“Elçibəy də, Heydər Əliyev də, Rəsul Quliyev də o adamı aldatmışdılar”
QƏZAN MÜBARƏK
Əli Əliyev: “Etimad paketinə xəyanət edən adam siyasətdən getməlidir”
(əvvəli bu birinci və ikinci linkdə)
- ...Tibb Universitetini bitirmisiniz və səhv etmirəmsə indi də həmin ali məktəbin müəllimisiniz. Digər siyasətçilərlə müqayisədə sizin öz opponentlərinizi həm də fizioqnomik baxımdan qiymətlındirmə bacarığınız və təcrübəniz daha böyük olmalıdır. Məhz bu baxımdan da opponentiniz olan o zamankı Əli Kərimlinin fizioqnomik cizgilərini təqdim edə bilərsinizmi?
- Mən ixtisasca fizioqnomik deyiləm və sifət cizgiləriylə də insanın niyyətini demək olmaz. Mən insanların atdıqları addımlarına və verdikləri bəyanatlara daha çox diqqət yetirirəm.
- İnsanların atdığı addımlarına daha çox diqqət yetirən bir partiya sədri və vətəndaş Əli Əliyev 2006-cı ildən ta bu günədək hansı inkişafa nail olub?
- Hesab edirəm ki, partiyamız bu illərdə ölkənin siyasi faktorlarından birinə çevrilə bilib. Mənim özümün siyasətçi kimi formalaşmağımda, cəmiyyət tərəfindən tanınmağımda fikrimcə şəxsi irəliləyişlərim də olub. Partiya sədri kimi mən müxalifət düşərgəsinə çox çətin bir dönəmdə qədəm qoymuşam. Bu illərdə öz sifətini qoruyub saxlamaq, təslim olmamaq, xarici qüvvələrin və hakimiyyətin şirnikləndirici təkliflərini qəbul etməmək bizim şücaətimizdir. Və bu kontekstdə gördüyümüz işlər, əlalxüsus bu hakimiyyətə qarşı müxaliflik etmək bəndə işi deyil. Mən bu hakimiyyəti ən sərt şəkildə tənqid edən çox azsaylı adamlardan biriyəm...
- Sizin başqalarından fəqliliyiniz nədədir ki?
- Başqalarından fərqli olaraq mən tənqid edəndə hakimiyyət iyerarxiyasında kimlərəsə fərq qoymamışam...
“RÜSTƏM İBRAHİMBƏYOVA ONU DEMƏK İSTƏYİRDİM Kİ...”
- Səmimiliyinizə inandığıma görə ərkyana soruşuram. Əli bəy, 90-cı illərdən ta indiki dövrə qədərki lal hadisələrlə bağlı sizin dedikləriniz, sizin söylədiklərinizi saf-çürük edəndə “həqiqəti” sübut edən yalanlarınız çoxdurmu?
- Qətiyyən, danışdıqlarımda, söylədiklərimdə heç bir yalan yoxdur.Və hər zaman söylədiyim fikrin altından imza atmağa hazıram.
- VİP sədri Rüstəm İbrahimbəyovu debata çağırmışdı bir ara. Nəyi sübut eləmək istəyirdiniz ona, İbrahimbəyovu siz hansı fakt qarşısında qoymaq istəyirdiniz?
- Rüstəm İbrahimbəyova onu demək istəyirdim ki, qardaşım, Azərbaycanda müxalifət düşərgəsinin aparıcı şəxsi olmaqla yanaşı Moskvada yaradılmış “Milyarderlər klubu”nun Bakı üzrə koordinatoru olmaq bir araya sığmır. Rüstəm İbrahimbəyovun apardığı mübarizə siyasi mübarizə deyildi. Moskvanın himayəsilə Azərbaycanda prezidentliyə namizəd olmaq Azərbaycan ziyalısına yaraşmaz. Mən onun bacarmadığı işin dalısınca getməyini qəbul etmirəm, ona yaraşdırmıram. Amma ssenarist kimi Rüstəm İbrahimbəyovun imkanları çox böyükdür. Siz onun Nursultan Nazarbayevin təklifi ilə “Köçəri” filminə baxın və sonra qiymətləndirin.
- Siz deyən yanlışlığı Milli Şura adlanan qurum dərk etmirdi ki, onun namizədliyini müdafiə edir, irəli sürür, təbliğat aparırdı?
- Bir söz deyə bilmərəm. Amma İsa Qəmbər onda açıq bəyanat da vermişdi. Guya sən demə o Milli Şura üzvləri bunun Rusiya layihəsi olduğunu özləri də bilirmişlər və bunu Cəmil Həsənlinin simasında sonradan Azərbaycan layihəsinə çevirmək istəyirmişlər. Onda adama deyərlər ki, sən niyə bu layihə Azərbaycan layihəsinə çevriləndə o qurumu tərk edirsən?
- İbrahimbəyovun Bakıda keçirilən yubileyinə münasibətinizi bilmək istərdim.
- Deyə biləcəyim odur ki, o, yubiley keçirməyə gəlməmişdi. Onun gəlişinə şəraitin yaradılması da siyasi məsələ idi.
““QAFQAZ EVİ” İDEYASININ FORMALAŞMASI MÜMKÜN DEYİL”
- “Qafqaz evi” məsələsinə Əli Əliyevin münasibəti necədir?
- Bu məsələ 90-cı illərdən əvvəl mümkün idi. İndi “Qafqaz evi” məsələsinin formalaşmasının qarşısını almaq üçün böyük güclər var. Bugünkü Ermənistanın addımları və Rusiyanın aqressivliyi fonunda “Qafqaz evi”nin formalaşması mümkün deyil.
- Siyasətdə qısırlıq siyasi genlə bağlıdır, yoxsa zaman faktoru çərçivəsində ortaya çıxan arzu və istəklərlə?
- İfadəni qəbul etmirəm. Siyasət birbaşa cəmiyyətlə bağlıdır və cəmiyyət də qısır ola bilməz.
- AMİP-i quranlardan olmusunuz. Bəs dağıdanlar kim oldu? Onların məqsədləri, məramları və qəsdləri nə idi bunda?
“PARTİYALAR O ZAMAN DAĞILIR Kİ..”
- Siyasət belə şeydi ki, siyasətçi gərək etimadı itirməsin. Siyasətçi insanlardan etimad paketi alır. Etimad paketinə xəyanət edən adam siyasətdən getməlidir. Partiyalar o zaman dağılır ki, onun önündə gedən adam prinsiplərdən imtina etmiş olur...
- AMİP-də hansı prinsiplərdən imtina olunmuşdu?
- AMİP heç zaman saxta sənədlərə imza atmamışdı o zamana qədər.
- Hansı qorxu, yaxud hansı sevgi AMİP-i 1993-cü il 17 iyunda susdurub ki, Rəhim Qazıyev “siz çaşmısınız” sualını verəndə danışmamısınız?
- 1992-1996-cı illər arasında mənim siyasi fəaliyyətimdə bir səngimə olub..
- Siyasətdə taym-aut götürmüşdünüz?
- Yox, mən namizədlik dissertasiyası yazırdım..Ona görə də operativ siyasi fəaliyyətdən uzaqlaşmışdım. Yəni, o aralarda mənim fəaiyyətimdə seyrəklik var. Ona görə də o dönəmdə konkret nə baş verdiyinin fərqində deyiləm. Amma bildiyim qədərində 17 iyunda həmin şəxsi ustalıqla həm Elçibəy, həm Heydər Əliyev, həm də Rəsul Quliyev aldatmışdılar. Bir müddət bir yerdə olmuşdular. Sonra o adam ayrılıb getdikdən sonra Əbülfəz bəy getdi Kələkiyə, Heydər Əliyev parlamentin sədri oldu, Surət Hüseynov baş nazir təyin olundu..
“AMİP 1993-CÜ İLİN APRELİNDƏ HAKİMİYYƏTLƏ ANLAŞMALI İDİ”
- Bütövlükdə 1993-cü il hadisələrini necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, AMİP 1993-cü ilin aprelində hakimiyyətlə anlaşmalı idi. Çünki Heydər Əliyev Bakıya gələndən sonra onu geriyə qaytarmaq mümkün deyildi...
- O hadisə mahiyyət etibarilə nə idi? Razılaşma idi, yoxsa...
- Deyim də sizə. AMİP-də belə bir qənaət var idi ki, Heydər Əliyev yaşlı və təcrübəli bir adamdır. O, uzun müddət ölkəiçi təlatümə tab gətirə bilməz. Amma onun təcrübəsi ölkədə baş verən təlatümlərin qarşısını almağa kifayət qədər yetərlidir. Və orada da belə bir yanlış qənaət var idi ki, Heydər Əliyev siyasi düzəni təmizləməyə gəlir. O da Heydər Əliyevin ustalığı idi ki, bu adamları inandıra bilmişdi.
- Aha, deməli arada hansısa danışıqlar olub ki, adamları da inandrma işi aparılıb, eləmi?
- Ümumiyyətlə, Heydər Əliyevi Bakıya dəvət edən də, onun dalınca təyyarə göndərən də, onu bura telefonla çağıran da o hakimiyyət olub. AMİP-in bu işə qarışacağı məqam yoxdur.
- Bəs Rəhim Qazıyev nədən sizin qərargaha gəlib “siz çaşmısız, ə?” deyib?
- Nə ilə bağlı?..
- O sualı mən sizə verirəm. Bu, nə ilə bağlı idi?
- Onu Rəhim bəydən soruşub cavablandıraram.
“AZƏRBAYCAN ANTİTERROR ƏMƏLİYYATI KEÇİRMƏLİDİR VƏ BU...”
- Qarabağ probleminin həlli yolunda siz konkret hansı yola üstünlük verirsiniz?
- Azərbaycan antiterror əməliyyatı keçirməlidir və bu, Azərbaycanın müstəsna hüququdur.
- Bunun üçün nədən başlamaq lazımdır?
- İlk növbədə Azərbaycan iqtidarı xalqın etimadını qazanmalıdır. Türkiyə ilə münasibətlərə yenidən baxılmalıdır. Ermənistanın hərbi müttəfiqinin Rusiya kimi nəhəng bir dövlət olduğu halda Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması yanlış addımdır. İki qardaş ölkə arasında viza rejimi ləğv edilməlidir. Azərbaycan mütləq və mütləq hərbi müttəfiqə malik olmalıdır. Rusiyanın Ermənistanla hərbi tandemi şəraitində Azərbaycanın itirilmiş torpaqlarımızı güc yoluyla əldə edəcəyi qeyri-mümkündür. Güc yolu olmasa da torpaqların ermənilərə təslimindən başqa bir şey ortada qalmır. Ona görə də mən təklif etmişəm ki, “Madrid prinsipləri”ndən imtina edilməlidir. Ölkəmizin daxilində kənar dövlətin terroru var. Antiterror yoluyla o terrorun qarşısı alınmalıdır, vəssalam. Və buna görə də heç kim Azərbaycanı qınaya bilməz...
“İKİ QURUM ARASINDA KOORDİNASİYA OLMALIDIR”
- Qarabağ Komitəsinin keçirdiyi tədbirlər, düzənlədiyi aksiyalarla bağlı sizin münasibətiniz maraqlı olardı...
- Onların fəaliyyətinə normal yanaşıram. Hesab edirəm ki, faydalı fəaliyyətlə məşğuldu bu adamlar.
- Amma onlar bəzən gileylənirlər ki, siyasi partiyalardan bizim yanımızda olmayanlar var. Niyə fəaliyyətlərinə normal yanaşdığınız komitənin yanında deyilsiniz?
- Mən oranı müşahidə statuslu üzvüyəm və fəaliyyətlərinə də dəstək verirəm, qatılıram, müşahidə edirəm. Son illərin aksiyaları sırasında yalnız onların mitinqinə getmişəm.
- Nə vaxta qədər muşahidəçi missiyası ilə olanları seyr edəcəksiniz?
- Orada görürsünüz də, hələ proseslər oturuşmayıb. Proseslər oturuşandan sonra münasibətlərimiz də dəyişəcək. Eyni zamanda mənim təmsil olunduğum Azərbaycan Xalq Hərəkatı da var. Mən hesab edirəm ki, bu iki qurum arasında koordinasiya olmalıdır. Orada təşkilat ayrıseçkiliyi olmamalıdır.
“TÜRKİYƏNİN PREZİDENTİ GÜNDƏ MİTİNQLƏRDƏ ÇIXIŞ EDİR, BU...?”
- Niyə müxalifət öz fikrini daha çox siyasi təşkilatlanmaya doğru yönəltmir, daha çox meydan psixologiyasına üstünlük verir?
- Baxın, qardaş Türkiyədə ölkənin prezidenti hər gün mitinqlərdə çıxış edir, sözünü deyir. Buna meydan psixologiyası deyilir?...
- Bəs ermənilər necə, mitinq keçirə-keçirə Qarabağı alıblar və ümumiyyətlə belə bir nümunə varmı ki, itirilmiş torpaqlar mövcud hakimiyyətlərin tənqid edildikləri mitinqlər, yaxud sülh yoluyla alınsın? Yoxdur belə nümunə, Əli bəy, yoxdur! Bütün bunlar indiki durumda Azərbaycan gerçəkliyində döyüş ruhunun öləziməsindən başqa heçə nəyə xidmət etmir, vəssalam.
- Mən sizə söylədim ki, Azərbaycan antiterror əməliyyatı yoluyla torpaqlarını işğaldan azad etməlidir. Qarabağın azad edilməməsinə görə müxalifət məsuliyyət daşımır, məsuliyyəti daşıyan Azərbaycan iqtidarıdır...
- Siz nə danışırsınız e? Torpaq bəyəm tək iqtidarındır? Bir yandan konsalidasiya davası edirsiniz, başqa bir yandan da məsuliyyətdən boyun qaçırmaqla döyüşə ancaq iqtidarı göndərmək istəyirsiniz!?
- Siz mənim dediklərimə diqqətlə qulaq asın, sonra hansısa ittihamla çıxış edin. Biz heç zaman məsuliyyətdən boyun qaçırmamışıq və indi də qaçırmırıq. Sadəcə olaraq bu hakimiyyətin Konstitusion vəzifə borcu var, o borcu yerinə yetirməkdə də yükümlüdürlər...
“NƏ ZAMAN AZƏRBAYCAN MÜXALİFƏTİNİ YIĞIB...?”
- Amma vətəndaş Əli Əliyevin, vətəndaş İgid Teymurlunun Konstitusion vəzifə borcu yoxdur?
- Siz mənə deyin görüm İlham Əliyev hakimiyyəti nə vaxt Azərbaycan müxalifətini yığıb Qarabağ məsələsini müzakirə etdi?
- Olmayıbmı? Amma yadımdadır ki, Heydər Əliyevin zamanında bu məsələ parlamentin müzakirəsinə çıxarıldı ki, sülh, yoxsa müharibə? Seçim qarşısında qalan müxalifətin səsi çıxmadı onda. Əksinə, ad çəkmək istəməzdim, bu xəbəri eşidər-eşitməz övladlarını xaricə yönləndirənlər oldu. Siz də deyirsiz ki, nə zaman olub?
- Bir dəqiqə e... Heydər Əliyev 15 ildir yoxdur e.. Bu zaman kəsiyində nə vaxt belə müzakirə olub? Siz görmüsünüzmü ki, bir dəfə də olsun hakimiyyət müxalifəti dəvət edib qapalı, ya açıq formada belə bir müzakirə aparıb?
- Əli bəy, öncə siz bizim suallara cavab verin ki, sonra gerisinə baxarıq. Mən onu görmüşəm ki, belə bir söhbət ortaya düşən kimi, azacıq gərginlik yaranan kimi adına müxalifət deyən qüvvələrin tam əksəriyyəti mövcud hakimiyyəti hansı parametrlər üzrə ittiham edirsə, özləri ondan da beş betərinə addımlar atıblar. İqtidardakılar övladlarını xaricə çıxarıblar, müxalifətdəkilərin uşaqları onlardan da uzağa gedib... İqtidardakıların uşaqlarının harın həyatı haqqında danışılıb, müxalifətçi övladlarının ondan beş betər həyat tərzi keçirdiyi məlum olub. İddia etdiyiniz kimi, tutaq ki, iqtidar “yeyib, çapıb, talayır”, bəs bu “heç yanda işləməyən müxalifətçi”nin övladının yeyib, çapıb, taladıqları hardandır?
- Məsələyə o kontekstdə yanaşırsansa, mən sənə yüzlərlə misal çəkə bilərəm iqtidardan...
- İqtidarı bildik. Müxalifət kifayət qədər bu haqda danışıb həm meydanlarda, həm də mətbu şəbəkədə. Bəs hakimiyyətə can atan qüvvələrin bu konuda sərgilənən şirin vədləriylə tərs mütənasiblik təşkil edən əməllərinə nə deyək? Demək ki, həmin qüvvələr də hakimiyyətə gələndə bundan beş betərinə edəcəklər. Hələ əllərində imkan olmaya-olmaya bunca oyunlardan çıxırlarsa, görün əllərində imkan olanda bu adamlar neyləyəcəklər? Ortalqda dil və əməl birliyi yoxdur.
- Siz mənə nümunə gətirirsiniz, mən də sizə eyni nümunəni iqtidardan gətirirəm də. Mən sizə Konstitusiyadan, faktiki hadisələrdən misal çəkirəm.
Başqa bir misal deyim. Srağagün Vilnüsdə 90-cı illərdə cinayət törətmiş adamların mühakiməsi olub. Qiyabi cinayət işi açılb. Ötən həftə Karaçiçə - Bosniya müsəlmanlarının qatilinə beynəlxalq Haaqa məhkəməsi ittiham oxudu. Bunu kim eləyib? Bunu eləyib həmin ölkənin iqtidarları. Bizim iqtidar niyə eləmir? İmperiya qoşunlarını Bakıya dəvət edənlərə sonradan orden və medallar paylanıldı, gedin araşdırın, görün kimlərə verilib orden-medallar. Və bu gün də həmin adamlar görün haralardadılar...
- Açıqlayın da o adları, haralarda olmalarını. Müxalifət hakimiyyətdə olub, araşdırıb qiymət verərdi də?
- Mən o hakimiyyətdə olmamışam. Müxalif düşərgədə təmsil olunmuşam. Mən onların bir çox addımlarını qəbul etməmişəm. O cümlədən KQB arxivlərinin açılmamasını. Bu məsələ çox mürəkkəb məsələdir. Bu gün Dağlıq Qarabağ məsələsinin həll edilməməsinə görə birinci və sonuncu məsuliyyət daşıyan Azərbaycan iqtidarıdır...
ƏLİ ƏLİYEVİN SEVDİYİ MAHNI VƏ RƏQS HAVASI
- Vallahi Azərbaycanın siyasi düzənində baş verənləri saf-çürük edəndə adamın dəli kimi ağlamağı, dəli kimi oynamağı gəlir. Gəlin müsahibənin sonluğunu bir az fərqli formatda qurtaraq. Əli bəyin ən çox sevdiyi mahnı və qol götürüb oynamaq istədiyi rəqs havası hansıdır?
- Mən oynamağa çox həvəsli adam deyiləm...
- Yaxınların toylarında oynamırsınız?
- Ola bilər ki, oynayıram.
- Hansı havaya oynayırsınız, yoxsa elə hansı hava gəldi qol götürürsünüz?
- Belə xüsusi olaraq sevdiyim mahnı da yoxdur. Gözəl musiqini xoşlayıram. Klassik musiqini də dinləyərəm, xalq musiqisini də dinləyərəm, muğamatı da dinləyərəm. Stinqi dinləyirəm, Alim Qasımova qulaq asıram. Motsartı, Bethoveni çox sevirəm. Xoşuma gələn musiqi var, amma xüsusi önəm verdiyim musiqi yoxdur...
İgid Teymurlu
Versus.Az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ