Muzeydə 27 Sentyabr tarixi anıldı
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov qonaqları salamlayaraq, xalqımızın qürur qaynağı olan Vətən Müharibəsindən danışıb, tədbir iştirakçılarına tarixi zəfərimizdən, torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri olmuş Vətən Müharibəsi şəhidləri və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. F.Cabbarov çıxışında şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu, tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğulayıb.
Daha sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı şəhid ailələrinin üzvlərini və qaziləri salamlayaraq, xalqımızın daima onlara borclu və minnətdar olduğunu bildirib. Akademik N.Vəlixanlı ölkəmizin bu şanlı tarixinin əbədiləşdirilməsi istiqamətində muzeyin gördüyü işlərdən də danışıb.
Sonra Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailə üzvləri- şəhid baş gizir, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, şəhid baş leytenant Məlikov Mahmudun atası Təhmasib Məlikov, şəhid polkovnik leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid kapitan Mikayıllı Samirin əmisi oğlu Ülfət Sultanov, qazi Pərvin Şahməmmədov tədbirdə çıxış edərək, müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra qonaqlar muzeyin Vətən müharibəsi fondunda qorunan şəhid və qazilərin şəxsi əşyaları ilə yaxından tanış olublar. Şəhid və qazilərin ailə üzvləri əşyaların qorunmasında xüsusi xidmətlərinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR
Yüksək sıxlıqlı lipoprotein çatışmazlığı...