DADP sədri: Əbülfəs Qarayevin “İŞİD”-çiləri...

15:01 11-05-2020 | icon 638 | Siyasət
DADP sədri: Əbülfəs Qarayevin “İŞİD”-çiləri...

Əlisahib Hüseynov: "Əbülfəs Qarayev Prezidentin ona göstərdiyi etimadı doğrultmayıb"

 

"Qaradan başqa heç bir rəng tanımayan və ölkədəki prosesləri bir qayda olaraq həmişə neqativ planda təqdim etməyə çalışan bir qrup marginallar, radikal müxalifətçilər sosial şəbəkələr üzərindən cəmiyyətdə belə bir ümumi rəy formalaşdırmağa çalışırdılar ki, hakimiyyətin hələ 2018-ci ildə elan etdiyi islahatlar prosesi, kadr və struktur dəyişiklikləri sadəcə bir neçə məmurun işdən çıxarılması və ya hansısa icra başçılarının həbs olunması ilə yekunlaşacaq və bütün bu proseslər guya imitasiya xarakteri daşıyır, görüntü effekti yaratmağa hesablanıb və sair. Ancaq proseslərin sonrakı gedişatı göstərdi ki, bu adamlar öz “dahiyanə öncəgörmələr”ində çox ciddi şəkildə yanılıblar".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanılmış islahatlar prosesində nəzərə çarpan davamlılıq, intensivlik və qərarlılıq marginalların bütün “öncəgörmə”lərini alt-üst etdi. Belə ki, 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alan və 2020-ci ildə də ardıcıl şəkildə davam etdirilən hüquqi, institusional və kadr islahatlarının nəticəsində, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması da prioritet istiqamətlərə çevrildi:
 
"Etiraf etmək lazımdır ki, qeyd etdiyimiz istiqamətlərdə kifayət qədər ciddi uğurlar əldə edilib. Lakin geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların təkrarlanması faktları da hələ də müşahidə olunmaqdadır. Təəssüflər olsun ki, bəzi məmurlar köhnə zehniyyətdən əl çəkə bilmir. Onlar öz gündəlik fəaliyyətlərini şəffaflıq və hesabatlılıq prinsipləri üzərində qurmaqdan yayınır və müxtəlif qanunsuz əməllərə yol verirlər.
 
Sözügedən məmurların bu cür neqativ əməllərinin cənab Prezident tərəfindən kifayət qədər sərt reaksiya ilə qarşılanacağı şübhəsiz ki, gözlənilən idi. Mənsəbindən, iyerarxiya pillələrindəki yerindən asılı olmayaraq, bütün kateqoriyalardan olan məmurlara ölkə başçısı səviyyəsində dəfələrlə ciddi xəbərdarlıqlar edildi, hər bir məmura vətəndaşlara vicdanla xidmət göstərməyin vacibliyi başa salındı. Prezidentin bu çağırışlarına, xəbərdarlıqlarına diqqət və məsuliyyətlə yanaşan, öz vəzifələrini peşəkar surətdə yerinə yetirməyə çalışan məmurlarımız, dövlət qulluqçularımız, inzibati işçilərimiz kifayət qədər çoxdur. Onlara təşəkkür edirik. Amma neqativ əməllərə, qanunsuz hərəkətlərə son qoyulması ilə bağlı çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin davam etdirilməsi də tamamilə təbiidir. Son dövrlərdə Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılması və məhkəmə tərəfindən həbs edilmələri barədə qərar verilməsi də məhz az öncə qeyd etdiyimiz hüquqi tədbirlərin nəticəsidir. Bu həbslər cəmiyyətdə böyük rezonans doğurdu. Sözügedən icra başçılarının və digər məmurların qanunsuz əməlləri cəmiyyət tərəfindən hiddətlə qarşılanmaqla bərabər, DTX-nin keçirdiyi bu əməliyyatlar vətəndalarımız tərəfindən təqdir edilir, bəyənilir. Bu gün ictimaiyyət arasında həm Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də yeni təyin olunmuş Baş prokurorun fəaliyyətinə böyük inam formalaşmaqdadır. Bu iki qurum ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması sahəsində Prezidentin onlara göstərdiyi inamı, etimadı doğruldur".
 
 
DADP sədri əlavə edib ki, Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevlə videokonfrans formatlı görüşündə də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılacağı ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdi:
 
"Cənab Prezidentin bu açıqlamasının nəticəsi özünü çox da gözlətmədi. Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində xüsusi əməliyyatın həyata keçirilməsi ilə mərkəzi icra hakimiyyəti orqanlarında da təmizləmə işlərinə start verilmiş oldu. Sözün açığı, etiraf edək ki, qeyd olunan Mədəniyyət Nazirliyinin bir sıra yüksək vəzifəli şəxslərinin, o cümlədən nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun öz səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin və dövlətin mənafelərinə ciddi zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri və buna görə həbs olunmaları ilk baxışdan həqiqətən də gözlənilməz idi. Və məhz bu gözlənilməzlik də həm sosial şəbəkələrdə, həm də adi insanlar arasında böyük ajiotaja səbəb oldu. Çünki cəmiyyətdə Mədəniyyət Nazirliyinə və bu nazirlikdə çalışanlara digər nazirliklərdən fərqli olaraq bir qədər fərqli münasibət vardı. Heç kəsin ağlına da gələ bilməzdi ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür ağır qanun pozuntularına, korrupsiya hərəkətlərinə, müxtəlif neqativ hallara yol verilə bilər. Belə deyək də, nazir Əbülfəs Qarayev bu və ya digər üsullarla cəmiyyətdə özü haqqında “sakit nazir”, “sadə məmur” və “tox adam” imici yarada bilmişdi. Üstəlik də cəmiyyətimizdə mədəniyyət adamları haqqında formalaşmış ziyalı obrazı təsəvvürləri də onları bizim gözümüzdə başqalaşdırırdı. Sadəlövhcəsinə düşünürdük ki, bu sferanın insanları heç vaxt rüşvət almaz, rüşvət verməzlər, qanunları pozmazlar, millətin mədəni irsinə alver predmeti kimi baxmazlar, ölkənin incəsənət nümunələrinə xor baxmazlar, dağıdıcı münasibət bəsləməzlər. Bax, belə bir stereotip formalaşmışdı hamımızda.
Amma deyir sən saydığını say, gör Əbülfəs Qarayev nə sayır, onun “mədəniyyət qatilləri” nə sayır. Heç demə, bu adamlar Əfqanıstanda qədim məbəd heykəllərini dağıdan “Taliban”çılardan, Suriyada (Palmirada) antik abidələri məhv edən İŞİD-çilərdən, Xocalıda və bütün işğal olunmuş tarixi ərazilərimizdə mədəniyyət abidələrimizi, məscidlərimizi, qəbirlərimizi yerlə-yeksan edən erməni vandallarından heç bir fərqləri yoxmuş. Bunları onlardan fərqləndirən yeganə cəhət bunların (yəni Mədəniyyət Nazirliyinin həbs olunan vəzifəli şəxslərinin) sivil görkəmdə, kostyum və qalstukda olmalarıdır. Bunlar sivil vandallardır. Bu adamlar mədəni insan obrazına girərək mədəniyyətimizə qarşı səssiz müharibə, “səlib yürüşü” elan edibmişlər. Mən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun törətdiyi qanunsuzluqların siyahısına KİV-lərdə ötəri göz gəzdirdim və heyrət etdim. Bu adam sözün əsl mənasında millətin, dövlətin, dövlət başçısının düşməni imiş ki. Mədəni irsimizi qorumağa məsul olan bu şəxs heç kimdən və heç nədən çəkinmədən nə qədər qanunsuzluqlara yol verib, nə boyda rüşvət alıb, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyibmiş, ilahi?! Bir nazirliyin dəhlizlərində və kulislərində bu boyda vurhavurlar, bu qədər rüsvayçı əməllər baş verdiyi halda, bəs nazir Əbülfəs Qarayev cənabları görəsən, hara baxırmış? Yəni doğrudandamı onun bütün bu olub-bitənlərdən zərrə qədər xəbəri yoxmuş?"
 
 
Nazirin bütün bu qeyri-qanuni işlərdən, “haqq-hesab”lardan xəbərsiz olduğuna inanmadığını vurğulayan Ə.Hüseynovun fikrincə, əgər Ə.Qarayev iddia edirsə ki, həqiqətən də xəbərsiz olub, demək ki, bu adam öz yerində olmayan bir adam olub, qeyri-kompetent nazir olub. Yəni ki, öz işinin öhdəsindən gələ bilməyib, Prezidentin ona göstərdiyi etimadı doğrultmayıb:
 
"Mən həmin gün Əbülfəs Qarayevin DTX-nin Nazirlikdə keçirdiyi əməliyyatla bağlı mətbuata verdiyi açıqlamasını oxudum və onun sözlərində heç bir təəssüf, peşmançılıq hissini sezmədim. Adam çox quru və həm də rahat şəkildə bildirdi ki,”əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. Vallah, nazirin bu cür soyuqqanlı və həm də ikibaşlı, minnətli sözlərinə təəccüblənməmək, heyrət etməmək olmur. İşə baxın ki, bizim hüquqi dövlətdə yaşamağımız bu nazirin yadına hələ indi, məhz bu qədər vurhavurdan, tuthatutdan sonra düşüb. Bəs onun rəhbərlik etdiyi nazirliyin ayrı-ayrı kabinetlərində bu qədər hüquqazidd hərəkətlər baş verərkən bu nazir hara baxırdı? Saçları nazir postunda ağaran, 26 illik nazir təcrübəsi olan bir şəxs necə ola bilir ki, ayıq-sayıqlığını itirir və az qala onun gözləri qarşısında baş verən yeyinti, oğurluq, korrupsiya əməllərindən, mafioz sövdələşmələrdən bixəbər qalır? Buna yalnız bağçaya gedən uşaqları inandırmaq olar. Nazirin özünün də bu işlərdə bu və ya digər dərəcədə iştirak etməsi şübhəsizdir. Əlbəttə, Əbülfəs Qarayevin özünün də vurğuladığı kimi istintaq nəticəsində hər şey aydınlaşacaq və baş verən bütün bu rüsvayçılıqlara da hüquqi qiymət veriləcək. Buna heç kəsin şübhəsi olmasın. Ancaq nazirin “əgər neqativ nəsə varsa” deyib sözügedən həbslərin üzərinə şübhə toxumu səpməyə çalışmasını və dövlətə minnət qoymasını da doğru saymıram. Necə yəni, əgər neqativ nəsə varsa? Bu nə deməkdir, Əbülfəs müəllim? Bəyəm DTX-nin üzə çıxardığı faktlar “neqativ nəsə”lər deyilmi? Məgər bilavasitə sizin tabeçiliyiniz altında işləyən Zakir Sultanovun törətdiyi qanunsuzluqların mətbuatda yayılan siyahısındakı faktları da “neqativ nəsə” hesab etmirsiniz? Dövlət Təhlükəsizliyi Xidməti kifayət qədər ciddi qurumdur və bu quruma rəhbərlik edən general da kifayət qədər təcrübəli, peşəkar insandır. Əgər bu qurum sizin başçılıq etdiyiniz nazirliyin ayrı-ayrı strukturlarında baş verən qanunsuzluqlar barədə öncədən araşdırmalar aparıb ciddi faktlar, tutarlı dəlil-sübutlar əldə etməsəydi, belə bir xüsusi əməliyyatı həyata keçirərdimi? Xeyr, bu mümkün deyil. DTX nə etdiyini yaxşı bilir.
Sizsə mətbuata açıqlama verərkən sözlərinizi yüz ölçüb bir biçin, Əbülfəs müəllim. Hərçənd ki, Mədəniyyətimizin naziri olsanız da, lakin ana dilimizdə normal səviyyədə, doğru-dürüst danışmağı da bacarmırsınız. Bu da sizin mədəniyyətimizə, dövlət dilimizə vurduğunuz bir ayrı zərbədir. Sizin yarıtmaz rəhbərliyiniz və bəzi əməkdaşlarınızın “mədəni” quldurluğu cəmiyyətimiz tərəfindən, dövlətçiliyə xidmət edən insanlar tərəfindən haqlı olaraq hiddətlə qarşılanır, qınanılır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir. Öz yaramaz əməlləri ilə ölkəmizin daxili və xarici düşmənlərinə Azərbaycana qarşı hücuma keçmək üçün daha da geniş imkanlar yaradan, fürsət verən məmurlar qanunun bütün şiddəti ilə cəzalandırılacaq. Bu məmurlar sanki radikal müxalifətlə, “beşinci kolon”un nümayəndələri ilə eyni mövqenin, eyni cəbhənin adamları kimi hərəkət edirlər. Onlar təkcə hakimiyyətə deyil, həm də Azərbaycana zərbə vururlar. Ancaq nə korrupsiyaya bulaşmış məmurlar, nə fürsətçi radikallar, nədəki “beşinci kolon”un xain ünsürləri öz məqsədlərinə çata bilməyəcəklər. Prezident İlham Əliyevin başlatdığı və qətiyyətlə davam etdirdiyi köklü islahatlar, kadr və institusional dəyişikliklər, oturuşmaqda olan yeni siyasi münasibətlər ölkəni yeni inkişaf mərhələsinə uğurla çıxarmağa imkan verəcək".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ