Qarabağ “doğanağı”ndan keçən problemlərimiz və cəmiyyət - MÜSAHİBƏ

11:05 06-06-2020 | icon 1272 | Siyasət
Qarabağ “doğanağı”ndan keçən problemlərimiz və cəmiyyət - MÜSAHİBƏ

Qabil Hüseynli: “Filan artistin, filan manısın özünə kostyum-tuman alması televiziyalarda daha çox gündəmi tutur, nəinki Qarabağ”

 

Ölkə ictimaiyyəti pandemiyanın yeni dalğası ilə üz-üzə qalıb. Cəmiyyətimiz üzləşdiyi erməni terroru və pandemiyanın doğurduğu ağır fəasadlardan uğurla çıxmaq üçün çıxış yollarını arayır. Torpaqlarımızın işğalda qaldığı bu şəraitdə Azərbaycan ictimaiyyətinin sosial-siyasi, iqtisadi və mədəni həyatının analizi bütün problemlərin həlli məsələsinin Qarabağ “doğanağı”ndan keçdiyini ortaya qoyur. Maraqlıdır, pandemiya ölkəmizin daxili, xarici, beynəlxalq və Qarabağla bağlı aparılan ideoloji mübarizədə hansı maneənin və yaxud imkanların önə çəkilməsinə şərait yaratdı. Nə baş verir?

 

“Bu sahədə bütün ağırlıqlar ölkə Prezidenti İlaham Əliyevin üzərinə düşdü”

 

Versus.Az xəbər verir ki, politoloq Qabil Hüseynli müsahibəsində mövcud məsələlərlə bağlı nüanslara toxunub.

 

- Qabil müəllim, məlum olduğu kimi, COVİD 19- koronavirus pandemiyası ümumbəşəri bəla kimi bu gün də insanlıq üçün təhlükə olaraq qalır. Karantinin yenidən sərtləşdirildiyi belə bir vəziyyətdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni, beynəlxalq müstəvidə atdığı addımlar, üzləşdiyi işğal faktının aradan qaldırılması ilə yanaşı, pandemiyalı vəziyyəti necə özünə tabe edə bildi? Yaxud, mövcud vəziyyətdən sui-istifadə halları ölkədə hansı ciddi addımların atılmasına yol açdı, vəziyyəti necə təhlil edərdiniz?

 

- Pandemiya elə bir bəladır ki, bütün qlobal proseslərə, ilk növbədə dünya iqtisadiyyatına, dünya siyasətinə, təsir göstərir və özündən sonra ağır nəticələr qoyur. Bu mənada Azərbaycan dövlətinin pandemiyanın nəticələrinin minimuma entirilməsi istiqamətində apardığı siyasəti təqdirəlayiq hesab etmək olar. Yəni ölkənin siyasi rəhbərliyi pandemiyanın doğurduğu nəticələrin aradan qaldırılması, onun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün maksimum səylər göstərdi və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirməsi, həm də ölkədə qoruma tədbirlərinin həyata keçirilməsi, “evdəqal” prinsipi və digər karantin rejiminə aid olan məhdudlaşdırıcı tədbirlərlə bu prosesin nəzarət altına alınmasına nail oldu. 

Əlbəttə, pandemiya prosesləri əksər ölkələrdə siyasətin daha çox daxildəki məsələlərə yönləndirilməsini tələb etdi. Amma bizim Dağlıq Qarabağ kimi böyük bir dərdimiz olduğuna görə Azərbaycan həm də fəal xarici siyasətini yürütməkdə davam etdi. Bu sahədə bütün ağırlıq ölkə Prezidenti İlaham Əliyevin üzərinə düşdü. O, əvvəl Türk Dövlətlərinin Koordinasiya Şurasının telekonfransını keçirtdi və fürsətdən istifadə edərək pandemiyanın müzakirəsi ilə yanaşı, həm də Dağlıq Qarabağla bağlı problemlərə toxundu. Ölkə Prezidenti daha sonra ciddi təşəbbüs göstərərək Qoşulmama Hərəkatının sədri kimi qoşulmayan ölkələrin 40-a qədər Təşəbbüs Qruplarının iştirakı ilə telekonfrans keçirtdi. Bu çox əhəmiyyətli bir tədbir idi. Çünki burada BMT baş katibinin videomüraciəti yayımlandı, BMT baş katibinin müavini isə bütövlükdə axıra qədər konfransda iştirak etdi. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin, eləcə də Avropa Birliyinin nümayəndəsinin bu telekonfransda iştirak etməsi doğrudan da bu təşkilatın tarixində çox böyük hadisə idi və təşkilatı öz siyasi çəkisinə görə ön plana çıxartmaqda böyük rol oynadı.

Azərbaycan Prezidenti bu telekonfransdan da Dağlıq Qarabağ probleminin populyarlaşdırılması, onun siyasi mahiyyətinin açılması, hərb prosesində ortaya çıxan əngəllər və bu məsələdə işğalçı tərəfin məsuliyyət daşıması ilə bağlı kəskin və əhəmiyyətli fikirlər söylədi. Bundan başqa Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının bir sıra üzvlərinə paylanılması üçün 5 milyon dollar humanitar yardım ayırdı və ayrılan vəsaitin zəif inkişaf etmiş və ciddi problemləri olan ölkələrə paylanılmasını tövsiyə etdi.

 

“Cəmiyyət də bilməlidir ki, “hərb variant” üçün lazım olan beynəlxalq və daxili şərtlər hələ tam yetişməyib…”

 

Bu dövrdə həmçinin 2018-ci ildən başlamış islahatların həyata keçirilməsi və davam etdirilməsi xətti xüsusilə diqqəti çəkdi. Bu prosesdə kadr islahatlarına, rüşvət və korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirildi. 5 rayonun icra başçısının həbs edilməsi, onların küllü miqdarda sərvətə malik olunmasının aşkarlanaraq ortaya çıxarılması çox yerində və eyni zamanda əhalinin əhval-ruhuiyyəsinə təsir edən faktlardan biri idi. Bundan başqa Maliyyə Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin xətti ilə aparılan yoxlamalar və orada həyata keçirilən həbslər bu nazirlikdəki bərbad vəziyyəti, rüşvətin, korrupsiya mühitinin və ölkə mədəniyyətinə vurulan zərbələrin bütün çalarlarını ortaya çıxartdı. Buna oxşar tədbir Dövlət Sərhəd Xidmətində keçirildi və burada da Sahilyanı Suların Mühafizəsi üzrə sərhəd xidməti rəisinin müavini general-leytenant və daha bir neçə vəzifəli şəxs həbs edildi. Bütün bunlar onu göstərdi ki, ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə var və bu mübarizə hələ yüksələn xətlə davam etdiriləcək. Eyni zamanda, kadrların seçilib yerləşdirilməsi prosesində də yeni yanaşma üsulları ortaya qoyuldu. Əlbətdə, bu dövrdə Qarabağda qanımızı qaraldan hadisələr də baş verdi. BMT-nin və digər təşkilatların pandemiya dövründə kütləvi tədbirlərə qadağa qoyulması ilə bağlı tövsiyələrinə baxmayaraq, Dağlıq Qarabağda separatçı rejimin qondarma seçki keçirməsi ermənilərin çirkin xislətlərini ortaya çıxardı. Amma ölkə Prezidentinin apardığı fəal siyasət nəticəsində Pakistan, Gürcüstan, Türkiyə və digər dövlətlər qabaqcadan öz siyasi iradəsini ortaya qoyaraq seçkinin nəticələrini tanımayacağını bəyan etdilər. Bütövlükdə isə BMT, Avropa İttifaqı, Qoşulmayanlar Hərəkatı, dünyanın nüfuzlu təşkilatları və aparıcı dövlətləri də bu seçkilərin qeyri-legitimliyini, beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu, beynəlxalq münasibətləri zədələdiyini qeyd etdilər. Bunu Azərbaycan xarici siyasətinin uğurları sırasına daxil etmək olar. Eyni zamanda, ortaya çıxan xətt budur ki, ermənilər danışıqlar prosesinə qatılmaq istəmirlər. Üstəlik qondarma seçkilərdə seçilmiş qondarma prezidentin inaqurasiya mərasimini də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirmələri onların həyasızlıqlarını nümayiş etdirdi. Əlbəttə cəmiyyətdə belə çıxışlar oldu ki, niyə inaqurasiya mərasimini pozmaq üçün hərbi addımlara əl atılmadı. Cəmiyyət gözləyirdi ki, həmin mərasim zamanı Şuşa şəhərinə bir neçə raket atılsın, oraya gələn erməni siyasi mənsublarının hava yolu bağlansın, yaxud düşmənə xəbərdarlıq edilməliydi ki, Azərbaycanın hava sərhədlərinə daxil olan hər hansı obyekt məhv ediləcək. Bu məsələyə Prezidentin özü belə cavab verdi ki, indiki pandemiya şəraitində, beynəlxalq münasibətlərdəki gərginliyin, qarşıdurmanın olduğu bir dövrdə belə bir hərəkətə yol verilməsi hələ ki, məqsədəuyğun deyil.  Prezident Tərtərə gedən zaman xalq qarşısında etdiyi çıxışında bildirdi ki, ərazi bütövlüyümüzü mütləq təmin edəcəyik, bunun hərbi yolla olacağı istisna deyil, bunun üçün biz iqtisadi cəhətdən güclənməliyik, ordumuz güclənməlidir. O, həm də mühüm bir məqama diqqət çəkdi ki, dünyadakı geosiyasi şərtlər hələ ki, bu məsələdə hərbi variantın tətbiqinə imkan vermir. Bu sözlərin sətraltı mənasını başa düşmək mümkündür. Çünki şimal qonşumuz, cənub qonşumuz və qərb ölkələrinin bir çoxu “hərbi variant” məsələsinə çox ehtiyatla yanaşırlar və bəziləri hətta Ermənistanın tərəfində dayanırlar. Ona görə də daha çox beynəlxalq münasibətlərdə Azərbaycanın xeyrinə olan siyasi mühitin formalaşmasına nail olunması məsələsi önə çəkilir. Bu nöqteyi-nəzərdən cəmiyyətin etirazını da başa düşmək olar, amma cəmiyyət də bilməlidir ki, “hərb variantı” üçün lazım olan beynəlxalq və daxili şərtlər hələ tam yetişməyib, ona görə də müəyyən vaxta qədər gözləmək lazım gələcək.

 

- Qabil müəllim, bəzi siyasilər, ictimaiyyət nümayəndələri ermənilərin Şuşada keçirdiyi “andiçmə” prosesini, daha sonra Qrant Baqratyanın “Azərbaycanın yerində olsaydım Qarabağa hücum edərdim” -açıqlamasını işğalçının bizə “meydan oxuması”, üstünlüyü kimi önə çəkirlər. Bu nə dərəcədə düzgün yanaşmadır?

 

- Bu gün hamı, elə ermənilər də yaxşı bilir ki, hərbi potensialına görə Azərbaycan ordusu, erməni ordusunu qat-qat üstələyir.  Azərbaycan ordusu dünyanın ən yaxşı formalaşdırılmış orduları sırasındadır. Bu nöqteyi-nəzərdən Baqratyan da, ölkəmizdəki hər hansı şəxs də müharibə variantını önə çəkəndə bu vəziyyətə daha çox diqqət yetirirlər. Amma dediyim kimi, bölgədə müharibənin başlamasına beynəlxalq təşkilatlar necə münasibət bəsləyəcək, iri dövlətlər, Amerika, Avropa İttifaqı necə münasibət bəsləyəcək? Həmişə Ermənistanın yanında olan, ona təmənnasız yardım edən, onu özünün forpostuna çevirmiş Rusiya bu məsələlərə necə münasibət göstərəcək, bunu düşünmək lazımdır. 2016-cı ilin aprel döyüşlərində Rusiyanın hərbi əməliyyatlarının dayandırılması üçün necə dəridən-qabıqdan çıxdığı yadımızdadır. Cənub qonşumuz İran bu günə qədər Ermənistanla geniş əlaqələr qurur və onlara hər cür yardım göstərir. Araz çayının üzərindən tikilən körpü, həmin körpü vasitəsi ilə Dağlıq Qarabağa yanacaq daşınması və sair məsələlər artıq sübut olunmuş faktlardır. Yəni bir tərəfdə xiristian mənşəli qonşumuz, cənubda isə islam dininin şiyə mənsəbinə qulluq edən İran dövləti bizi iki tərəfdən sıxmaqda davam edirlər. Və bu məsələ açıq formada hamı tərəfdən görünməsə də, siyasi kluarlarda, müəyyən məsələlərdə özünü aydın biruzə verir. Bu faktorları nəzərə almadan hər hansı addım atmaq Azərbaycanı çox təhlükəli bir vəziyyətə sala bilər. Bu gün ermənilər hay-küy qaldırır, hətta bizi hədələyirlər. Onlar çox yaxşı bilirlər ki, güclü qəyyumları var, onlar istənilən səviyyədə mühafizə olunurlar və o cümlədən də Azərbaycanı ritorik formada təhdid etmələrinə baxmayaraq hər halda Azərbaycandan ehtiyat etdiklərini də nəzərdən qaçırmaq olmaz. Lakin mənim fikrim budur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin müharibədən başqa yolu yoxdur. Lakin müharibəni başlamaq istəyirsənsə 99 faiz qalib gələcəyinə əmin olmalısan. Bütün bunlar hesablanmalı, ilk növbədə beynəlxalq şərait nəzərə alınmalıdır. Ermənilərlə “meydanda” baş-başa qalsaq, ərazi bütövlüyümüzü 3-4 günə təmin edə bilərik.

Bu gün işğalçının özünü qalib kimi göstərib həyasızlıq etməsi, bəzi insanlarımız tərəfindən bir çox hallarda erməni üstünlüyü kimi önə çəkilə bilər. Əlbəttə tam məlumatı olmayan, beynəlxalq gücün bütün nüanslarını nəzərə almayan insanlar belə düşünməkdə haqlıdırlar. Çünki faktiki olaraq hələ ki, torpaqlar işğal altında qalır. Amma bütün nüansları nəzərə aldıqda ortaya çıxan məqam odur ki, əvvəla cəmiyyətimizin özünü müharibəyə kökləmək lazımdır. Çünki hələ də Dağlıq Qarabağ haqqında düşünməyən, hələ də yalnız öz vəzifəsini düşünən, ölkənin sərvətlərini çalıb-çapan, yalnız sözdə Dağlıq Qarabağı yada salan və yaxud da heç yada salmayan insanlar var. Bu insanlar ölkənin var-dövlətinə daraşıb, rüşvət, korrupsiya yolu ilə onun qanını sorur, ordunun daha da güclənməsinə, ölkənin inkişafına heç bir töhfə vermək istəmirlər. Üstəlik bəziləri üçün torpaqların azad olunması o qədər də həyati əhəmiyyət kəsb etmir. Bax, bu nöqteyi-nəzərdən ölkədə ciddi qanun-qaydanın yaradılmasına çalışılmalıdır, ölkənin rüşvət və korrupsiya kimi bəlası ilə amansız mübarizə aparıb ona qalib gəlmək lazımdır. Ordu quruculuğunu daha da sürətlə aparıb qüdrətlənməsinə nail olmaq lazımdır. Yəni ölkə əhalisi başa düşməlidir ki, vətənin işğal olunmuş Qarabağ dərdi var və bu problemi aradan qaldırmadan Azərbaycanın inkişafı, çiçəklənməsi mümkün deyil. Bu nöqteyi-nəzərdən Azərbaycan cəmiyyəti də müharibəyə tam hazırlanmalıdır. Eyni zamanda beynəlxalq aləmə siyasi danışıqların perspektivsiz olduğunu, Azərbaycanın başqa çıxış yolu olmadığını, Ermənistanın təcavüzkar davrandığını sübut edə-edə, ərazilərimizin qaytarılması yolunda təcili addımlar atmağa başlamalıyıq.

 

“Rüşvət və korrupsiyaya qarşı necə mübarizə aparılırsa, radio və televiziyaların üzərinə də…”

 

- Qabil müəllim, cəmiyyət necə hazırlanmalıdır, bu istiqamətdə əsas missiyanı daşıyan televiziyaların, ədəbiyyatın rolunu necə dəyərləndirmək olar?

 

- Televiziyada bu sahə üzrə çox bərbad vəziyyət hökm sürür. Qarabağdan çox, filan artistin, filan manısın özünə kostyum, tuman alması televiziyaların maqazin proqramlarında gündəmi tutur. Bu, məsələ bəzi qəzetlərin müxtəlif səhifələrində də palaz-palaz yazılarla qeyd edilir. Amma bir şəhid ailəsinin, bir Qarabağ müharibəsi veteranının problemlərinə həsr edilmiş, onun ibrətamiz həyat yolunu təsvir edilən yazılar barmaqla sayılacaq qədərdir. Televiziyalar maarifləndirici, hərbi-vətənpərvərlik tərbiyəsinə yönəlik verilişlər sarıdan kasaddır. Demək olar ki, hamısı reytinq qazanmaq üçün hazırladıqları səfeh verilişlərlə insanın əhval-ruhiyəsini korlayırlar. Televiziyalar müharibə aparan ölkənin insanına lazım olmayan müxtəlif şou proqramlarla, əyləncəli verilişlərlə insanların mənəviyyatına, əxlaqına, Qarabağla bağlı düşüncələrinə ciddi surətdə təsir göstərməkdə davam edirlər. Məncə rüşvət və korrupsiyaya qarşı necə mübarizə aprılırsa, radio və televiziyaların üzərinə də ciddi gedilməli, proqramlarına ciddi nəzarət həyata keçirilməlidir. Cəmiyyətin müharibəyə hazırlaşmasında birinci çıxış nöqtəsi kütləvi informasiya vasitələri və onların işinin yenidən qurulmasıdır. Bu istiqamətdə təcili tədbirlər görülməlidir ki, cəmiyyətin əhval ruhiyyəsi, problemlərə baxış bucağı ciddi surətdə dəyişsin. Sosial ədalətin bərpa edilməsi, rüşvət və korrupsiyanın aradan qaldırılması da cəmiyyətdə mübariz əhval-ruhiyyənin yaranmasına öz töhfəsini verə bilər. KİV-in, ilk növbədə gündəlik elektron informasiya vasitələrinin işi yenidən qurulmalı və orada maarifləndirici, tərbiyəedici, insanları vətən uğrunda mübarizəyə yönləndirən verilişlər olmalıdır.

 

“Bunlar ölkəmizin ümumi mübarizəsinə müəyyən qədər ziyan vura bilirlər”

 

- Siyasi müxalifət partiyalarının Qarabağ məsələsi ilə bağlı fəaliyyətini nə dərəcədə aktiv, keyfiyyətli hesab etmək olar?

 

- Bu siyasi partiyalarda tam fəaliyyətsizlik hökm sürür. Yeri gələndə, kimlərsə tərəfindən səsləndirilən fikirlərlə bağlı populizmdən uzağa getmirlər. Bunlar Dağlıq Qarabağ problemini ümummilli problem kimi qəbul etsələr də, ümummilli problemlərdə müxalifətçiliyin olmayacağını bəyan etsələr də, bəzən görürsən ki, bu məsələlərdə yanlışlıqlara yol verirlər və səslənən fikirlər adi şüarlardan uzağa getmir. Ona görə də bunlar da cəmiyyəti səfərbər etməkdə, cəmiyyəti müharibə ovqatına kökləməkdə öz üzərilərinə düşən məsuliyyəti ciddiyə almalı və bu istiqamətdə heç bir göstərişə baxmadan bu işə qoşulmalıdırlar.

 

- Qabil müəllim, siz də qeyd etdiniz ki, bu gün Qarabağı düşünməyən məmurlar, insanlar hələ də var. Və bu da qeyd olunur ki, elə bu ərəfələr ölkəmizə qarşı hansısa daxili, xarici təsirlər edilir. Belə təsirlər əsasən hansı xətt üzrə özünü göstərir. QHT, siyasi partiyalar, yaxud hakimiyyətdə olan və sair qüvvələr arasında ölkənin maraqlarını satan hansı zəif bəndlər var?

 

- Əlbəttə, cəmiyyətin “zəif halqaları” var. Bu zəif halqaların içərisində siyasi müxalifətin nümayəndələri də gedir. Bunlara “5-ci kalon” deyirik. Bu “5-ci kalon”un yaxın qonşularımıza xidmət edən haqaları var- biri Rusiya meyillidir, biri İran və sair... bunlar aldıqları tapşırıqlarla hərəkət edərək, ölkəmizin ümumi mübarizəsinə müəyyən qədər ziyan vura bilirlər. Amma  zənnimcə “zəncirin ən zəif halqası” məmur harınlığı, məmur özbaşınalığı, rüşvət və korrupsiya, inhisarçılıq, alleqarxların meydan sulaması və sair, bu kimi məsələlərdir. Ölkə Prezidenti İlham Əliyev bu proseslərə qarşı barışmaz mübarizə aparır. Aleqarxların müqaviməti sındırılmaq üzrədir, rüşvətxor məmurların üzərinə ciddi və ardıcıl surətdə gedilməyə başlanılıb, məmur özbaşınalığının aradan qaldırılması istiqamətində tədbirlər görülür. Kadr islahatları, yeni kadrların təyin edilməsi və sahir hamısı bu istiqamətdə həyata keçirilən tədbirlərdir və bir çoxları bunu yuxarıdan həyata keçirilən “ağ inqilab” kimi səciyyələndirirlər. Bu inqilabi proses daha sürətli aparılmalı və elə edilməlidir ki, cəmiyyətin bütün sferalarında sosial ədalət prinsipləri bərqərar olunsun, konstitusiyamızda yazılan hüquqi dövlət anlayışı cəmiyətin bütün sferalarında bərqərar olunsun. İnsanlar qanunla icazə verilən fəaliyyət növləti ilə məşğul ola bilsinlər. bu istiqamətdə işlər gedir. Amma bu ilərin sürətlə aparılıb məntiqi sonluğa çatdırılmasına böyük ehtiyac var. /”Üç nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr