Mehriban Əliyeva koronavirusla bağlı Azərbaycan xalqına müraciət edib
Mehriban Əliyeva: "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək"
"Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür. Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir.... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.
Versus.Az xəbər verir ki, bu, Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın adından onun rəsmi saytında yayılan müraciətində bildirilib.
Müraciətdə qeyd olunur:
“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.
Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.
Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.
İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.
Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.
Əziz həmvətənlər!
Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.
Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.
Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.
Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.
Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.
Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Əziz dostlar!
Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!
Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.
Hər birinizə dualar və sevgi ilə,
Sizin MEHRİBAN".
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”