"Paytaxt sakinlərinin gözü qarşısında tam fiasko"
Aydın Quliyev: "Qanunsuz aksiya ictimaiyyətdən heç bir dəstək almadı"
Milli Şura adlı radikal müxalif qurumun növbəti dəfə qanunazidd üsullarla hərəkət edərək Bakının mərkəzində xaos, qarşıdurma və vətəndaş itaətsizliyi yaratmaq cəhdinin qarşısı alındı.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Bakı şəhər icra hakimiyyəti Lökbatan qəsəbəsində aksiya keçirməyə qanuni icazə verdiyi halda, Milli Şuranın əhalinin gur hərəkət və alış-veriş etdiyi şəhər mərkəzində qanunsuz aksiya keçirmək istəyinin fiaskoya uğrayacağı əvvəldən məlum idi:
"Milli Şura paytaxtın mərkəzi hissələrində mitinq kimi toplantılar keçirərək həm belə radikal aksiyalara xalqın heç bir rəğbət bəsləmədiyini, cəmiyyət içində kütləvi tərəfdarlarının olmadığını ört-basdır etməklə, həm də süni gərginlik və qarşıdurma səhnələri yaratmaqla beynəlxalq dairələrin diqqətini cəlb etmək istəyirdi. Planlaşdırılan qanunsuz aksiya baş tutmadığına və ictimaiyyətdən heç bir dəstək almadığına görə tam siyasi fiasko paytaxt sakinlərinin və qonaqların gözləri qarşısında baş verdi. Radikal aksiyalarla siyasi məqsədlərə yetişməyin Azərbaycan praktikasında 25-30 il əvvəllərdə qaldığını cəmiyyətimiz Milli Şuraya bir daha göstərdi. Sübut olundu ki, qanunsuz siyasi davranışlar üzərində inadkarlıq etdikcə Milli Şura özünü cəmiyyətdən bir o qədər uzaqlaşdırır".
Ekspert deyib ki, radikal müxalifətin 19 oktyabrdakı fiaskosunun başqa bir özəlliyi onu əvvəlki uğursuzluqlardan bir qədər fərqləndirir:
"Belə ki, radikallar indiyə qədərki aksiyaları əsasən seçki-siyasi tələblər üzərində keçirirdilər. Cəmiyyət indiyədək onların siyasi niyyətlərinə heç bir dəstək vermədiyini açıq göstərsə də ambisiyalar onlara doğru nəticə çıxarmağa imkan vermədi. Oktyabrın 19-da radikal müxalifətçilər sosial şüarlarla xalqın diqqətini çəkməyə ümid etsələr də bu yenə uğursuz oldu. Bu ilin yanvarından indiyədək radikal qrupların kütləvi aksiyalar keçirmək sahəsində dalbadal fiaskoya uğramaları birmənalı sübut edir ki, cəmiyyət onların sosial və siyasi tələblərini adi populizm nümunəsi sayır, ciddi qəbul etmir. Müxalifətin sosial tələblərlə aksiya keçirmək kimi taktika dəyişikliyi də nəticə vermədi. Radikalların sosial aksiya keçirmək cəhdinin iflasa uğraması başqa bir cəhətdən də diqqət cəlb edən hadisədir. Bəllidir ki, bu ilin əvvəlindən hakimiyyət iki böyük mərhələdən ibarət sosial islahatlar paketi həyata keçirib və prosesin davam etdirilməsinə yönəlik möhkəm iradə var. 4 milyon 200 mindən artıq Azərbaycan vətəndaşı bu paketlərin birbaşa faydasını görür. Müxalifətin 19 oktyabrda sosial aksiyasının iflası həm də hakimiyyətin sosial islahatlar siyasətinə cəmiyyətin inandığını və buna alternativ tanımadığını nümayiş etdirdi". /Trend/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”