“Qarabağ problemi Azərbaycan ikiyə bölünəndən başlayıb”

21:27 02-03-2019 | icon 2601 | Cəmiyyət
“Qarabağ problemi Azərbaycan ikiyə bölünəndən başlayıb”

Eluca Atalı: “Çıxış yolumuz Azərbaycanın bütövləşməsidir”

 

 

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın İran Respublikasına məhz Xocalı Soyqırımı günü "təsadüf edən" səfəri həm mətbu orqanlarında, həm də sosial mediada geniş rezonans doğurub. Bu səfərdən bir neçə gün öncə isə H.Ruhaninin İran İnqilabının 40-cı ildönümü ilə əlaqəli yürüşdə Azərbaycana qarşı səsləndirdiyi ərazi iddiaları ilə bu səfərin üst-üstə düşməsi bir sual doğurub: Azərbaycanın ən acılı günündə sözdə "din qardaşı" olan İranın "əlaqələri ilə fəxr etdiyi" işğalçı Ermənistanla "dostluq müqaviləsi" imzalaması bir təsadüfdürmü? Açıq-aydın düşmənçilik mahiyyəti daşıyan bu "qədim dostluq" doğal olaraq Türk dünyasında, eləcə də yurddan kənarda yaşayan soydaşlarımızda haqlı hiddət doğurmuşdur.

 

Belə soydaşlarımızdan biri də İsveçdə yaşayan, Azərbaycan diasporunun ən fəal üzvlərindən biri, publisist-yazar Eluca Atalıdır.

 

Eluca Atalı məsələylə bağlı açıqlamasında bildirib ki, burda heç bir təsadüf yoxdur, əksinə, qəsddir:

 

“Amma gerçəyə qalanda biz İrandan bundan artıq davranış gözləyə bilmərik. Birincisi, İran nə vaxt Ermənistanı zəbtçilik, işğalçılıq siaysətinə görə qınamışdı ki, indi biz ondan inciyək. Bu yalnız İranın "dini qardaş" yalanına inananları çaşdıra bilər. Biz sadəlövh olmamalıyıq, məgər bilmirik ki, Qarabağ problemini bizim üçün yaradan dövlətlərdən biri, birincisi olmasa da, birincinin yanında duran İrandır. İran cəhd edir ki, Qarabağ problemi uzansın, biz ondan nə çıxış yolu üçün kömək istəyirik, nə də bunu güdürük. Çünki Qarabağ probleminin uzanması ilə İran 40 milyonluq Güney Azərbaycan türkünə sübut etmək istəyir ki, Azərbaycan müstəqil oldu, amma torpağını itirdi”.

 

"Dostluq müqaviləsi" məsələsinə gəlincə, Eluca Atalı Ruhaniyyatçı olduğunu vurğulayaraq, bu üzdən məsələyə siyasətçi kimi yox, ruhaniyyatçı gözü ilə baxdığını bildirib:

 

“Siyasətdə dostluq yoxdur, mənfəət var, bəhrələnmə var, alıb-aldatma var. 1813-cü ildə İran və Rusya arasında bağlanan Gülüstan sülh müqaviləsində yazılmışdı: "Sülh və dostluq naminə bağlanan müqavilə". Sənədin adı belə yalanla dolu idi. Bu dostluq və sülhün ömrü nə qədər oldu? Cəmi 15 il... Yenə İran və Rusiya arasında savaş başlandı, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsində utanmadan yenə həmin cümləni təkrarladılar. Bismarkın fikrincə desək, "Siyasətdə dil fikri gizlətmək üçündür." Nə İran, nə də Rusiya bu sülhü və dostluğu "qoruya" bilməzdilər və qorumadılar da. Çünki mənfəətləri toqquşurdu. Qaldı, bu savaşda ermənilərin mövqeyinə, onların dərdi erməni dövləti yaratmaqdan ötrü ruslara yalmanmaq idi. Mənfəətlərini güdürdülər. Nəticədə İran erməniləri Qarabağa və İrəvana köçürüldülər, İrəvan və Naxçıvan xanlıqları ləğv olunub, yerində İrəvan quberniyası yarandı, idarəçilik də ermənilərə tapşırıldı. Erməni ilə dostluq bu gün molla hakimiyyətinə yarayır, Azərbaycanı zəif salmaq üçün. Qarabağ problemi Azərbaycan ikiyə bölünəndən başlayıb, çıxış yolumuz Azərbaycanın bütövləşməsidir.

Ata deyir: "Erməni fiziki gücdən qorxandır, erməniyə 50 milyonluq azərbaycanlı təpiyi lazımdır. Və Azərbaycan Qafqazda elə bir çaydır ki, türk dünyası adlanan böyük dənizə axır. Qafqazda nə erməninin, nə gürcünün, nə də çeçenin belə bir şansı yoxdur. Biz şanslı millətik”.

 

İran prezidenti Ruhaninin İran İnqilabının 40-cı ildönümü ilə əlaqədar düzənlənən yürüşdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, 1828-ci il Türkmənçay sazişi ilə İranın şimal hissəsini itirdikləri iddiasına da münasibət bildirən E.Atalı qeyd edib ki, əslində Türkmənçay müqaviləsi bağlanan zaman İranı türk Qacarlar sülaləsi idarə edib:

 

“Tehran mərkəzli hakimiyyətə ata Qacar Fətəli şah, Təbriz mərkəzli hakimiyyətə oğul, şahzadə Abbas Mirzə Qacar başçılıq edirdi. Rusiyanın qopardığı torpaqlar Təbriz mərkəzli Azərbaycan torpaqlarıdır, bu yerlərdə bir nəfər də olsun fars yaşamırdı, xanlar da türklər idi, torpaqlar da Azərbaycanın qədim yurdu idi. İran İslam inqilabı faşizmdən sonra bəşərə gəlmiş növbəti bəla, insanlığa ləkə olan qaniçən sistem mollaların xəyal etdiyi kimi idarəçiliyi bacarmadılar.

 

İranda artıq sosial partlayış göz qabağındadır, bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyində də iflas özünü göstərir. Bu üzdən ortaya yeni mövzu atıb ictimaiyyəti bununla məşğul etmək istəyirlər. İnqilabın əsas məqsədi dini inqilabı bütün dünyaya yaymaq idi, bundan ötrü İran qüds ordusu yaradılmışdır ki, başında da Qasım Süleymani dururdu. Qüds ordusu ilk praktikalarını Livan, Yəmən, İraqda təcrübə etdi, şiələri tərəfinə çəkdi, hizbullahı silahlandırıb saldılar camaatın canına. Nəticə olaraq, bu gün Yəməndə 30 milyon acından ölür, Livanın bir hissəsinə siyasi baxımdan İran, digər hissəsinə Səudiyyə Ərəbistanı nəzarət edir və digər İranla qonşu dövlətlər bu inqilabdan ziyansız keçinə bilmirlər.

Ümumilikdə isə mollalar istəklərinə yetə bilmədilər, çünki inqilabın canında zor vardı. Yerigəlmişkən, bizim Quzeyli soydaşlarımız Güneylilərədn fərqli olaraq molla rejiminin əsas mahiyyətini bilmədikləri üçün bu sistemin mahiyyətini beş-üç kəlmə ilə açmaq istəyirəm.

 

Bilirsiniz ki, dini inqilabın başında Ayətullah Xomeyni dururdu, onun idarə üsulunda üç əsas şərt var idi: Birinci, elm, bilim adamlarını idarəçilikdən uzaqlaşdırıb, mömünləri, din adamlarını onlarla əvəz etmək. İkincisi, zindanların sayın artırmaq. Zindanların adını şəfaxana qoymuşdu Xomeyni, xəstələr orda sağalırdılar, xəstələrsə dustaqlar idilər. Zindanda işgəncə verən müstəntiqlər həkim hesab edilirdilər, sağalmayan xəstələri öldürürdülər. Yəni islah olunmayan dustaqlar öldürülürdü və Xomeyni bunu onların xeyrinə edildiyini bəyan edirdi ki, onlar yaşamaqları ilə günaha batırlar, Xomeyni onları günahdan uzaqlaşdırmaq üçün öldütdürürdü. Günahsız, təsadüfən öldürülənlərə isə inqilah şəhidi adı verirdilər.

Üçüncü isə qadınlara baxış idi. Zindanda olan zindanilərin üçdə biri qadınlar idi, amma ən ağır işgəncə qadınlara verilirdi. Dinə görə, qiz uşaqları edam olunarsa, cənnətə düşə bilərdilər, Xomeyni onları "cənnətlə" mükafatlandırmaq istəmədiyindən edam qabağı qızlarla pastarların siğə olunub, sonra edam olunması fərmanını vermişdi. Bəzən zindandakı müstəntiqlər də məhbus qadınlarla siğə edirdilər, bir neçə saatlıq və ya günlük, qadınlar da buna razı olurdular ki, işgəncədən qurtarsınlar”.

 

Güneyli soydaşlarımızın sərt reaksiyası və bu etirazların hər gün böyüməkdə olmasna da diqqət çəkən Eluca xanım vurğulayıb ki, molla sayıqlaması biz tərəfdən həzm ediləcək yem deyil:

 

“Hələ 2006-2007-ci illərdə Ərdəbildə yayımlanan "Şimalı İran" qəzetinə "İran fars rejiminin Quzey Azərbaycana sahib olma yuxusu" adlı məqaləmlə etirazımı bildirmişdim. Quzey Azərbaycanı həmin qəzetdə "Şimalı İran" adlandırırdılar. 2012-ci ildə Stokholmda internet kursunda kurs rəhbərim fars idi. Bakıdan gəldiyimi biləndə internetdən xəritəni açıb mənə Bakını göstərərək, "Burası Quzey İrandır"- dedi. Ardından mən də Tehranı açaraq "Bura Quzey Azərbaycandır!" - deyib, barmağımı üzərinə basdım. Əvvəl pərt oldu, sonra gülümsənib "Jag skojar" (Zarafat edirəm) - dedi. "Torpaq zarafat mövzusu ola bilməz." - Cavabın verdim.

Molla rejimi öz təbliğatında ardıcıldır, amma unutmasın ki, bir əsrdə 4 inqilab edən millət bu hadisəyə etinasız yanaşacaq. Əslində biz o rejimdən yox, onlar bizdən qorxmalıdırlar ki, altlarında 40 milyonluq barıt çəlləyi var, istənilən zaman partlaya bilər. İran demokratları da molla xülyasına heç bir cavab vermirlər, haqsızlığa susmaq, ona şərik olmaq deməkdir. Belə getsə, İran demokratlarının balaca siyasi ağılları İranı bir dövlət kimi parçalayacaq.

Tehran universitetinin siyasi elmlər üzrə mütəxəsisi Sadiq Ziba Kalam deyir ki:
"Mən bəluçun, ərəbin, kürdün silahlanmasından qorxmuram, mən türkün susmasından qorxuram. Görmürsünüz, onlardan xəbər yoxdur."

Artıq İran molla rejimi və İran "demokratlarının" insafına bel bağlamayıb, Milli Azadlıq Hərəkatı xəttini tutmuş Güney Azərbaycan türkü İran üçün ən böyük hədədir. Ruhaniyə cavab demirəm, çünki bizim hərəkat cavab, reaksiya hərəkatı deyil, yoldur, Güneyin Müstəqilliyi yolu, sonda Bütöv Azərbaycan”.

 

Pakizə Babazadə
/İsveç/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI