Pənah Hüseyn müxalifəti topladı
Mayın 18-də ölkə müxalifətinin bir qrupu Azərbaycan Xalq Partiyasının (AXP) qərargahına toplanıb. İclasda 10-a yaxın siyasi qurumun rəhbərləri iştirak edib. Toplantının əsas müzakirə mövzusu pandemiya şəraitində ölkədə yaranan durum olub.
Versus.az xəbər verir ki, iclasda əsas diqqətləri iştirakçılardan heç birinin maska taxmaması, məsafəni qorumamaları çəkib. Bu da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu və ya digər məsələlərlə bağlı toplantıda iştirak edənlərdən rəy aldıq.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli: “Pandemiya dövründə siyasi fəaliyyətə qoyulan qadağalardan sonra siyasi partiyaların bir araya gəlməsi, müəyyən məsələləri müzakirə etməsi çox normal hadisədir. Sonuncu görüş də məhz bundan sonrakı dövrdə müxalifətin ümumi vəziyyətinə, görməli olduğu məsələlərə həsr olunmuşdu. Hakimiyyətə, pandemiya dövründə hökumətin gördüyü tədbirlərə münasibət məsələlərini müzakirə etdik. Ümumi bir razılığa gəldik ki, gələcəkdə də imkan daxilində belə bir fəaliyyəti davam etdirək.
Müəyyən məsələlərdə hakimiyyətlə münasibətlərimizi, o cümlədən, siyasi dialoq məsələsini də müzakirə etdik. Hesab edirəm ki, tamamilə normal bir görüş idi. Ora çox adam toplaşmamışdı. Tam aralı olmasa da, müəyyən məsafə tutulmuşdu. Siyasi təcrid qaydalarına tam olmasa da, qismən əməl olunmuşdu. Şəxsi məsələmlə bağlı iclası tez tərk etdiyim üçün son qərardan xəbərsiz oldum”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Bildiyiniz kimi, ölkə pandemiya şəraitindədir. Siyasi partiyalar müxtəlif məsələləri müzakirə etmək üçün bir araya gəldilər. Pandemiyanın vurduğu zərər nəticəsində dünyada yaranan problemləri, ölkələrə bunun təsirlərini, eyni zamanda bu virusun Azərbaycana təsirini, siyasi partiyaların bu və ya digər məsələlərdə rolunu müəyyənləşdirmək üçün müzakirələr getdi. Bilirsiniz ki, neftin qiyməti aşağı düşür. Bunun Azərbaycana hansı təsirlərinin ola biləcəyi ətrafında müzakirələr apardıq. Gələcəkdə hakimiyyətlə müxalifət arasında münasibətlərin nizamlanması üçün hansı addımların atıla biləcəyindən də iclasın gedişində söz açıldı. Bir çox məsələlər var idi ki, hamısı ilə bağlı geniş müzakirələrimiz oldu. Canlı yayınla iclas getdi. Bu iclas tanışlıq xarakteri daşıyırdı və ümumi mənzərəyə baxış idi. Qərara alındı ki, ayrı-ayrı məsələlərlə bağlı konkret görüşlər keçirilsin. Bütün bunların görüşdə iştirak edənlərdən kim bir arada olacaqsa, onların təklifi kimi həm cəmiyyətə, həm də hakimiyyətə təqdim olunması qərarı qəbul edildi”.
Partiya sədri iclas iştirakçılarının maska taxmamaları barədə iradları qəbul edir: “İclasda 10 nəfər iştirak edirdi. Amma istənilən halda maskaların taxılmaması barədə iradları qəbul edirəm”.
Toplantının təşkilatçılarından olan AXP sədri Pənah Hüseyn bu haqda özünün facebook səhifəsində status paylaşıb: “Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya sədrlərinin iştirakı ilə ölkədəki mövcud ictimai-siyasi vəziyyətə dair müzakirə keçirdik.
Razılaşdırıldı ki, müzakirələrdə bu gün müəyyən edilən konkret mövzular (“Azərbaycan pandemiya və post-pandemiya dövründə”, “Təsbitlər”, proqnozlar, təkliflər, erməni təcavüzünə qarşı mübarizədə milli birlik platforması”, “İqtidar müxalifət siyasi dialoqu” və s.) ayrıca tədbirlər şəklində davam etdirilsin".
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”