Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

14:53 05-06-2023 | icon 446 | Cəmiyyət
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

28 may 2023-cü il tarixində qardaş Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunun uğurlu nəticələri ilə bağlı düşüncələrim.

 

28 may günü hamımız üçün çox əziz və dəyərli olduğu kimi, bir o qədər də unudulmaz, tarixi, zəfərli bir gün oldu. 28 may günü hamımız sanki öz yubiley ad günümüz imiş kimi sevinir və səhərin ilk işıqlarının parladığı andan günəşin batdığı, yer üzünün qaranlığa boyandığı ana qədər həmişə fərəhləndiyimizdən, sevindiyimizdən də artıq fərəhlənir, sevinir və qürurlanırdıq. Çünki 28 may Azərbaycanın Müstəqillik Günü, vətənimizin illərin məngənəsindən çıxıb respublika kimi azad bir dövlət statusu qazandığı gündür. İndiki varis Azərbaycanın özülü, təməli, əsası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Qeyd etdiyim kimi 28 may gününə sevinməyə səbəblərimizin əsaslarından biri bu amildir.


Lakin bu ilin 28 may günü təkcə Azərbaycanımızın yox, bütün Türk və İslam aləminin sevinclə, toy-bayramla qeyd edəcəyi və heç bir zaman unutmayacağı, ömürlük yaddaşlarda qızıl hərflərlə həkk edəcəyi, saxlayacağı bir gün oldu. Bu ilin 28 may günü ürəyi Vətən eşqiylə, millət və ümmət sevgisiylə çırpınan, damarlarında qızıl qanı həmişə türk deyə qətrə-qətrə axan hər kəs üçün əbədiləşdi, böyük bir tarixilik, əbədiyaşarlıq statusu qazandı, qeyd edilən bütün əlamətdar günlərdən, bayramlardan olduqca fərqlənən bir bayram oldu. Belə ki, 2023-cü ilin 28 may günündə bütün hədə-qorxularla, səylərlə, ayrı-ayrılıqda maraqları olan, lakin Türkiyəni yıxmaq, onu xarici maraqlara tabe etmək üçün birləşən düşmənlərin cəhdlərinə baxmayaraq Türk milləti hegemonluğa, haqsızlığa, ədalətsizliyə yox dedi. Türk millətinin imdad, ümid yeri olan, ədalətin əbədi yanan işığı, bu xüsusiyyətlərinə görə haqqa tapınan hər kəsin qəlbində ülvi bir yerə sahib olan, cəsurluğu, mərdliyi, qəhrəmanlığı və dönməzliyi ilə bütün türk və müsəlman aləminin haqq yolunda sipərinə, dayağına çevrilən bir fenomen – bu yolda hətta dünya lideri olan Rəcəb Tayyib Ərdoğan yenidən qardaş Türkiyə Cümhuriyyətinin prezidenti seçildi.


Dünya arenasında Azərbaycanın haqq səsinə səs verən, haqqa, ədalətə ikili yanaşma dünyasında bizə qardaşlıq əlini uzadan, haqq yolunda sona qədər bizə dəstəyini əsirgəməyən və bizim də hər zaman qardaşlıq dəstəyimizi əsirgəmədiyimiz haqq dünyası lideri olan Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi xeyir qüvvələr üçün son dərəcə gözlənilən, istənilən və arzulanan idi. Onu dəstəkləyən, haqqı seçən, haqqın tərəfində olan hər kəs çox gözəl bilirdi ki, Türkiyədə keçirilən prezident seçkiləri sadəcə Türkiyənin gələcəyi üçün olan bir seçim deyildi. Bu seçkidən əldə olunan nəticəni dost da, düşmən də, ağlı-qaralı bütün dünya səbirsizliklə gözləyirdi. Uzun illər Türkiyəni zəiflətməyə çalışan, regiondakı mühüm təsirini azaltmaq istəyən Türk və İslam düşmənləri bu seçkinin nəticəsinin Ərdoğanın lehinə olmamasını çox istəyir, arzu edir, bu yolda dəridən-qabıqdan çıxır, olmayan canfəşanlıq edirdilər. Onlar bu yolda qurduqları xain, məkrli, ikiüzlü planlarına güvənir, 1919-cu ildə Türkiyəni işğal edən müttəfiq qoşunları kimi Türkiyəni bölmək üçün səbirsizlənirdilər. Tarixin 100 il əvvəlinə qayıtsaq, bu nahaq yolda iyrənc planların həyata keçirilməsi üçün heç nəyin dəyişmədiyini asanlıqla görə bilərik. O vaxtlar məkrli düşmənlər tərəfindən məngənələrdə sıxılan, hər tikəsinin bir fərqli düşmən tərəfindən ayrıldığı, parçalandığı bir Türkiyə var idi. Hətta demək olar ki, Türkiyə yox kimi idi. Onun çökməsindən həmişəki kimi tülkü xislətli düşmənləri yararlanmışdılar. Keçmiş Türkiyə ilə indiki arasında fərqli olan bir şey var idi ki, 100 il əvvəlki xarici müttəfiq qoşunlarının üzvləri 100 il sonra Ərdoğana düşmən kəsilənlərin babaları idilər. Azərbaycan da, mənfur qonşumuz ermənilər də yenə fərqli mövqedə idilər. 100 il əvvəl Türkiyənin parçalanması hər kəsdən çox ermənilərə sərf edir, ermənilər xüsusi cəldliklə, canfəşanlıqla Trabzondan başlamış Qars və Iğdıra qədər bütün torpaqları özlərinə götürmüşdülər. Azərbaycan da Qırmızı Ordu adlanan işğalçı qoşunlar tərəfindən əsir alınsa belə yenə də Türkiyəyə qardaş köməyini əsirgəməmişdi. Nəticədə, Türkiyə düşmənlərin pəncəsindən xilas oldu, Türk milləti və ona dəstək olanlar tək yumruq kimi birləşib sıxılaraq Türkiyəni yenidən müstəqilliyinə, azadlığına qovuşdurdu.

 

100 il sonra isə eyni məqsəd və bəd məramla bu hadisələr yenidən təkrar olundu. Lakin bu dəfə faktiki olaraq ittifaq qoşunları və gizli düşmənlər — heç kəs heç bir yeri işğal etmirdi. Qarşıdan seçki günləri gəlirdi. Keçmişin işğalçı müttəfiq qoşunlarını qəhrəmanlaşdıran türk düşmənləri Türkiyəni gündən-günə inkişaf etdirən, türkləri və müsəlmanları dünya arenasında layiqincə təmsil edən, xarici siyasəti ilə bütün dünya liderlərinə dərs verən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməməsi üçün əllərindən gələni edirdilər. Bu çirkin planlar və oyunların həyata keçirilməsində ermənilər digər düşmənlərdən heç də geri qalmadılar. Onlar öz çirkin məqsədlərinə nail olmaq üçün Ərdoğanın rəqiblərini, yəni özləri kimi terrorçuları dəstəkləyənləri, hətta lazım gələndə terrorçuları maliyyələşdirənləri Türkiyədə prezident kimi görmək istədilər. Hətta bir az da qabağa gedərək “28 mayda hamınız görəcəksiniz” kimi çıxışlar belə etdilər. Azərbaycanda isə bu parlaq, şanlı qələbədən qabaq bir rahatlıq, əminlik, haqqın, ədalətin zəfər çalacağına böyük bir inam var idi. Hamı 28 May gününü həm Azərbaycanın müstəqilliyi, həm də Ərdoğanın zəfəri günü kimi qeyd etməyi səbirsizliklə gözləyir və o ana can atırdı. Yeddidən-yetmişə haqq-ədalət yolu ilə irəliləyən, bu yolu arzulayan hər kəs bu mübariz, qəhrəman liderə dəstək verdi, bu yolda onu yalnız buraxmadı. Mən də həmişə olduğu kimi bir türkçü, haqq-ədalət yolunu tutan bir Azərbaycan yeniyetməsi olaraq Türkiyəmizə və cənab Ərdoğana dəstək mesajımı seçkilərin ilk turu keçirilən 14 may tarixində də, ikinci tur olan 28 may tarixində də sosial şəbəkə üzərindən izləyicilərimə bildirdim.


Nəhayət, səbirsizliklə, ürək coşqusu ilə gözlədiyimiz tarix — 28 may günü gəldi. Hamımız həyəcanla qələbə xəbəri ilə müjdələnəcəyimiz anı gözlədik. Bir an öncə Ərdoğanın qalib gəlməsini, həmişəki kimi müzəffər olmasını istədik və qəlbimiz Türkiyəmiz, Turan və İslam birliyi üçün çırpındı.


Axır ki, intizarla, həsrətlə gözlədiyimiz xəbər gəldi. Bayramın bayrama qarışdığı an gəldi. Türkiyə Cümhuriyyətinin Mərkəzi Seçki Komissiyası nəticələri elan etdi. Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə ümumi səslərin yarısından çoxunu toplayaraq rəqiblərinə, Türkün düşmənlərinə şans, aman, macal vermədi və yenidən Türkiyənin prezidenti oldu! Ədalətsevər xalq ona güvəndi, onu həmişəkindən daha artıq istədi və yenidən onu seçdi! Türk xalqı bu zəfəri təkcə Ərdoğana yox, həm özlərinə, həm də bizə — bütün Türk və İslam dünyasına yaşatdı! Uca Allah Vətən müharibəsindəki qələbəmizdən sonra bir dəfə də haqqın Zəfərini bizə yaşatdı! Buna görə Uca Yaradana həmd olsun!


Bu tarixi zəfər tarixlər boyu həm də ona görə unudulmayacaq ki, çox əlamətdar bir gündə, Azərbaycanımızın Müstəqillik bayramı günündə qazanıldı, bununla da bayram bayrama qarışdı. Təkcə Azərbaycan xalqı deyil, həm də Türkiyədəki azərbaycanlılar da cənab Ərdoğanı ürəkdən dəstəkləyirdilər. Burada Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz bir nişanəsi, türk milliyyətçilərinin fəxri, azərbaycan əsilli cənab Sinan Oğanın adını qürurla çəkə bilərəm. Sinan Oğan seçkilərin ikinci turunda öz həlledici, olduqca vacib olan səsini haqqa, ədalətə verməklə cənab Ərdoğanı dəstəklədi, düşmənləri sevindirmədi, onlara imkan vermədi. Haqq yolunda atdığı bu mühüm, vacib, möhtəşəm addıma görə türkün düşmənləri onu heç də yaxşı qarşılamasalar da düşmənin heç bir məkrli qarayaxması onu müqəddəs bildiyi amalından döndərə bilmədi. O, seçdiyi haqq yolunu Türk milliyyətçiləri üçün, Türk milləti, türk xalqı üçün və başlıca olaraq Turan üçün etdiyini bildirərək bu yolda daim mətin addımlarla addımlayacağını, heç bir düşmən planının ona mane ola bilməyəcəyini xüsusi olaraq vurğuladı. Başda cənab Prezidentimiz İlham Əliyev, eyni zamanda hörmətli Sinan Oğan da daxil olmaqla bütün azərbaycanlılar sona qədər haqqın, ədalətin, müstəqilliyin, mübarizliyin, türkçülüyün, mətinliyin, dönməzliyin, halallığın simvolu olan cənab Ərdoğanın yanında durdular, ona mənəvi dəstək oldular və 28 mayda onun sevincinə şərik olub bu iki bayramı bir yerdə qeyd etmənin də ayrı bir zövqünü yaşadılar!.. Vaxtilə Boraltan faciəsi səbəbindən yaralanan, zədələnən qardaşlığımız cənab Ərdoğan və cənab İlham Əliyev qardaşlığı ilə sayalandı, sağaldı, şəfa tapdı, gündən-günə möhkəmləndi. Bu sarsılmaz qardaşlıq bir daha, inşəAllah, zədələnməyəcək, 28 may zəfəri ilə irəliləyəcək, daim yüksələn xəttlə inkişafda olacaq!


Bu zəfər həm də bir sınağın nəticəsidir. Çünki Uca Allah Türkiyəni zəlzələ ilə sınamışdı. 50000-dən artıq insan Kahramanmaraş zəlzələlərində həlak olmuşdu. Düşmənlər bunu da fürsət bilib səssizcə Türkiyənin çökməsini gözlədilər. Ancaq Türkiyə çökmədi, daha da yüksəldi və zəlzələdən əziyyət çəkən insanların 80-90 faiz səsi ilə bu zəfəri qazandı!


Bu zəfərin bir əlamətdarlığı da 29 mayda, yəni seçkilərin nəticəsi bəlli olduqdan qısa vaxt sonra həmin tarixi günü Fateh Sultan Mehmedin İstanbulu fəth etməsinin 570 illik yubileyi ərəfəsində olması idi. Türkün və müsəlmanın düşmənləri İstanbulun fəthi ərəfəsində yüzilliklərin “ağır yarasının” sarılacağını, “1453-cü ildə başlayan zülmün bitəcəyini”, bir sözlə, zəfərdən zəfərə qaçan türklərin yıxılacağını fikirləşirdilər. Lakin millətin iradəsi yenə də öz sözünü dedi və şər qüvvələr üzərində qalib gəldi. Millət Türklüyün dünən də, bu gün də, sabah da – hər zaman qalib olduğunu və olacağını göstərdi.


Hamımızın ürəyini dağa döndərən bu zəfər məni də olduqca çox sevindirir. Ona görə də dözməyərək bu gözəl hisslərlə yazdığım məqaləmi eyni hisslərlə yazdığım “Mübarəkdir Zəfərin, Rəcəb Tayyib Ərdoğan!” adlı şeirimlə bitirirəm. Allah Türkə, müsəlmana, türkü, müsəlmanı sevənlərə yar olsun! Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi biz bir millət, iki dövlətik. Allah Türkiyə-Azərbaycan qardaşlığını əbədi etsin! Amin!

 

 


Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!


Türk və İslam dünyası sənin ilə ucaldı,
Xəbislərin arzusu ürəklərində qaldı,
Qazandığın bu zəfər hər bir yerdə ad saldı,
Milyon-milyon ürəklər sənlə döyünür hər an,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Oğul nəvazişiylə dirçəltmisən yurdunu,
Daim gücləndirmisən zəfər çalan ordunu,
Açmısan qələbəyə müsəlmanın yolunu,
Haqqın düşmənlərini məğlub edən qəhrəman,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

28 mayda şanlı tarixi yazdın,
Quyu qazan düşmənə dərin bir quyu qazdın,
Sən həmişə Həkəri, Köndələnçay, Arazdın,
Bayramının sədası yüksəlir Qarabağdan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Düşmənlərə vurmusan öldürücü zərbəni,
Sən ey türkün Bozqurdu, yenilməz bir ərəni,
Haqqın tərəfdarları bir an unutmaz səni,
Səninlə qurulacaq Türkün birliyi – Turan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Sənə səs vermək üçün haqqsevənlər tələsdi,
Bu millətin qərarı düşmən səsini kəsdi,
Səmalarda, nəhayət, Qızılalmamız əsdi,
Səninlədir oğul, qız, həm qoca, həm də cavan,
Mübarəkdir Zəfərin, Rəcəb Tayyib Ərdoğan!

İstanbulun fəthinin yeni ildönümündə,
Anam Azərbaycanın müstəqillik günündə,
Zəfər çaldın Turanın düşmənləri önündə,
Həmişə qürur duyur səninlə Azərbaycan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

 

 

 

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ