ancaq hələ növbəti mövsümün təqvimi bəlli olmadığından hansı matçlara gedəcəyini deməsi mümkün deyil.

 

Qeyd edək ki, “Fentezi Futbol”da iştirakçı virtual büdcə daxilində daha yaxşı performans göstərəcəyini hesab etdiyi 15 futbolçudan ibarət heyət qurur və turnir ərzində onların çıxışına görə xallar qazanır, yaxud itirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR