"ALDP 20 ildir iqtidar-müxalifət dialoqunun tərəfdarıdır"
Füzuli Kərimov: "Bax budur iqtidar-müxalifət münasibətləri çərçivəsində birgə fəaliyyət"
"Növbədənkənar parlament seçkilərindən sonra, Sədr Aparatının ilk iclasında Fuad Əliyev bu təkliflə çıxış edib. Təklif səsə qoyuldu və səs çoxluğu ilə qəbul olundu. Sədr Aparatı qurultayın keçirilməsi təklifini Rəyasət Heyətinə göndərib. Nizamnaməyə əsasən növbədənkənar qurultayın keçirilməsinə partiyanın Rəyasət Heyəti qərar verir. Karantin dövrünə düşdüyünə görə, Rəyasət Heyəti toplana bilməyib. Karantin rejimi ləğv olunandan sonra Rəyasət Heyəti öz qərarını verəcək".
Versus.Az xəbər verir ki, bunu Baku News-a müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin siyasi məsələlər üzrə müşaviri Füzuli Kərimov deyib.
Sədr müavini vurğulayıb ki, partiyanın Sədr Aparatının iclasları on-line keçirilir:
"Amma qurultayla bağlı məsələni Rəyasət Heyətinin üzvləri on-line yox, görüşüb, normal iclasda müzakirə etməyə razılaşıblar. Çünki qurultayda fəaliyyət istiqamətləri müəyyənləşəcək. Və ən əsası təşkilatı məsələlər müzakirə olunacaq".
Xüsusi karantin müddətinin mayın 31-nə qədər uzadılmasına bəzi siyasətçilərin etiraz etməsinə də münasibət bildirən F.Kərimov bildirdi ki, əslində müddətinin uzadılması düzgün qərardır:
"Qonşu ölkələrdə də karantin müddəti mayın axırına qədər uzadılıb. Sadəcə bizim vətəndaşlar dözümsüzlük göstərərək evləri tərk edirlər, ehtiyac olmadan çıxırlar küçələrə. Başa düşürəm ki, uzun müddət, iki aya yaxın, evdə oturmaq çox çətindir. Amma ən əsas məsələ sağlamlıq məsələsidir. Virusa yoluxmanın azalmasına baxmayaraq, vətəndaşlar yenə də tibbi maskadan istifadə etmirlər, marketlərdə sıxlıq var, məsafə saxlanılmır. Məncə koronavirusun sürətlə yayılmasının qarşısı alınıb, amma virusdan bir müddət qorunmaq lazımdır ki, xəstəliyin ikinci dalğası olmasın".
İqtidar-müxalifət dialoqu məsələsinə də toxunan ALDP yetkilisi hakimiyyətin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiyini vurğulayıb:
"ALDP yaranan gündən, yəni 20 il bundan qabaq iqtidar-müxalifət dialoqunun tərəfdarı olub. Bununla bağlı bir neçə dəfə təşəbbüs göstərib. Partiya olaraq bu illər ərzində siyasət, iqtisadi, sosial proqramlara dair onlarla təklif verib. Bəziləri qəbul olunaraq həyata keçirilib. Ən son təklif, ALDP sədri Fuad Əliyevin xüsusi karantin müddətinin mayın axırına qədər uzadılması təklifi olub. Görürsüz ki, təklif qəbul olunaraq karantin müddəti uzadılıb. Bax budur iqtidar-müxalifət münasibətləri çərçivəsində birgə fəaliyyət. ALDP ilk partiyadır ki, #evdəqal kampaniyasına qoşuldu, ən aktiv iştrakçısı oldu, iclasları on-line keçirməyə başladı. Deməli, iqtidar-müxalifət münasibətləri normal olanda, biz bütün məsələləri birlikdə müzakirə edə bilərik. Bəyəm müxalifət bunu istəmirdi?"
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”