Qarabağ və hələ də “Baş müxalifət” olmaq uğrunda gedən mübarizə - MÜSAHİBƏ

13:14 14-11-2019 | icon 485 | Siyasət
Qarabağ və hələ də “Baş müxalifət” olmaq uğrunda gedən mübarizə - MÜSAHİBƏ

Akif Nağı: “Azərbaycan cəmiyyəti bir araya gəlib Qarabağa azadlıq desə, Qarabağı işğaldan azad eləmək çox asan olacaq”

 

Qarabağ Azadlıq Təşilatının sədri Akif Nağının Rusiya xarici işlər naziri Sergey Lavrovun  Ermənistana son səfəri və Qarabağa dair səsləndirdiyi fikirlər ölkə icyimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Azərbaycan XİN-i Rusiyaya NATO verməklə Rusiyanın sərgilədiyi bu mövqeni pislədi.

 

Qarabağ Azadlıq Təşilatının (QAT) sədri Akif Nağı "Üç Nöqtə"yə müsahibə verib. Versus.Az həmin müshibəni təqdim edir.

 

- Akif bəy, Lavrovun Ermənistana son səfərini və orada səsləndirdiyi fikirlərə istinad etsək, bu gün Qarabağ münaqişəsinin həlli prosesinin hansı mərhələyə keçdiyini söyləmək olar?

 

- Bu gün ermənilər hesab edirlər ki, Dağlıq Qarabağ və ondan kənar əraziləri zəbt ediblər və çalışırlar ki, bu reallığı Azərbaycan ictimaiyyətinə və dövlətinə qəbul etdirsinlər. Əgər Lavrov bu gün ermənilərin dediyini təkrarlayırsa, Paşinyanın tezisləri ilə çıxış edirsə, deməli ermənilər öz niyyətlərinə yaxınlaşıblar. Bu proseslər Azərbaycanı reallıqla barışdırmağa hesablanıb. Azərbaycan özünə qarşı hazırlanan bu ssenarini dağıtmalıdır. Bu “qorde” düyünü kimi bir problemdir və qılıncla həll olunmalıdır. Bu gün QAT o mövqeni ortaya qoyur ki, Azərbaycanın ordusu hərəkət etməli və ermənilərin Qarabağla bağlı çabalarını, istəklərini heçə endirməlidir. Azərbaycan ordusu o qədər güclüdür ki, qısa vaxt ərzində torpaqları azad edə bilər. Eyni zamanda Qarabağ Azadlıq təşkilatında cəmlənən döyüşçülərin o gücü var ki, biz özümüz erməniləri torpaqlarımızdan qova bilərik.

 

- Ermənistanda səfərdə olan Lavrov Qarabağda eməniləri qondarma “soyqırım abidəsi”ni ziyarət etdi. Keçirdiyi konfransda isə belə bir fikir işlətdi ki, orada yaşayan əhalinin razılığı olmadan Qarabağ məsələsində heç bir razılaşma olmayacaq. Nə baş verir, Lavrovun bu çıxışı bu iki ölkə arasındakı hansı yeni razılığın əldə olunmasına işarədir?

 

- Bir müddət əvvəl Rusiya ilə Ermənistn münasibətlərində bir qeyri-müəyyənlik var idi. Bu da Ermənistanda yeni hakimiyyətin qərbyönümlü siyasət aparması ilə bağlı idi və Rusiya Ermənistanı öz çevrəsinə qaytarmaq üçün çabalar edirdi. Lavrovun 2 il ərzində Ermənistana etdiyi bu səfər artıq öz forpostu ilə münsibətlərin “tənzimlənməsinə” bir işarədir. Bu o deməkdir ki, bu ölkələrin arasında bir razılaşma əldə olunub. Hətta, Lavrovun qondarma soyqırım abidəsini ziyarət etməsi və bundan sonra verdiyi açıqlamalar onu göstərir ki, Rusiya Ermənistanla Türkiyənin münasibətlərini düzəltməyi də öz öhdəsinə götürüb. Bəllidir ki, Türkiyə ilə Rusiya münasibətlərində bir yaxınlaşma var və bundan istifadə edərək Lavrov orda bir ifadə işlətdi ki, biz Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına kömək edə bilərik. Lavrov bu səfərdə açıq şəkildə emənilərin mövqeyindən çıxış elədi. Hətta çəkinmədən dedi ki, mən Paşinyanın dediyi fikirləri təkrar edirəm. Bu mövqeni ortaya qoymaqla dedi ki, biz sizin mövqeyi müdafiə edirik. Azərbaycan rəhbərliyi rəsmi dairələrdə bu yanaşmanı Minsk qrupunun mandatına yanlış yanaşma hesab edib. Lavrov çıxışında “Dağlıq Qarabağ xalqı”, vergül “əhalisi” ifadəsini işlədib. Lavrov “Dağlıq Qarabağ xalqı” deyəndə nəyi nəzərdə tutur.  Eyni zamanda Dağlıq Qarabağ əhalisi deyəndə, təkcə ermənilər nəzərdə tutulmamalıdır. Çünki o torpaqlar əzəli Azərbaycan əraziləridir və orada yaşayan əhalinin çox hissəsi azərbaycanlılardan ibarətdir. Ona görə də bu gün Azərbaycan tərəfinin ən böyük uğuru ondan ibarət olar ki, beynəlxalq birliyə çatdısın ki, “Dağlıq Qarabağ əhalisi” deyəndə, birinci növbədə Azərbaycan əhalisinin maraqları nəzərə alınmalıdır.

 

- Akif bəy, Ermənistanla bağlı beynəlxalq müstəvidə nəzərə çarpan “güzəştlərin” daha qabarıq şəkildə görünməsi erməni lobbisinin təsiri ilə baş verə bilərmi?

 

- Təbii ki, bu proseslərdə erməni lobbisinin təsirini danmaq olmaz. Erməni lobbisi bu istiqamətdə milyardlarla pul xərcləyir və Dağlıq Qarabağa edilən müxtəlif səfərlər, görüşlər, bu günlərdə ABŞ Nümayəndələr Palatasında erməni soyqırımı ilə bağlı qəbul olunan qətnamələr elə-belə baş vermir. Amma mən hesab edirəm ki, erməni lobbisinin təsir imkanlarını həddindən artıq şişirtməyə ehtiyac yoxdur. Sadəcə olaraq hadisələr də onu göstərir ki, bu dövlətlər Ermənistandan bir alət kimi istifadə edirlər. Yəni erməni lobbisi Konqresdə soyqırım qətnaməsinin qəbul olunması üçün illərdir ki, çalışır və bəli, məhz Türkiyəyə təsir eləmək üçün ABŞ o qərarı qəbul elədi.

 

“Bütün bu açı hadisələrdən dərs çıxararaq bu nəticəyə gəlmişik ki,...”

 

- Müqayisə etsək, bəs Azərbaycanda, istər lobbi, istər siyasi təşkilatlar, dünya azərbaycanlıları özünün problemini, işğala, soyqırımına məruz qoyulmasını dünyaya çatdırmaq, qəbul etdirmək üçün hansı formada birlik nümayiş etdirə bilir?

 

- Təəssüf ki, o birliyi nümayiş etdirə bilmirik. İdi kənardan durub ictimaiyyəti də tənqid etmək olar, hakimiyyəti də. Amma məsələlərə açıq yanaşmaq lazımdır. Bizim həmişə dediyimiz, Qarabağ Azadlıq Təşkilatının xətti də ondan ibarətdir ki, biz nə müxalifətin yanında durub hakimiyyəti söyənlərdənik, nə də hakimiyyəti tərifləyənlərdənik. Biz yalnız bir xətti götürmüşük ki, Qarabağ işğaldan azad olunmalıdır,  bunun üçün də Azərbaycanın dövlətlə cəmiyyətin, hakimiyyətlə müxalifətin birliyi vacib şərtlərdən biridir. Belə bir şuarla biz keçən il sentyabrın 29-da Qarabağ mitinqi keçirdik. Bütün partiyalara müraciət elədik, əksəriyyət dəstəklədi. Azərbaycan tarixində 1-ci dəfə hakimiyyət partiyaları ilə müxalifət partiyaları bir verdə Qarabağ mitinqinə çıxdılar. Çünki 1988-ci ildən üzü bu tərəfə hakimiyyətə qarşı Qarabağdan mübahisə kimi istifadə edilərək mübarizə aparıblar, nəticədə itirmişik.  Kimlərsə istəyinə çatıb, kimlərisə hakimiyyətə gətiriblər, amma itirən Qarabağ olub. Ona görə də bütün bu açı hadisələrdən dərs çıxararaq bu nəticəyə gəlmişik ki, bu gün nəyin bahasına olursa olsun, hakimiyyətlə cəmiyyətin birliyinə nail olmaq lazımdır. Buna YAP müsbət reaksiya verdi və rəhbərliyində olan şəxslər bildirdilər ki, biz də Qarabağ mitinqində iştirak edəcəyik. Amma bu mitinqin içərisində müxtəlif yerlərə xidmət edən adamlar var idi. Mən açıq şəkildə deyirəm, bu birlikdən kimlərsə qorxdular. Xaricdən kimlərsə sifariş verdi ki, bu birliyi pozmaq lazımdır və pozuldu da. Ondan sonra Akif Nağı bu təşkilatda fəaliyyətini davam etdirməyə cəhd göstərdi. Başladılar ki, Akif Nağı hökumətə işləyir. Bunun da kökündə o dayanırdı ki, bu birlik pozulsun.

 

“Qarabağ mitinqində gəlib yanımızda dayanmadın, amma icazəsiz aksiya keçirib deyirsən ki, “Qarabağa azadlıq!””

 

- Qarabağ Komitəsinin keçirdiyi elə həmin mitinqdə dərhal bir haçalanma baş verməyə başladı. Hansı güclər, hansı xarici təsirlərin təsiri oldu. Bir sıra müxalif partiyaları bu mitinqi mənasız adlandırdılar. Nə baş verdi?

 

- Mən sizə deyim ki, Azərbaycanın bütün siyasi müxalif partiyaları o mitinqdə iştirak elədilər. Ümid Partiyası, Müsavat, Milli Şura birmənalı şəkildə dedi ki, mitinqi dəstəkləyir. AXCP sədi Əli Kərimli dedi ki, mitinqi dəstəkləyirik, amma rəhbər kimi iştirak eləmirəm, üzvlərimiz iştirak edəcək. Burda sual yaranır: sən dünən Qarabağ mitinqində gəlib yanımızda dayanmadın, amma bu gün icazəsiz aksiya keçirib deyirsən ki, “Qarabağa azadlıq!” Bu məntiqi necə başa düşək. Ona görə də sizin dediyiniz o xarici təsirlərin hardan gəlməsi ilə bağlı suala cavab vemək çətin məsələdir. Azərbaycan cəmiyyəti bir araya gəlib Qarabağa azadlıq desə, Qarabağı işğaldan azad eləmək çox asan olacaq. Qarabağın işğaldan azad olunmasını istəməyən qüvvələr və yaxud, Qarabağ azadlığını özlərinin şəxsi qrup ambissiyalarından aşağıda tutan qurumlardır ki, belə yanaşmalar edirlər.

 

- Akif bəy, sizi hakimiyyət öyrətmişdi ki, Qarabağ Komitəsi yaradıb, siyasiləri bir araya gətirəsiniz?

 

- Əgər hakimiyyətdən mənə belə bir sifariş verilmiş olsaydı, buna görə yalnız hakimiyyəti alqışlamaq olar. Deyirlər ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdən deyirlərsə ki, “Akif Nağı “Qarabağa Azadlıq de”, bu hakimiyyət gözəl bir hakimiyyətdir. Əslində bu hakimiyyətdə öz qrup maraqlarını üstün tutanlar olub.

 

- Bəs, niyə davamlı olmadınız?

 

- Biz son ana qədər davamlı olmağa çalışdıq. Biz mitinq Komitəsi yaratmaq istədik. Amm partiyalar dedilər ki, gəlin yeni bir Qarabağ hərəkatı və yaxud Qarabağ Komitəsi yardaq. Belə təklif etdilər ki, Qarabağ Komitəsinin iclasları bir təşkilatın içərisində keçiriləcəksə, onda o təşkilatın adı ilə bağlanacaq. Ona görə də, iclaslar fərqli yerlərdə keçirildi. İndi sual verirəm sizə; indi gedib başqa bir təşkilatın qərərgahında oturmusuz və davamlı şəkildə iclasar keçirirsiz, bəs bu, həmin partiyanın adına yazılmır? Hardadı məntiq? Və yaxud deyirdiniz ki, Akif Nağı hakimiyyətə işləyir, bəs sizin oturduğunuz partiyanın rəhbərinin adının altından mətbuatda yazırlar ki, hakimiyyətin filan qolundan pul alıb, o da etiraf elədi ki, almışdım amma borc idi. Bu necə ola bilər.

 

Biz 1998-ci ildə Qarabağın Koordinasiya Şurası yaradıb bütün partiyaları cəmləşdirmişdik. Bir müddətdən sonra başladılar bir-birini qırmağa, dağıldı. 2007-ci ildə təzədən bütün partiyaları Qarabağ Koordinasiya Şursında bir araya gətirdik, cəmi bir il fəaliyyət göstərdi sonra dağıldı. Yenə başladılar ki, o məsələ belə olsun, bu məsələ belə olsun, axırda uzaqlaşdıq onlardan. Sonra Qarabağ Uğrunda Alyans yaratdıq, o da  həmin aqibəti yaşadı. Sonuncu dəfə, özümə söz vemişdim ki, mən bir də heç kəsi bir yerə yığmayacam. Çünki Qarabağ Azadlıq Təşkilatının qaziləri də var, ziyalıları da var, vuran əli də var, düşünən beyni də var. Söhbət ondan gedir ki, yığırsan adamları birliyə nail olursan, o parçalananda cəmiyyətdə xəyal qırıqlığı yaranır. Cəmiyyət birlik tələb edir.

 

- O zaman nədir probleminiz?

 

- Müəyyən yerlərdən idarə olunan adamlar var ki, birlik ideyası ortaya gələndə, komanda verilir ki, parçalayın. Bu gün müxalifətin bir çoxu bu və ya digər qruplarla bağlıdır. Hər hansı mitinqi, aksiyanı keçirəndə o qrupun sifarişini yerinə yetirirlər. Eləcə də xaricdən gələn sifariş də var.  Xaricdə elə mərkəzlər var ki, Azərbaycan cəmiyyətində parçalanma istəyirlər. Azərbaycan cəmiyyəti ilə bağlı belə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycan xalqı özü-özünü idarə etmək gücündə deyil. Ona görə də hakimiyyətə kim gəlirsə onu düşmən obrazında təqdim edirlər. Gəlin xatırlayaq görək Vəzirova nə dedilər, Mütəllibova nə dedilər, Elçibəyə nə dedilər. Mənim kimisə müdafiə etmək fikrim yoxdur, sadəcə diqqəti o tendensiyaya yönəldirəm. Sabah siz Azərbaycanın prezidenti olun, həmin dəqiqə haqqınızda deyəcəklər ki, “bunun nənəsi filankəs imiş” və yaxud başqa məsələ ortaya qoyacaqlar. Beləliklə, cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Hər hansı bir problemlə bağlı ortaya normal təkliflər və tənqid qoyulmur.

 

- Bu günlərdə Müsavat Partiyasında bir neçə siyasilərin, ziyalıların iştirakı ilə “dəyirmi masa” keçirildi. Bu “masa” demokratik düşərgənin toparlanması tələbini ortaya qoydu. Məqsədinə çatdımı?

 

- Sizin qeyd etdiyiniz bu proses, cəmiyyətdən gələn sifarişdir ki, bu gün hamı bir yerdə olmalıdır. Biz də eşidəndə ki, partiyalar bir araya gəlmək istəyirlər, buna müsbət reaksiya verdik və bildirdik ki, hamı qoşulmalıdır. Amma sonra məlum olanda ki, yalnız 4-5 partiyanı ora yığdılar, bu birləşmə yox, parçalanma oldu. Beləcə dedilər ki, “biz varıq, Azərbaycan siyasi kursunu biz müəyyənləşdiririk, müxalifət də bizik, yerdə qalanları heç nədir”. Ümumiyyətlə, insanlaın keçmişinə baxmaq lazımdır. Sən, dünən korrupsionersən, antidemokratsan, insanların haqqını yeyirdin, bu gün gəlirsən ki, türmədə yatmışam çıxmışam qəbul edin məni, belə olmaz. Buradan belə çıxdı ki, Əli İnsanovun pulu var və o qərbi azərbaycanlıları bir araya gətirə biləcək. Biz bununla nə siyasi proses yarada bilərik, nə də ki, birlik. Necə ola bilər ki, bu dəyirmi masaya bu günə qədər əziyyət çəkən partiyaların rəhbərləri dəvət olunmadılar. Ona görə də hesab edirəm ki, Müsavat birliyə deyil, parçalanmaya xidmət elədi. Nəticəsi də olmayacaq. Çox mənfi effekt verdi. Cinayətə bərabər bir işdir ki, sən insanların birlik istəyinin üzərindən bu cür xətt çəkirsən.

 

“Baş müxalifət” olmaq uğrunda mübarizə gedir”

 

- Akif bəy, AXCP-Milli Şuradan sonra Müsavat Partiyası da icazəsiz aksiya keçirdi. Sizcə bu aksiyalar cəmiyyətə nə verdi?

 

- Elə əsas məsələ də budur: nə verdi. Doğurdanmı insanlar bu aksiyalarda ayağa qalxdılar, tutaq ki, filan partiya aksiya keçirdiyinə görə kütləvi şəkildə ona üzvlər yazıldı? Bunlar baş vedimi, yox. Bundan qabaq keçirilən aksiyalar da icazəsiz keçdi. Xalq ayağa qalxıb onları dəstəklədimi. Yəni, əgər bunlar yoxdursa, bir o məsələ qalır ki, bu cür addım atan partiyalar yalnız özlərini göstərmək istəyirlər. Demək istəyirlər ki, “mən də çıxdım küçəyə, mən də varam”. Azərbaycanda bizim partiyaların əksəriyyəti hakimiyyətə gəmək uğrunda mübrizə aparmır. “Baş müxalifət” olmaq uğrunda mübarizə gedir. Müxalifət müxalifətin içərisində samballı yer tutmaq uğrunda mübarizə aparır. Azərbaycandakı müxalifət özünü öldürsə, bir az qabağa getsə, deputat mandatı qazana bilir.

Lakin bütün bunlarla yanaşı hər bir partiya aksiya keçirə bilər. Amma hər bir partiya aksiya keçirərkən düşünməlidir ki, bu, dövlətin ümumi maraqlarına xidmət edəcək, yoxsa yox. Hər kəs bunun məsuliyyətini daşımalıdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Türkiyə Cümhuriyyəti - 101