“Atəşkəs Azərbaycana sülh gətirmədi”
Ramiyə Məmmədova: “Atəşkəsdən sonra cərəyan edən proseslər Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsinə bir vaxt vermiş oldu”
Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 26 il ötür. 1994-cü il mayın 8-də imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə mindi. Həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılsa da, erməni faşizmi öz işğalçılıq siyasətindən əl çəkmədi. Beynəlxalq təşkilatların münqişəyə ikili yanaşmaları erməni separatçılarının regionda daha da əl-qol açmasına münbit şərait yaratmaqla, münaqişənin bu günə qədər uzanmasına şərait yaradıb. Buna baxmayaraq, Bişkek sülh müqaviləsi Azərbaycan üçün hansı əhəmiyyətə malik idi və bu gün “Azərbaycan bu işğal faktını necə dayandırmalıdır” sualı əsas mövzu olaraq çözülməkdədir.
Bu barədə Versus.az-a şərh verən plitoloq Ramiyə Məmmədova “Bişkek” protokolunun həmin zamana uyğun olaraq bağlandığını və 1994-cü ildən bu yana münaqişənin həllinə yönəlik ardıcıl olaraq bir çox sənədlərin qəbul olunduğunu önə çəkib:
“Lakin Bişkek protokolunun qəbulundan bu yana Dağlıq Qarabağ məsələsi artıq 30 ildir həll olunmamış qalır. Atəşkəsin bağlanması çox təəssüf ki, Azərbaycana sülh gətirmədi. Çünki atəşkəs sazişi bağlananda bölgədə gərgin döyüşlər gedirdi”.
Politoloq bu atəşkəs dövründə Azərbaycanın böyük bir inkişaf yolu keçməsinə diqqət çəkdi. Bildirdi ki, məhz 1994-cü ildən bu yana Azərbaycanda iqtisadi baxımdan bir çox proseslər getdi:
“Azərbaycan regionda həm iqtisadi, həm siyasi baxımdan güclü bir dövlətə çevrildi. Azərbaycan Dağlıq Qarabağda münaqişəyə cəlb olunmasına baxmayaraq bütün dövlətlərlə güclü, stabil bir siyasət yürütməyə başladı. Azərbaycan “Əsrin müqaviləsi”ndən sonra özünün iqtisadiyyatını, dövlətini, ordusunu gücləndirdi. Bir çox layihələrə imza atıldı ki, bu, Azərbaycanı dünyada sözükeçən güclü bir dövlətə çevirdi. Əlbəttə ki, atəşkəsdən sonra cərəyan edən bu proseslər Azərbaycana iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsi üçün bir fürsət vermiş oldu. Azərbaycan özünün geosiyasi, iqtisadi siyasətini gücləndirə bildi”.
Politoloq bildirib ki, Dağlıq Qarbağ münaqişəsi ilə bağlı proseslərdə baş aktorlardan biri Rusiya olduğuna görə problem hələ də həll olunmamış qalır. ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsdər dövlətlərinin münaqişə ilə bağlı ikili, problemə eyni mövqedən yanaşmaları bu münaqişənin həllində heç bir rol oynamadı. Ona görə də, bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyəti, onun ən böyük fəaliyyətsizliyi kimi qeyd edilir:
“ATƏT-in Minsk Qrupu xarici işlər nazirlərinin görüşlərini təyin etməkdən başqa heç nə edə bilmir. Bu qrup bu illər ərzində çoxdan münaqişəni çözüb, vəziyyəti bir sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmalı, Ermənistan öz qoşunlarını, quldur dəstələrini Azərbaycan ərazilərindən çıxarmalı idi. Azərbaycan vətəndaşları yenidən öz torpaqlarına qayıtmalı idilər. Lakin bu istiqamətdə heç bir iş görülmədi. Bu gün ATƏT -in Minsk Qrupunda ən böyük problem Rusiya ilə Fransanın Ermənistanı dəstəkləməsi, onların lobbisinə çalışmalarıdır. Bu da təbii ki, Azərbaycanın ziyanına olan məsələdir.
Lakin bu gün Dağlıq Qarabağ məsələsində Rusiya vacib aktor olsa da, həmsədr dövlətlər ikili yanaşmalar sərgiləsələr də, biz özümüz bu məsləni həll eləməliyik. Rusiya ilə razılaşdırıb Dağlıq Qarabağı geri qaytarmalıyıq. Vəziyyət get-gedə pisləşir. Lavrov Dağlıq Qarabağın mərhələli şəkildə həll edilməsini irəli sürəndə, məsələ Ermənistanda çox böyük ajiotaja səbəb oldu. Ermənistan özü sözünü dedi və Qarabağı qaytarmaq fikirndə olmadıqlarını bəyanladı. Bu, onu göstərir ki, Dağlıq Qarabağ məsələsinin ancaq bir yolu var, bu da hərb yoludur. Azərbaycan regionda sülh yaratmaq üçün bu yolu seçməyə məcbur olacaq. Çünki illər keçdikcə, Qarabağ məsələsi acı bağırsağa çevrilib. Biz bu məsələni yerindəcə həll etməliyik. Torpaqlar işğaldan azad edilməli, Azərbaycan əhalisi öz yurduna qaytarılmalı, sonra isə Dağlıq Qarabağın müqəddaratına, statusuna baxılmalıdır. Azərbaycanın tərkibində yaşamaq istəyən xalqlar, eləcə də Dağlıq Qarabağ ərazilərində yaşayan əhali milliyyətindən asılı olmayaraq ölkənin ərazi bütövlüyünü tanımalı, onun qanunlarına tabe olmalıdırlar”.
LƏMAN
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”