“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

10:46 20-06-2019 | icon 1554 | Siyasət
“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

İqbal Ağazadə: “Səfirliklərimizin böyük əksəriyyəti mövcud olduğu ölkələrdə sanki Azərbaycana yox, olduqları yerə işləyirlər”

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

- İqbal bəy, bu gün Dağlıq Qarabağ və onun ətrafında gedən  proseslərdə Ermənistandan gələn sərsəm iddialar, beynəlxalq təşkilatların münaqişəyə ikili münasibəti, Azərbaycanın mövcud durumla bağlı rəsmi və ictimai reaksiyaları hazırki durumun hansı səviyyədə olduğunu göstərir?

 

 

Biz ona sahiblənə bilməmişiksə, öləcəyik də, qırılacağıq da…

 

- Ermənistan-Azərbaycan münaqişəsində dəyişən heç nə yoxdur, heç bir gəlişmə müşahidə olunmur. Lakin sərhəd bölgələrində şəhidlər veririk. Bağışlanmayan, bizi incidən də budur. Nə beynəlxalq aləmin reaksiyasında, nə də tərəflərin problemə münasibətində dəyişən heç nə yoxdur... Amma mütləq dəyişməliyik. Dəyişməli olacağımız məsələ torpaqlarımızı işğaldan azad etməyimizdir. Hansı yolla olursa, olsun, necə olursa, olsun, nəyin bahasına baş verirsə, versin, torpaqları işğaldan azad etməliyik… Artıq Qarabağda yeni nəslin insanları ölür… Dünən atalar ölürdü, bu gün onların övladları ölür… Lakin bu gün sosial şəbəkələrdə ayrı-ayrı insanlar şəhidlər haqqında, Qarabağ qaziləri, torpaq haqqında elə fərqli fikirlər irəli sürürlər ki, buna təəsssüf edirsən. O adamlar hesab edirlər ki, bu torpaq uğrunda ölməyə dəyməz.  Unutmamalıyıq  ki, dəyər deyilən anlayışlar, bizi yaşadan nəsnələr var.


Bizi yaşadan ən böyük amillərdən biri vətənimiz, onun bütövlüyü, bayrağımız, insanlarımız, coğrafiyamız və bizim ona necə sahiblənməyimizdir.  Biz ona sahiblənə bilməmişiksə, öləcəyik də, qırılacağıq da… 2000-ci ildə doğulan övladlarımız da öləcək və dünən biz də ölə bilərdik. Mən bunu pafosla demirəm: mən də Qarabağdaydım, mən də döyüşürdüm, təsadüfi kor bir güllədən ölüb,  bu gün olmaya da bilərdim. Və məndən sonra da məni təmsil edəcək kimsə olmaya bilərdi. Mən sağam, bu artıq taledir, qismətdir. Torpaqlarım azad olunmayıbsa, məndən sonra gələn övladım, bir başqası, o torpağı canı, qanı ilə geri almağa borcludur. Yox, düşünürlərsə ki, torpaqdır, az olsun, çox olsun, heç olmasın, sadəcə biz yaşayaq, biz var olaq. Bu, artıq hər şeyi itirmiş - milli-mənəvi dəyərdən danışmıram - insanlığını itirənin düşüncələridir. Bunu heç bir liberal düşüncə, heç bir kəsim bu şəkildə deyə bilməz. Mən cinayətdən, təsadüfi yol qəzalarından ölən insanlara baxıb deyirəm, yeyib-içib bir-birini öldürən, avtomobil qəzası törədən və yaxud da xuliqanlıq edərək cinayətlə bir-birinin həyatına son qoyan insanlara baxıb deyirəm. Bu ölkənin 30 minə qədər şəhidi var. Amma düşünün ki, 1988-ci ildən bu günə qədər, xuliqanlıqdan, ən azı 10 minə qədər adam ölümünə görə cinayət məsuliyyətinə cəlb olunanlar var. Sizcə, o vətən uğrunda ölənlərin sayı o qədər çoxdur ki, əndişəyə düşürsünüz? Cəmi 30 mindir və hələ torpaqlarımızı işğaldan da azad etməmişik. Əgər bu şəkildə insan ölümünə qarşı çıxırsınızsa, o zaman hesablayın görün, narkotik maddələrdən nə qədər insan ölür və siz birinci növbədə onun qarşısını almağa çalışın. Görün, xırda xuliqanlıqdan tutmuş, böyük cinayətlərə qədər nə qədər cinayət qurbanı olan insanlarımız var, onlara qarşı çıxın. Avtomobil qəzası törədənlər var, onlara qarşı döyüşün. Bütün bunları edirsinizsə, o zaman vətən, döyüşmək heç kimin gözünə girməsin.

 

Bəziləri vətən uğrunda döyüşməyi mənəvi borc hesab edir, yanılır. Vətən uğrunda döyüşmək mənəvi borc deyil, Konstitusiya borcudur. Əgər Konstitusiya sənə az qala 70-ə yaxın maddə ilə hüquq verirsə, 11 maddə ilə də üzərinə vəzifə qoyur. O vəzifənin biri də vətəni qorumaqdır.  Bu gün Azərbaycan vətəndaşı şikayət edə bilər ki, Konstitusiya ilə mənə verilən bu hüquqlardan istifadə edə bilmirəm, ona görə də vəzifələrimi yerinə yetirə bilmirəm. Burda qismən reallıqla razılaşmaq olar. Lakin bu da bizə əsas vermir ki, torpağımızı qorumayaq. Bəzən israrla iddia etməyə çalışırlar ki, döyüşən kasıb balalarıdır, varlıların balaları döyüşmür. Bəs bəyanatlarımızda, mövqelərimizdə, sosial şəbəkələrdəki statuslarımızda yazmırıq ki, əhalinin 90 faizi acdır, 90 faizin vəziyyəti olduqca pisdir? Bəs ordunun da tərkibində olanlar bunlar deyilmi? Bəs biz demirik ki, rejim avtoritardır, qanunları icra etmir və sair? Sizcə hakimiyyət ordu sistemində hansı qanunları yerinə yetirib məmurların balalarını savaşa göndərəcək? Göndərməyəcək! Bunlar başqa məsələlərdir. Ancaq ölkədə olan neqativlərin heç biri vətəni qorumamaq haqqı vermir. Yenə deyirəm, 30 min şəhid verməyimiz bir insan kimi məni də ağrıdır. Amma məni mənim canımdan da çox, övladımın canından da çox, doğmalarımın canından da çox ağrıdan bircə şey var - Şuşanın bizdə olmaması, Laçının, Kəlbəcərin bizdə olmaması, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın, doğulub boya-başa çatdığım Füzulinin bizdə olmamasıdır. Məni bundan çox heç nə incitmir…

 

- İqbal bəy, bəlkə insanları bu gün sərhəddə verdiyimiz şəhidlərlə bağlı narahat edən başqa məqamlardır; beynəlxalq qurumların bizim problemə laqeyd yanaşmaları, ikili standartları və insanların döyüşsüz nahaq yerə ölməsi məsələsidir?..

 

- Yox, elə deyil. Bizimkilər liberal dəyərlər anlayışını, düşüncələrini yanlış qəbul edirlər. Mən də liberal düşüncə tərzini, insanların öz fikir və düşüncələrini sərbəst ifadə etməsini, qadağaların olmamasını, hər şeyin qanunla tənzimlənməsinin bir nömrəli tərəfdarlarındanam. Lakin liberalizmin özünü də düzgün qəbul etmək və anlamaq  lazımdır. Liberalizm “vətəndən əl çək, vətəndən imtina et” demək deyil. Liberalizm vətən çərçivəsində, dövlət çərçivəsində insanların haqqının verilməsi deməkdir. Verə biləcəksənsə, ver. O dediyimiz Avropa ölkələri də, filan da öz vətənlərinin və sərhədlərinin bütövlüyü üçün neçə milyon insanların qanından keçiblər, başından keçiblər. Bugünkü xoşbəxt həyatları üçün neçə milyon öz vətəndaşlarını, çevrə ölkələrinin vətəndaşlarını qurban veriblər. Biz heç kimi qana sürükləmək istəmirik. Amma biz haqqımız olan torpağımızı da kimsəyə vermək istəmirik.

 

“Azərbaycan diplomatiyası çox uğursuz bir dönəmini yaşayır və zatən…”

 

- Bu gün Qarabağda hər an başlanacağı deyilən müharibə gərginliyinin həddi Ermənistandakı klanlar arasında yaranmış çəkişmələrlə ölçülür. Belə məlumatlar gedir ki, bu klanlar bir-birinə inamsızlıq göstərir, bir-birini Qarabağı öz sahibinə qaytarmaq istəyi ilə ittihamlayırlar. Belə bir vəziyyətdən çıxış edən ekspertlər deyir ki, Ermənistandakı bu durumun Azərbaycanın torpaqları işğaldan azad etməsi üçün yeni şans yaradır və həmin vaxt indidir.


-
Bu daha çox iqtidar siyasətini dəstəkləyən və onu cəmiyyətə təqdim edən ekspertlərin beyinlərinin məhsuludur. Paşinyan Qarabağ klanı ilə döyüşür, dünən Köçəryan, Sarkisyan Ermənistan klanı ilə döyüşürdü, Ter-Petrosyan da Qarabağ klanı ilə döyüşürdü. Hamı bir-biri ilə döyüşdü, itirən biz olduq. Bizimki Molla Nəsrəddinin yorğanına oxşadı. Kim kimlə döyüşdü-döyüşmədi, vəziyyəti necədir, bizim problemimiz o deyil. Bizim problemimiz torpaqlarımızdır. “Ala biləcəyik, ala bilməyəcəyik, almalıyıq, almalı deyilik” məsələsi ətrafında qərarımızı verməliyik. Mənə görə ordakı vəziyyətin necə olmasından asılı olmayaraq, biz o addımı atmalıyıq və torpaqlarımızı geri almalıyıq. Vəssəlam, bu qədər sadə. Torpaqları almalıyıq deyəndə hamı təkcə müharibəni düşünür. Mən başa düşürəm, bu gün ən real görünən tələblərdən biri budur. Çünki Ermənistan tərəfi də hakimiyyətlər dəyişməyinə, demokratik, yaxud da qeyri-demokratik hakimiyyət nümayəndəsi olmasına baxmayaraq, torpaqları vermək niyyətində deyil və bunu açıq bildirir. Ona görə də şərtlərdən biri, ən başlıcası müharibədir. Lakin diplomatiyanın da öz rolu, yeri var. Təəssüf ki, Azərbaycan diplomatiyası çox uğursuz bir dönəmini yaşayır və zatən Azərbaycan diplomatiyasının ənənəsi və məktəbi yoxdur. Sovet dönəminin o statistikasına diqqət edənlər bilirlər, biz də tarix kitablarından xatırlayırıq ki, kim partnomenklaturada vəzifəsindən vurulurdusa, Akademiyaya ezam olunurdu. Kommunist Partiyasının vurulmuş nümayəndələrini cərimə batalyonuna - Elmlər Akademiyasına doldurdular. Onlar hamısı orda toplaşıb elmi inkişaf etməyə qoymadılar. Beləcə elmimizi məhv etdilər. Çünki incidilmiş, vurulmuş adamların olduğu sahədə böyük fəaliyyət göstərməsi və yaxud da gözə girməsi sovet dönəmində çətin idi. Təəssüf ki, Azərbaycan diplomatiyası da bütün dönəmlərdə vurulmuş şəxslərdən, arzuolunmaz şəxslərdən təşkil olunub. Kimini Azərbaycanda istəmədilər, kim vəzifəsindən - nazir, komitə sədri və yaxud da hansısa sistemdən vuruldu, hamısı Azərbaycanı xaricdə təmsil etməyə göndərildi. Onlar da xaricdə təmsil olunarkən, Azərbaycan hakimiyyətindən incimiş adamlar kimi ya öz bizneslərini qurmağa başladılar, ya da hakimiyyəti layiqincə təmsil edə bilmədilər. Ən azı hakimiyyətin siyasətini dəstəkləyə bilmədilər. Çünki axı onlar həmin komandadan incik düşmüşdülər. Başladılar öz siyasətlərini gerçəkləşdirməyə. Diqqət edin, səfirliklərimizin böyük əksəriyyəti mövcud olduğu ölkələrdə sanki Azərbaycana yox, ora işləyirlər. Nə deməkdir bu, heç bunu onlardan soruşan var? Sorğulayan varmı ki, sən səfir olduğun o ölkədə başqa bir dövlətin mükafatını niyə alırsan, onu sənə niyə verirlər? Nədən bütün Azərbaycanın diplomatiyasının böyük əksəriyyətinin nümayəndələri mövcud olduğu ölkələrdə biznes əlaqələri qururlar, biznes şəbəkəsi yarada bilirlər? Sizcə o, Azərbaycan dövlətinin maraqlarını nə dərəcədə qoruyub, nə dərəcədə o dövlətin Azərbaycana qarşı yönəlik hər hansı bir addımının qarşısını ala bilər?

 

- Siz necə hesab edirsiniz, o mükafatları niyə alırlar?

 

- Mən bilmirəm, onu da Xarici İşlər Nazirliyindən soruşun. Mən dedim: Azərbaycan diplomatiya  məktəbi bu gün cərimə meydançasını, cərimə skamyasını xatırladır. Kim vurulur, həmin cərimə skamyasında oturdulur və Azərbaycan diplomatiyasını təmsil edir. İndi kadrları dəyişsələr də, əsası qoyulan o ənənəyə görə dövlətlərarası münasibət bu şəkildə tənzimlənib, onu yeni mərhələyə, yeni müstəviyə çıxarmaq çox çətin olur. Hə, indi bir qədər fərqlidir. Amma uzun illər Azərbaycan diplomatiya məktəbi cərimə skamyası olub. Ona görə də təhsilimiz sovet dönəmində cərimə batalyonundan keçirdi. Kim vəzifəsindən vurulurdusa, Akademiyaya göndərilməklə elmi məhv edirdi. Diplomatiyamız da uzun illər məhz vurulmuş kadrların hesabına deformasiyalaşdırılmaqla ölkədən uzaqlaşdırıldı və orda da Azərbaycan maraqlarını ifadə etmək çox çətin oldu. Ona görə də Qarabağ məsələsində təkcə müharibə deyə düşünmürük. Amma bəlli bir dönəmdə müharibə də ola bilər, heç çəkinmək, qorxmaq da lazım deyil. Bəlli bir dönəmdə də diplomatiya uğur gətirə bilər. Mütləq, nəyin hesabına olursa olsun, torpaq geri alınmalıdır. Bizim vəzifəmiz budur və biz bu vəzifəni icra etməliyik. Heç kimdən imdad gözləmədən.

 

- İqbal bəy, ATƏT-in Minsk qrupu həmsədrləri arasında Rusiya daha aktiv görünür, Rusiya ilə dostluq münasibətləri də yüksək səviyyədə qurulur və bu gün Rusiya da sülh variantını dəstəklədiyini bəyan edir. Hazırda Rusiyanın Qarabağ məsələsində hər hansı dəyişik mövqe sərgilənməsi görünəndirmi?

 

- Rusiya mövqeyindən çəkinməyib. Bir şeyi nəzərə almalıyıq ki, əgər biz qonşu dövlətlərin maraqlarını, onların prosesə yanaşmasını, onların nə edə biləcəklərini düşünsək, onda gərək torpaqlarımızdan imtina edək. Hələ siz gedin, bir rayonu işğaldan azad edin, görün sizə nə deyəcəklər… Kim nə deyə bilər ki, uzağı iki bəyanat da artıq verəcəklər. Eyni ilə Ermənistan bizim torpaqları işğal edəndə BMT-nin verdiyi qətnamələr kimi... BMT sənin haqqında 4 qətnamə verib, nə dəyişilib ki?! Qoy, sənin haqqın, hüququn olan addımı atacağın təqdirdə kimsə durub 10 dənə bəyanat versin, eyvallah, iyirmisini versin, bu nəyi dəyişəcək?

 

Müharibə başlaya bilərmi?

 

(davamı var)

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB