“Sülh danışıqları prosesi dayandırılmalı və qəti addımlar atılmalıdır” - MÜSAHİBƏ

19:32 08-05-2019 | icon 2567 | Siyasət
“Sülh danışıqları prosesi dayandırılmalı və qəti addımlar atılmalıdır” - MÜSAHİBƏ

Fuad Əliyev: “Ərazilərimizin hansı yolla azad olunması xalqın səsverməsinə çıxarılmalıdır”

 

ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

 

 

“Məlum oldu ki, qeyri-legitim AXH-ni Prezident Aparatı idarə edir”

 

- Fuad bəy, bugünkü ictimai-siyasi vəziyyəti təhlil etməklə müxalifət düşərgəsinin, eləcə də partiyanızın proseslərə reaksiyasının səviyyəsi barədə fikirlərinizi bilmək istərdim. Hazırda nə baş verir?

 

- Ölkədə ictimai-siyasi aktivlik müşahidə olunmaqdadır. İlin əvvəlindən aktivləşən vəziyyət bu gün də yüksələn templə inkişaf etməkdədir. Siyasi mənzərəyə nəzər salsaq, ilk növbədə Azərbaycan Xalq Hərəkatının aktivliyi diqqət çəkir. Vətəndaşların Xalq Hərəkatına fəal qoşulması, regionlar üzrə verilən dəstək getdikcə dinamik xarakter alır və bu da göz qabağındadır. Azərbaycan Xalq Hərəkatı olaraq mayın 5-də ilk məclisimizi keçirdik. Məclisdə əsas çıxışları regionlardan gələn nümayəndələr etdi və baş verən proseslər haqqında məlumatlar verdilər. Yəni aktivlik, təşkilatın ətrafında gedən toparlanma davam edir.

Bizim də partiya olaraq bu istiqamətdə fəaliyyətimiz davam edir. Liberal Demokrat Partiyası 5-6 il qabaq partiyada başlanan yenilənmə prosesini davam etdirir. Yeni üzvlər qəbul olunur, bu yaxınlarda isə partiyanın Gənclər təşkilatına yeni seçkisi olacaq.

 

 

“…axtilə burda dələduzluqla məşğul olan və sonra xaricə gedən bir nəfərin …”

 

 

- Dediniz ki, AXH-də təşkilatlanma uğurla gedir. Amma bu günlərdə belə bir informasiya da yayıldı ki, Hərəkat rəsmi olaraq iki hissəyə parçalandı. Bunu necə izah edərdiniz?

 

- Mənə elə gəlir ki, Xalq Hərəkatının iki hissəyə parçalanması ilə bağlı məsələ artıq mayın 5-də keçirilən Məclisdə öz həllini tapdı. Mayın 5-də verilən qərarla o suallara cavab verildi. Yəni həmin gün Məclis təsdiq etdi ki, Xalq Hərəkatı bütövdür, heç bir qopma parçalanma kimi qəbul oluna bilməz. Hərəkata bir qrup vaxtilə burda dələduzluqla məşğul olan və sonra xaricə gedən bir nəfərin fikirləri ilə razılaşıb ayrıldılar. Hesab edirəm ki, həmin adamın ardınca gedənlər heç bir nailiyyət əldə edə bilməyəcəklər. Hərəkat artıq mayın 25-də nəzərdə tutduğumuz mitinqlə bağlı Şəhər Meriyasına müraciət etmişik və ilk iclasımızı keçirməyi planlaşdırırıq. Mitinqə hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsi yaranacaq. Ona görə də parçalanma və digər neqativlər artıq keçmişdə qaldı.

 

- Məlum parçalanma Hərəkatın fəaliyyətinə hansı təsirlərini göstərdi?

 

 - Hesab edirəm ki, bir qrup adamın təşkilatdan uzaqlaşdırılması ilə heç nə baş verməyib. Sadəcə olaraq Xalq Hərəkatının idarə heyətində təmizlənmə getdi. Əgər fikir verdinizsə, bizim dostlarımızdan biri özü etiraf etmişdi ki, Prezident Aparatına gedib və orda danışıqlar aparıb. Bununla da məlum oldu ki, Xalq Hərəkatında hansı tərəfi Prezident Aparatı idarə edir. Artıq məlumdur ki, qeyri-legitim AXH-ni Prezident Aparatı idarə edir. Təmizlənmə aparıldı və bu gün də AXH özünün müxalif mövqeyində durub.

 

- Əgər qeyri-legitim hesab etdiyiniz hərəkatdan ayrılan qrup AXH adından çıxış edərsə, buna cavabınız nə olacaq, hansı tədbirləri görməyi düşünürsüz?

 

- Bizim daxili qərarımız belədir ki, onlara heç bir reaksiya verilməsin.

 

- Fuad bəy, bu gün Şuşanın işğal günüdür və bildiyimizə görə bununla bağlı hər il müəyyən tədbirlər həyata keçirirsiz. Mən istərdim işğalla bağlı sosial-ictimai-siyasi sferada apardığınız müşahidələri qeyd edəsiniz. İnsanların işğal gününə hazırki münasibəti necədir?

 

- Təkcə Şuşa ilə bağlı deyil, bütövlükdə işğal altında olan bütün rayonlarımızla bağlı münasibət birmənalıdır: torpaqlar müharibə yolu ilə işğaldan azad olunmalıdır. Amma təəssüflər olsun ki, hakimiyyət tərəfdən birmənalı yanaşmalar hələ ki, müşahidə olunmur. Eləcə də hesab edirəm ki, Qarabağ problemi təkcə hakimiyyətin deyil, bütöv bir xalqın problemidir və iqtidar bu məsələ ilə bağlı xalqla məsləhətləşməlidir. Məsələ referenduma çıxarılmalıdır, yəni Qarabağ, işğal olunan digər ərazilərimizin hansı yolla azad olunması xalqın səsverməsinə çıxarılmalıdır. Biz bu məsələdə birgə addımlar atmalıyıq. Hakimiyyət birirnci növbədə xalqın sözünü əsas tutmalı və müvafiq olaraq beynəlxalq aləmdə addımlar atmalıdır. Amma təəssüf ki, hakimiyyət hələ ki, aldadıcı danışıqlar prosesində iştirak edir. Ermənistanda hakimiyyətlər dəyişir və hökumətimiz hər yeni gələn hakimiyyətlə danışıqlara gedir. Nəticədə heç bir irəliləyiş baş vermir. Torpaqlarımız artıq 27 ildir ki, işğal altındadır və işğaldan azad olunma ilə bağlı heç bir irəliləyiş yoxdur. Amma vətəndaşların, xalqın istəyi odur ki, biz sülh danışıqlarını dayandırmalı və qəti addımlar atmalıyıq. Qəti addımlar isə hərb yoludur. Hakimiyyət isə bu tələbi başa düşərərk, xalqın sözünü eşidib ona uyğun  addımlar atmalıdır.

 

- Danışıqlar prosesində “xalq diplomatiyası”, “xalqların sülhə hazırlanması”ndan danışılır. Bir ara jurnalistlərin işğal ərazilərinə səfəri barədə də müzakirələr getdi. Bu sülh diplomatiyasını necə dəyərləndirərdiniz, bizə lazımdırmı?

 

 - Sülh diplomatiyası, 10 il qabaq bəlkə də hansısa bir nəticəsini verə bilərdi. Amma artıq gecdir. Yəni faktiki olaraq erməni separatçıları işğal altında qalan torpaqda “hakimiyyət” qurub, seçkilər keçirir. Təbii ki, biz bunu qəbul etmirik, amma bəzi ölkələdə separatçıların bu hakimiyyəti tanınır. Sülh danışıqları, Ermənistan-Azərbaycan Sülh platforması və vətəndaşları əsas məsələdən yayındırmaq üçün lazımsız variantlardır. Hesab edirəm ki, sadəcə Azərbaycanı belə “platformalarda” iştiraka qatmaqla işğalı rəsmiləşdirmək istəyirlər. Ona görə də bir daha bəyan edirəm ki, müxtəlif təşkilatlar adı altında danışıqların aparılması Azərbaycan üçün heç bir xeyir vəd etmir.

 

 

“…ölkənin qazını, neftini sərbəst şəkildə Avropaya daşıya bilsinlər”

 

 

- Adətən danışıqlarda beynəlxalq təşkilatların "sülh istəyi" daha çox önə çəkilir. Beynəlxalq aləm, ATƏT Minsk qrupu israrla münaqişənin sülh yolu ilə həll variantının üzərində dayandıqları üçün sanki “biz sülh danışıqlarına getməliyik” məcburiyyəti qarşısında dayanmışıq. Beynəlxalq təşkilatların bu israrçı mövqeyi nəyə hesablanır?

 

- Bu 27 il ərzində beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi hər zaman bitərəfli olub. O qurumlar ancaq Ermənistan tərəfini dəstəkləyərək, yalnız öz maraqlarını güdüblər. Digər tərəfdən də onlara regionda sakitlik lazımdır ki, ölkənin qazını, neftini sərbəst şəkildə Avropaya daşıya bilsinlər. Beynəlxalq qurumların regionda Azərbaycanla bağlı marağı bundan ibarətdir. Onlar üçün torpaqların işğaldan azad olunması maraqlı deyil. Ona görə də hesab edirəm ki, hakimiyyət Azərbaycan maraqlarını güdməli, sadəcə neft, qaz almaq üçün çabalayan, guya danışıqlar yolu ilə münaqişənin həllini istəyən beynəlxalq qurumlara güvənməməlidir.  Münaqişə uzadılmaqla həll olunmayacaq.

 

- Sanki beynəlxalq qurumlar “nəbzimizi” tutub və biz “reseptin” nə olacağını gözləyirik. Sanki bu gözləmə mövqeyi siyasi partiyalarda da var.

 

 - "Nəbzin tutulması" müxtəlif yollarla aparılır. Məsələn, seçkilərdə prosesin şəffaf, normal keçdiyini dedilər. Bəzən də qeyd edirlər ki, müəyən dairələrdə qanun pozuntusu olub, amma ümumi seçkilər normaldır. Onlar dolayısı ilə hakimiyyətə dəstək verirlər ki, sən öz işini davam et və ancaq sülhdən danış.

 

- Nə baş verməlidir, cəmiyyətin tələbi nədir?

 

 - Tələb hər zaman var və o, birmənalıdır. Vətəndaşlar öz torpaqlarını işğaldan azad etmək istəyirlər. Artıq vətəndaşlar partizan hərəkatları yaratmağı, yaxud hakimiyyətdən antiterror əməliyyatlarına başlamasını istəyirlər. Artıq son iki ildə, xüsusilə də aprel döyüşlərindən sonra bu tələb daha da fəallaşıb, aktivləşib. İnsanlar öz torpaqlarını hərb yolu ilə azad etməyə hazırdırlar. Ona görə də, hesab edirəm ki, sülh danışıqları prosesi dayandırılmalıdır. Hakimiyyət bu məsələdə çətinlik çəkirsə, sadəcə olaraq referendum keçirib əhalinin fikirlərini almalıdır. Vətəndaşlar danışıqlar prosesinə yox, torpaqların işğaldan azad olunmasına “hə” deyəcək. Hakimiyət də referendum nəticələrinə əsasən Minsk qrupundan imtina etməklə danışıqlar prosesini dayandırmaldır. Xalq öz sözünü deyəcək. İnanıram ki, onlar danışıq prosesini dayandırmağın tərəfində olacaqlar.

 

“Qanım mənim Qarabağım, canım mənim Azərbaycanım!”

 

 

- Son günlər beynəlxalq miqyaslı konfranslar keçirildi. Bu kimi tədbirlər Azərbaycana nə verdi, Azərbaycanın probleminin dünyada tanınmasına nə dərəcədə dəstək olur və biz öz problemimizi nə dərəcədə təbliğ edə bilirik?

 

- Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması baxımından bizə heç nə vermir. Çünki bu tədbirlər birtərəflidir. Bizi əsas məqsəddən yayındırmaqdır. Baxın, “Ermənistan-Azərbaycan Sülh Platforması"na, bu qurum fəaliyyətə başlayan 1-ci gündən erməniləri Azərbaycana gətirdilər. Biz də dəfələrlə çıxışlarımızda etiraz eləmişdik ki, nəyə görə bu səfərlər birtərəfli təşkil olunur. Nəyə görə vaxtilə Ermənistanda yaşayan, oranın vətəndaşı olan azərbaycanlıları Ermənistana aparıb, onlara yaxınlarının qəbirlərinə baş çəkmək imkanı yaratmırlar. Amma bitərəfli olaraq Bakıda yaşayan erməniləri gətirirlər, onları öz ölülərinin qəbirlərinə aparırlar, hətta ermənilər təriflə danışırlar ki, heç gözləməzdim ki, qəbirlərimizə belə qəşəng baxırlar, hətta üstünə gül də qoyulur. Məqsəd bizi əsas məsələdən yayındırmaqdır.

 

- Bu gün Ermənistanda bayramdır, bizdə isə işğal günü, ruhumuzda matəmdir…

 

- Təəssüf ki, biz bu 27 il ərzində düşmənə qarşı əks tədbirlər keçirə bilmədik. Nə hüquqi, nə də hərbi tərəfdən. Təəssüf ki, işğal faktını dünyaya tanıda bilmədik.

 

- Bir siyasətçi, bir vətəndaş olaraq bu mövqedə dayanmanıza görə hansı hissi keçirirsiz?

 

- Mən təkcə Şuşa ilə bağlı deyil, işğal altında qalan torpaqlarımızın hər bir qarışı üçün “Qanım mənim Qarabağım, canım mənim Azərbaycanım! şüarı ilə çıxış edirəm.

İşğal faktı qalır. Mən özümü qarabağlı hesab edirəm və bütün xalqımız özünü qarabağlı hesab etməldir. Bunun ətrafında birləşib öz sözünü deməliyik.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR