Pandemiya və Qarabağ probleminin “Xilas yolu” xəritəsi - MÜSAHİBƏ
Rauf Məmmədov: “Əgər buna nail olsaq, nəinki Qarabağ məsələsi öz həllini tapar, hətta...”
Mövcud karantin rejimində ölkə daxilində aparılan sosial-iqtisadi islahatların böhranla mübarizədə hansı təsir effektinə malik ola biləcəyi müxtəlif aspektlərdə təhlil olunur. Ölkə ictimaiyyətinin qarşılaşdığı bu epidemiyadan az itki ilə çıxa bilmək üçün yollar aranır. Pandemiyanın daha qabarıq şəkildə üzə çıxardığı sosial-iqtisadi durumdan çıxış yollarının aranması prosesinin hansı “yol xəritəsi”ndə öz əksini tapacağı isə maraqla izlənir.
Versus.Az xəbər verir ki, elmlər doktoru, politoloq Rauf Məmmədov bununla bağlı müsahibəsində bir çox maraqlı məqamlara toxunub.
“Sərt karantin rejimi dövlətin özünə də sərf etmir, çünki...”
- Rauf müəllim, məlumdur ki, hazırda pandemiyadan əziyyət çəkən dünya dövlətləri karantin rejiminin yumşaldılması ilə bağlı addımlar atır. Aprel ayının 27-dən başlayaraq Azərbaycanda da bu istiqamətdə müəyyən yumşalmalar edildi. Hazırda isə "karantin daha da sərtləşə bilər" mesajları meydana çıxır. Buna hazırkı sosial-ictimai, siyasi, iqtisadi proseslərin fonunda nəzər yetirsək, karantin rejimi ilə bağlı mövcud mərhələni necə dəyərləndirmək olar?
- Koronavirus pandemiyası ciddi məsələdir. Hələ bu virusun sonralar hansı fiziki nəticələr verəcəyini indidən bilmək mümkün deyil. Bəzi virusoloqlar qeyd edirlər ki, bu virus genlərə də təsir göstərir. Bu baxımdan, millətin sağlamlığını, milli genofondu qorumaq üçün karantin rejiminə diqqət yetirmək vacibdir. Lakin, sərt karantin rejiminin uzun müddət davam etməsi də mümkün deyil. Bunun sosial, psixoloji, iqtisadi və siyasi səbəbləri vardır.
Sərt karantin rejimi insanların asosiallaşmasına təsir göstərir. İnsan sosial varlıq olduğu üçün asosiallıq onun fitrətinə ziddir. Asosiallıq deviant davranışların meydana çıxmasına və sosial funksiyaların tədricən itirilməsinə şərait yaradır. Təbii ki, bu proses dərinləşdikcə, müəyyən psixoloji problemlər yaranır və ya potensial psixoloji neqativlər fəallaşır. Bunun ilk zərbəsi ailələrə dəyir. Çünki ailə mühiti karantin rejimində bütün neqativlərin hədəfinə çevrilən yeganə sosial mühitdir. Boşanmaların səviyyəsi 30%-i keçibdir. Sərt karantin rejiminin uzanması onların faizini daha da artıra bilər.
Sərt karatin rejimi insanların yalnız psixoloji deyil, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər. Aydın məsələdir ki, bu rejimdə insanların hərəkətlilik səviyyəsi bir neçə dəfə aşağı düşür. Hərəkətlilik sağlamlığın əsas amilidir. Hərəkətsizlik bir çox yeni xəsətəliklərin yaranmasına və ya potensial xəstəliklərin fəallaşmasına səbəb olur. Xəstəliklərin artması isə ailənin büdcəsinə mənfi təsir göstərir. Bu isə öz növbəsində sosial-iqtisadi böhranı dərinləşdirir.
Sərt karatin rejimi ölkənin iqtisadiyyatını məhv edir. Azərbaycanın iqtisadi gəlirlərinin 90%-dən çoxu neft gəlirləridir. Neftin qiyməti büdcədə göstərilən 55 dollardan iki dəfə aşağı düşübdür. Deməli, tədiyyə balansında mənfi saldo müşahidə olunur. Ehtiyat fondundan olan xarici valyuta hesabına bu balans süni şəkildə qorunub saxlanılır. Axı, ölkə idxal ölkəsidir. Daxildə istehsal çox aşağı səviyyədədir. Neftin qiyməti yaxın aylarda qalxmasa, devalvasiya təhlükəsi qaçılmaz olur. Devalvasiya hər şeyin qiymətinin qalxması və milli pulun dəyərinin aşağı düşməsi deməkdir. Sərt karantin rejimində üstəlik dövlət əhalinin sosial təminat məsələsini üzərinə götürməlidir. Digər tərəfdən, büdcə gəlirləri də azalır. Belə bir şəraitdə dövlətin özü iflic vəziyyətinə düşür. Deməli, sərt karantin rejimi dövlətin özünə də sərf etmir. Çünki iqtisadi durumun iflic səviyyəsinə gəlib çatması ölkədə sosial-siyasi durumu da gərginləşdirə bilər. Bu, destruktiv qruplar üçün bir fürsət yaradar.
Sərt karatin rejiminin davam etməsi, əslində, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər transmilli qurumların maraqlarına cavab verir. Biz bu transmilli qurumların maliyyə mənbələrinə diqqət yetirsək görərik ki, onlar kimlər tərəfindən maliyyələşdirilir. Bu mərkəzlər öz məqsədlərinə çatanadək bu vasitədən istifadə edəcəklər. Yeni virusların meydana çıxması ehtimalı da çoxdur. Qlobal güclərin əsas məqsədi milli dövlətləri zəiflədib, onları transmilli qurumlardan tam asılı vəziyyətə gətirmək və tədricən qlobal dünya dövləti qurmaqdır. Bu isə bir milli dövlət kimi bizim maraqlarımıza ziddir.
- Belə bir dönəmdə Azərbaycanın daxili siyasətində aparılan sosial, iqtisadi, eləcə də kadr islahatları gözlənilən iqtisadi böhrandan çıxmaq, əhalinin həyat durumunu normallaşdırmaq üçün hansı əsas amili ilə önə çıxır və hansı təxirəsalınmaz işlərin görülməsinə ehtiyac yaranıb?
- Sosial-iqtisadi və sosial-siyasi baxımdan iflic duruma düşməmək üçün ilk növbədə sərt karantin rejimini yumşaltmaq lazımdır. Lakin, bunu elə etmək lazımdır ki, yoluxmalar genişlənməsin. Bunun üçün bir çox dövlət təşkilatlarını bu işin idarə olunmasına və tənzimlənməsinə cəlb etmək lazımdır. Yəni, elə etmək lazımdır ki, insanlar karantin rejiminin yumşalmasından süni şəkildə istifadə etməsinlər. Artıq əvvəlki qaydada toy və yas məclislərinin olmasına, insanların sıx toplaşdığı əyləncə mərkəzlərinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Hər şey sadə, praqmatik və səmərəli olmalıdır. Cəmiyyət və fərdlər üçün zərərli və səmərəsiz şeylərin bir çoxu ortadan qalxmalıdır. Bu durum özümüzə yenidən çəki-düzən vermək üçün imkanlar yaradır. Virtual təhsil, virtual idarəetmə mexanizmlərinin işə düşməsi, bu sahələrdə yeni keyfiyyətlərin əldə olunmasına, təhsilin, idarəetmənin gəncləşməsinə şərait yaradacaqdır. Hər bir şeyin mənfi tərəfləri olduğu kimi, onun müsbət tərəfləri də vardır. Biz, bu durumun müsbət tərəflərindən yararlanmalı, mənfi tərəflərindən özümüzü qorumalıyıq. Bu isə sərt və yumşaq karantin rejimi arasında olan orta karantin rejimi ilə həyata keçirilə bilər.
İqtisadi durumun yaxşılaşması isə hər hansı sosial yardımlar ilə həll oluna bilməz. Buna sistemli yanaşmaq lazımdır. Koronavirus pandemiyası, dünyada son 20 ildə mütəmadi iqtisadi böhranlar və neftin qiymətində qeyri-sabitlik göstərir ki, idxaldan asılılığı azaltmaq lazımdır. Azərbaycan öz daxili bazarını ərzaq, məişət avadanlıqları, inşaat məhsulları və digər malların istehsalı ilə təmin etməlidir. Postneft erasına daxil olduğumuz üçün bunların həyata keçirilməsi mühümdür. Bu həm dövlətin, həm də vətəndaşın iqtisadi maraqlarına uyğun gəldiyi üçün dövlət-sahibkar iqtisadi əməkdaşlığı genişlənməlidir. Dövlət sahibkara nəinki sərbəst şərait yaratmaqla kifayətlənməli, ona işinin genişlənməsi istiqamətində dəstək olmalıdır. Çünki buradan qazanan hər ikisidir. Bölgələrarası iqtisadi inteqrasiya layihələri işlənməli və bunu daha da gücləndirmək lazımdır. Azərbaycanda müxtəlif məhsulların istehsalı ilə bağlı spesifik iqtisadi bölgələrin yaradılmasına ehtiyac vardır. Bunun üçün iqtisadi qanunlarda müəyyən yeniliklər etmək mümkündür.
“Bu ölkələrin heç biri müstəqil şəkildə münaqişəni həll etmək iqtidarında deyil”
- Artıq 30 ilə yaxındır torpaqlarımız işğaldadır və düşmən dünyanın gözü qarşısında istədiyini edir, torpaqları qaytarmayacağını deyir. Düşmənin bu yanaşması bizə həmsədr dövlətlərə nəyi göstərdi?
- ATƏT Minsk qrupuna daxil olan ölkələrin Qarabağ dərdi yoxdur. ATƏT Minsk qrupu münaqişənin həll olunmasına deyil, onların dondurulmasına xidmət edən bir qurumdur. Dünyada bu qəbildən olan heç bir münaqişə indiyə kimi öz həllini tapmamışdır. ATƏT Minsk qrupuna daxil olan ölkələrə diqqət yetirsək görərik ki, orada bizim xeyrimizi istəyən bir dövlət yoxdur. Lakin, bu o demək deyildir ki, onlar Ermənistanın xeyri barədə düşünürlər. Xeyr. ATƏT Minsk qrupuna daxil olan ölkələrin öz aralarında olan qeyri-müəyyən münasibətlər və fərqli mənafelər onu göstərir ki, bu ölkələrin heç biri müstəqil şəkildə münaqişəni həll etmək iqtidarında deyildir. Onlar arasında ümumi razılaşma olmasa, bu və ya digər münaqişələrin həlli mümkün deyildir. Bu dövlətlərin qlobal və regional güc olduğunu nəzərə alsaq belə çıxır ki, bu münaqişələrin həlli dünyanın yenidən bölüşdürülməsi zəminində öz həllini tapa bilər. Hal-hazırda bu proses gedir.
Qlobalçılar ümumiyyətlə, milli dövlətlərin ortadan qalxmasını istəyirlər. Əgər onlar bu savaşda qalib gəlsələr, dünyanın siyasi xəritəsi dəyişəkdir. Yəni, dünya meqapolislərdən, qlobal iqtisadi mərkəzlərdən idarə olunacaqdır. O zaman, münaqişə ocaqları yeni iqtisadi mərkəzlərə də çevrilə bilər.
Qlobalçıların qarşısındakı digər qlobal güc milli dövlətlərin qalmasında maraqlıdır. Lakin, onların idarə etmək üçün, onları regional dövlətlərdə birləşdirmək lazımdır. Məsələn, əvvəllər ikiqütblü SSRİ-ABŞ cütlüyü dünyanın idarə olunmasına şərait yaradırdı. SSRİ-nin süqutu ABŞ-ın dünyanı təkqütblü şəkildə idarə edə bilməyəcəyini ortaya qoydu. Bu gün ikiqütblü dünya istemi yaratmaq mümkün deyil. Artıq, Asiyada, Avropada yeni regional güc mərkəzləri formalaşıbdır. Türkiyə də artıq belə bir gücdür. Biz, Türkiyə və türk cümhuriyyətləri ilə böyük Turan sivilizasiyasının yaradılması istiqamətində çalışmalıyıq. Əgər buna nail olsaq, nəinki Qarabağ məsələsi öz həllini tapar, hətta, Azərbaycan Turanın mərkəzinə çevrilə bilər. Çünki onun geosiyasi mövqeyi, sosial-mədəni strukturu buna imkan verir. Yəni, Qarabağ məsələsinin həlli, qlobal problemlərin həllindən keçir. Bunu heç kimi bizim qarşımıza hazır vəziyyətdə qoymayacaq. Qlobal güclər bizim Türkiyənin yanında olmaqdansa, Rusiyanın yanında, SSRİ-yə bənzər yeni bir qurumda olmağımızı istəyəcəklər. Bunun üçün Azərbaycan Türkiyə və türk cümhuriyyətləri ilə əlaqələri daha gücləndirməlidir. İlk növbədə türk cümhuriyyətləri arasında iqtisadi əməkdaşlıq məsələləri, vahid valyuta məsələsi gündəmə gəlməlidir.
Ermənistana gəlincə, onun heç bir perspektivi yoxdur. Əslində, onun perspektivi Azərbaycan və Türkiyə əməkdaşlığındadır. Yəni, Ermənistan Qarabağ məsələsində Azərbaycanla razılaşsa, bu onun gələcəyi üçün daha əlverişli imkanlar açar. Ancaq, o, bunu edə bilməz. Çünki ermənilərin və Ermənistanın yaradılması məqsədi, Böyük Turanın yaradılmasına əngəl törətməkdir. Onlar, bundan imtina etsələr, ilk növbədə, onları öz tərəfdarları ortadan qaldırarlar. Bunu bütün erməni siyasətçiləri yaxşı bilirlər. Paşinyan bunu bildiyi üçün, heç bir məsuliyyət hissi daşımadan Qarabağla bağlı beynəlxalq hüquqa zidd olan anormal bəyanatlar verir, Türkiyəyə ərazi iddiası ilə çıxış edir. Bununla o, türkofobiya xəstəliyinə tutulan həm daxili auditoriyaya, həm də xaricdəki havadarlarına siqnallar ötürür. Əks təqdirdə, o, həm daxildə, həm də xaricdəki dəstəyini itirə bilər. Nəticədə, Rusiyanın dəstəklədiyi Qarabağ klanı yenidən hakimiyyətə qayıda bilər. Çünki Rusiya Ermənistanın Qərb ilə yaxınlaşmasını həzm edə bilmir. Qarabağ klanının və ya Rusiyanın yeni kadrının hakimiyyətə gəlməsi bizə sərf etmir. Çünki Rusiyanın bizə təzyiq imkanları daha artır. Lavrovun bəyanatları Ermənistana psixoloji təzyiq vasitəsi kimi dəyərləndirilə bilər. Rusiyanın Qarabağ məsələsinin mərhələli həlli ilə bağlı səsləndirdiyi fikirlər, Ermənistanın Qərbə yaxınlaşmasını məhdudlaşdırmaq üçündür. Rusiya Azərbaycan vaitəsilə də Ermənistana təzyiq göstərə bilər. Bu, hərbi təzyiq də ola bilər. Lakin bu bizim üçün heç bir şeyi dəyişməyəcəkdir. Dəyişən o olacaq ki, Rusiya Cənubi Qafqazda daha da güclənəcəkdir. Biz əslində, Ermənistanı və erməniləri Rusiyanın, İranın, Qərbin caynağından alıb özümüzə yaxınlaşdırmaqla, həm özümüzü, həm də onları xilas edə bilərik. /ucnoqta/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”