Emin Millinin “Müxalifət nifrətə köklənib” iddiasına reaksiyalar

16:21 15-05-2019 | icon 664 | Siyasət
Emin Millinin “Müxalifət nifrətə köklənib” iddiasına reaksiyalar

“Meydan TV”-nin keçmiş rəhbəri Emin Milli Azərbaycan prezidentindən və həyatının müxtəlif anlarında nifrət ifadə etdiyi digər insanlardan üzrxahlıq mesajında yazıb ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək, müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.

 

Versus.Az-ın "Müsavat"-a istinadən verdiyi xəbərə görə, Emin Milli qeyd edib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu, qurucu yox, dağıdıcı bir rol oynayır: “Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik. Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək”.

Göründüyü kimi, Emin Milli müxalifətin nifrətə kökləndiyini faktiki olaraq qeyd edir. Bəs müxalifət bu barədə hansı fikridədir, Emin Millinin bu fikri ilə razıdırmı?

AXP sədri Pənah Hüseyn ile ilgili görsel sonucu

AXP sədri Pənah Hüseyn bildirib ki, ayrı-ayrı fərdlərin nifrət hissi ilə yaşamaları mümkündür, amma bütövlükdə Azərbaycan cəmiyyəti və Azərbaycan müxalifəti nifrət üstündə köklənməyib: “İqtidarda da, müxalifətdə də ayrı-ayrı fərdlərin timsalında mümkündür ki, nifrətə köklənənlər var. Lakin bütövlükdə cəmiyyət, bütün müxalifət və iqtidar düşərgəsi haqda bunu söyləmək düzgün olmaz. Bizim əsas vəzifələrimizdən biri də nifrət hissi kimi halların cəmiyyətdə aparıcı olmamasına, cəmiyyətin milli həmrəylik, hörmət, milli təsanüd üzərində köklənməsinə nail olmaqdır. Bizim milli, mənəvi, dini dəyərlərimizdə də nifrət zərərli hiss hesab edilir. Nifrət hissi torpağını işğal edən düşmənə qarşı olmalıdır”. 

 

"Hakimiyyəti tənqid ediriksə, bu, nifrət bəsləməyimiz anlamına gəlməməlidir”

 

 

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, onun üçün Emin Milli kimi şəxslərin fikri önəmli olmayıb və indi də önəmli deyil: “Odur ki, onun istər iqtidar, istərsə də müxalifət barədəki analizlərini və yanaşmalarını  əsas kimi götürməyin əleyhinəyəm. İslahat və nifrət məsələsinə isə ümumi yanaşsaq deyə bilərəm ki, bu barədə biz dəfələrlə fikir bildirmişik, müsahibələr vermişik. AĞ Partiya olaraq bizim yanaşmamız hər zaman bundan ibarət olub ki, idarəçilik bu şəkildə davam edə bilməz. Artıq zaman da onu sübut edir ki, bizim yanaşmamız doğru olub. İqtidar təcili şəkildə əsaslı və köklü islahatlara başlamalı və cəmiyyətdəki gərginliyi azaldaraq dövləti sivil  inkişaf yoluna yönləndirməlidir. Biz bir siyasətçi və partiya olaraq heç kimə nifrət hissi ilə yanaşmırıq. Hakimiyyəti tənqid ediriksə, bu, nifrət bəsləməyimiz anlamına gəlməməlidir”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, 2018-ci ilin noyabrında sosial şəbəkədə yazdığı “Sevə-sevə” adlı məqaləsində məhz cəmiyyətdə, siyasətdə sevgi-nifrət məsələsinə xüsusi yer ayırıb. Həmin fikirlərin aktuallığı bu gün də qalır: “Problemi sevə-sevə həll etmək daha asan yoldur. Nifrət hissi ilə heç bir problemi həll etmək mümkün deyil. Adını tarixə yazdırmaq istəyənlər nifrəti deyil, sevməyi vərdişə çevirənlər olacaq. Biz siyasətçilər sevməyi unutmuşuq. Kütlələşmişik. Kütlənin xoşuna gələk deyə qışqırmağı, söyməyi, nifrət, kin, qəzəb püskürməyi seçmişik. Unutmuşuq ki, bizlər düzgünləri, doğruları, çətin, ağır olsa da, göstərməyə məsul olanlarıq. Sevgi çətindir. Biz ondan qaçırıq. Biz doğmamızı sevən, kütləni isə odun-alovun içinə atan, öz mənafeyini düşünən bir qrupa çevrilmişik. Biz lider olmağa deyil, müdir olmağa çalışanlarıq. Biz prezident olmaq üçün mübarizə aparanlarıq. Amma görəvimiz prezident olmaq deyil, əzilən, haqqı tapdalanan xalqımızı azadlığa çıxartmaqdır.

Biz pislərdən nümunə götürənlərik. Qəzəbi, kini, nifrəti adət edənlərə bənzəməyə çalışanlarıq. Gücün, böyüklüyün yolunu onda görürük. Unuduruq ki, qəzəb, kin, nifrətlə silahlandırdığımız kütlə ilə uzağa gedə bilməyəcəyik. Olsa-olsa, bir neçə aylıq hakimiyyət kürsüsü əldə edə bilərik. Sonra qəzəbə vərdiş etdirdiyimiz kütlə bir gün də bizi ayaqları altına alacaq. Bütün cinayətlər nifrətdən, qəzəbdən, kindən törəmirmi? Bunu bilə-bilə nədən hamını qəzəb və kinlə silahlandırırıq? Siz belə düşünürsünüz ki, sevgi ilə qalib gəlmək mümkün deyil? Yalnız nifrət və kin insanları öz yerindən əl çəkməyə məcbur edə bilər? Təəssüf ki, illər uzunu belə yaşamışıq. Məişətimizdən gəlir bunların hamısı. Biz sevdiyimiz şəxsdən ayrılanda belə düşmən olmadan ayrıla bilmirik. Ona görə nigahlar pozulanda uşaqlarımız kompleksli, yarımçıq, natamam böyüyürlər. Ata ananı söyür uşağın yanında, ana da atanı. Kimin pis olduğunu sübut etmək üçün valideynlər yarışa girir. Nəticəsini təəssüf ki, övladlarımız ağır yaşayır, bədəlini onlara ödədirik. Bax, siyasətimiz də belədir.

Müxalifətçiliyi proqram, idarəetmə fərqi ilə vətəndaşa izah edə bilmirik. Ölkəmizin indiki vəziyyətində çətindir, anlayıram. TV-lər yox, açıq görüşlər, münasibətlər qurmağa imkan verilmir. Asan olan söyməkdir, kütlənin damarını basmaqdır. Biz də onu edirik. İndi söyməyən müxalifət deyil, qışqırmayanın, təhqir etməyənin müxalifət mandatı yoxdur. Nifrət ruhunda böyüdülən, kin-qəzəb püskürən, əsəbi toplumla demokratik cəmiyyət qurulmaz".

İ.Ağazadə hesab edir ki, siyasi rəhbərlər insanları sevgi ilə dəyişməyə vərdiş etdirib, bir-birini qucaqlayaraq, pisinə də sahib çıxaraq hər kəsi öz yerinə qoymağa çalışsalar sıralarında çox insan olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR