YARALI XATİRƏLƏRDƏ 713-ÜN 5 AVQUST ŞƏHİDLƏRİ

13:54 03-08-2019 | icon 1243 | Qarabağ
YARALI XATİRƏLƏRDƏ 713-ÜN 5 AVQUST ŞƏHİDLƏRİ
713 nömrəli hərbi hissənin apardığı döyüş əməliyyatları o zamankı Müdafiə Nazirliyi tərəfindən bu və ya digər formatda kölgədə qalsa da, ancaq zaman keçdikcə o pərdələr qaldırılır və əsil həqiqətlər üzə çıxır. Bu hərbi hissənin Laçın və Ağdərə istiqamətlərində uğurlu əməliyyatları hətta ermənilərin özləri tərəfindən vahiməylə qarşılanıb. Təsadüfi deyil ki, Laçın rayonundakı Hoçaz yüksəkliyini götürəcəyi təqdirdə sovet ordusunun peşəkar zabiti Yuri Kasparyana Ermənistanın prezidenti olacağı vəd edilmişdi.

Ermənilərin belə önəm verdikləri strateji yüksəkliyi qorumağı bacaran 713 nömrəli hərbi hissə və Laçın polisinin vətənpərvərlikləri nəinki qiymətləndirildi, hətta onların bu qəhrəmanlıqları tarixin yaddaşından silinməyə də çalışıldı. Amma o Şəhid qəbirləri, o əlillər, o haqqı tanınmayan 713 nömrəli hərbi hissənin veteranları canlı tarixlərdir. O günün tarixini bunlar danışacaq və danışırlar da.

Nə qədər acınacaqlı olsa da, bütün texniki imkanları və silah ehtiyatları baxımından ermənilərdən dəfələrlə zəif durumda olan 713 nömrəli hərbi hissənin döyüşçüləri həmin Hoçaz yüksəkliyini öz qanları bahasına olsa da düşmənə vermədilər. Və Kasparyanın özünü daşnakların qanından yaranan gölməçədə boğdular. Qazancları Vətən oldu, ancaq Vətən övladlarını unudan o zamankı Müdafiə Nazirliyinin yanlışlığı, səhvi, qərəzi ucbatından bu hərbi hissənin qəhrəmanlıqları unuduldu, döyüşçülərin haqqı tanınmadı. Bütün bunlarsa döyüşçülərdən daha çox, yetişən nəslə mənfi təsir göstərdi. Bax bütün bunları nəzərə alaraq 713 nömrəli hərbi hissənin döyüşçüləri yetişən nəsildə vətən sevgisini yaşatmaq üçün, yetişən nəslin Vətənə məhəbbət ruhunda böyüməsi üçün həm də özlərinin timsalında Azərbaycan əsgərinin haqqının tanınması, haqqının verilməsi məqsədilə yaralı xatirələrini dilə gətirir, Şəhid qardaşlarının Ruhunu əziz tutur və keçmiş döyüşçülərin Ali Baş Komandanın əmrini gözləmələrini fəxarətlə bəyan edirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

5 avqust tarixində 1992-ci ildə 713 nömrəli hərbi hissənin döyüşçüləri üçün ağır oldu, ağrıdıcı oldu. 4 döyüşçü qardaşları Şəhid oldu, 2 döyüşçü qardaşları yaralandı o gün Laçın rayonunun Pircahan kəndində. Amma düşmənə lazımi zərbə də endirildi. Bu tarix həmin Şəhidlərimizin günüdür.
 
Ruhları şad, məkanları Cənnət olsun qardaşlarımızın!

Çox təəssüflər olsun ki, Şəhid qardaşlarımızın qohumları, yaxınları, məktəb yoldaşları ilə əlaqə yaratmaq istəyimiz hələ ki, bir nəticə verməyib…
 
 
 
 
Döyüşçü Şahidlər danışdılar!..
 

5 avqust tarixində Pircahanda Şəhid olan qardaşlarımız haqqında danışan 713 nömrəli hərbi hissənin əvvəlcə komandir müavini, sonradansa komandiri olan ALIYEV CABBARın söylədiklərindən:
 
 
“O qardaşlar ayın 5-də Şəhid oldular. Birinci rotanın uşaqları idilər. Hətta o zaman kimsə deyirdi ki, Etibar həkim olub. Düzdür, bu informasiyanı mən dəqiqləşdirə bilməsəm də, ancaq belə deyilirdi. Daha çox müharibənin aktiv nöqtələrində olmaq üçün Etibar öz həkimliyini gizlədibmiş. Avqust ayının  4-ü axşam birinci rotanın qərargahında Rəhmanla mən orada oturmuşduq. Elə bil birdən mənim qulağıma texnika səsi gəldi. Dedim ki, ay Rəhman, elə bil texnika səsi gəldi qulağıma. Kəndin qabaq hissəsində bizim uşaqların postu var idi, Mişni uşaqları dayanmışdı orada, durub ora gəldim. Bunlara sual etdim ki, siz texnika səsi eşitmədiniz ki? Cavab verdilər ki, yox. Özüm də onlarla bir yerdə xeyli oturub ətrafı müşahidə etdim. Sakitçilik idi. Yenə də uşaqlara diqqətli olmağı tapşırıb qərargaha qayıtdım. Səhər tezdən yenə də posta gəlib uşaqlardan nəsə bir şey baş verdiyini, nəsə şübhəli bir şey müşahidə edib etməmələrini onlardan soruşdum. Hətta o uşaqlara da bildirdim ki, axşamdan məndə çox narahatlıq var, texnika səsi eşitməmisiniz ki? Dedilər ki, çox sakitçilikdir. Yenə də qərargaha qayıtdım. Elə bu zaman bizim yanımıza qərargaha Rafaellə Mətləb gəldi. Rafael manqa komandiri idi, Mətləbdə də radiostansiya var idi. Posta gedirdilər. Dedim ki, nəsə axşamdan mənim qulağıma texnika səsləri gəlir, ermənilər nəsə edə bilərlər, bir az diqqətli olun. Bunlar qərargahdan elə bir az aralanmışdılar ki, düz evin yaxınlığına bir mərmi düşüb partladı. Biz yuxarı qalxmaq istəyirdik ki, Qəşəm gəlib dedi ki, artıq yaralı var. Biz yaralı olan səmtə gəldik. Gördük ki, Mişni kəndindən olan Abbasov Mətləb qarnından yaralanıb. Burada Qəşəm onun yarasını sarıyan zaman artıq qanlı döyüş başlamışdı. Mərmi yağış kimi yağırdı. Biz postları möhkəmləndirmək məqsədilə silah sursatı lazımi yerlərə daşıyanda xəbər gəldi ki, Tahiri də vurublar, birinci vzvodun komandiri Tahir də yaralıdır. O zaman mən birinci rotanın komandiri Rəhmanın müavini idim. Tahirin yaralandığını eşidən Rəhman dərhal qərar qəbul edib mənə bildirdi ki, birinci vzvodun komandirliyini sən öz üzərinə götürürsən. Mən də dərhal əmrin icrasına başladım”.
 
 
 
 

713  nömrəli hərbi hissəyə daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın “vzvod komandiri” olmuş NOFƏL  ƏLİXANOV o günü belə xatırlayır:
 
“Üstündən illər ötüb. Müharibənin ağrı-acılarını bu gün də çəkməkdəyik. Yaddaşlartımız müəyyən mənada korşalıb. Amma bütün bunlara baxmayaraq qardaşlarımızın Şəhid olduqları o günü mənim də yadımdadır. Səhv eləmirəmsə ayın 6-sı idi. Bizdən növbədə dayanan Mərdan idi. Peçi qalayırdı ki, bir çay içək. Mən Mərdana dedim ki, sən get yat, çayı mən qaynadaram. Həmin vaxtı kəndin yuxarı başına Nərimangil qalan evin yanına bir qrad atıldı. Dərhal qaçıb peçi söndürdüm ki, tüstüləməsin. Uşaqları dərhal lazımi mövqeyə yerləşdirib özüm də qərargaha gəldim ki, görüm RƏHMAN nə tapşırıq verəcək. Ancaq həmin vaxt mən Şəmsini tapa bilmədim. Daha doğrusu, Şəmsi yox idi. Gördüm uşaqlar yolla gedirlər, onlara qışqırdım ki, dərhal ağaclığa girin. Onlar da yoldan kənarda böyük palıd ağacı var idi ki, elə ora çatırdılar. Həmin vaxtı ağacın yanına mərmi düşdü. Onda səs eşitdim ki, bəs Camalla Etibar yaralandı. Mən ora qaçdım. Bir də baxdım ki, Etibarla Rəşid gəlir. Rəşidin çiynində Etibarın silahıdır. Etibarın alnında qan var idi. Dedim nə olub? Etibar dedi ki, komandir heç, bir balaca yaralanmışam. Dedim Rəşid səndə nə var? Dedi ki, heç. Mən Etibarı kəndə aparıram. Mən də ona göstəriş verdim ki, Etibarı kəndə qoy, gəl. O da “yaxşı” deyib getdi. Mən bunlardan yenicə aralanmışdım ki, yaxınlığıma düşən mərmi zərbəsindən huşumu itirmişdim. Ayılandan sonra silahımı götürüb yolla qaçdım. Ağacın yanında olan uşaqlar məni çağırdılar. Gördüm ki, huşum gedir, gözlərim qaralır. Məni orada Fərrux ayıltdı. Fərrux dedi ki, komandir, bizim pozisiyanın yanında bir UAZ dayanıb. Ona dedim ki, get gör nə olub. Fərrux da gedib bəd xəbərlə geri qayıtdı. Dedi ki, bəs uşaqlar rəhmətə gediblər, Şəhid olublar. Biz bütün günü orada qaldıq. Gecə Rəhmanın yanına gəldim. Sakitcə oturmuşdu. Mənə dedi ki, Nofəl, komandirin Tahir itkin düşüb. Get tap. Mən də o vaxt uşaqlara müraciət etdim ki, kim könüllü olaraq mənimlə getmək istəyir. İlk olaraq ayağa qalxan elə sən İgid oldun. Sonra Mamed, Xasay və Yaşka da gəldi. Yarı yola qədər gəlmişdik ki, gördüm Xasay axsayır. Dedim nə olub, dedi heç nə. Ancaq ayağına baxanda gördüm ki, ayağı qandı, dərhal onu geri qaytardım. Onda səninlə birlikdə düz çayın üstünə qədər getdik, ancaq Tahiri tapa bilmədik. Qaranlıq idi, heç nə görünmürdü. Biz yuxarı qalxanda gördük ki, Rəşidin beretkası və beyin yarımkürələri elə oradaca yerə düşmüşdü. Biz onu torpaqladıq. Gəldik Rəhmanın yanına ki, məlumat verək. Rəhman dedi ki, Nofəl narahat olma, Tahir yaralanıb, artıq Kəlbəcərdədir. Bu gündən tağım komandiri sənsən... Qaldı ki, uşaqların hamısını tanıyıb tanımamağıma. Xatirindədirsə, Etibar idmançı bədən quruluşuna malik bir oğlan idi. Onları mənim bölməmə təzə vermişdilər. Yaxşı qoçaq oğlan idi, bütün tapşırığı layiqincə yerinə yetirirdi. Camalla bağlı onu deyə bilərəm ki, səhv eləmirəmsə şəhərdən idi, özü də hər zaman qara  eynək taxırdı. O da qoçaq oğlan idi. Bir dəfə mən ona dedim ki, Sarvanla sən evdə qalın. Mənə qayıdıb dedi ki, niyə biz evdə qalmalıyıq, biz də pozisiyaya gedirik. Allah dördünə də rəhmət eləsin. Mən 8 sentyabrda Bakıya məzuniyyətə gəldim. O zaman Camalın qohumlarından biri haradansa mənim ev telefonumun nömrəsini tapıb mənə zəng eləmişdi. Sonra o xanımla bizim görüşümüz alınmadı, sonradan heç kim bu barədə mənə zəng etmədi. Tahirin harada və hansı şəraitdə yaralanmasındansa mənim heç bir məlumatım olmadı”...  
 
   
 
  
O günlərlə bağlı xatirələrini bizimlə bölüşən 713 nömrəli hərbi hissənin ikinci rotasının döyüşçüsü olmuş BƏNDFƏLİYEV FƏXRİ öz gündəliklərinə isnad edərək döyüşün 5 avqust 12.15-də başladığını deyir:
 
“Biz Pircahanda olarkən Bülüldüz kəndindən ermənilərin BMP-ləri və tanklarından atəş açıldı. Bu zaman Pircahanda “Dirəkli qayanın başı”, “Musanın yay qozu”, kəndin qabağındakı kartof yerinin qabağı deyilən yerdə bizim birinci rotadan 4 nəfər şəhid oldu. Bu zaman həm də 2 nəfər yaralanmışdı. Atılan qradlardan 5-i bizim arxamıza, ikisi də bizim yerə düşmüşdü. Düşməndən fərqli olaraq bizdə texnika, iri çaplı artilleriya sistemi də yox idi.  Atışma təqribən 15.00-a qədər davam etdi. Orada bizimlə bir yerdə olan Laçın polisinin qrad qurğusundan açdığı atəşlərdən sonra düşmənlər susduruldu. Sabahısı gün avqustun 6-da səhər saat 5-dən biz “Həcərin çalası”nda öz postumuzu bərpa etdik, bütövlükdə yenə də öz mövqelərimizə qayıda bildik. Səhər saat 5.55-də tam sakitlik idi. Məhz bu saatdan sonra HƏSƏNQULİYEV VÜQARla SƏFƏRƏLİYEV GÜNDÜZ kəşfiyyata getdilər. Hətta qayıdanda bizə alma da yığıb gətirmişdilər. Və beləliklə postlar tam bərpa edildi”. 
 
                                         
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!
 
İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR