"Hələ də vahid elektron sistemi yarada bilməmişiksə, deməli..."
Qənirə Paşayeva: "Bütün proqramların dövlət büdcəsində öz əksini tapması çox vacibdir"
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun lahiyəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib.
Həmin çıxışı təqdim edirik:
“Hesablama Palatasının rəyində qeyd olunub ki, 26 dövlət proqramı dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə əks olunmur. Rəydə dövlət proqramları üzrə vəsaitlərin məbləğinin dövlət büdcəsi ilə bağlı məlumatlarda əks etdirilməməsi, həmçinin bu vəsaitlərin icraçı qurum tərəfindən digər istiqamətlərə yönləndirilməsi son nəticədə proqramla nəzərdə tutulmuş məsələlərin reallaşdırılmasında çətinlik yaratdığı xüsusi vurğulanır. 26 dövlət proqramının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapmamasının səbəbi nədir? Bu məsələyə aydınlıq gətirmək çox vacibdir.
Hesablama Palatasının rəyində 8 dövlət proqramının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapdığını görürük. Əgər 8 dövlət proqramı dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapıbsa demək 26 dövlət proqramının da öz əksini tapması çox önəmli olardı və bunun gələcəkdə nəzərə alınmasına çağırırıq. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyət sahəsi ilə bağlıdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət abidələrinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair dövlət proqramı artıq bitmək üzrədir. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində bu sahəyə cavabdeh olan qurumun fəaliyyətində ciddi korrupsiya əməllərini gördük. Ona görə də bütün dövlət proqramlarının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapması çox vacibdir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də ciddi şəkildə öz əksini tapmalıdır. Büdcə layihəsində öz əksini tapan proqramlardan biri olan “2009-2019-cu illər ərzində Azərbaycan Respublikası Teatrlarının Dövlət Proqramı” da artıq başa çatsa da, icrasının təhlillərinə dair Hesablama Palatasının rəyində heç bir məlumat görə bilmədik. İnsanlarda bu istiqamətdə sualların yaranmaması üçün görülən işlərin sənədlərdə öz əksini tapması çox vacibdir. Çünki bu sahə ilə də bağlı çox ciddi problemlər və suallar var. Hesablama Palatasının bizə təqdim etdiyi rəydə də göründüyü kimi bəzi dövlət proqramlarının icrasında həllini tapmayan ciddi problemlər var.
Məsələn, 2016-2020- ci illər ərzində hemofiliya ilə bağlı dövlət proqramlarının icrası da başa çatır, lakin qarşıya qoyulan məsələlər həllini tapmayıb. Hemofiliya xəstələri hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Heydər Əliyev Fondu bu istiqamətdə bir çox xüsusi layihələr də həyata keçirib. Amma məlum olur ki, dövlət proqramında xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədilə çox vacib olan artroskopik sinovektopiyanın tətbiqinin həyata keçirilməsi 2019-cu ildə nəzərdə tutulsa da ümumiyyətlə icra edilməyib. Hər gün 10-larla şəkərli diabet xəstəsindən müraciətlər alırıq.
Hesablama Palatasının rəyində qeyd olunur ki, 2011-2015-ci ildə dövlət proqramında şəkərli diabet xəstələrinin vahid registrinin və məlumat bazasının yaradılması təmin olunmadığı üçün 2016-2020-ci illər dövlət proqramına keçirilib. Amma 2020-ci ildəyik, nəticələrdə məlum olub ki, hələ də bu məsələnin icrası tam təmin olunmayıb. Biz bu təminat bazasını yarada bilmiriksə, hansı şəffaflıqdan danışa bilərik?
Digər önəmli məsələlərdən biri də Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması ilə bağlı dövlət proqramı ilə bağlıdır. Bu proqram da artıq başa çatmaq üzrədir. Amma Hesablama Palatasının rəyində görürük ki, reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması hələ də başa çatmayıb. Dövlət proqramı sona çatır. Əgər biz hələ də vahid elektron sistemi yarada bilməmişiksə, deməli çox ciddi problemlər var. Bu səbəbdən də, bütün proqramların dövlət büdcəsində öz əksini tapması çox vacibdir.”
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”