“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

10:00 23-05-2023 | icon 1253 | Siyasət
“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

Ramil Hüseynov: “Sizin 40 min üzvünüz vardısa, niyə bu gün qapı-qapı düşüb imza yığırsız?”

 

Bu günün reallığı, daxili ictimai-siyasi durum müxtəlif aspektlərdə təhlil olunur. Regionla bağlı cərəyan edən proseslərin fonunda siyasi partiyaların öz fəliyyətinə alternativ xətlər üzrə davam etməsi ictimai sferada birmənalı qarşılanmamaqla yanaşı mövcud vəziyyətə adekvat olaraq qiymətləndirilir.

 

Yeni reallıqlar siyasi partiyaların qarşısında hansı zəruri tələbləri ortaya çıxarıb. Siyasi partiya institutu hansı islahatlarla yenilənir və bu prosesdə özünün kursunu dəyişən partiyalar hansı gözləntilərə ümid edir?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən keçmiş partiya sədri, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov mövcud vəziyyəti təhlil edib.

 

- Ramil bəy, siyasi partiyalar sistemində yaranan yeni reallıq nədir və fəaliyyət kursunu dəyişən bir təşkilat olaraq movcud vəziyyəti necə təhlil edərdiniz? “10 partiya qalacaq”-deyə siyasi partiyaların sayının azalması ilə bağlı verilən proqnozlar özünü hansı aspektdə doğrulda bilər?

 

- Təbii ki, bu istiqamətdə müxtəlif fikirlər var. Mətbuatda bir çox partiya sədrlərinin, deputatarın yeni reallığa yanaşmasında yalnız 10 partiyanın fəaliyyətdə qalacağı ilə bağlı fikirlərinə və başqa münasibətlərə də rast gəlindi. Bizim isə konkret olaraq hansı və neçə partiyanın ləğv ediləcəyi, yaxud kimlərin qalıb öz fəaliyyətini davam etdirəcəyi ilə bağlı heç bir fikrimiz yoxdur. Sadəcə olaraq Yeni Yol Partiyası kollegial olaraq öz qərarını verib və hesab edirəm ki, bu, mövcud reallığa uyğundur, doğru qərardır. Təbii ki, bu qərarın mühüm və dərin səbəbləri var.

Biz son zamanlar siyasi partiyaların önəmini, siyasi proseslərə təsir imkanlarını analiz edərək belə bir nəticəyə gəldik. Format dəyişikliyi ilə Azərbaycanın bugünkü daxili və geopolitik reallıqları, bölgədəki koorporativ güclərin maraqlarını nəzərə alaraq bu qərarı verdik. Hesab edirik ki, Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzi ilə daha aktiv və çevik formada fəaliyyət göstərə bilərik. Gələckdə siyasi reallıqlara uyğun olaraq hansı addımları atacağımızla bağlı yəqin ki, gələcək zamanlarda düşünəcəyik. Amma faktiki olaraq bu gün müxalif siyasi partiyaların Azərbaycanda təsir imkanları sıfıra bərabərdir. Təbii ki, hər bir partiyanın hakimiyyət iddiası olsa da, bu gün hakimiyyətə gəlmək imkanları, şansları sıfırdır. Bunu açıq etiraf edək ki, ölkənin birinci şəxsi tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı atılan addımlar, prinsipial mövqe cəmiyyətlə onu birləşdirən yeni bir təfəkkür formalaşdırıb. O münasibətin bu gün dəyişdirilməsi, hansısa yönə istiqamətləndirilməsi heç bir siyasi partiyanın nə gücündədir, nə marağındadır, nə də ki, iqtidarındadır. Biz hansısa müxalifət partiyasının yenə də xalqı aldadıb, xalqla “gizlən-paç” oynayıb “sabah biz bunu edəcəyik” deyib, yalan vədlər verməsini illərlə görmüşük. Təssüflər olsun ki, bu 30 ildə bizim də proseslərdə içərisində olduğumuz müxalifət bu qeyri-ciddi xarakterindən irəli gələrək, ciyasi partiyalarla bağlı mövcud nəticəsizliyi, uğursuzluğu qazandı. Yəni, bu ölkədə siyasi partiya olaraq fəaliyyət göstərib Azərbaycanın müstəqilliyi, istiqlalı uğrunda çalışan, mübarizə aparan şəxslər, partiyalar olub.  Onlar bu 30 ildə heç nə əldə edə bilmədilərsə, indi də heç nə edə bilməyəcəklər. Açıq deyim ki, hakim partiyanın liderinin 1 həftədə gördüyü işləri bu müxalifət 30 ildə görə bilmədi. Biz bundan sonra da siyasi partiya düşüncəsi ilə hərəkət etsəydik, təbii ki, bu uğrsuzluq bizim üçün də labüd idi. Ona görə də iddialarımızdan çəkilmədən, uyğurlu nəticə göstərmək ümidi ilə başqa bir xətti, formatı seçdik. Bu gün cəmiyyətin ab-havası, siyasi düşüncəsi hakimiyyətin dəyişməsinə hesablanmayıb. Ona görə də, mən öz xalqımla “gizlən-paç” oynamadan, açıq, dürüst şəkildə birgə fəaliyyət göstərməyin tərəfdarıyam. Amma dediyim kimi, məqsəd və ideologiyalarımız qətiyyən dəyişməyib. Həmin yolumuzu, xəttimizi davam etdirəcəyik.

 

- Partiyaların ləğvi, yaxud özünün fəaliyyətini dayandırması yeni reallıq, yeni konfiqurasiyada siyasi partiyalar sisteminə, sizə nəyi vəd edir?

 

- “Partiyaların ləğvi” deyil, “özünün fəaliyyətini dayandırması” fikri daha doğru olardı. Dediyim kimi, mən “Siyasi partiyalar haqqında” qanunda bu dəyişikliyi əvvəldən müsbət qarşıladım. Qanunun müzakirəsində bir çox nüansları nəzərə almasaq, o qanunun siyasi partiyaların inkişafına xudmət edəcəyini bildirmişdim. Çünki həqiqətən də nəticə əldə eləmək istəyiriksə, dövlətimizin siyasi dayaqlarını möhkəmləndirmək istəyiriksə, təməl prinsiplərini qoruyub, güclənməsini istəyiriksə, regionda söz sahibinə çevrilməsi, dünyada sözünün eşidilməsini istəyiriksə, bu qanunları da normal qəbul etməliydik. Eyni zamanda bu, qanunun dəyişikliyi Azərbaycan cəmiyyəti üçün vacib idi. Lakin bizim müxalifət apardığı yanlış siyasətin nəticəsində cəmiyyətin özünün düşüncəsinə, qavrama tərzində müəyyən boşluqlar yaratdı. Bunun aradan qaldırılması həm də siyasi, ictimai xadimlərin öhtəsinə düşür. Çünki müxalifətin, ayrı-ayrı təşkilatların müəyyən vasitələrlə cəmiyyətə təsir etmək imkanları var. Amma çox təəssüflər olsun ki, müxalifət o təsiretmə imkanlarından tamamilə başqa cür istifadə edib. Ona görə də bu gün siyasi partiyalarla bağlı dəyişikliyin qiymətləndirilməsində də yanlışlıqlar olur.

Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzi özünün araşdırmaları, tədqiqatları ilə cəmiyyətimizə doğru mesajlarını verməyi düşünür. Hərdən fərdlər, təşkilatlar özünün xarakterinə, tələblərinə zidd olaraq dövlət maraqları naminə addımlar atmağa məcburdur. Amma bu heç də o demək deyil ki, bunun arxasnda hansısa qaranlıq məqamlar var. Dövlətin güclənməsi, millətin sivil cəmiyyətlər toplumunda öz yerinin olması üçün bu da mücadilə üsuludur.

Bu gün siyasi partiyalar sistemində baş verən hadisələri də pis tərəfə yozmaq olmaz. Biz bu gün “siyasi partiyalar hansı nəticəni əldə etdilər” və bundan sonra hansı nəticəni əldə edəcəyini təhlil edirik. Ona görə də yeniləndik. Biz formatımızı dəyişmişik, mübarizə üsulumuz yerində qalır.

 

- Bu gün daxili siyasi partiyalar müstəvisində gedən bu yenilənmə, iqtidar-müxalifət dialoqu və köhnə müxalif cəbhənin format olunması 44 günlük vətən müharibəsi və regionun geopolitik sistemində baş verən gərginliklər, Avropanın, Qərbin təsirlərinə nə dərəcədə adekvatdır?

 

- 44 günlük müharibədən öncə bir çox partiya liderləri bu hakimiyyətin Qarabağ münaqişəsini həll etməyəcəyini, “bunlar öz sərvətləri, özləri üçün çalışırlar” və sair neqativ çıxışlar edirdi. Amma həmin müxalifət lideri ilə müzakirələrimizdə demişdim ki, hakimiyyət bu məsələni prinsipial olaraq həll edəcək. Və 44 günlük savaşdan sonra onun yanlışlığını özünə xatırlatdım və bir daha vurğuladım ki, siyasətçi baş verəcək prosesləri hesablamağı bacarmalı, bilməlidir. O ərəfələrdə çıxışlarımda hakimiyyəti bu cür ölçülməmiş tənqid edənləri, hakimiyytin üstünə gedənləri antimilli, fikirlərini ermənilərlə uzlaşdırmaqda qınamışam. O zaman da bildirmişdim ki, həmin siyasətçilər çıxıb prezident İlham Əliyevdən üzr istəməli və ona təşəkkür eləməlidirlər.  Çox təəssüflər olsun ki, bunu heç kim etmədi. Halbuki bu, siyasi mədəniyyət, nəzakət qaydaları, etikadır. Bunu etmək üçün böyüklük lazım idi. Görünür ki, o da yoxdur.

Bu gün biz Qarabağda fiziki, hərbi, hüquqi, siyasi baxımdan qələbə qazanmışıq. Sadəcə olaraq problemin tam həlli üçün hüquqi baxımdan müəyyən prosedurlar qalıb. Bunun üçün də bizə yenə də hərbi, siyasi, diplomatik güc lazımdır və onu da həmrəyliklə təmin etməliyik. O hüquqi qələbəni qazanmağımız üçün bizə həm də zaman lazımdır. Azərbaycan lideri milli maraqlarımız naminə öz prinsipiallığını göstərəcək. Biz bu qətiyyəti, cəsarəti, məqsədli diplomatiyanı, iradəni və bu günə qədər hansı strategiyanın nə üçün yürüdüldüyünü də gördük. Əgər hər hansı bir sitasətçi bunu duya bilmirsə və neqativ çıxışlarla ictimaiyyəti çaşdırırsa, artıq onun öz problemidir.

Bu gün Qarabağda çox ciddi quruculuq işlər gedir-yeni kəndlər, şəhərlər salınır, yeni infrastruktur, loqistika mərkəzləri yaradılır. Müxalifətdə olan həmin siyasilər indi də “insanlar niyə evlərinə köçürülmür, sərhəddə vəziyyət…” və sair suallarla tez-tez hökumətə qarşı narazılıqlar səsləndirirlər. Amma bu gün siyasətçi o sualı verməməlidir. Bu gün həmin siyasətçi hakimiyyətin yanında olub insanlarımızın öz yurdlarına köçürülməsi üçün hansı addımlar atmalı olduğunu düzgün müşahidə etməli, düzgün təhlil etməlidir. Amma bir çox müxaliflər Qarabağdakı mövcud vəziyyətdən istifadə edərək belə suallarla süni narahatlıq yaratmağa çalışırlar. Sanki hakimiyyət orda hansı işləri görür, işlər hansı formada qurulur xəbərləri yoxdur. Keçmiş məcburi köçkünlər yavaş-yavaş yeni qurulan kəndlərə köçürülməkdədir. Yüksək siyasi rəhbərliyin tapşırığı ilə Qarabağda mümkün olmyan problemələrin həlli üçün işlər görülür. Həmin siyasilər isə indi də Qarabağdakı vəziyyətdən özlərinə divident qazanmaq, elektorat qazanmaq üçün yanlış addımlar atırlar. Hesab edirəm ki, bu riyakarlıqdan əl çəkmək lazımdır. Bu, mübarizə üsulu bizə yaramaz. Sabah görülən işlərin yekununda bütün problemlər həll olunandan sona yenə də onlar özləri pis vəziyyətdə qalacaqlar.

 

- Siyasi prosesləri düzgün təhlil etməyən, yaxud mövcud vəziyyətdən dvident qazanmağa çalışan partiyaların ləğvi, öz-özünə sıradan çıxması prosesini müşahidə edirsizmi?

 

- Əslində o proses çoxdan başlayıb və gedir. Bunun son zamanlar siyasi partiyaların fəaliyyətini dayandırmasına aidiyyatı yoxdur. Əslində o siyasi partiyaların mövqeyi çoxdan bəllidir. Bu, 2020-ci ildən sonra açıq şəkildə özünü büruzə verdi. Çünki hər halda bu cəmiyyət o cür danışan radikal siyasi partiyalara dəstək vermək istəmir. Bu gün üzdə olan radikal siyasi müxalifətin arqumentləri hakimiyyətdən ciddi şəkildə zəifdir. Eyni zamanda üzdə görünməyən insanlar var ki, onlar düşünürək qərar verir, siyasi proseslərin taleyini həll edirlər. Eləcə də kimin yanlış, kimin doğru olduğunu yaxşı bilirlər.

 

- Bəzi müxalif siyasilərin qeyd etdiyi kimi, bu gün partiyaların öz xəttini yeniləməsi, yaxud sıradan çıxması iqtidar-müxalifət dialoqunun məhsulu ola bilər?

 

- Mən belə güman etmirəm. Əslində bu müxalifət dialoqdan istifadə edə bilmədi. Çünki o dialoqların qarşılığında siyasi mənzərə tamamilə fərqli olmalı idi. Muxalifət dialoqdan istifadə edə bilmədiyinə görə bu, hakimiyyətin müxtəlif sərt qərarlar verməsinə səbəb oldu. Dialoq hətta düşmənlə bir masada oturmağı normal qəbul edir. Necə ki, bu gün prezident İlham Əliyev Paşinyanla dəfələrlə bir masada oturub və nəticə bizim xeyrimizədir. İstənilən yerdə, istənilən formatda prezident İlham Əliyevin üstünlüyü görünür. O cümlədən müxalifətin, iqtidarın bir millət olaraq məqsədi eynidirsə, dövlətin güclənməsidirsə, biz masaya oturub oradan əliboş durmamalıydıq. Amma bir çoxları bu masa ətrafına gəlmədi. Deməli, radikalların dediyi kimi, dialoq alınmadısa, bunun günahı da müxalifətdədir. Çünki prosəsə tamamilə fərqli yanaşmaqla öz statuslarına, səviyyələrinə uyğun olmayan məsələləri qaldırmaqla bu prosesi tamamilə sıradan çıxartdılar.

 

- Necə hesab edirsiz, hansı partiyalar qalacaq, hansı partiyalar fəaliyyətini davam etdirəcək?

 

- Bu gün baş verən yenilənmədə hansı partiya qalır qalsın, yaxud hansı partiya öz fəaliyyətini dayandırırsa dayandırsın, proses qanunun tələbinə uyğun davam edir. Bu gün partiyalar tələb olunan imzaya malikdirsə, onun fəaliyyətinə heç bir məhdudiyyət yaranmamalıdır. Qeyd edim ki, bizim partiyanın imza yığmaqla bağlı heç bir problemi yox idi. İmza məsələsi bizim üçüm ciddi maneə yaratmadı. Düşünürəm ki, seçdiyimiz yeni xətlə daha böyük uğurlar ələ edəcəyik. Və zamanla görülən müsbət işlərlə insanların inamını qaytarmaq olar.

Əslində heç kəs gələcəkdə yenidən partiya yaratmaq hüququmuzu da əlimizdən almır. Amma yeni reallığa əsasən fəaliyyətimizin xəttini dəyişməklə, fərqli proseslərə imza atmağı düşünürük. İnanırıq ki, uğurlu olacaq. Hələ ki, proses gedir, sular durulur. Xalqın gözü tərəzidir və özü yenilənmə prosesində harada dayanmalı olduğunu da biləck. Sabah insanlar partiya seçimi ilə bağlı qərar verəndə diqqətli olmalıdırlar. Lakin hansı partiya ki, 40-50 min üzvünün olduğunu deyirdi, bu gün imza toplayır. Görünən odur ki, o partiyalar yalan danışıb. Bunu millətimiz, xalqımız bilməlidir. Bu gün yalandan böyük elektoratının olduğunu deyən müxalifət, siyasi partiyalar niyə imza yığırlar? Əgər sizin 40 min üzvünüz vardısa, niyə bu gün qapı-qapı düşüb imza yığırsız. Müəyyən qism insanlara pul təklif edir, başqa qismə başqa vədlər verir. Təbii ki, cəmiyyətdə bütün insanlar eyni dərəcədə məlumatlı, savadlı deyil, xarakterlər də müxtəlifdir. Bu gün siyasi partiyaların imzatoplama prosesi belə gərgin keçirsə, bu da həmin qurumların qarışıq xarakterinin sübutudur. Məhz buna görə də bizim müaxilfətin apardığı siyasi mübarizədə ciddi uğur əldə olunmayıb.

 

- Necə hesab edirsiz, bir partiyanın öz fəaliyyətini başqa xətt üzrə davam etdirməsi sosial ictimaiyyətdə necə qarşılanır?

 

- Burda incə bir məqam var. Zaman-zaman müxalifət partiyaları cəmiyyətə müəyyən informasiyalar ötürüblər. Onlar bəzən radikal, iddialı, bəzən də özlərini səmimi göstərmək üçün müxtəlif çıxışlarla gündəmə gəliblər. Bu müxalifət aldadıcı manevrlərlə insanların təftəlşüurunda elə yer ediblər ki, insanlarda müxalifət partiyalarına qarşı antipatiya yaranıb. Təbii ki, bunun səbəbkarı o cür danışan müaxlifətdir. Onlar bu cür riyakar, yalançı addımlarla, elmi biliklərə əsaslanmayan davranışlarla xalqa böyük zərbə vurublar. Həmin partiyalar yalançı, populist çıxışlarla kimlərisə öz ətrafına yığa bilər, amma onları saxlaya bilirmi, xeyir. Çünki dediyi sözlərin, verdiyi vədlərin arxasında durmaq üçün heç bir gücü yoxdur. Bir çox müxalifət partiyaları cəmiyyəti belə bir etimadsızlıq mühitinə gətirib çıxarıb.

Belə bir ərəfədə, biz kimlərin siyasi fəaliyyətini davam edəcəyini, kimlərin gedəcəyini deyə bilmərik. Hər halda proseslərin gedişini öz axarına buraxırıq. Lakin aydındır ki, kimlər “siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirib tələb olunan imzanı təqdim edəcəksə, fəaliyyət göstərmək hüququnu kimsə onlardan ala bilməz.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...