Prezident problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı

14:10 28-02-2019 | icon 499 | Siyasət
Prezident problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

 

Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.

 

Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

 

Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.

 

Dövlət başçısı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alıb ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Azərbaycan Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

 

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

Bu fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

Maliyyə Bazarlarına Nəzarət Palatasınə tapşırılır ki, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə bu fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin; bu fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Maliyyə Nazirliyinə və Azərbaycan Mərkəzi Bankına məlumat versin.

Müəyyən edilir ki, bu fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Azərbaycan Mərkəzi Bankına tövsiyə edilir ki, bu fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; bu fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; bu fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

Banklara tövsiyə edilir ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Prezidentinə, Maliyyə Nazirliyinə və Azərbaycan Mərkəzi Bankına məlumat versin; bu fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Mərkəzi Bankına müraciət etsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:

- fiziki şəxslərin xarici valyutada 10 min ABŞ dollarınadək və ya milli valyutada 17 min manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

- 10 min ABŞ dollarınadək və ya 17 min manatadək məbləğ dedikdə müvafiq olaraq 10 min ABŞ dollarının və ya 17 min manatın da daxil olduğu məbləğ;

- bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

- bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

- ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

- vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

- restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;

- güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

- faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;

- məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

 

Maliyyə Nazirliyinə bu fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görmək; bu fərmandan irəli gələn digər tədbirlər görmək tapşırılıb.

 

Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB